Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)

 

(Ardı. Əvvəli 11,18,25 iyun, 2,9,16,23,30 iyul sayımızda)

 

Səkkizincisi, vilayətdə abidələrin qoyulması sahəsində həyata keçirilən tədbirlərə də aydınlıq gətirilirdi. Erməni xadimlərinə də abidələr qoyulduğuna dair faktlar sadalandıqdan sonra göstərilirdi ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Şuşada indi Azərbaycan ədəbiyyatının klassiki Vaqifə abidə qoyulur. Vaqifin Qarabağ xanının vəziri - xarici işlər naziri vəzifəsinə uyğun gələn vəzifədə işlədiyi, onun xarici siyasət fəaliyyətinin Zaqafqaziya hakimlərinin İran şahına qarşı mübarizəsində mühüm rol oynadığı vurğulanırdı.

Erməni millətçilərinin xalqlar arasında düşmənçilik hisslərini qızışdırmaq cəhdlərinə baxmayaraq, Azərbaycan hökuməti Dağlıq Qarabağ regionunun sosial-iqtisadi və mədəni inkişafına daim qayğı göstərir, erməni və Azərbaycan xalqları arasında dostluğa çalışırdı. 1989-cu il yanvarın 12-də keçirilən əhalinin siyahıya alınmasına əsasən, muxtar vilayətdə təqribən 189 min nəfər yaşayırdı. Onlardan təqribən 139 mini erməni (73,5 faiz), təqribən 48 mini azərbaycanlı (25,3 faiz) və təqribən 2 mini digər millətlərin nümayəndələri (1,2%) idi. DQMV özünü idarəetmənin bütün əsas elementlərinə sahib idi.

Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ konstitusiyalarında təsbit olunmuşdu. SSRİ və Azərbaycan SSR konstitusiyalarına əsasən, DQMV-nin hüquqi statusu DQMV Xalq Deputatları Soveti tərəfindən Azərbaycan SSR Ali Sovetinə təqdim edilmiş və 1981-ci il iyunun 16-da qəbul edilmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" qanunla tənzimlənirdi. DQMV inzibati muxtariyyət formasına və əhalinin xüsusi tələbatlarının həyata keçirilməsini təmin edən bir sıra hüquqlara malik idi. SSRİ konstitusiyasına uyğun olaraq DQMV SSRİ Ali Sovetinin Millətlər Sovetində 5, Azərbaycan SSR Ali Sovetində isə 12 deputatla təmsil olunurdu. DQMV-nin hakimiyyət orqanı olan Xalq Deputatları Soveti geniş səlahiyyətlərə malik idi, milli və digər xüsusiyyətləri nəzərə alaraq, vilayətdə yaşayan vətəndaşların maraqları əsasında bütün yerli məsələləri həll edirdi.

1971-ci ildən 1985-ci ilədək DQMV-nin inkişafına 483 milyon rubl sərmayə qoyulmuşdu. Bu, əvvəlki 15 illə müqayisədə 2,8 dəfə artıq idi. 1981-1985-ci illərdə ötən 20 illə müqayisədə vilayətdə adambaşına kapital qoyuluşunun həcmi təxminən 4 dəfə artaraq 1961-1965-ci illərdəki 59 rubla qarşı 1981-1985-ci illərdə 226 rubl olmuşdu. Əvvəlki 15 il ərzində Azərbaycanda mənzil tikintisi adambaşına 3.64 kv.m idisə, DQMV-də 4.76 kv.m təşkil edirdi. 1970-1986-cı illər ərzində respublikada sənaye istehsalı 3 dəfə artdığı halda, DQMV-də 3,3 dəfə artmış və ya artımın sürəti 8,3% yüksək olmuşdu.

1986-cı ildə vilayətdə 1970-ci ilə nisbətən 3,1 dəfə artıq daşınmaz əmlak istifadəyə verilmişdisə, respublika üzrə həmin göstərici 2,5 idi. Əsas sosial inkişaf göstəriciləri baxımından da DQMV ümumrespublika yaşayış göstəricilərini ötüb keçirdi.

Mənzil, mal və xidmətlərin təmin edilməsi baxımından da vilayətin inkişafı respublika göstəricilərindən yüksək idi. Burada 10 min nəfər üçün xəstəxana çarpayılarının sayı respublikanın digər rayonlarındakından 15%, orta səviyyəli tibbi kadrlarının sayı respublikanın orta səviyyəsindən 1,3 dəfə çox idi.

Vilayətdə maarif sistemi də inkişaf etmişdi. DQMV məktəbəqədər yerlərin sayına görə respublika rayonları arasında nisbətən yüksək yer tuturdu. Vilayətdə mədəni və informasiya xidmətləri göstərən daha geniş şəbəkə qurulmuşdu. Erməni dilindən vilayətdə bütün hökumət, inzibati və məhkəmə orqanları, həmçinin prokurorluğun işində, eyni zamanda vilayət əhalisi əksəriyyətinin dil tələbatını əks etdirən təhsildə də istifadə edilirdi. Bu dildə yerli televiziya və radio verilişləri yayımlanır, qəzet və jurnallar nəşr olunurdu. Respublikanın dağlıq rayonlarında və paytaxtdan uzaqda yerləşən Azərbaycanın digər inzibati ərazi vahidlərindən fərqli olaraq DQMV televiziya və radio proqramlarının qəbulu üçün texniki infrastruktur ilə təchiz edilmişdi. Muxtariyyət forması əhalinin özünəməxsus iqtisadi, sosial, mədəni və milli xüsusiyyətlərini və muxtar regionda həyat tərzini tam şəkildə əks etdirirdi.

Bütün bunlara baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionuna və digər ərazilərinə əsassız iddialarını davam etdirirdi. Belə ki, 1984-cü ildə Ermənistan rəhbərliyi Qazax rayonunun Kəmərli kəndinin 1675 ha ərazisinə iddia etməyə başladı. Həmin ərazi Ermənistan SSR Noyemberyan rayonunun Dovex (Duvax) kəndi ilə Kəmərli kəndi arasında yerləşirdi. Kəmərli əhalisi həmin əsassız iddiaya etiraz edərək azərbaycanlı kənd rəhbərlərinin evlərini daşa basmışdılar. Erməni iddialarını dayandırmaq üçün kənd əhalisi rayon rəhbərliyinə və Azərbaycan hökumətinə dəfələrlə müraciət etmişdi. Hətta pul yığaraq oktyabr ayının birinci yarısında Moskvaya üç nəfərdən ibarət heyət də göndərmişdi. Nümayəndələr Sov.İKP MK-da olmuşdular. Lakin Moskvaya müraciət bir nəticə verməmiş, onlara aydın cavab deyilməmişdi. Moskva torpaqların Azərbaycandan qopardılması göstərişini vermişdi.

Oktyabrın 24-də cəmi 8 nəfər Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Ş.Rasizadə, Azərbaycan KP MK Qazax rayon partiya komitəsinin birinci katibi A.Süleymanov, rayon İcraiyyə Komitəsinin sədri B.Eyyubov və digər rəsmi şəxslər, Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini V.Movsesyan, Ermənistan KP MK Noyemberyan rayon partiya komitəsinin katibi P.Mamyan və b. Kəmərli kəndindən 6 km aralıda yerləşən Bataqlı bulaq deyilən yerə gəldilər. Onlar Ermənistana veriləcək meşə massivinə yerində baxmaq istəyirdilər. Bu hərəkətlər azərbaycanlıları hiddətləndirdi. Həyati mənafelərinə toxunan məsələnin qoyuluşundan narazı olan Kəmərli kəndinin 150 nəfər sakini, əsasən qadınlar, gənclər və uşaqlar onlarla görüşə gəldilər. Kənddən təxminən 3,5 km aralıda maşınları qarşılayaraq yolu kəsən əhali etirazını bildirdi. Torpaqların verilməsinin səbəblərini soruşdu. Ş.Rasizadə həmin ərazi barədə iki respublika nümayəndələrindən ibarət yaradılacaq komissiya tərəfindən son qərar veriləcəyini dedi. Kəndin rəhbərləri ərazinin Ermənistana verilməsinin nəzərdə tutulduğunu söyləyirdilər.

Əhali Rasizadə, Movsesyan, Süleymanov, Mamyan və Mehrabyanın oturduqları iki maşını əhatə etdi. Məsul şəxslər maşından çıxanda əhali onları təhqir etməyə başladı. Rasizadə, Movsesyan, Mehrabyan və Eyyubovu döydülər. Sonra onları zorla Kəmərli kənd klubuna gətirdilər. Məcbur etdilər ki, belə bir rəsmi akt imzalasınlar: "Torpaq Kəmərli kəndinə məxsusdur və ondan alınmayacaqdır". Onlar əhalinin tələbini yerinə yetirdilər. Yalnız bundan sonra həmin adamları klubdan çölə buraxdılar. Klubda qayda yaratmaq istəyən Kəmərli kənd sovetinin sədri döyüldü. Zədə aldığından xəstəxanaya aparıldı. Qarışıqlıq yarandı. Məsələ böyüdü. Əhali imzalanmış sənədi aldıqdan sonra rəsmi dövlət adamlarını kənddən qovdu.

Məsələ Azərbaycan KP MK bürosunun 1984-cü il 12 noyabr tarixli iclasında "Qazax rayonunun Kəmərli kəndində münaqişə haqqında" adı altında müzakirə edildi. İclası MK-nın birinci katibi Kamran Bağırov açdı. Bildirdi ki, baş verən münaqişə yerli əhali arasında qeyri-sağlam millətlərarası münasibətlərin, uzun müddət yığılıb qalmış qarşılıqlı ərazi iddialarının nəticəsidir. K.Bağırov baş vermiş hadisə üçün yerli rayon rəhbərliyini və Ş.Rasizadəni təqsirləndirdi.

Məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini etiraf etdi: "... Sov. İKP MK bizim qarşımızda məsələni həll etmək və geniş planda həll etmək vəzifəsini qoymuşdur". İclasda Ş.Rasizadə çıxış etdi. Onun nitqindən indiyədək Azərbaycan ilə Ermənistan arasında 11 məntəqədə ərazi məsələsinin həll edildiyi aydın olurdu. Ş.Rasizadə əhaliyə bildirmişdi: "... Bağırov yoldaş Dəmirçyan yoldaş ilə sərhədləri elə müəyyən etmək barədə razılaşmışdır ki, sizin su ehtiyatlarınıza toxunulmasın". Ş.Rasizadə özünü baş vermiş hadisədə təqsirli bildi. İclasda daha sonra L.Rəsulova və C.Müslümzadə çıxış etdilər. S.Tatlıyev çıxışında Ş.Rasizadəyə dedi: "Sizə tapşırılmışdı ki, rayona baxın, haradasa meşə massivini saxlayın, harada isə digər kolxozlardan götürün ki, bu torpaqları kompensasiya edin. Mənə elə gəlir ki, seçmək olardı, hətta ən yaxşı torpağı seçmək olardı ki, belə vəziyyətə gətirib çıxarmasın".

Azərbaycan KP MK-nın ikinci katibi Konovalov dedi: "Bu, əlbəttə, qorxuludur, təhlükəlidir. Bu, əlbəttə, siqnaldır ki, bizdə belə təzahürlərin olmaması üçün biz hər yerdə təşkilati və siyasi iş məsələlərinə daha diqqətlə baxmalıyıq". Əlavə etdi ki, münaqişə həm Azərbaycanda, həm də Ermənistanda mənfi siyasi əks-səda doğurmuşdur. Movsesyan beyin zədəsi almışdır. Bu isə Ermənistandakı antisovet əhval-ruhiyyəli elementlərin fəallaşması üçün material vermişdir.

Gərgin keçən müzakirələrdən sonra MK bürosu müvafiq qərar qəbul etdi. Ş.Rasizadəyə töhmət verildi. Bəzi azərbaycanlı rəsmi şəxslər cəzalandırıldı və partiya sıralarından çıxarıldı. Ərazi Azərbaycandan alınaraq Ermənistana verildi...

Ermənistan rəsmi dairələri, ziyalıları və xaricdəki erməni təşkilatları aralarındakı ideoloji fərqlərə baxmayaraq, əlbir hərəkət edirdilər. Ermənistanda türk düşmənçiliyi bir neçə istiqamətdə genişləndirilirdi. İlk növbədə Ermənistanın millətçi alim, yazıçı, şair və jurnalistlərinin Azərbaycan və Türkiyə əleyhinə yazdıqları kitabların nəşri çoxalırdı. Onlar tarixdə heç bir zaman olmayan uydurma "erməni soyqırımı" məsələsini yenidən qaldırdılar. Ermənistan KP MK sovet rəhbərliyindən 24 aprel gününü "Soyqırım qurbanlarının xatirə günü" kimi qeyd etməyə icazə almağa çalışırdı. Bu məqsədlə Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan Sov.İKP MK-ya müraciət edərək Ermənistan SSR Ali Sovetinin müvafiq fərmanının qəbul olunmasına Siyasi Büronun razılıq verməsini istədi. Həmin müraciət Sov.İKP MK Siyasi Bürosunun 1985-ci il fevralın 21-də keçirilən iclasının gündəliyinə daxil edildi. İclasda "Erməni soyqırımının 70 illiyi ilə əlaqədar tədbirlər haqqında" məsələ müzakirə olundu.

Sov.İKP MK-nın baş katibi K.Çernenko xəstə olduğundan iclası MK katibi M. Qorbaçov aparırdı. Müzakirələr qızışdı. M. Qorbaçov Ermənistan rəhbərliyinin istəklərinin yerinə yetirilməsinə, məsələ barədə qərarın qəbul edilməsinə çalışırdı. Siyasi Büronun bəzi üzvləri də ona tərəfdar çıxırdılar. SSRİ xarici işlər naziri A.Qromıko söz aldı. Məsələnin müzakirəsinin hissiyyata qapılmadan keçirilməsini təklif etdi. Bildirdi ki, həmin dövrdə törədilən hadisələrdə Osmanlı Türkiyəsi ilə yanaşı çar Rusiyasının da günahı vardır. O, konkret faktlar və məntiqi dəlillər gətirərək məsələyə dair qərarın qəbul edilməsinin əleyhinə çıxdı.

Çıxış edən SSRİ Nazirlər Sovetinin sədri N.Tixonov da Ermənistan KP-nin təkliflərinin qəbul olunmasının əleyhinə danışdı. Təklifləri oxuyanda həyəcanlandığını söylədi. Bildirdi ki, SSRİ-nin Türkiyə ilə münasibətləri yenicə qaydaya düşür, Türkiyə rəhbərləri SSRİ-ni dost ölkə adlandırır. N.Tixonov 1984-cü ildə Türkiyəyə səfəri zamanı türk dövlət və hökumət başçılarının Ermənistandakı antitürk əhval-ruhiyyəni onun diqqətinə çatdırdıqlarını, şikayət etdiklərini dedi. SSRİ Nazirlər Sovetinin sədri türklərin Bosfor və Dardanel boğazlarından "qıfıl asmaq" imkanları olduğunu da xatırladaraq bu məsələyə dair qərarın qəbul olunmasını ölkənin milli maraqları baxımından ziyanlı hesab etdi. Nəticədə Ermənistan rəhbərliyinin təklifləri qəbul edilmədi.

Təklif rədd edilsə də, erməni dairələrinin fəaliyyətinə başqa bir istiqamətdə şərait yaradıldı.

Sovet mətbuatında antitürk yazıların çapı çoxaldı. Xüsusən Ermənistanda nəşr edilən ədəbi jurnallarda güclü antitürk təbliğatı aparılırdı.

Türkiyəyə qarşı əsassız iddialarını reallaşdıra bilməyəcəklərini dərk edən millətçi erməni dairələri başlıca hədəf olaraq Azərbaycanı seçdilər. 80-ci illərin ortalarında xarici ölkələrdəki ermənilərin Ermənistana köçürülməsi məsələsini qaldırdılar. Bu dəfə də sovet hökuməti həmin təklifləri bəyəndi. SSRİ Nazirlər Soveti 1985-ci il iyunun 20-də "1985-1986-cı illərdə xarici ölkələrdən ermənilərin SSRİ-yə repatriasiyasının davam etdirilməsi haqqında" qərar qəbul etdi.

Həmin qərarın yerinə yetirilməsi nəticəsində Ermənistana xarici ölkələrdən çoxlu erməni köçürüldü. Onlar özləri ilə qatı millətçiliyi gətirərək azərbaycanlılara qarşı düşmənçiliyi qızışdırırdılar.

Ermənistan rəhbərliyi xarici ölkələrdəki "mütərəqqi erməni mətbuat orqanlarına" sovet yardımlarının ayrılmasına nail olmağa çalışırdı. Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan 1986-cı il iyunun 25-də Sov.İKP MK-ya 14-1240/ss saylı tam məxfi bir məktub yazdı. Məktubda deyilirdi ki, Sov.İKP MK-nın 1978-ci il 27 dekabr tarixli "Xarici ermənilərlə işin gücləndirilməsi haqqında" qərarına uyğun olaraq respublikanın idarə və təşkilatları xarici siyasət təbliğatını həyata keçirərək sovet Ermənistanının, bütövlükdə Sovet İttifaqının nailiyyətlərinin təbliğinə, dövlətimizin sülhsevər xarici siyasətinin müdafiə edilməsinə mütərəqqi xarici erməni təşkilatlarının və onların mətbu nəşrlərinin cəlb edilməsi sahəsində fəaliyyətlərini genişləndirmişlər. Xaricdəki mütərəqqi erməni qəzetləri, o cümlədən kommunistlərin himayəsi altında nəşr olunan "Kanç" (Livan), "Aşxar" (Fransa), "Lraber" (ABŞ), "Sevan" (Argentina) son illərdə daim çoxlu maliyyə çətinlikləri keçirir və onlara maliyyə yardımı göstərilməsi üçün dəfələrlə müraciət etmişlər.

K.Dəmirçyan qeyd edirdi ki, bununla belə, Latın Amerikası ölkələrində, ABŞ, Livan və Fransada burjua-millətçi partiyası olan Daşnaksütyunun mətbu orqanları həmin ölkələrdəki erməni icması daxilində təsirini gücləndirmək və antisovet işi fəallaşdırmaq üçün müxtəlif mənbələrdən daim maliyyə yardımları alır, tirajlarını artırır və öz dövri nəşrlərinin keyfiyyətini yaxşılaşdırırlar. Hazırda yuxarıda göstərilən mütərəqqi qəzetlərdə ağır vəziyyət yaranmışdır. Onlar maliyyə çatışmazlığı ucbatından bağlanmaq təhlükəsi qarşısında qalmışlar.

Müraciətdən aydın olurdu ki, "Aşxar" qəzetinin nəşri üçün ildə 394 min frank tələb olunurdu. Bunun 132 min frankı redaktorun və bir köməkçisinin, 170 min frankı mətbəənin icarəsi, kağız və iki nəfər fəhlənin, 60 min frankı qəzetin yayılması, 20 min frankı nəqliyyat, 12 min frankı redaksiyanın digər xərcləri idi. Həmin qəzetin Fransa, İsveçrə və Qərbi Avropanın digər ölkələrində satışı və abunəsindən 50 min frank, sovet "Beynəlxalq kitab" xətti ilə abunədən 125 min frank, turizmdən 70 min frank, ianələrdən isə 10 min frank gəlir götürülürdü. Gəlir cəmi 255 min frank idi. Beləliklə, illik büdcə kəsiri 139 min frank və ya 19 min 201 dollar təşkil edirdi.

"Lraber" qəzetinin illik xərci 73 min dollar idi. Onun 16 min 500 dolları bir redaktora, 18 min 800 dolları redaksiya binasının icarəsinə, 11 min 600 dolları kağız alınmasına, 8 min dolları bir yığıcıya, 5 min 500 dolları mətbəəyə, 6 min dolları qonorara, 2 min 280 dolları poçt xərclərinə, 2 min 600 dolları qəzetin yayılmasına sərf olunurdu. 1 min 720 dolları isə nəzərdə tutulmayan xərclər idi. Qəzetin gəliri 53 min 44 dollar təşkil edirdi. Bunun 32 min 544 dolları "Beynəlxalq kitab" xətti ilə abunədən, 15 min 500 dolları reklam və məlumatların çapından, 5 min dolları abunəçilərdən daxil olurdu. Beləliklə, qəzetin illik büdcə kəsiri 19 min 956 dollar təşkil edirdi.

Həftəlik "Kanç" qəzetinin illik xərci 960 min Livan funtu idi. Bunun 385 min funtu iki redaktorun, bir inzibati işçinin və bir köməkçinin, 130 min funtu bir yığıcının maaşına, 40 min funtu qəzetin yayılması, 65 min funtu qonorara, 40 min funtu kağız alınmasına, 125 min funtu mətbəəyə, 30 min funtu Livan - Suriya marşrutu ilə nəqliyyata, 15 min funtu poçta, 80 min funtu redaksiya binasının icarəsinə, 25 min funtu redaksiyanın digər xərclərinə sərf edilirdi, 25 min funtu nəzərdə tutulmayan xərclər idi. Qəzetin illik gəliri 170 min funt idi. Bunun 85 min funtu Livan, Suriya və digər ölkələrdə satışdan, 55 min funtu "Beynəlxalq kitab" xətti ilə abunədən, 10 min funtu məlumatların çapından, 20 min funtu isə ianələrdən gələn gəlir idi. Beləliklə, büdcə kəsiri 790 min funt və ya 20 min 233 dollar təşkil edirdi.

Həftəlik "Sevan" qəzetinin illik xərcləri 40 min dollar idi. Bunun 9 min 600 dolları bir redaktorun, 5 min doları yığıcının maaşına, 700 dollar qəzetin yayılmasına, 2 min dolları qonorara, 8 min dolları kağız alınmasına, 3 min dolları mətbəəyə, 2 min dolları poçta, 8 min 400 dolları redaksiya binasının icarəsinə, 1 min 300 dolları nəzərdə tutulmayan xərclərə sərf edilirdi. Qəzetin gəliri 30 min dollar idi. Bunun 15 min 600 dolları "Beynəlxalq kitab" xətti ilə abunədən, 9 min 400 dolları reklam və məlumatların çapından, 5 min dolları ianələrdən gələn gəlirlər idi. Beləliklə, qəzetin büdcə kəsiri 10 min dollar idi.

K.Dəmirçyanın yazdığına görə, qeyd olunan təşkilatlara və redaksiyalara yardım təklifini ABŞ, Fransa, Argentina və Livandakı sovet nümayəndəlikləri, Livan Kommunist Partiyası da bəyənmişlər.

Ermənistan KP MK-nın birinci katibi bu deyilənləri, eləcə də xaricdəki mütərəqqi erməni təşkilatları və onların mətbu orqanlarının fəaliyyətini aktivləşdirmək, xaricdəki erməni cəmiyyətlərində daşnak təbliğatına qarşı durmaq məqsədi ilə "Lraber", "Kanç", "Aşxar" qəzetlərinin hər birinə 20 min, "Sevan" qəzetinə isə 10 min dollar illik maliyyə yardımı ayrılmasını xahiş edirdi. K.Dəmirçyan həmin qəzetlərin nəşri üçün lazım olan illik xərclər haqqında maliyyə məlumatlarını da Sov.İKP MK-ya göndərdi. MK katibi A.Yakovlev və DTK sədri V.Çebrikov məsələni araşdırıb SSRİ Maliyyə Nazirliyi ilə razılaşdırdılar. Onlar Sov. İKP MK katibliyinin müvafiq qərar layihəsini də hazırlayaraq avqustun 7-də tam məxfi məktubla təqdim etdilər. Sov. İKP MK katibliyi 1986-cı il avqustun 14-də 19-17-qs-ST saylı tam məxfi qərar qəbul etdi. Qərarda deyilirdi ki, xaricdəki mütərəqqi erməni qəzetlərinin redaksiyalarına maliyyə yardımı barədə Ermənistan KP MK-nın təklifi qəbul olunsun. "Kanç" (Livan), "Aşxar" (Fransa), "Lraber" (ABŞ) qəzetlərinin hər birinə ildə 14 min 80 rubl xarici valyuta (20 min ABŞ dolları), "Sevan"(Argentina) qəzetinə 7 min 40 rubl xarici valyuta (10 min ABŞ dolları) yardım göstərilsin. SSRİ Maliyyə Nazirliyi bu məbləği SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə 60 min xarici valyuta ilə ayırsın. Qərar yerinə yetirildi.

M.Qorbaçovun mövqeyi erməni dairələrinin Azərbaycan və Türkiyə əleyhinə hərəkətlərinin genişlənməsinə rəvac verirdi. Onlar yenə də bir neçə istiqamətdə fəaliyyət göstərirdi: tarixdə heç bir zaman olmamış uydurma "erməni soyqırımı"nın tanınmasını tələb edir, xarici ölkələrdəki ermənilərin repatriasiyasını istəyir, Türkiyəyə və Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürürdülər.

 

 

(Ardı var)

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru,

professor

 

Ayna.- 2011.- 6 avqust.- S.19.