Tara əzəlki münasibəti qaytarmaq...

 

Zamiq Əliyev bunun çətinliklərindən söz açır

 

Son illər musiqi ocaqlarında bir canlanma müşahidə olunur. Tələbələrin hansı sahəyə meyil göstərməsi uzaqdan qaranlıq görsənir. Tar və kamana əzəlki məhəbbət də qayıdır. Bu hal efirdən açıq-aydın duyulur. İncəsənət Universitetinin dosenti, tarzən Zamiq Əliyevlə söhbətimizdə bu mövzuda danışdı:

- Tara əvvəlki münasibəti daha geniş şəkildə qaytarmaq... Gənclərə bunu necə təlqin etməli - məsələ bundadır. Yəni tələbə böyük həvəslə məktəbə daxil olur. Sərbəst yaşam tərzini qurmaq istəyəndə çətinliklərlə qarşılaşır. Ailəsini dolandırmaq, normal güzəran qurmaq üçün nə qədər istedadlı tələbə bu sənəti atmalı olub. Bizim dövrümüzdə aylıq büdcə bu aydan o biri aya yetirdi. Bu gün isə mümkün deyil. Əvvəllər sənətkar ya Filarmoniya, ya da A.Zeynallı adına texnikumda çalışırdı. Onların başqa musiqi ocağında çalışmağa vaxtları yox idi. Çünki sanballı el şənliklərində olur və xalq onları yaşadırdı. Bu gün isə bir xanəndə ən azı 5-6 məktəbdə dərs deyir.Yaradıcılıqla məşğul olmaqdansa, pedaqoqluq edir. Niyə? Çünki dövran dəyişib və estrada oxuyanlar meydanı zəbt edib. Bu problem gəncliyin inkişafına maneə yaradır. İfaçı fikirləşir ki, bu alətlə ailəsini dolandıra bilməyəcək, papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşir...

- Bu problemi tək gənc ifaçılara aid etmək olar?

- Nə yaxşı ki, orta yaşlı ifaçılara prezident təqaüdü verilir. Yaşlı sənətkarların əksəriyyətinin güzəranı isə diqqətdən kənardadır. Bəziləri problemlərini həmin təqaüd hesabına həll edə bilir. Gəncləri qorxudan həm də bu cür problemdir. Son illər solo tar ifasında popuri nömrələr yazdırmışam. Bu ondan irəli gəlmir ki, yenilik etməklə özümü tamaşaçıya tanıtdırmağa çalışıram. Tələbəyə tarın imkanlarını çatdırmaqla yanaşı, tamaşaçıya el şənliklərində bu alətin lazım və vacib olduğunu sübut eləmək istəyirəm.

- Toylara dəvət olunursunuz?

- Bəli. Auditoriyaya uyğun popuri şəklində mahnılar ifa edirəm. Çoxunun fikrincə, tarda yalnız "Zabul" və ya "Mirzə-hüseyn" segahı çalmaq olar. Əgər sənətkar meydana atılırsa, tamaşaçıya tarın imkanlarını göstərməyi bacarmalıdır.

- Bəzi gənclər tarın imkanlarını göstərməklə yanaşı türk, ərəb, İran ritmlərindən istifadə edir. Sizcə, bu yenilikdir?

- Tardan tar kimi istifadə etmək lazımdır. Dediyiniz ritmlər üçün ayrıca alətlər mövcuddur. Bu gün bəzi musiqiçilər kəşf ediblər ki, sən demə türk sazı hamısından yaxşı imiş.

- Yeri gəlmişkən, İncəsənət Universitetində tələbələrin 20-30 faizi türk vətəndaşlarıdır. Onlar hansı alətə maraq göstərirlər?

- Maraqlı məqamdır. Türkiyədən onlarla tələbə gəlib burada tar çalmağı öyrənir. Amma özümüz tarı bəyənmirik. Türk sazına meyil göstəririk. Skripka, saksofon və elə türk sazı bu gün toylarda meydan sulayır. Öz milli alətimizi isə kölgədə saxlamışıq. Qarşıma məqsəd qoymuşam - ən azı 1-2 ilə tara olan tələbatı əvvəlki səviyyəsinə qaytarmaq...

- Tələbələr daha çox hansı sahəyə meyil göstərir?

- Qəbul imtahanlarında hər il iştirak edirəm. Müraciət edənlərin 50 faizi qarmon çalan, qalanı isə oxuyandır. Tara tələbat isə bundan aşağı səviyyədə... Onlardan isə gələcəkdə sənətkar yetişib-yetişməyəcəyi bəlli deyil. Savadlı bir tələbəm vardı. Onun gələcəyinə böyük ümidlər bəsləyirdim. Üçüncü kursa çatanda gördüm dərsə az-az gəlir. Bir gün mənə yaxınlaşıb dedi: "Müəllim, dərsə gələ bilməyəcəyəm. "Karxanada daş daşıyıram, ayda mənə filan qədər pul verirlər". Bu işə ona görə vadar olmuşdu ki, ailəsinin üzünə baxa bilsin. Beləcə, sənət və zəhmət puç olub getdi. Bu gün hamı oxumaq istəyir. Hətta çalanlar da... Ona görə ki, müğənnilər yaxşı pul qazanır. Sənətkar olmaq arzusu tamam yaddan çıxıb. Bəzi müğənnilər hər gün 4-5 toy oxuyub zəngin ola bilər, amma sənətkar ola bilməz. Onları oxudan texnikadır, öz səsləri yox. Əsl xanəndələr də tar ifaçıları kimi arabir yada düşür.

 

 

Z.Rüstəm 

 

Ayna.- 2011.- 16 aprel.- S.20.