Azərbaycanlı
musiqiçi birinci oldu
Gənc və istedadlı skripka ifaçısı Ceyla Seyidova Belçikanın Namur şəhərində "Bravo" musiqiçilərin IV Beynəlxalq müsabiqəsində I yeri qazanıb. Bu barədə musiqiçinin anası Samirə Seyidova bildirib.
Qızının müsabiqədə çıxışının dünyaca tanınmış musiqiçilər tərəfindən yüksək qiymətləndirildiyini deyən Samirə xanım danışır ki, müsabiqənin münsiflər heyətində dünyaca tanınmış Filippe Deskamps, Guido Jardon, Jan-Fredrik Molard, Valeri Oystrax, Tatyana Semuil və İqor Tkaçuk təmsil olunublar. Çıxışları ilə münsifləri heyran qoyan 15 yaşlı azərbaycanlı musiqiçi iki mərhələdən ibarət olan müsabiqədə uğur qazanmağı bacarıb:
"Müsabiqə yaş qrupu üzrə keçirilib. Digər yaş qruplarında 4 və ən çoxu beş nəfər yarışdığı halda, Ceylanın qrupunda 15 musiqiçi yarışırdı. Ceyla Fransa, Rusiya, Belçika və digər ölkə təmsilçilərini qabaqlayaraq birinci yerə sahib olub".
Anası qeyd edib ki, Ceyla bu müsabiqədə Azərbaycanı təmsil etmək üçün Belçikaya Təhsil Nazirliyi tərəfindən göndərilib. Azərbaycanlı gənc musiqiçiyə Brüssel Konservatoriyasında təhsil almaq təklifi də olunub:
"Ceyla 10-cu sinifdə oxuyur. O hələ Azərbaycandan kənarda olmaq istəmir. Doğrudur, çox yaxşı təklifdir. Dəyərləndirə biləcəyimiz barədə isə hələ düşünürük. Əsas odur ki, çıxışından sonra hər bir kəs, hətta məşhur musiqiçilər belə bizə yaxınlaşıb təşəkkür edirdilər. Bu hər şeyə dəyərdi".
Ayna.- 2011.- 2 aprel.- S.20.