Musiqi teatrlarının
tamaşalarına baxış
MDB
teatrşünasları Sankt-Peterburqa toplaşır
Aprelin
1-dən 7-dək Sankt-Peterburqda "Arlekin" Beynəlxalq
festivalı çərçivəsində MDB dövlətləri
musiqi teatrlarının tamaşalarına baxış
keçiriləcək. Festivalda iştirak məqsədi ilə
Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların
Beynəlxalq Assosiasiyasının dəvəti ilə aprelin
1-də Dövlət Musiqili Komediya Teatrının direktoru Əliqismət
Lalayev Sankt-Peterburqa yollanıb. Teatrın mətbuat xidmətindən
deyildiyinə görə, festival çərçivəsində
Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrının səhnəsində
qoyulan rejissor N.Çusovanın quruluşunda "Dahi
Yekaterina" (bəstəkar - S.Dreznin, libretto - M.Roşin,
A.Anno, M.Saltıkov), K.Strejnevin quruluşunda "www.silikonlu axmaq
qız.net" (bəstəkar - A.Pantıkin, libretto -
K.Rubinski), "Ölü canlar" (bəstəkar -
A.Pantıkin, libretto - K.Rubinski) və "Pişik" (bəstəkar
- V.Baskin, R.Kiplinqin "Öz-özünə veyillənən
pişik" əsərinin motivləri əsasında)
tamaşaları nümayiş olunacaq.
Festivalın
sonuncu günü - aprelin 7-də isə Sankt-Peterburq Aktyor
Evində "Rusiyanın müəllif müzikli - XXI: biz hara
gedirik?" mövzusunda "dəyirmi masa"
planlaşdırılır. Əməkdar incəsənət
xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin də
qatılacağı "dəyirmi masa"da Moskva və
Sankt-Peterburqun aparıcı teatr tənqidçiləri,
musiqili teatrlar üçün libretto yazan müəlliflər,
Rusiyanın digər musiqili teatrlarının nümayəndələri
iştirak edəcəklər. Festival çərçivəsində
nümayiş olunacaq tamaşalar, eyni zamanda, Rusiya müəlliflərinin
son on ildə yazdığı yeni əsərlər
müzakirə olunacaq.
Z.Rüstəm
Ayna.- 2011.- 2 aprel.- S.20.