31 mart soyqırımı: tarix eynən davam edir

 

Akif Aşırlı yeni faktlar təqdim edir

 

Bəlli olur ki, 1918-20-ci illərin Azərbaycan qəzet və dərgilərində 31 Mart Soyqırımı ilə bağlı hələ vərəqlənməmiş çoxlu materiallar varmış. Məhsuldar çalışan tarixçilərimizdən Akif Aşırlının təqdim etdiyi "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabında soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr əksini tapır. "Azərbaycan", "İstiqlal", "Hümmət" kimi mətbu orqanlarla yanaşı, ilk dəfə olaraq "Qardaş qayğısı" qəzetindəki materiallardan da bəhs edilir. Əslən Bakı yaxınlığındakı Maştağa kəndindən olan Seyidağa Axundzadənin 1919-cu ildə "Turan" mətbəəsində çap olunmuş "Mart hadisəsi 1918..." kitabı da ilk dəfə müasir əlifbada bu kitabın bir bölməsi olaraq təqdim olunur.

Akif Aşırlı bildirir ki, gözdən keçirilən dönəmin mətbuatında 31 mart soyqırımı haqqında külli miqdarda materiallara rast gəlmək olar. Bunlara indiyədək diqqət yetirilməyib. Akif Aşırlı ilə həmkarlıqda Bağanıs Ayrım soyqırımı haqda rusca və ingiliscə kitab nəşr etmiş millət vəkili Qənirə Paşayeva müəllifin bu son işini çox çətinliklə ərsəyə gələn, lakin vacib bir iş kimi dəyərləndirərək deyir:

"Bir dövlət və bir millət olaraq vəzifəmiz xalqımıza qarşı son 100 ildə törədilmiş soyqırımları dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, bir neçə aspektdən bizim üçün vacibdir, birincisi, bu soyqırımları törədənlər o vaxt ədalət qarşısında cavab verməsələr də, ən azı tarix qarşısında cavab verməlidirlər. Dünya bu soyqırımı törədənləri bilməli, tanımalıdır. İkincisi, ermənilərin törətdikləri bu soyqırımların motivasiyasını, ölkəmizə qarşı ərazi iddialarını daha yaxşı anlamağa, Dağlıq Qarabağ münaqişəsinin kökünə işıq salmağa kömək edərdi. Dünya bunu anlamalı, bilməlidir ki, Bakıda 1918-ci ilin martında dəhşətli bir soyqırım həyata keçirilib. Eyni zamanda bu kimi nəşrlər Azərbaycanın öz oxucusu, yeni yetişən gənclik üçün vacibdir. Bir cəhəti də qeyd edim ki, o dövrün mətbuatı ciddi faktordur, heç kəs bu faktların real olduğunu inkar edə bilməz. Mən Akif bəyə təşəkkür edirəm ki, o dövr mətbuatının araşdırılması ilə ciddi məşğul olur. Bu işin elektron versiyaları da rus və ingilis dillərində saytlara yerləşdirilməlidir. Bu işlər məhdud tirajlarla yekunlaşmamalıdır".

 

"Milli Məclisdə bağıra-bağıra deyirik ki, nə üçün Bakıda Soyqırım Muzeyi olmasın?"

 

Millət vəkili Sabir Rüstəmxanlı da qeyd edir ki, burada o hadisələri öz gözü ilə görmüş adamların təsvir etdikləri təqdim olunur və bunları təkzib etmək mümkün deyil. Mən təəssüf edirəm ki, o dövr mətbuatı hələ də lazımınca öyrənilməyib. Mənim şəxsi fikrimdir ki, o vaxtın ziyalıları milli məsələlərə münasibətdə indiki ziyalılarla müqayisədə qat-qat dürüst adamlar idilər. Hadisələrə yanaşma tərzində daha doğru idilər. 1905-07-ci ildən bəri ermənilər bir neçə dəfə bizim millətə qarşı soyqırımlar törədiblər, biz isə həmin tarixlərin matəmini tutmaqla öz yerimizdə saymaqla məşğuluq. Artıq 17 ildir mənim də üzv olduğum Milli Məclisdə bağıra-bağıra deyirik ki, nə üçün Bakıda Soyqırım Muzeyi olmasın? Mən Daşkənddə gördüm ki, günahsız qurbanlar muzeyi var, buna bərk heyrətə gəldim. I Pyotrdan bəri Orta Asiyada nə qədər qırğınlar olubsa, onların xronologiyası, qurbanların adına və soyadına qədər var. Bakıda belə bir muzey mümkün deyil... Bakıda bir erməni aşiqliyi var. Erməni qəbiristanlığı köçürüləndə bütün aləm dəymişdi bir-birinə. Halbuki Bakıda on müsəlman qəbiristanlığı köçürülüb, bir kəlmə söz deyilməyib. Çəmbərəkənd qəbiristanlığını köçürüb yerində əyləncə parkı salmışdılar. İndi Qarabağ şəhidlərinin məzarlarını ayırıb, yaşıl ağaclarla çəpərləyiblər ki, kənardan görünməsin, bir azdan imkan olsa, onları da söküb apararlar. Niyə Bakıda bir soyqırım muzeyi olmasın? 2004-cü ilə qədər - düz 14 il Bakıda Tarix Muzeyi bağlı qaldı. Biz savaş içindəyik, dünyaya tariximizdən danışırıq, amma gələn qonaqlara tariximizi göstərə bilmirdik. İdeoloji müharibə, informasiya savaşı gedir. Erməni ölkəsinə gələnləri aparıb "soyqırım" uydurmasını göstərir, biz isə... Bu yaxınlarda bizim köhnə dostumuz, "Literaturnaya qazeta"nın redaktoru Polyakov yazmışdı ki, mənim ömrümün ən dəhşətli günü Yerevanda soyqırım abidəsinə baxdığım gündür. Gəldi baxdı, getdi, amma o xatirə onun içində ömürlük qaldı. Niyə biz bunu eləyə bilmirik? O gün mən Bakının rəhbərinə deyirəm ki, nə qədər Bakının mərkəzində on-on beş küçəni ildə dörd-beş dəfə asfaltlayacaqsınız? Nə qədər səki daşlarını dəyişmək olar? Bu işlərin xərcinə bir muzey tikmək olmazmı?.. Cavab verir: "Niyə camaatın gözünə girir o?" Camaatın gözünə girmir, camaatın cibindən gedir. Bu yolla camaatın cibini soyursunuz. Bu boyda sərvəti və imkanı olan bir ölkənin bundan yaxşı vaxtı olmayacaq ki? Neft pullarının yaxşı gələn vaxtıdır. Bir bina tikmək çətin şeydir bəyəm? Deməli, bizim içimizdə bu məsələlərin üzə çıxmasına mane olan üzlər var. Hesab edirəm ki, bizim mətbuatımız, jurnalistikamız hücumçu mövqedə dayanmalıdır. Tarix Muzeyimiz hələ də Hacı Zeynalabdin Tağıyevin evində yerləşir. Gedin baxın görün Türkmənistanda necə bir muzey tikiblər! Milli varlığımıza, tariximizə bugünkü Azərbaycan Respublikasında bu ögey münasibətin kökü nədir? Nə ilə bağlıdır?"

 

"Konkret hədəf yoxdur ki, kimə nifrət edəsən"

 

MM üzvü Fazil Qəzənfəroğlu xatırlatdı ki, mart soyqırımı ilə bağlı iki ciddi mənbə var: Parlament təhqiqat komissiyasının materialları, bunlar müəyyən dərəcədə toparlanıb çap olunub, ikincisi - o dövrün mətbuatı. O dedi:

"Hesab edirəm ki, mart soyqırımlarını 1915-ci ildən Şərqi Anadoluda türklərin soyqırıma məruz qoyulması ilə birləşdirməliyik. Bu materialları həm də Türkiyəyə verməliyik ki, ümumi kontekstdə bütün türklərin ermənilər tərəfindən soyqırıma məruz qalmasını dünyaya təqdim edə bilək. Bunu müştərək bir tarix kimi, müştərək faciə kimi bilməyimiz olduqca vacibdir. Bu hadisələr - təşkilatlanmamış bir xalqın təşkilatlanmış bir qüvvə tərəfindən itkilərə məruz qoyulmasıdır. Dağlıq Qarabağın 90-cı ildən sonrakı işğalı dövründə də təqribən eyni vəziyyət vardı. Eyni kəndlər, eyni insanlar, eyni təşkilatlanmış qüvvə qarşısında itkilər. Mən Sabir bəyin təklifini yüksək qiymətləndirirəm, dəfələrlə bu səslənib. Bizdə Şəhidlər Xiyabanına insanlar gəlib baxarkən nifrətin kimə yönələcəyini bilmirlər. Konkret hədəf yoxdur ki, kimi ittiham edəsən. Bu hədəfi konkretləşdirmək lazımdır. Soyqırım muzeyində Türkmənçay müqaviləsindən bu yana Azərbaycan türklərinə qarşı törədilən bütün soyqırım faktları göstərilməlidir. Burada Güney Azərbaycanda törədilən soyqırımlar da əksini tapmalıdır".

 

Millət vəkili Musa Qasımlı bu kitab barədə mülahizələrini bölüşərkən qeyd etdi ki, tarixdən ibrət dərsləri alacağımız çox hallar var. Biz bu məsələləri ciddi şəkildə araşdırmalıyıq. Tarixdən söz düşəndə boş danışmağın mənası yoxdur. Tarixdən danışanda fakt, material və məntiq olmalıdır. Bu kitabda isə hər üçü danışır".

Müəllif Akif Aşırlı bu yöndə araşdırmalarını davam etdirəcəyini deyir.

 

 

İsmayıl   

 

Ayna.- 2011.- 2 aprel.- S.19.