"Mən onu xoşlamıram, qulaq da asmıram"
Aygün Bayramova sənətə
baxışlarını açıqladı
Xalq
artisti Aygün Bayramova muğamda sintezin əleyhinə deyil.
Amma elə məqamlar olur ki, irad bildirir, qəbul etmədiyi məqamlar
var. Bir neçə həftə əvvəl Heydər Əliyev
Sarayında Cənubi Amerikadan olan musiqiçilərlə
muğam ifaçılarının ifa sintezini isə bəyənib:
-
Bizim o musiqiçilərlə ilk layihəmiz hələ
2007-ci ildə olmuşdu. Birgə albom çıxdı və
yaxşı qarşılandı. Orda mənim, Alim
Qasımovun, Arif Babayevin, Zabit Nəbizadənin ifası var.
Disk İsveçdə çox yüksək səviyyədə
buraxıldı...
- Bəs, Sevda Ələkbərzadənin
ifasında xalq mahnılarının sintezi necədir?
-
Şəxsən mən onu xoşlamır, qulaq da asmıram.
Elə mahnılar var ki, onu o şəklə salmaq olmaz. Bu, tək
mənim fikrim deyil. Sənət adamlarının, adi
tamaşaçıların da fikirlərini eşitmişəm,
onlar da qəbul etmirlər. Kim qəbul edir, özü bilər.
Şəxsən mənim xoşuma gəlmir ki, o mahnılar elə
tərzdə oxunsun. Sintezi baxır hansı formada, hansı tərzdə
edirsən.
- Bakıya gəldikdən sonrakı
illərdə həyatınızda daha çox nələr dəyişib?
-
Ağdamdan Bakıya gələndə 16 yaşım ancaq
olardı. Valideynlərimdən ayrı yaşamaq mənim
üçün çox çətin idi. Bakı mühitinə
çox gec öyrəşdim. Çətin olurdu,
darıxırdım. Sonradan tədricən özümü
sakitləşdirdim. Bir də ki, mən 9 yaşımdan
oxumağa başlamışam. Bilirdim ki, böyüyəndə
bu yolu seçəcəm, ona görə də buna hazır
idim. Özü də mən iki dəfə Bülbül
adına musiqi məktəbinə qəbul olmuşam, amma
fikrimdən daşınıb getməmişəm.
Üçüncü dəfə münsiflər dedilər,
bu daşı ətəyindən tök, gəlib oxumaq
lazımdır. Onlar məni görəndə artıq əsəbiləşirdilər.
Mən Fikrət Əmirov, Şövkət Ələkbərova,
Vasif Adıgözəlov, İslam Rzayev, Arif Babayev kimi sənətkarların
qarşısında çıxış edib bu sənətə
gəlmişəm. Amma bu gün xalq artisti fəxri
adını qazanmağa qədər keçdiyim yol mənə
asan başa gəlməyib. Çoxları elə bilir ki, fəxri
ad aldın, vəssalam, hər şey bitdi, işləməsən
də olar. Əksinə, o fəxri adı qoruyub saxlamaq olduqca
məsuliyyətli işdir.
- Təbii ki, bu sənətə gəldiyinizə
görə peşmanlığa əsas yoxdur. Amma bu illər ərzində
həyatınızda nəyinsə dəyişməsini istədiyiniz
olubmu?
- Əlbəttə,
peşman deyiləm. Xoşbəxtəm ki, bu yolu
seçmişəm. Hərdən fikirləşirəm,
görəsən, xanəndə olmasaydım, nə sənətin
sahibi olardım? Bu sualı tez-tez özümə verirəm.
Amma yenə də deyirəm, yox, Allah bu istedadı mənə
veribsə, deməli, mən elə xanəndə
olmalıymışam.
- Bir müddət sizi "Xalq
ulduzu" müsabiqəsində münsiflərin arasında
gördük. Sonra qəfildən layihədən
ayrıldınız. Gah dedilər, təqdimat xoşunuza gəlməyib,
gah dedilər, Aybəniz Haşımova ilə nəsə
problem yaşanıb. Səbəb nə idi?
- Bu
barədə danışmaq istəməzdim. Amma söz
düşmüşkən, aydınlıq gətirim. Mən
hansısa bir işə başlamazdan öncə vaxt istəyirəm
və fikirləşirəm. Bu layihəyə birinci dəfə
dəvət alanda da fikirləşmək üçün 4-5 gün
vaxt istədim. Layihəni də ciddi qəbul etmişdim.
Çox gözəl başlamışdı. Birinci "Xalq
ulduzu" yüksək səviyyədə keçdi. Bəlkə
ikinci də yaxşı keçdi. Amma qalanları belə də...
Artıq birinci layihədən sonra ora getmək istəmirdim.
Vaxtım olmurdu. Sonra ikinci dəfə dəvət aldım.
Sözün düzü, bir az könülsüz getdim.
- Bəyənmədiyniz nə idi?
-
Deyim də. İkincini də, fikirləşdim ki, birtəhər
yola vermək olar. Amma üçüncü layihədə
fikrim qəti idi ki, daha getməyəcəyəm.
Başqa-başqa fikirlər, sözlər eşidirdim. Nə
isə. Mənə aid olmayan fikirlər idi.
- Layihə barədə idi?
-
Layihə barədə də fikirlər olurdu. Çoxlu zənglər
gəlirdi. Birinci "Xalq ulduzu"nda da müəyyən
ifaçıların qohum-əqrəbaları zəng edirdi
ki, "niyə mənim uşağımı tənqid edirsiz?
Filankəs o birindən yaxşı oxuyurdu" və s. Ancaq
layihədən ayrılmağımın birinci səbəbi
vaxt məhdudiyyəti oldu. Üçüncü "Xalq
ulduzu"nda da "saqqızımı oğurladılar".
Amma könülsüz gedirdim. İnanın, o bir həftə
seçim ərzində hər dəfə otağa girəndə
istəyirdim deyəm ki, məni üzrlü hesab edin, gedirəm.
Bu, mənim səmimi sözlərimdir. Layihə rəhbərlərinin
hörməti, xoş münasibəti bir az qarşımı
kəsirdi, düzü. Beləcə, seçim mərhələsi
də qurtardı.
- Amma nəsə oldu ki, siz fikrinizi
qətiləşdirdiniz. Çünki layihə efir həyatına
da başlamışdı.
-
Başlasa da, mən artıq birinci efir günü studiyada qəti
qərarımı verdim. Qəti qərara gələndə də
heç kim məni yolumdan döndərə bilməz.
- Canlı efirdə yalnız bir
gün göründünüz. Həmin gün nə baş verdi?
- Yox, sadəcə, qəti qərara gəldim. Səhəri də zəng vurub qərarımı layihə rəhbərlərinə
dedim. Bir həftəlik əziyyətimi
də halal elədim. Çünki o seçim turları
olduqca çətin mərhələdir. 800-900
adamın hərəsinin
ağzından bir avaz gəlir. Onların arasında istedadlıları
seçmək çox
çətindir. Seçilmiş ifalara qiymət verməyə nə var ki?! Bunlar yenə elə bildilər mən gələcəm. Efir günləri
də mənə zəng etdilər. ATV-dən də
zəng vurdular. Dedim yox, gəlmirəm.
Sonra da bir neçə nəfər mənə xəbər verdi
ki, efirdə səni müzakirə edirlər. Mənim müzakirəyə ehtiyacım yoxdu. Mən Aybəniz Haşımovaya
da öz fikrimi bildirdim. Hər halda efirdə demək ki, Aygün gəlmədi, düz eləmədi.
Birincisi,
mən uşaq deyiləm. Nə etmişəmsə, düz etmişəm.
Sözümü onda dedim. O da dedi,
"məni məcbur
etdilər" və
s.
- İndi
Aybəniz Haşımova
ilə münasibətiniz
necədir?
- Bu barədə danışmaq
istəmirəm.
- Aydın oldu... Aygün xanım, həqiqətən,
7 min manata toya gedirsiniz?
- Niyə də yox? Bunun aparaturası,
tar, kamanı, başqa
ifaçısı var. Elə
adam var
ki, 12 minə toya gedir. Söhbət bütün toydan gedirdi, 15 dəqiqədən
yox. Bir də ki, xarici, türk müğənnilər Bakıya
neçəyə gəlir?
Onları toya da gətirirlər, konsertlərə
də. Qiymətləri hamı çox
gözəl bilir.
Bizim ifaçıların
nəyi əskikdir?.
Şəms
Ayna.- 2011.- 30 aprel.- S.20.