"Arzulayıram ki, kiçik radiom
olsun"
Tahir İmanov auditoriya ilə söhbət
etmək istəyir
Aprelin 14,
15, 16-da "Planeta Parni iz Baku" KVN teatrı yeni proqramı
ilə seyrçiləri Heydər Əliyev Sarayına
toplayır. Kollektiv artıq iki günlük proqramı
uğurla başa vurub. Teatrın rəhbəri Tahir İmanov səhnəyə
çıxmadan öncə söylədi:
- Biz eyni
vaxtda üç yubileyi - "Planeta Parni iz Baku" KVN
teatrının 10 illiyi, "Parni iz Baku" komandasının
20 illiyi və beynəlxalq KVN hərəkatının 40
illiyini qeyd edirik. Sanki zaman dayanıb.
- Yeri gəlmişkən,
"Planeta Parni iz Baku" KVN teatrının yubileyi Elçin
Həmidovun xatirəsinə həsr edilir. Onun
rollarını xatırlayırıq. O, necə insan idi?
- Mənim
üçün hər şeydən əvvəl peşəkar
bir insan idi. Həyata, dostluğa, varlı və kasıb, nazir
və ya süpürgəçi olmasından asılı
olmayaraq, ətrafdakılara öz səmimi münasibətilə
seçilən insan idi. Elçin belə insan olub, sonradan isə istedadlı
aktyor kimi tanındı. Deyərdi ki, məhz bizim teatr sayəsində
məşhurlaşıb. Mən bilirəm ki, onun uzun illər
işlədiyi Musiqili Komediya Teatrında bu sözlərə həsəd
aparacaqlar, lakin fakt faktlığında qalır. Bu, Elçin
Həmidovun sözləridir.
- Bu dəfə hansı yeniliklər
var?
-
Baxmayanlar üçün kiçik bir açıqlama vermək
istərdim. Adətən sonda parodiya nömrəsi olur, bu il də
bu var, lakin fantastika janrında.
- Bəs bu dəfə hədəf
kimdir?
- Siyasi və
ictimai xadimlərin parodiyası ölkədəki korrupsiyaya
qarşı aparılan mübarizə ilə
bağlıdır. Bu mövzuya məşhur "Məhəllə"
səhnəsində də toxunulur. Estrada
ifaçılarının parodiyasına gəldikdə, ilk dəfə
olaraq bizim teatr bunu fantastika janrında, lakin yumor prizmasından
göstərir.
- Nömrədə yadplanetlilər
var?
-
Xeyr, biz, sadəcə, zamanı dəyişmişik. Əminəm
ki, bu nömrə yaddaşlarda çox qalacaq.
- Nömrələrinizdə adətən
ikiüzlülük, korrupsiya, qorxaqlıq,
bacarıqsızlıq kimi qüsurları ələ
salırsınız. Yəni bu xətt davam edir?
- Biz
ölkəmizə xidmət edirik və sonadək buna sadiq
qalacağıq.
- İşləriniz barədə bəzi
şərhlər xoş olmayan təəssürat oyadır...
-
İndiyədək bizə həsəd aparırlar və təhqir
edirlər, səhnələrimizi mənasız
adlandırırlar, lakin mən heç vaxt buna cavab vermirəm.
Biz bacarıqsızıqsa, onda neçə illərdir konsertlərimizə
gələn insanlar kimdir? Biz Aydan düşməmişik, 20
il ölkəni beynəlxalq arenada təmsil edirik.
- Ümumiyyətlə, bu teatr və
artıq baş ağrısı nəyinizə
lazımdır? Axı çıxışlarınıza
görə solo karyera qura bilərdiniz. Deyək ki,
estradamızda Zadornov tipli yumorist demək olar yoxdur...
- Bu barədə
danışmaq artıq gecdir. Heç bir KVN-çi deyə
bilməz ki, nəyəsə təkbaşına nail olub. Bu,
komanda oyununun nəticəsidir. Məsələn, bizim idmanda
uğurlar yalnız təkbaşına mübarizələrlə
bağlıdır, yəni "üz-üzə".
İdmanın komanda növlərində, məsələn,
futbolda bir uğur qazana bilmirik.
- Niyə axı, məsələn,
üç qadın voleybol komandamız beynəlxalq
yarışların finalına çıxa bilib və onlardan
biri "Azərreyl" Kubokun qalibi olub.
- Bu, yeganə
haldır. KVN üçün əmək, yumor və
satiranın kollektiv növü yaxındır.
- Siz dəfələrlə
qeyd etmişsiniz ki, yumora gülmək yox, fikirləşmək
də lazımdır. Yumorun başlıca fəlsəfəsi?
-
ABŞ-da məhkəmə zamanı şahid əlini
Bibliyanın üzərinə qoyur və deyir: "And
içirəm ki, həqiqəti, yalnız həqiqəti və
həqiqətdən başqa heç nəyi deməyəcəm".
Bu prinsip bizə də aiddir. Biz insanların gündəlik həyatda
danışdıqlarını deyirik ki, buna da yalnız rəngarənglik,
dramatik xətt verərək yumoristik səhnələrə
çeviririk.
- Sizin üçün 10 il azdır,
yoxsa çox?
- Həyatın
yarısı kimi.
- Bu gün sizin teatr ilə 10 il əvvəlkinin
arasında nə kimi fərq görürsünüz?
- Dil
üslubu dəyişib. Biz tədricən milli dilə
keçdik. Düzünü desəm, çox ağır idi,
çünki hamımız rusdilli idik. Azərbaycan dili
çox zəngin, gözəl və mürəkkəbdir,
sözün doğrusu, indiyədək onu öyrənir və
bundan utanmıram.
- Zaman da öz düzəlişlərini
edir.
-
Şübhəsiz, Aleksandr Vasilyeviç Maslyakovun bizə
öyrətdiyi prinsiplər isə heç vaxt dəyişmir.
Bunlar güldürmək, həqiqəti demək, tənqid etmək
və təhqir etməməkdir.
- Yeri gəlmişkən, bu il onun da
yubileyidir, 70 yaşı tamam olur.
- Mütləq
əziz və sevimli insanı təbrik edəcəyik.
-
Çıxışlarınızdan sonra təhdid və təhqirlərlə
tez-tez üzləşmisiniz?
-
Bunların hamısı olub və hətta qardaşımla
birlikdə çemodanı götürüb ölkədən
getmək istəmişik.
- Yaddaqalan çoxlu obrazlar - Eliş
və Roşka, Ağanatiq, Sazoğlan, meyxanaçı,
bağçılar... Onlar yubiley konsertində də varmı?
- Yubiley
konserti öz-özlüyündə imtahan,
yaradıcılıq fəaliyyətinin yekunlarıdır.
Mütləq sevimli qəhrəmanlar olacaq, lakin yeni ampluada.
Onlar arasında Ağanatiq və tamamilə yeni Şiraslan Gursəsli
var. Vəssəlam, təfərrüatların
hamısını açıqlamaq istəmirəm.
- Bir sual: neçə
yaşınız var?
-
Neçə verərsiniz?
- Təxminən 35.
- Təxminən
elədir.
-Bunu əbəs soruşmuruq. Bəhram
Bağırzadə deyib ki, 40 yaşından sonra KVN-də
oynamırlar. Deməli, teatrınızın beş il
ömrü qalıb?
- Yox,
axı mən dedim təxminən. Mən bütün bu deyimlərdən
uzağam. Yalnız bizi Yaradan əvvəlcədən nəyin
necə olacağını bilə bilər. Zaman hər
şeyi öz yerinə qoyur. Hazırda yalnız onu
arzulayıram ki, kiçik bir radiom olsun və dinləyicilərlə
danışım. İstək var, lakin imkan yoxdur. Bu,
sponsorlara işarə deyil. Sadəcə, sizlərlə ürəkdən
söhbət etmək istəyirəm.
Şəms
Ayna.- 2011.- 16 aprel.- S.21.