Fidan Hacıyevanın Karmen səadəti

 

"Hər dəfə Karmeni oynayanda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Hər dəfə Karmen kimi səhnəyə çıxmaq mənim üçün ən möhtəşəm bayramdır. Budəfəki çıxışıma da ciddi hazırlaşıram və tamaşaçılara unudulmaz gecə vəd edirəm". Bu sözləri Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera Balet Teatrının solisti Fidan Hacıyeva deyir. Əməkdar artist aprelin 17-də yenidən "Karmen" operasında əsas partiya ilə səhnəyə çıxacaq. İfaçı bildirir ki, artıq hazırlıqlar bitir, məşqlər davam edir afişalar paytaxtın mərkəzi küçələrində vurulub. Jorj Bizenin "Karmen" operası ötən il olduğu kimi bu dəfə Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Azərbaycan səhnəsinin Karmeni Fidan Hacıyeva indidən həyəcanlanmağa başladığını söyləyib:

"Hər dəfə səhnəyə çıxanda çox həyəcanlanıram. Bu, olduqca böyük məsuliyyətdir. Ancaq bu məsuliyyətin öhdəsindən gəlməyə çalışıram. Bilirəm ki, tamaşaçılarımız Karmen üçün çox darıxıb. Bunu hiss edib, onlar üçün bu sürprizi etmək istədim. Karmeni sevən hər tamaşaçını həmin gün zalda görmək arzusundayam". F.Hacıyeva bildirib ki, "Karmen" operası ilə bir növ yaradıcılığına yenidən start verir. Belə ki, sənətçi "Karmen"in nümayişindən sonra daha bir neçə opera yeniliklərlə tamaşaçıların görüşünə gələcək.

 

 

Ayna.- 2011.- 16 aprel.- S.20.