Yurgen Elsner Azərbaycan musiqisindən danışdı

 

"Azərbaycan musiqisinin dünyada bənzəri yoxdur. Bu diyar qədim dövrlərdən Yaxın və Orta Şərq ölkələrini birləşdirən regiona daxildir. Bu region ölkələri arasında daimi əlaqələr onların mədəniyyətində bir çox müştərək cəhətlər əmələ gətirməsinə baxmayaraq, hər xalqın mədəniyyətində özünəməxsus xüsusiyyətlər qorunub saxlanıb. Bu mənada qədim ənənələri olan Azərbaycan xalqının mədəniyyəti və incəsənəti olduqca səciyyəvidir". Bu sözləri "Muğam aləmi" II Beynəlxalq muğam festivalında iştirak edən Humboldt Universitetinin etnomusiqişünaslıq professoru Yurgen Elsner bildirib.

Almaniyalı qonaq simpoziumun təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edir. Azərbaycan muğam sənətinin inkişafında və təbliğində fondun xidmətlərini yüksək qiymətləndirən alim vurğulayıb ki, belə möhtəşəm bir tədbir ölkə ictimaiyyətində musiqinin bu janrına olan böyük maraqdan irəli gəlir.

Şimali Afrika, Yaxın və Orta Şərq ölkələrinin musiqi mədəniyyətindən bəhs edən çoxlu sayda məqalə və kitabların müəllifi olan professor Yurgen Elsner Azərbaycanla yaxın əlaqələrinin hələ 70-ci illərdən başladığını bildirib. Görkəmli Azərbaycan tarzəni Bəhram Mansurovla yaxın dostluq əlaqələrini xatırlayan Yurgen Elsner Azərbaycan muğamının sirli bir aləm olduğunu diqqətə çatdırıb.

 

 

Ayna.- 2011.- 2 aprel.- S.20.