Ağa Əli İbrahimovun fərdi sərgisi
Əlli ilin ilk yaradıcılıq
təqdimatı
Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Muzey Mərkəzində Sərgi Qalereyasında Rəssamlar
İttifaqının katibi, xalq rəssamı Ağa Əli
İbrahimovun fərdi yaradıcılıq sərgisinin açılışı
olub.
Sərgidə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev Ağa Əli
İbrahimovun yaradıcılığını yüksək
qiymətləndirərək bildirib ki, 1966-cı ildən
ümumrespublika və beynəlxalq sərgilərdə
iştirak edən rəssamın əsərləri Rusiya,
Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük
Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə
nümayiş olunub. Lakin uzun illərdir boyakarlıq sahəsində
yorulmadan çalışan tanınmış fırça
ustasının yaratdığı sənət əsərləri
Azərbaycanda indiyədək geniş tamaşaçı
auditoriyasına təqdim edilməyib. Təxminən 45 illik bədii
yaradıcılıq fəaliyyəti ərzində ilk dəfədir
rəssamın fərdi yaradıcılıq sərgisi
keçirilir.
Mərasimdə
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov,
Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov,
xalq artisti Arif Məlikov, sənətşünas Ziyadxan Əliyev
Ağa Əli İbrahimovun yaradıcılığından
söhbət açıblar.
Rəssam
belə bir sərgini təşkil etdiyinə görə Mədəniyyət
və Turizm Nazirliyinə öz minnətdarlığını
bildirib:
"Həyatımda
ilk dəfədir ki, fərdi sərgim keçirilir. Məndən
olsaydı, hələ də sərgim açılmazdı.
Amma 65 illik yubileyimlə əlaqədar nazir Əbülfəs
Qarayev, nazir müavini Ədalət Vəliyev və Fərhad Xəlilov
belə qərara gəldilər ki, bu sərgi baş tutsun. Bu
gün 1960-cı ildən bu günə qədər
yaratdığım əsərlərin bir hissəsi
nümayiş olunur. Təbii ki, bu nə vaxtsa olmalı idi.
Amma heç bilməzdim ki, belə bir sevinc
yaşayacağam".
Sərgidə
xalq rəssamının 40 əsəri nümayiş olunur. Sərgi aprelin 12-dək davam edəcək.
XATUN
Ayna.- 2011.- 9 aprel.- S.20.