Kəlbəcərin
işğalından 18 il ötdü
70 min insan
qaçqın şəraitində yaşamağa məhkum
edilib
Kəlbəcər rayonunun işğalından 18 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali ata-baba torpağından qovularaq didərgin salınıb.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT TŞ 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamə yerinə yetirilməyib.
Kəlbəcərin əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqın şəraitində yaşayır. Rayon ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
Ermənistan Respublikasının münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşkilatı olan "Human Rights Watch/Helsinki" "Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili" (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhədindən keçirilib ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il 16 və 30 mart tarixlərində keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb. İşğalın xronologiyası
11 iyul 1990-cı ildə erməni separatçıları tərəfindən Tərtər-Kəlbəcər sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirilib və nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.
1993-cü il aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından (QSM-7) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya ("Uraqan") bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdi. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Ermənilər azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq heyətdən, o cümlədən jurnalistlərdən gizlətməyə nail olmuşdular. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radio-danışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinin radio-əkskəşfiyyat xidməti tərəfindən lentə alınıb.
1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
Ağdaban
soyqırımı
Ağdaban soyqırımı - 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.
Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insani işkəncələr verilməsi, yurdundan didərkin salınmasıdır.
Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndı tamamilə erməni seperatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. 1992-ci il aprel ayının 8-də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahları işə saldılar. Qəfil yuxudan qalxan kənd camaatı çaşbaş qaldı.
Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn, evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək - əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında idi. Bəlli olduğu kimi, 1993-cü il mart ayının 27-də ermənilər Kəlbəcərə hücumu yenə də Ağdabandan başladılar. Onu ikinci dəfə viranəyə döndərdilər. Kənd əhalisinin bir hissəsi qaçıb qurtulmaq istərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir.
Erməni quldurlar tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evinə od vuruldu. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi. Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. "Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi" yaradıldı. Qısa müddət ərzində bir sıra tədbirlər keçirildi. Orduya kömək artırıldı. Əhalidə müdafiə olunacağına ümid yarandı. Rayon əhalisinin ciddi təkidi ilə Kəlbəcərə göndərilən polkovnik Zaur Rzayev briqada komandiri və hərbi komendant təyin edildi. Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi. Amma bu inam da sonda puça çıxdı.
Kəlbəcərin
sərvətləri hələ də talanmaqdadır
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kəlbəcərin işğalının 18-ci ildönümü ilə bağlı yaydığı məlumatına əsasən, rayonunun təbii sərvətləri hələ də talan edilməkdədir. Rayon ərazisində sənaye əhəmiyyətli, ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli, ümumi ehtiyatları 850 ton olan 3 Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min m3 olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 mln. m3 olan 2 üzlük daşı yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb.
Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.
Hazırda işğal altında olan Sərsəng su anbarı da 1976-cı ildə Tərtər çayı üzərində inşa edilib. Sərsəng su anbarı işğal altında olandan bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, su lazım olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Əkin sahələrinə xeyli ziyan dəyir, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur, ciddi ekoloji gərginlik yaranır. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan 400 min nəfər əhali isə daim təhlükə altındadır. Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var.
1988-ci ildə
aparılmış son meşə quruluşu işlərinə
əsasən Kəlbəcər meşə təsərrüfatının
ərazisi 32774 hektar təşkil edib. Meşələrdə
bitən ağac və kolların bir neçəsi Azərbaycan
Respublikasının "Qırmızı kitab"ına
daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən
1500-2100 metr hündürlükdə bitən
Ayıfındığı və ya ağacvarı
fındıq bunlardan biridir. Bəzi
Ayıfındığı ağacının
hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə
çatırdı. Bu ağacın oduncağı qiymətli
mebel materialı kimi ermənilər tərəfindən
qırılaraq Ermənistana aparılır.
Eldəniz Elçin
Ayna.- 2011.- 2 aprel.- S.5.