Akif İslamzadə eşidilməyən mahnılarını üzə çıxarmaq istəyir

 

Bəs nə mane olur?

 

Səsindəki problem səbəbindən yalnız lent yazılarında dinlənən xalq artisti Akif İslamzadə gənc həmkarlarının perspektivindən danışarkən bu gün istedadlı gənclər çox olduğunu deyir. Amma oxumaq istəyən istedadsızlar müxtəlif yollarla onları üstələməyə çalışır. Əgər onun səs imkanları yerində olsaymış, tərəddüd etmədən bir neçə gənclə duet oxuyarmış.

"Elə istedadlı gənclər var ki, onlara mütləq dəstək göstərmək lazımdır. Duetə gəlincə, vaxtilə mən Xədicə Abbasova, Brilyant Dadaşova ilə oxumuşam. İndikilərdən isə Röya ilə oxumaq istərdim" deyən A.İslamzadə onun perspektivinin geniş olduğunu vurğulayır.

Sözünün davamında həmsöhbətim hələ heç yerdə səslənməyən mahnılarından ibarət albom hazırlamaq niyyətində olduğunu söylədi. Əgər maddi yardım olunarsa, bunu həyata keçirər.

"Əgər mən bunları indi üzə çıxarmasam, itib-batacaq. Sonralar heç kim onu üzə çıxarmayacaq. Mənim gedib qapı döyüb, konkret kimlərdənsə pul istəmək kimi niyyətim yoxdur. Bunu özümə uyğun bilmirəm", - deyə A.İslamzadə bildirib.

 

 

Şəms   

 

Ayna.- 2011.- 2 aprel.- S.24.