Yaşar Nuri: "Müasir Molla Nəsrəddin olacam"

 

Aktyorun yenidən səhnəyə qayıdış duyğuları Şəms 

 

Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Azərbaycanın kino teatrında izlər qoymuş, sevə-sevə izlədiyimiz rolların yaradıcısı, xalq artisti Yaşar Nuri İstanbulda ikinci uzun sürən müalicə kursundan sonra evə döndü. Bütün teatr sənətkarı ayaq üstə qarşıladı. O da hamıyla gülərüzlə salamlaşdı, zarafatlarından da qalmadı:

- Deyim ki, özümü yaxşı hiss edirəm. Normalam, şükür Allaha. Xəstələnmədən ömür sürmək əlimizdə olan bir şey deyil. Hazırda bir qədər yerişimdə problem qalıb. O da inanıram, keçib gedər. 4 ay İstanbulda öz xoşuma yatmamışam. Məcburi yatızdırıb, müalicə edirdilər. Artıq teatra öz ayaqlarımla gəlib-gedirəm, yəni köməyə ehtiyacım yoxdur. Hələ bundan da yaxşı görəcəksiniz məni. Teatrda çox işlərim olacaq, artıq onlar barəsində düşünürəm. Əslində, mən çox şeylər planlaşdıra bilərəm, amma deyim var: "Sən saydığını say, gör fələk sayır". Tamaşaçılar məndən ötrü, mən onlardan ötrü darıxmışam. İstanbulda müalicə olunduğum 4 ayda heç nədən qorxmadım.

Biz qorxmaq üçün gəlməmişik bu həyata. Biz həyata göz açanda gərək qorxu hissindən uzaq olaq. Həyata gəlmək, yaşamaq artıq bütün əziyyətlərə boyun olmaq deməkdir. Heç nədən qorxmadım, sadəcə, əziyyət olur bir az. Xəstəlikdir , gələndə qatarla gəlir. Bir qəzəldə deyildiyi kimi: "Mən bəlanı istərəm, çün bəla istər məni...".

- Səhhətinizdə yenidən problem yaranması özünüzə qarşı diqqətsizlikdən irəli gəlmir ki? Bəlkə özünüzə daha artıq vaxt ayırasınız?

- Diqqət deyəndə ki, evdə mənə yetəri qədər diqqət edirlər. Bilirsiniz, mən səhnə, kino üçün o qədər acmışdım ki... Ona görə gəldim gələn kimi birdən-birə üç tamaşa - Musiqili Komediya Teatrında "Ər arvad", Kukla Teatrında "Məşədi İbad", "Arşın mal alan" tamaşalarında, eyni zamanda "Bacanaqlar" serialının çəkilişi... Yəqin ki, bunlar məni bir az yordu. Oksigen çatışmazlığı, qan təzyiqi, beynə qan sızma. Həkimlər bildirdilər ki, bu, əsəb yorğunluqla əlaqədardır.

- Deyirlər, "Başına gələn başmaqçı olar". Amma siz yenə həkimləri dinləməyib, onların tam razılığı olmasa da, teatrın açılışına gəldiniz...

- Axı həkim mənim ürəyimdə deyil. Hətta ürəyimdə olsa belə, bilə bilməz mənim teatra olan məhəbbətimi. Mən söz vermişdim mütləq gələcəkdim. Əlil arabasında da olsaydım, gələcəkdim, çünki teatr 40 ilə yaxındır mənim evimdir. 10 yaşımdan bu həyatın içindəyəm, bu tozu uduram. Necə ola bilərdi ki, teatr günü keçirilsin, mən gəlməyim

- Yeni təkliflər almısınız?

- Bu dəfə heç nədən qorxmuram. Çoxsaylı rollar düşünürəm. "Niyyət" filminin rejissoru Samir Kərimoğlundan dəvət almışam. Çox maraqlı bir obrazdı, mayın sonunda çəkilişlərə başlayacağıq. Rejissor Vaqif Mustafayevlə birgə işimiz var, onu başlayacam. Akademik Milli Dram Teatrında "Tiflis yengələri" pyesində rolum var. Bununla bərabər, "Özüm bir aktyoram, teatrım var" monotamaşasını tək oynayacam. Artıq müdiriyyətlə danışmışıq, icazə verilib. Çox güman ki, bu tamaşada müasir Molla Nəsrəddin olacağam.Yəqin ki, tamaşa Sabirin motivləri əsasında hazırlanacaq. Bir telekanallardan dəvət alıram, ancaq gedə bilmirəm. Təklif, çoxdur. Səhnəyə çıxmalıyam, məqsədim budur.

- Əsaslı təmirdən çıxmış Akademik Milli Dram Teatrında artıq iki tamaşaya baxmısınız. Təəssüratlarınız?

- Bu möhtəşəm binada çox yenilik var. Bu boyda binada yenilik, kollektivin əzmini görməmək düzgün olmaz. Camaatda yeni həvəs, yeni istək var. Keçən ilə qədər hər kəs, rol verilənlərin çoxu belə oynamaqdan imtina edirdi. İndi hamı rol oynamaq istəyir. Tək görünüş yox, teatrda ümumi atmosfer dəyişib. Həm binanın özü, həm rəhbərlik, həm yeni rejimi... Teatrın hər yeni tamaşası, hər uğuru məni bir addım irəli aparır.

- Bu il 60 yaşınızı qeyd edəcəksiniz. Hiss etmirsiniz ki, yorulmusunuz?

- 4 ildir ki, bu xəstəliklə əlləşirəm. Amma yorulmaq olmaz, yorulmaq mənlik deyil. Həyatda yorula bilərəm, səhnədə yox...İkincisi də, lazım olmasan, gərək özün yavaş-yavaş gedəsən. Mən səhnəyə çıxarkən alqışlanıram. Tamaşaçı sevgisini hiss edirəm. Teatrın açılışında salona daxil olanda o cür ki, mən alqışlandım, artıq səhnədən heç cür qopa bilmərəm. Həmin gecə gəldim evə, özümü yenə səhnədə hiss edirdim. Mən bildim ki, səhnəyə çıxanda, sənə əl çalırlarsa, səni öpürlərsə, sənə növbəsiz yer verirlərsə, deməli, tamaşaçı məhəbbətini qazanmısan. Özümə qarşı tamaşaçı sevgisini hiss etdiyim üçün çox xoşbəxtəm. Bəzən dost-tanışlarım məni danlayır, deyirlər, "əşşi, elədiyini eləmisən, bu yaşda sən elədiyini heç kim eləməyib". Bəzi dostlarım isə "Yaşar, bu yaşa qədər sən nələr eləməmisən, bəsdir də" deyirlər. Deyirəm, yox, bəs deyil, imkan olar, işləyərəm, olmaz da ki... Amma yenə gələcəyəm, yenə baxacağam. O əzmlə çalışıram ki, səhnəyə çıxım və çıxacağam. Nəinki Azdramada, hələ Musiqili Komediyada, Gənc Tamaşaçılar Teatrında, Kukla Teatrında da işlərim var.

- Yubileyinizi necə qeyd etməyi düşünürsünüz?

- Vallah, 60 illiyə tələsmirəm. Yubileyimlə maraqlanırlar, hörmətli nazirimiz də dedi ki, yubileyim regionlarda da keçiriləcək. Sözün düzü, mən özümü səhnədə çox gənc hiss edirəm. O rəqsləri ki, "Ər və arvad"da, "Məşədi İbad"da mən oynadım, deməli, hər şey çox yaxşıdır. Mən görəndə ki, 10 yaşında uşaq da axsayır, düşünürəm ki, həyatdır da, bəs o neyləsin? Mən indi 60 yaşında beləyəm, bəs o? Yubileyi də edəcəyik, inşallah. Həyata açıq və nikbin gözlə baxmaq lazımdır. Yaşamaq yaxşı şeydir, amma rahat yaşayasan. Pul heç nəyi həll eləmir, amma rahatlıq həll eləyir. 60 yaş nədir ki, hələ çox işlər görəcəyəm.

 

 

Şəms 

 

Ayna.- 2011.- 23 aprel.- S.20.