Müdafiə və təhlükəsizlik
sektorunda nə baş verib?
(15 - 31 mart)
"SNT" əlavəsi çərçivəsində
ənənəvi olaraq ötən dövrdə Azərbaycanın
müdafiə və təhlükəsizlik sektorunda baş verənləri
diqqətinizə çatdırırıq.
14-18 mart.
ANAMA baş direktoru Nazim İsmayılov Cenevrədə Mina Əməliyyatları
üzrə Milli Direktorlar və BMT Məsləhətçilərinin
14-cü görüşünə qatılıb.
16 mart.
Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatının
(MKEK) Azərbaycanın hərbi müəssisələri ilə
birlikdə yaxın dövr üçün bir sıra
mühüm layihələr həyata keçirməyi
planlaşdırdığı qeyd olunub. MKEK-in satış və
ixracat idarəsinin müdiri Akif Akgül bildirib ki, İDEX sərgisində
imzalanan müqavilə çərçivəsində bir
sıra sahələrdə əməkdaşlıq ediləcək
(APA). Bura MP5 tapançapulemyotlarının istehsalı, 40 mm
çaplı revolver tipli qumbaraatanların və onların
döyüş sursatlarının istehsalı, birgə
araşdırma və elmi-tədqiqatların aparılması,
Azərbaycan məhsullarının birgə satışı
daxildir. Azərbaycan müəssisələrində istehsal
edilən "Kalaşnikov" avtomatları üçün
döyüş sursatlarının yüksək keyfiyyətə
malik olduğunu deyən şirkət nümayəndəsi bu məhsulun
birgə satışının mümkün olduğunu
xüsusilə qeyd edib. Akif Akgül Azərbaycan mühəndislərinin
yaratdığı İST-12.7 "İstiqlal" snayper
tüfənginin birgə istehsalının da müzakirə
mövzusu olduğunu vurğulayıb. Akgül bildirib ki, MKEK
bu silahın NATO ordularında istifadə olunan kalibrə
uyğunlaşdırılmasını istəyir. Bunun
üçün öncə araşdırma-tədqiqat işləri
aparılacaq. "İstiqlal" snayper tüfənginin 14.5 mm
çaplı versiyasına gəlincə, A.Akgül bu kalibrin
NATO ordularında istifadə olunmadığını, lakin
İST-14.5 tüfənginin antimaterial olaraq çox populyar
olduğunu deyib. Bu silahın müştərək
satışının, yaxud bəzi hissələrinin
Türkiyədə istehsal olunmasının
mümkünlüyünü vurğulayıb.
16 mart. Azərbaycan
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru
Arif Məmmədov bildirib ki, rəsmi Bakı Azərbaycanın
işğal olunmuş Dağlıq Qarabağ bölgəsində
yerləşən Xankəndi şəhərində ermənilərin
inşa etdiyi hava limanına uçuşlar edən təyyarələri
məhv edə bilər. Artıq ötən ilin oktyabr
ayında ADMAA bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına
(İCAO) da xəbərdarlıq göndərib.
16 mart. ATƏT
Minsk Qrupunun həmsədrləri İqor Popov, Robert Bradtke və
Bernar Fasye Xankəndidə işğalçı
Dağlıq Qarabağ rejiminin başçısı Bako
Saakyanla görüşüblər. Onlar təmas xəttindəki
insidentlərin araşdırılması məsələsini
müzakirə ediblər.
16-18 mart. Ukraynanın
müdafiə naziri Mixail Yejel Azərbaycana rəsmi səfərə
gəlib. O, azərbaycanlı həmkarı Səfər Əbiyevlə
ikitərəfli hərbi əməkdaşlığın
genişləndirilməsini müzakirə edib. M.Yejel prezident
İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin
sədri Oqtay Əsədov tərəfindən də qəbul
edilib. Ukrayna MN nümayəndə heyəti səfər
zamanı Hərbi-Təlim Mərkəzi və Hərbi
Akademiya ilə tanış olub. Mixail Yejel Azərbaycan rəhbərliyi
ilə apardığı danışıqları məhsuldar
adlandırıb:
"Biz ilk növbədə hər iki
ölkənin Silahlı Qüvvələri arasında hərbi
əməkdaşlığa dair məsələləri, eləcə
də silahların və hərbi texnikanın modernləşdirilməsinə
dair məsələləri müzakirə etdik. Azərbaycan
sovet dövründə istehsal olunmuş hərbi texnikanı
Ukraynanın müdafiə sənayesi kompleksində təmir
etdirmək və modernləşdirməkdə maraqlı
olduğunu bildirib".
İkitərəfli hərbi-texniki əməkdaşlıqdan
danışan nazir xatırladıb ki, bu sahədə ikitərəfli
komissiya fəaliyyət göstərir. Komissiya üzvləri
ötən ilin oktyabrında ilk iclasını keçirib, tədbirlər
planı hazırlayıblar.
17 mart.
İtkin Düşmüş və Girov
Götürülmüşlərlə İş üzrə
Dövlət Komissiyasının katibi Şahin Sayılov
bildirib ki, 2009-cu ilin fevral ayında könüllü olaraq Azərbaycana
keçən erməni əsgərlər Qrant Markosyan, Rafik
Tevosyan, Vartan Sarkisyan öz xahişləri ilə bu
yaxınlarda BMT-nin də vasitəçiliyi ilə
üçüncü ölkəyə göndəriliblər.
17 mart.
Ağdam rayonu ərazisində həyata keçirilən
mübadilə prosesi zamanı 2009-cu il mayın 10-da Füzuli
rayonu ərazisində əsir düşmüş Azərbaycan
ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyev Azərbaycana,
eləcə də 2009-cu il mayın 9-da Gədəbəy
rayonunun Göyəli kəndinin sakinləri tərəfindən
saxlanılmış mülki şəxs Artur
Qrişayeviç Badalyan Ermənistan tərəfə təhvil
verilib.
17 mart.
Polşa Milli Müdafiə Nazirliyi heyətinin Bakıya səfəri
çərçivəsində Polşa və Azərbaycan
müdafiə nazirlikləri arasında 2011-ci il
üçün ikitərəfli əməkdaşlıq
planı imzalanıb.
17 mart.
Avropa Parlamentinin sədri Eji Buzek Brüsseldə Ermənistan
baş naziri Tiqran Sərkisyanla keçirdiyi brifinqdə bəyan
edib ki, hərbi münaqişədən istənilən yolla
qaçmaq lazımdır.
17 mart.
Bakıda 306 nömrəli marşrut ilə hərəkət
edən "Daewoo" markalı iritutumlu avtobus yolu keçmək
istəyən Müdafiə Nazirliyinin 43 yaşlı giziri Əbdülhəsənov
Həsən Əbdülhəsən oğlunu vurub. Nəticədə
piyada ağır kəllə-beyin və baş-beyin əzilməsi
diaqnozu ilə mülki maşında Kliniki Tibbi Mərkəzə
yerləşdirilərək ilkin tibbi yardım alıb. Daha sonra
isə yaralı nazirliyin klinikasına aparılaraq həkim nəzarətinə
verilib.
17 mart. Ermənistan
MN bu ölkədə əsirlikdə olan Azərbaycan hərbçisi
Roman Hüseynovun ölkəsinə qayıtmaq istəmədiyini
bildirir. MN mətbuat katibi David Karapetyan bildirib ki, R.Hüseynov
qayıtmaq istəsə, Ermənistan onu qaytarmağa
hazırdır. Kiçik çavuş Roman Hüseynov ötən
il avqustun 27-də Ermənistan Silahlı Qüvvələri tərəfindən
əsir götürülüb.
18 mart. ATƏT
Minsk Qrupu bəyanat verərək Dağlıq Qarabağ
münaqişəsi tərəflərini Azərbaycan, Rusiya və
Ermənistan prezidentlərinin Soçi
görüşünün danışıqlar prosesinə
verdiyi müsbət impulsdan istifadə etməyə
çağırıb. Bəyanatda o da deyilir ki, həmsədrlər
ATƏT Minsk Qrupu missiyasının qiymətləndirici
hesabatını prezidentlərə və Dağlıq
Qarabağ separatçı rejiminə təqdim ediblər.
19 mart. Azərbaycan
MN atəşkəsin pozulması nəticəsində erməni
əsgərinin öldürülməsi barədə Ermənistan
tərəfin yaydığı məlumatı təkzib edib.
Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu
bildirib ki, Əsgəran rayonu ərazisində yerləşən,
Ermənistan silahlı qüvvələrinə aid hərbi
hissədə martın 17-də əsgərlər arasında
günorta saatlarında başlanan mübahisə atışma
həddinə çatıb və nəticədə iki erməni
əsgər aldığı güllə yarasından yerindəcə
keçinib. Bir nəfər isə ağır vəziyyətdə
səhra hospitalına yerləşdirilib. Qeyd edək ki, Ermənistan
mətbuatı martın 17-də Əsgəran istiqamətində
atəşkəsin pozulması nəticəsində erməni
hərbçi Aqaron Ayrapetyanın öldüyü barədə
məlumat yayıb.
20 mart.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanda ordu quruculuğuna
diqqət bəzi xarici qüvvələri narahat edir. Onun
sözlərinə görə, ordu quruculuğuna göstərilən
diqqət, hərbi xərclərin artırılması, yeni hərbi
texnikanın Azərbaycanda istehsal olunması məsələnin
ədalətli həlli üçün əlavə imkanlar
yaradacaq: "Bu gün Azərbaycanda ən müasir
döyüş texnikası istehsal olunur. Artan iqtisadi
imkanlarımız, enerji layihələrinin icrası nəticəsində
əldə ediləcək əlavə gəlirlər, əlbəttə
ki, Azərbaycanı bu cəhətdən daha da gücləndirəcək".
20 mart.
MN-in Tərtər rayonu ərazisində yerləşən hərbi
hissəsində ermənilər tərəfindən atəşkəsin
pozulması nəticəsində 2010-cu ilin yanvarında
Füzuli RHK-dan həqiqi hərbi xidmətə
çağırılmış əsgər Elnur Mübariz
oğlu Məmmədov (1991) şəhid olub.
23 mart.
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
yaxınlığında Ermənistan hərbçilərinin
açdığı atəş nəticəsində Tovuz
RHK-dan çağırılmış müddətdən
artıq xidmət edən hərbi qulluqçu Samir Hidayət
oğlu Ağayev (1986) həlak olub.
23 mart. Azərbaycan
Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin
hərbi hissələrindən birində baş vermiş
güclü yanğın nəticəsində
sığınacaq, odlu silah və döyüş sursatı
yanıb. Yanğın zamanı, həmçinin, 6 əsgər
müxtəlif dərəcəli yanıq xəsarətləri
alıb: 2010-cu ilin oktyabrında Şəki Rayon Hərbi
Komissarlığından (RHK) hərbi xidmətə
çağırılmış Yusif Fərman oğlu Əhmədov;
2010-cu ilin yanvarında Salyan RHK-dan hərbi xidmətə
çağırılmış Ülvi Yusif oğlu Məlikov;
2010-cu ilin iyulunda Bakının Nizami RHK-dan hərbi xidmətə
çağırılmış Rasim Rəşad oğlu Əsədov;
2009-cu ilin oktyabrında Yevlax RHK-dan hərbi xidmətə
çağırılmış Alı İnqilab oğlu
Eminli; 2010-cu ilin oktyabrında Ağdam RHK-dan hərbi xidmətə
çağırılmış Rəvan Qəhrəman
oğlu Quliyev; 2010-cu ilin Yanvarında Lerik rayonundan hərbi
xidmətə çağırılmış Elmar Rais
oğlu Əliyev.
24 mart. Azərbaycan
MSN mayın 10-13-də İstanbulda İDEF-2011 beynəlxalq
müdafiə sərgisində 75 adda müdafiə təyinatlı
məhsul nümayiş etdirəcəyini bəyan edib.
24 mart. Azərbaycan
BMT-də 9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən
öldürülməsi ilə bağlı məsələ
qaldırıb. BMT-dəki daimi nümayəndə, səfir
Aqşin Mehdiyevin bununla bağlı BMT Baş Katibinə məktubu
təşkilata üzv dövlətlərin nümayəndəliklərinə
göndərilib.
25 mart. ATƏT
Minsk Qrupu həmsədrlərinin ötən il noyabrın 7-dən
12-dək Azərbaycanın işğal altındakı yeddi
rayonunda humanitar və digər aspektlər də daxil olmaqla
ümumi vəziyyətin qiymətləndirilməsi
üçün həyata keçirilən qiymətləndirmə
missiyasının hesabatının xülasəsi
açıqlanıb. Xülasədə deyilir ki, ərazilərdə
min kilometdən artıq yol qət edən həmsədrlər
Dağlıq Qarabağ münaqişəsinin fəlakətli
nəticələrinin sübutlarını və sülh
prosesində irəliləyişlərin
olmadığını görüblər:
"Münaqişəyə qədər
mövcud olmuş şəhər və kəndlər
boşalıb və demək olar, tamamilə xarabalığa
çevrilib. Laçın və Kəlbəcər şəhərləri,
eləcə də xırda yaşayış məntəqələrində
yaşayanların dəqiq sayı barədə məlumat
olmasa da, onların sayı 1400 nəfərə
yaxındır".
Həmsədrlərin qiymətləndirməsinə
görə, işğal altındakı ərazilərdə
2005-ci ildən sonra əhalinin sayında əhəmiyyətli
artım müşahidə edilməyib, bu ərazidəkilər
çətin, inkişaf etməmiş infrastruktur, iqtisadiyyat və
ictimai xidmətlərə məhdud çıxış
şəraitində yaşayırlar. Onların əksəriyyətinin
şəxsiyyətini təsdiq edən sənədləri
yoxdur. İşğal altındakı ərazilərlə
bağlı acı reallıq həmsədrləri bu qənaətə
gətirib ki, status-kvo qəbuledilməzdir və münaqişənin
həllində yalnız sülh danışıqları yolu
ilə perspektivə çatmaq mümkündür. Həmsədrlər
tərəflərin liderlərini münaqişənin birdəfəlik
nizamlanmasını təhlükə altında qoymamaq
üçün mübahisəli ərazilərdə hər
hansı fəaliyyətdən çəkinməyə və
bu ərazilərin görkəmini dəyişməməyə
çağırıblar. Onlar işğal altındakı ərazilərdə
qəbiristanlıqları qorumağı, eləcə də
şəxsiyyəti təsdiq edən sənədi olmayan
köçkünlərin statusunu dəqiqləşdirməyi
tövsiyə edirlər.
25 mart. RF
XİN rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç
deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərinin
dialoqa can atdıqlarını görür və ümid edir
ki, gələcəkdə Ermənistan və Azərbaycan
qoşunlarının təmas xəttində insidentlər
olmayacaq.
26 mart. Azərbaycan
diasporunun ABŞ Konqresində təşkil etdiyi seminarda
ABŞ-Azərbaycan münasibətləri və Dağlıq
Qarabağın Ermənistan tərəfindən
işğalı faktı müzakirə edilib. Azərbaycan
parlamentinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov və
Ceyhun Osmanlı, diaspor liderləri Adil Bağırov və Bədir
Məmmədli seminarda çıxış ediblər.
26 mart. Ermənilərin
Füzuli rayonu istiqamətində atəşkəsi pozması
nəticəsində kapitan Cəfərov Ramin Vaqif oğlu
yaralanıb və hospitala yerləşdirilib.
26 mart.
Bakı-Quba yolunun 28-ci kilometrliyində, Sumqayıt ərazisində
yerləşən "Quba" kafesində Müdafiə
Nazirliyinin "N" saylı hərbi hissəsinin giziri Azər
Əsgərov (1984) "Makarov" markalı tabel silahı ilə
Salyan rayon sakini Firuzə Əsədovaya (1989) bir dəfə
atəş açaraq qətlə yetirib. A.Əsgərov daha
sonra tapançadan başına atəş açaraq
özünə qəsd edib. Gizir ağır vəziyyətdə
Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına
çatdırılsa da, onun həyatını xilas etmək
mümkün olmayıb. Polisdən bildirilib ki, hərbçinin
hadisəni törətməsinin motivi hələlik məlum
deyil.
26-27 mart. Azərbaycan
daxili işlər nazirinin müavini, Daxili Qoşunların
komandanı general-leytenant Zakir Həsənovun rəhbərlik
etdiyi heyət Rusiya Daxili Qoşunlarının 200 illik yubileyi
münasibəti ilə keçirilən tədbirlərə
qatılıb.
27 mart. Azərbaycan
Silahlı Qüvvələrinin iki yüksək rütbəli
zabiti - MN "N" saylı hərbi hissəsinin qərargah rəisi,
mayor Nəsimi Xankişiyev və rabitə
bölüyünün rəis müavini, mayor Tahir Məmmədov
Şəmkir rayonu ərazisində avtoqəza nəticəsində
aldıqları xəsarətlər nəticəsində hadisə
yerində ölüblər.
27 mart. Azərbaycanın
Ağdam rayonunun işğal altında olan ərazilərində
ara-sıra partlayış səsləri eşidilib.
Partlayışlar Şahbulaq dağı və Uzundərə
adlanan ərazilər istiqamətində müxtəlif fasilələrlə
qeydə alınıb. Məlumata görə, düşmən
işğal altındakı ərazilərdə o qədər
də böyük olmayan hərbi təlim keçirir. Bunun
üçün isə bəzən artilleriyadan istifadə
edilir. Digər məlumata görə, ermənilər
işğal altındakı dağ massivlərində
tikinti-mühəndis işləri məqsədi ilə
partlayışlar törədirlər.
28 mart. Azərbaycan
Xarici İşlər Nazirliyi ATƏT-in Sahə Qiymətləndirmə
Missiyasının hesabatına münasibət
açıqlayıb. Bildirilir ki, Sahə Qiymətləndirmə
Missiyasının nəticələri işğal olunmuş ərazilərdə
qanunsuz fəaliyyətin aparılması ilə bağlı Azərbaycanın
narahatlığının əsaslı olduğunu təsdiqləyib.
28 mart. Azərbaycanın
milli təhlükəsizlik orqanlarının
yaranmasının 92-ci ildönümü ilə bağlı
MTN-də keçirilən tədbirdə nazir Eldar Mahmudov
bildirib ki, Transmilli mütəşəkkil cinayətkarlıqla
mübarizə üzrə keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində 24 cinayət işi
başlanıb, 44 nəfər cinayət məsuliyyətinə
cəlb edilib. Onun sözlərinə görə, vaxtında
görülmüş tədbirlər sayəsində xarici
xüsusi xidmət orqanlarının və digər subyektlərin
kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin
qabaqlanması və ifşa edilməsi istiqamətində
işlər uğurla davam etdirilib. Əks-kəşfiyyat və
hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində
dövlətə xəyanətə və casusluğa görə
12 nəfər ifşa olunub. 2010-cu ildən hazırkı
dövrədək antiterror xətti ilə keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində 9 cinayət işi
başlanıb, 29 nəfər cinayət məsuliyyətinə
cəlb olunub.
30 mart-2 aprel. Azərbaycan
Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə
heyətinin üzvü Məlahət İbrahimqızı
NATO-nun PfP çərçivəsində Cenevrədə təşkil
edilən "Silahlara nəzarət, tərk-silah və
kütləvi qırğın silahlarının
yayılmaması məsələlərində parlamentlərin
rolu" mövzusunda seminara qatılıb.
28 mart. Ermənistan
Silahlı Qüvvələrinin Füzuli rayonu istiqamətində
atəşkəsi pozması nəticəsində Azərbaycan
Ordusunun əsgəri, Masallı RHK-dan
çağırılmış Ağa Ağamir oğlu
Hüseynov (1991) düşmən gülləsinə tuş gəlib.
Kürək nahiyəsindən güllə yarası alan
A.Hüseynov hospitala yerləşdirilib.
31 mart. Azərbaycan
və Türkiyə arasında "Fırtına"
özüyeriyən artilleriya qurğusunun
alğı-satqısına dair danışıqlar
aparıldığına, cari ilin sonuna qədər bununla
bağlı tərəflər arasında müqavilənin
imzalanacağı barədə məlumat yayılıb.
31 mart. MN mətbuat
xidmətinin məlumatına əsasən, Azərbaycan SQ hərbi
qulluqçuları bu hərbi tədbirlərdə iştirak
edəcəklər:
03-15.04.2011.
FTP-dən əlavə. Qara Dəniz Təhlükəsizlik
Proqramı üzrə kurs. Buxarest, Rumıniya, Vyana, Avstriya,
Boston, ABŞ.
04-08.04.2011.
NATO Qərargah zabitləri üçün tanışlıq
kursu. Oberammerqau, Almaniya.
04-15.04.2011.
Açılan Birgə Qüvvələrin Qərargah təlim
kursu, Brunsum, Niderland.
04.04-11.06.2011. Azərbaycan-Pakistan
ikitərəfli əməkdaşlıq planına əsasən,
zabitlər üçün kəşfiyyat kursu, Murree,
Pakistan.
05-06.04.2011. Azərbaycan-Qazaxıstan
ikitərəfli əməkdaşlıq planına əsasən
hidroqrafiya sahəsində əməkdaşlıq və
Qazaxıstan HDQ üçün kadrlar hazırlanması məsələləri
üzrə işçi görüşü, Bakı, Azərbaycan.
06.04-02.12.2011. Azərbaycan-ABŞ
iş planına əsasən, suüstü əməliyyatlar
üzrə zabit kursu, San Antonio, ABŞ.
06.04.2011-11.06.2012. Azərbaycan-ABŞ
iş planına əsasən, HHQ Komanda Qərargah
Akademiyasında kurs, San-Antonio, ABŞ.
06.04.2011-13.08.2012. Azərbaycan-ABŞ
iş planına əsasən, xüsusi təyinatlı zabit
kursu, San-Antonio, ABŞ.
07.04-30.09.2011. Azərbaycan-AFR
ikitərəfli əməkdaşlıq proqramına əsasən,
alman dili kursu, motoatıcı tabor komandiri kursu, Hürt,
Almaniya.
08-15.04.2011. Təbabətə
müraciət mövzusunda konfrans, Manheym, AFR.
11-15.04.2011. OCC
Proqramı çərçivəsində qiymətləndiricilər
üçün 21-ci təlim kursu, Kavadarçi, Makedoniya.
11-15.04.2011.
IPOC Ali zabitlər üçün keçiriləcək kurs
çərçivəsində "Tərəfdaşlar
üçün tanışlıq kursu", Roma, İtaliya.
11-15.04.2011. Strateji kommunikasiya kursu,
11-17.04.2011.
14-cü Beynəlxalq Dənizçilik
yarışları, İstanbul,
Türkiyə.
11.04-01.07.2011. FTP-yə əsasən, hərbi ingilis dili kursu.
12-14.04.2011. FTP-dən əlavə. Sülh Naminə Tərəfdaşlıq
Konsorsiumunun Terrorizmlə
mübarizə üzrə
İşçi Qrupunun
növbəti görüşü.
Ayna.- 2011.- 2 aprel.-
S.9-10.