Sanki general rütbəsi qazanıb

 

Vokalistin "Koroğlu" ilə bağlı başqa niyyətləri də var

 

Mobil Babayevin yetirməsi olan, bir çox opera tamaşalarında uğurlu ifası ilə çıxışlar edən vokalist Ramil Qasımov ötən həftə sonu yeni debütü ilə yadda qalıb. İfaçı Üzeyir Hacıbəylinin "Koroğlu" operettasında eyniadlı partiyanı ilk dəfə oynayıb. Uğurlu keçən tamaşanın ardınca Ramil mətbuat mənsublarına bildirib ki, vaxtilə müəllimi Mobil Babayev də onu bu partiyanın ifaçısı kimi görmək istəyib. Pedaqoq tələbəsinə "Özümdən sonra səni Koroğlu kimi səhnədə görmək istəyirəm" deyib. Müəllimin etimadını doğruldan Ramil bu tamaşadan sonra sanki general rütbəsini qazandığını söylədi.

AYNA müxbirinin vokalistə ünvanladığı "Tamaşanın film variantını düşünürsünüz?" - sualını belə cavablandırdı: "Belə bir niyyətim var, film-opera şəklində çəkilməsini arzu edirəm. Bununla biz dastanı daha geniş şəkildə oynaya bilərik".

Sözünün davamında sənətçi bildirdi ki, onun rəhbərliyi ilə fəaliyyət göstərən "R&D" adlı studiyada bir sıra maraqlı yaradıcılıq işləri həyata keçirilir. Burada sənət eşqi ilə yaşayanlar üçün imkanlar yaradılıb. Hazırda bir sıra unudulmuşların diskləri və kitabları hazırlanır. Eyni zamanda xaricdə konsertlərin təşkili istiqamətində danışıqlar aparılır. R.Qasımov qeyd etdi ki, bu günə qədər "R&D"də Elxan Əhədzadə, Eldar Axundov, Oqtay Hacıyev, Rəşid Şəfəq kimi sənət adamlarının diski buraxılıb. Yaxın günlərdə uşaq mahnılarından ibarət albomun hazırlanması düşünülür

 

 

 Z.Rəhimqızı 

 

Ayna.- 2011.- 2 aprel.- S.20.