Azərbaycanlılar soyqırım gününü qeyd etdilər

 

31 martda 12 min insan məhv edilib

 

Bakıda 1918-ci il martın 31-də "Daşnaksütyun" partiyasının rəhbərliyi altındakı silahlı birləşmələrin Bakı kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə tutduqları qanlı divanın ildönümü qeyd olundu. Bu hüzn tarixi dünyanın bir çox ölkələrində xalqımızın dostları tərəfindən də qeyd olundu.

31 martda Bakıda əks-inqilaba qarşı mübarizə bəhanəsilə şəhərin dinc türk əhalisinin məhvinə başlanıb. Nəticədə 12 minə yaxın dinc insan məhv edilib.

Bakıda qırğın martın 30-dan aprelin 2-dək davam edib. Bu vaxt ərzində Bakıda və ona bitişik yaşayış məntəqələrində 50 minə yaxın insan qətlə yetirilib, məscidlər, məktəblər, memarlıq abidələri məhv edilib. Şəhərin türk-müsəlman əhalisinin qırğınlarına Bakının İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edib. Bakıda Qırmızı Ordu qərargahının rəisi daşnak partiyasının üzvü, polkovnik Z.Avetisyan idi. Bakı qəzasında (Bakı quberniyasının şərq hissəsi) etnik təmizləmələrdən sonra dinc əhalinin qırılması Şamaxı, Quba qəzalarında və Azərbaycanın digər bölgələrində davam etdirilib. Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də şəhərə Qafqaz İslam Ordusunun daxil olmasından sonra bərpa edilib.

1918-ci ilin mart-aprel hadisələri xalqın faciəvi tarix səhifələrindən yalnız biridir. XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı soyqırımın qurbanı olub deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Qafqazın Rusiya tərəfindən işğalından sonra başlayıb. Deportasiya siyasəti sovet hakimiyyəti illərində davam edib. Belə ki, 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb. Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf edir. Həmin vaxt erməni təcavüzü nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib yaralanıb, yüz minlərlə azərbaycanlı isə qaçqına çevrilib.

1918-ci ilin martında Stepan Şaumyanın rəhbərliyi ilə qurulan bolşevik-daşnak hərbi-siyasi ittifaqı Müsavatın rəhbərlik etdiyi Azərbaycan milli hərəkatına bütün müsəlman əhalisinə qarşı yönəlmişdi. Bu barədə "Turan" agentliyinə müsahibəsində həmin dövr Azərbaycan tarixinin tədqiqatçısı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Toqidi Bakıda Bakı quberniyasının qəzalarında Azərbaycan əhalisinin kütləvi qırğını haqqında danışarkən bildirib.

"1917-ci ilin payızından başlayaraq müsəlman əhali arasında Müsavatın təsiri nüfuzu artır. Bakı Sovetinə 22 oktyabr 1917-ci il tarixli seçkilərdə "Müsavat" bütün digər partiyaları xeyli geridə qoyaraq, seçicilərin 40% səsini qazanır. Qəzalarında Müsavatın nüfuzu Bakı Soveti üçün ciddi təhlükəyə çevrilirdi. Bakı Sovetinin başında Lenin Sovnarkomuna tabe olan Stepan Şaumyan dururdu. Öz növbəsində, "Daşnaksütyun" erməni milli partiyası Qafqazda erməni dövləti yaratmaq ideyası ilə yaşayırdı və bu məqsədlə Zaqafqaziyadan türk əhalisinin sıxışdırılıb çıxarılması üçün bütün metodlardan istifadə edirdi. Bu mənada, 1918-ci ilin martında bolşeviklərin və daşnakların maraqları üst-üstə düşdü və onlar birlikdə müsəlman əhalisinin kütləvi qətllərini həyata keçirdilər".

Kütləvi qırğın yalnız aprelin 2-də və Bakı Sovetinin qərarı ilə deyil, Türküstan 36-cı polkunun qəti tələbi və rus dənizçi-xəzərçilərinin Bakı Şurasının tabeliyindən çıxmaq hədələri nəticəsində başa çatdı.

Bu hadisələr haqqında xarici diplomatik missiyaların nümayəndələrində dəlillər qalıb. Mart hadisələrinin araşdırılmasında Azərbaycan milli hökumətinin də əvəzsiz rolu olub. Azərbaycan Cümhuriyyətinin elan edilməsindən (28 may 1918-ci il) dərhal sonra, milli hökumət hələ Gəncədə yerləşən zaman, 1918-ci il iyulun 15-də Zaqafqaziyada müsəlman əhalisinə qarşı zorakılıq aktlarının araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası (FİK) yaradıldı. Komissiyanın rəhbəri vəzifəsinə andlı vəkil Ələkbər bəy Xasməmmədov təyin edilmişdi.

Komissiya 1920-ci ilin əvvəllərinə qədər fəaliyyət göstərib və bu dəhşətli cinayətlərin şahidlərinin ifadələrindən çox böyük həcmdə material yığıb. Onlar arasında müxtəlif millətlərin - rusların, yəhudilərin, polyakların, gürcülərin və hətta ermənilərin nümayəndələrinin olması çox vacib faktdır. Bu materialların xüsusi dəyəri ondadır ki, onlar dövlət orqanları tərəfindən yığılıb.

 

Bu materiallar 36 cild 3500 səhifədən ibarət idi. Nəticədə Bakıda 24, Şamaxıda isə 100-ə yaxın təqsirləndirilən şəxs həbs edilmişdi. Qırğının təşkilatçılarından, xüsusi amansızlığı ilə fərqlənən Stepan Lalayev cəzadan qaça bilmədi. O həbs edildi həbsdə vəfat etdi. Daşnak bölüyünün komandiri Amazaspa qarşı da cinayət işi başlanıldı. Şaumyan Korqanovun ölməsi ilə əlaqədar onlara qarşı cinayət təqibi olmayıb. Toplanmış materiallar bizim günlərdə çap edilib.

 

 

İ.Balıoğlu         

 

Ayna.- 2011.- 2 aprel.- S.19.