"Teatrı məhv
etməyin..."
İsrafil
İsrafilov primitiv əsərlə teatra üz tutanları
qınadı
"Akademik Milli Dram Teatrında elə aktrisa var 6 il ərzində bir kitab belə oxumayıb. Bu aktrisa 6 ildir bu teatrda çalışır, ancaq fəaliyyəti dövründə bir əsər belə oxumadığını dedi. Eləsi də var ki, ona oxuması üçün pyeslər vermişəm, amma həmin pyesləri başqasına verib oxutdurub və ondan qeydləri götürüb mənə təqdim edir, kitabı oxuduğunu deyir. Aktyorların çoxu ancaq teatrın repertuarına salınan əsərləri oxuyublar. Burada əsəri qoyulmayan dramaturqu isə tanımırlar". Bu ağlamalı durumun örtüyünü Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov götürüb.
Direktor
bildirib ki, bu teatrda uzun müddət eyni siyasət hökm
sürüb. Ancaq teatrda yeni qanunları həyata
keçirmək lazımdır: "Kimsə ortabab belə
olmayan pyesini götürüb gəlir Dram Teatrına ki, onun əsəri
səhnəyə qoyulsun. Mən bir az dözürəm, o
müəllifləri inandırmağa
çalışıram ki, bu əsər Dram Teatrında səhnəyə
qoyula bilməz. Hələ dözürəm, ancaq görsəm
ki, vəziyyət başqadır, o zaman həmin əsərləri
mətbuata verəcəyəm. Necə ola bilər ki, sən
primitiv düşüncənlə bu camaatı incidəsən.
Teatrı məhv etməyin...".
İsrafilov
bildirib ki, teatrın düşdüyü vəziyyətə
səbəb həm dramaturgiya, həm də rejissuradır:
"Rejissorluğa
gəlincə, hər kəsə tamaşa vermək olmaz. Ali
diplomu və ya savadı var deyə, hamını Akademik Milli
Dram Teatrının səhnəsinə buraxmaq doğru deyil.
Çox nüfuzlu adamlar zəif əsərlər yazırlar
və müxtəlif yollarla onu teatra sırıyırlar.
Bunları demək məcburiyyətindəyəm. Deyim var,
"desəm öldürərlər, deməsəm ölləm".
Kimsə özünü pis edib, bunları deməlidir.
Yaradıcılıq səviyyəsinin aşağı
düşməsində birinci səbəb zəif dramaturgiya,
ikinci səbəb isə rejissorluğun dilsizliyi olub. Rejissorun
səhnə, üslub dili var. Rejissorun müəyyən bir
dünyanı, insanları, cəmiyyəti anlayan, qiymətləndirən,
bilavasitə bədii realizə işində onu müasirləşdirən
istedad keyfiyyətləri var ki, bu mənada bizim rejissura əksər
hallarda uduzur. Bu da həm mütəxəssisləri, həm də
teatrları təmin etmir".
Teatrda
yenidən işə başlayacaq aktyor heyətinə gəlincə
teatr rəhbəri bildirib ki, Akademik Milli Dram Teatrı aktyor
baxımından əziyyət çəkmir:
"Doğrudur,
teatrımızda yaşlı və gənc nəsil aktyorlar
arasında yaradıcılıq zəifliyi var. Ayrı-ayrılıqda
hər nəslin aktyoru çox istedadlıdır. Ancaq problem
ondadır ki, aktyor heyəti kollektiv, ansambl şəklində
işləyə bilmir. Bu problemi də həll etməyə
çalışacağıq".
Onun
sözlərinə görə, nəzərdə tutulan
müddətdə teatrda yaradıcı mühit
formalaşdırılacaq: "Güman edirəm ki, bu problemlər
həll olunacaq. Mən buna əminəm, bunu
bacaracağıq. Görsəm ki, bacara bilmirəm,
çıxıb gedəcəyəm...".
Akademik
Milli Dram Teatrında nəzərdə tutulan müsabiqə ləğv
edilib. İ.İsrafilovun sözlərinə görə, əsaslı
təmirdən sonra müasir standartlara cavab verən teatrda
bütün repertuar dəyişəcək. Artıq köhnə
tamaşalar nümayiş olunmayacaq və yeni mövsümdə
yeni repertuar siyasəti həyata keçiriləcək:
"Biz tamaşaçı qarşısına tam yeni
repertuarla, yeni və müasir tamaşalarla
çıxacağıq. Hazırlanması, səhnəyə
qoyulması nəzərdə tutulan tamaşalarla yeni repertuar
yaradılacaq".
Xatun
Ayna.- 2011.- 2 aprel.- S.20.