Azərbaycan-ABŞ hərbi əməkdaşlığı dayanır?

 

Bunu istisna edən ehtimallar və versiyalar tükənib...

 

Mayın 15-25-nə nəzərdə tutulan "Regional cavab-2011" ABŞ - Azərbaycan birgə hərbi təlimləri bilinməz səbəblərdən təxirə düşdü. ABŞ-ın Azərbaycan səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson aprelin 20-də jurnalistlərə dedi ki, təlimlərin niyə baş tutmadığı ilə bağlı sualı Azərbaycan Müdafiə Nazirliyinə ünvanlasınlar.

Xatırladaq ki, 2010-cu ildə də bu təlimlər Bakının birtərəfli qaydada imtina etməsi səbəbindən keçirilmədi. Ekspertlər bunu iki ölkə arasında yaranmış siyasi gərginliklə əlaqələndirməyə cəhd etdilər. Bir sıra hərbi ekspertlər isə Rusiyanın Azərbaycana təzyiqləri nəticəsində Bakı-Vaşinqton hərbi əməkdaşlığının donduğunu düşünürlər. Amma MM Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bu təxirəsalmanı xüsusi siyasi səbəblərlə əlaqələndirmək istəmir. Deputat deyir:

"Rusiyanın təsiri altında bundan imtinanı real saymıram. Amerika-Azərbaycan hərbi əməkdaşlığı müəyyən həddə çatıb. Amma iki ölkə arasındakı əməkdaşlıq strateji münasibətlər səviyyəsində deyil. Bizim arzu etdiyimiz Amerika-Azərbaycan münasibətlərinin sırf hərbi əməkdaşlıq, yardımlaşma səviyyəsinə çatması üçün birinci növbədə ABŞ daha real addımlar ata bilər. Söhbət regiondakı risklərə qarşı açıq olmaqdan gedir. Belə zəmanət yoxdur. Amerika Rusiyanın, İranın təsirlərinə Azərbaycanın təkbaşına addımlar atmasını istəyir. Bu halda, Azərbaycanın uzlaşdırılmış siyasəti başadüşüləndir".

Müdafiə Nazirliyi birgə hərbi təlimin təxirə salınması barədə məlumatı təsdiqləyib. MN mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq deyib ki, nəzərdə tutulan təlim qeyri-müəyyən vaxta təxirə salınıb. E.Sabiroğlu təlimin təxirə düşmə səbəbi barədə tam məlumatı olmadığı üçün hər hansı şərh verməyi lazım bilmədiyini deyir:

"Bu halın Azərbaycan - ABŞ hərbi əməkdaşlığına hər hansı təsiri ola bilərmi" sualına nazirlik sözçüsü belə cavab verir: "Mən inanmıram ki, belə bir şey baş versin.

ABŞ-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da davam edəcək". Dünən E.Sabiroğlu yenidən məsələyə qayıdıb: "Biz bu məsələ ilə bağlı öz mövqeyimizi açıqlamışıq. Qaranlıq heç nə yoxdur. Yəqin ki, çox qısa zamanda hər şey öz yoluna qoyulacaq. Bundan problem yaradıb vəziyyətə siyasi rəng verməyə lüzum görmürük. Təəssüflər olsun ki, belə cəhdlərə rast gəlirik".

Sabiroğlu MN-in siyasətlə məşğul olmadığını, qurumun təlimin müvəqqəti dayandırılmasına da konkret münasibətini bəyan etdiyini vurğulayıb: "Biz ikitərəfli hərbi əməkdaşlıq sazişinə uyğun olaraq, digər istiqamətlər üzrə indi də əlaqələrimizi davam etdiririk".

Hərbi ekspertlər isə hesab edirlər ki, Azərbaycanla ABŞ arasında əməkdaşlıq belə davam etsə, hərbi əməkdaşlıq tam dayana bilər. 2010-cu ildən bəri müşahidə olunan proses bədbin proqnozlar irəli sürməyə imkan verir:

- 2010-cu ilin əvvəlində Amerika Silahlı Qüvvələrinin Avropa komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri arasında imzalanmış İş Planı indiyədək Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunmayıb;

- 2010-cu ilin mayında Bakının birtərəfli qaydada imtina etməsi səbəbindən bənzər hərbi təlimlər baş tutmadı;

- 2011-ci ilin fevralında iki ölkə arasında keçirilməli olan təhlükəsizlik danışıqları Bakının imtina etməsi səbəbindən təxirə salındı.

Ekspertlərin fikrincə, Azərbaycanla ABŞ arasındakı əməkdaşlıqda geriləmə Rusiya təsirinin nəticəsidir. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana müdaxiləsini, 2009-cu ildə Rusiyanın regionda NATO və ya ABŞ hərbi qulluqçularının iştirakı ilə təlimlər keçirilməsini istəmədiyini rəsmi şəkildə bəyan etməsi, 2009-cu ilin ortalarında Moskvanın Yerevanda "Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı Cənubi Qafqazda təhlükəsizliyin təminatçısı rolunda" adlı beynəlxalq konfrans keçirməsini yada salaq.

Rusiyanın ötən ilin fevralında təsdiqlənən yeni hərbi doktrinasında NATO-nun adı 3 dəfə çəkilir və konkret olaraq onun genişlənməsi Rusiyanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Sənəd üzərində aparılan araşdırmalar göstərir ki, qarşıdakı 10 il ərzində Rusiya qarşısında duran əsas vəzifələrdən biri KTMT çərçivəsində əməkdaşlıq edən dövlətlərin çevrəsini genişləndirmək, bu ölkələrə ABŞ və NATO-nun təsirini azaltmaqdır.

Nəticə də ortadadır. Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıqla bağlı müzakirə olunan mövzuların sayı getdikcə azalır. Təxminən üç il əvvəl Araz Əzimov Vaşinqtonda Azərbaycan-ABŞ təhlükəsizlik danışıqları zamanı gündəliyi açıqlamışdı. Orda Qəbələ RLS-in taleyindən tutmuş Xəzərin təhlükəsizliyi, Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi, amerikalı hərbi mütəxəssislərin Azərbaycanda hərbi qulluqçulara təlim keçməsi kimi məsələlər vardı. Tədricən bu gündəlik kiçildi. Artıq o gündəlikdəki məsələlərin bir çoxu müzakirə edilmir. Xüsusən də Xəzərin təhlükəsizliyi məsələsi.

Əslində "Regional cavab" təlimlərini tam olaraq ABŞ-Azərbaycan təlimləri kimi təqdim etmək bir qədər yanlış görünür. Doğrudur, bu təlim Azərbaycan-ABŞ hərbi əməkdaşlığı üzrə İş Planında əksini tapmışdı. Lakin o da nəzərdən qaçmasın ki, bu tip təlimlərin keçirilməsi ideyası məhz Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planı (İPAP) imzalandıqdan sonra ortaya çıxıb. İPAP-ın xüsusi müddəaları bu tip təlimlərə, onların Azərbaycan Silahlı Qüvvələrinə təsirinə həsr olunub. İndi İPAP-ın növbəti mərhələsinin uzadılması prosesi də dondurulub.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə beynəlxalq hərbi təlimlərin keçirilməsinə 2001-ci ildən başlanıb. 2001-ci il noyabrın 5-də Bakıda NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində çoxmillətli sülhməramlı "Cooperative determination-2001" komanda-qərargah təlimləri keçirilib. Həmin təlimlərdə NATO-ya üzv 9 ölkənin və 9 tərəfdaş ölkənin hərbi qulluqçuları və NATO Qərargahının 4 təmsilçisi iştirak edirdi.

2003-cü ilin avqustunda Xəzərdə neft-qaz platformalarının mühafizəsi üzrə Azərbaycan-ABŞ "HOP-LAT" təlimləri keçirildi. Təlimlərdə 18 ABŞ, 45 Azərbaycan hərbi qulluqçusu iştirak etdi. Sonrakı illərdə bu təlimlər mütəmadi xarakter aldı. MN-in rəsmi açıqlamalarına görə, ötən illərdə Azərbaycan və ABŞ hərbçiləri tərəfindən 10 "HOP - LAT" təlimi keçirilib.

2004-cü il sentyabrın 13-26-da Bakıda NATO-nun "Cooperative best effort" təliminin keçirilməsi gözlənilsə də, alyans rəhbəri bunu ləğv etdi. Səbəb kimi Azərbaycan hakimiyyətinin ölkəyə erməni zabitlərinin gəlməsinə icazə vermədiyi göstərildi.

Amma sonralar NATO tərəfi Azərbaycanın bu mövqeyini qəbul etdi və ölkədə keçirilən növbəti beynəlxalq təlimlərdə "erməni şərti" ortadan götürüldü. Eyni addım Ermənistanda keçirilən təlimlərə Azərbaycanla bağlı olaraq şamil edildi.

2005-ci ildə Azərbaycan NATO ilə İPAP çərçivəsində əlaqələr qurduqdan sonra artıq ölkədə "Regional response" təlimlərini keçirmək təklifi səsləndi. 2008-ci ildən etibarən Bakıda belə təlimlər keçirildi.

Sonuncu belə bir təlim keçən il oldu. 2009-cu il aprelin 18-dən 26-dək Bakıda Qaraheybət təlim mərkəzində "Regional Response-2009" beynəlxalq təlimi keçirildi. İki mərhələdə - komanda-qərargah və səhra formatında icra olunan təlimdə iştirakçı və müşahidəçi qismində Azərbaycan (500 hərbçi), ABŞ (200), Bolqarıstan, Gürcüstan, Estoniya, Latviya, Litva, Qazaxıstan, Polşa, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri iştirak etdilər. Təlimləri ABŞ-ın Avropa üzrə Quru Qoşunlarının komandanı general Kater Ham da izləyirdi.

Azərbaycanın birtərəfli qaydada iştirakından imtina etdiyi "Regional Response-2011" təliminin ilkin planlaşdırma konfransı 2009-cu ilin sentyabr ayında Bakıda keçirildi. 2010-cu il yanvarın 25-29-da isə bu təlimin son planlama konfransı oldu. Amma artıq bir ildən artıqdır ki, bu təlim təxirə salınır.

Ötən illərdə Bakıda keçirilmiş təlimlərin formatına nəzər yetirsək, bu təlimlər xüsusilə çoxmillətli sülhməramlı əməliyyatlar ssenarisinə uyğun olaraq keçirilib. Təlimlər müvafiq olaraq bölmə və taqım səviyyəsində qərargah, səhra təlimi, daha sonra simulyativ şəkildə həyata keçirilir. Təlim nəzarət-keçid məntəqələrinin yoxlanılması, yolların təhlükəsizliyi, məhdud sənədlərin, təchizat və materialların hazırlanması, əlaqələndirilmənin təşkili, binanın mühasirəsi və axtarılması, döyüşə cəlb olunma qaydaları, müntəzəm və müfəssəl məruzələrin hazırlanması planlarını və s. əhatə edir. Bu tip təlimlər tərəfdaş ölkələrin Silahlı Qüvvələrinin beynəlxalq sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsini artırmağa xidmət edir. NATO tərəfi bu kimi təlimlərlə Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq uyarlılığının artırılmasını, onun İPAP çərçivəsində qarşısına qoyulan məqsədləri uğurla yerinə yetirə biləcəyini bəyan edir.

Bəs Azərbaycan təlimlərdən niyə imtina etdi? Ekspertlərin fikrincə, bu, regionun gələcəyi ilə bağlı sualların artması ilə əlaqələndirilə bilər. Bu, fövqəlgüclərin region uğrunda mübarizəsinin bir işartısıdır: Azərbaycan seçim qarşısındadır. Əslində 2010-cu ildən etibarən bölgə ilə bağlı strateji proseslərə və bundan doğacaq layihələrə start verildiyi müşahidə olunmağa başlanmışdı. Ötən ilin əvvəllərində bu prosesdə Azərbaycan üçün ayrılmış taktiki vəziyyətlərdən biri artıq güman edilirdi: Xəzər dənizinin təhlükəsizliyi ilə bağlı ABŞ-ın Azərbaycana dəstəyi dondurulacaq. Donduruldu da. Azərbaycan tərəfi ABŞ SQ Avropa Komandanlığı ilə razılaşdırılmış İş Planını reallaşdırmaqdan imtina etdi.

Əldə olunan bilgilərə görə, ölkələr arasında vəziyyət bu cür davam etsə, yaxın perspektivdə bunlar baş verə bilər:

- ABŞ hərbi mütəxəssislərinin Azərbaycan ərazisində çoxmillətli təlimlərin planlaşdırılması və keçirilməsi üçün təlim bazalarının yaradılmasına göstərdiyi yardımlar dayana bilər;

- Azərbaycanda Çavuş Hazırlığı Mərkəzinin və poliqonun NATO standartlarına keçirilmə prosesi ilə bağlı 2008-ci ilin martından etibarən Azərbaycanda fəaliyyət göstərən ABŞ-ın Avropa Komandanlığının 2 təlimatçısı ölkədən çıxarıla bilər;

- ABŞ mütəxəssislərinin Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin və Hərbi-Hava Qüvvələrinin təkmilləşməsinə göstərdiyi yardım dayana bilər;

- Azərbaycan - ABŞ illik təhlükəsizlik danışıqları formatı ləğv oluna bilər və s.

Ölkəmiz üçün ayrılmış növbəti taktiki ssenarilərdən biri də yavaş-yavaş bəlli olur: ABŞ-Azərbaycan əlaqələrinin tam dondurulması. Təəssüf ki, bunu istisna edən ehtimallar və versiyalar artıq tükənib...

 

 

Cəsur Sümərinli 

 

Ayna.- 2011.- 23 aprel.- S.5.