Aynur
Sofiyeva: "Azyaşlı qızlar
hüquqlarını qoruya bilmir"
Odur
ki, nikah yaşını 18-ə qaldırmaq vacib
sayılır
Ailə Məcəlləsinə dəyişikliklər
edilməsi ilə bağlı müxtəlif təkliflər səslənir.
Amma bu təkliflərə münasibət heç də birmənalı
deyil. Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin məcəlləyə dəyişiklik
barədə təklifləri var. Bu barədə
"Ayna"ya komitənin sədr müavini Aynur Sofiyeva
danışdı.
Bəllidir ki, erkən nikah Azərbaycan
cəmiyyəti üçün problem olaraq qalmaqdadır.
Öyrəndik ki, bu məsələ ilə bağlı
dövlət komitəsi Milli Məclisə öz təkliflərini
verib. Komitə təklif edir ki, nikah üçün yaş həddi
17 yaşdan 18 yaşa qaldırılsın:
"Doğrudur, müzakirələr
aparılır, amma hələlik yekun qərar yoxdur. Fikrimcə, qanunvericilikdə bu məsələyə
baxılmalıdır. Çünki biz uşaq konvensiyasına
qoşulmuşuqsa, orada
uşaq yaşı 18 yaşa
qədər göstərilir. Əgər ildə 3 minə qədər
qız erkən yaşda nikaha
daxil olursa, bu artıq problemdir. Xəstə doğulan
uşaqların əksəriyyəti erkən yaşda
ailə qurmuş anaların dünyaya gətirdiyi uşaqlar
təşkil edir. İkinci
bir tərəfdən, bu
cür ailələrdə boşanma
halları daha çox
olur. Çünki uşaq yaşlarında artıq valideyn olan belə insanlar problemlə qarşılaşır.
Bununla yanaşı, məişət
zorakılığı problemi erkən yaşda qurulan ailələrdə
daha çox nəzərə
çarpır. Yaşı az olan qızlar öz
hüquqlarını qoruya bilmir".
Söhbət
əsnasında bəlli oldu ki, dövlət komitəsi erkən
nikahların dəqiq statistikasını müəyyənləşdirməyib.
Çünki bu halda tərəflər rəsmən nikaha girmədikləri üçün
konkret rəqəm çıxarmaq mümkün olmayıb. Amma komitə doğulan uşaqların sayı ilə
təqribi hesablamalar aparıb. Bu da təxminən 3 minə
yaxın edir.
Qeyd edək ki, bəzi millət vəkilləri,
ekspertlər ona görə nikah yaşını
qaldırmağın əleyhinə çıxırlar ki, bu
say yaş 18-ə qalxandan sonra daha çox ola bilər. Lakin
müsahibim bu fikirlə razı deyil. Onun sözlərinə
görə, məsuliyyətsiz valideynlər yenə də bu
addımı atacaqlar, amma vətəndaşların əksəriyyəti
qanuna riayət edir. O vurğuladı ki, əgər iş
düzgün qurularsa, düzgün təbliğat
aparılarsa, uğurlu nəticə əldə edilər.
Çünki bu halda ilk növbədə həmin
uşağın hüquqları qorunacaq.
Yeri gəlmişkən, Aynur
Sofiyevanın dediklərindən bəlli oldu ki, komitə
valideyn məsuliyyəti ilə bağlı təkliflər
paketi üzərində də işləyir. Burada erkən
nikah, valideyni olan küçə uşaqları, həm də
məişət zorakılığı məsələsində
uşaqların psixoloji pozuntuya məruz qalma halları və
s. kimi problemlərlə bağlı valideyn məsuliyyətinin
tənzimlənmə məsələsi qeyd olunur:
"Yəni dövlətimiz ailənin,
uşaqların hüquqlarını qoruyursa, burada konkret
addımların atılacağı şübhəsizdir. Görülən
işlər də məhz bu məqsədə xidmət edir.
Fikrimcə, hətta elə məqamlar var ki, orada valideynin cinayət
məsuliyyəti məsələsi də araşdırıla
bilər. Bildiyiniz kimi, erkən yaşda uşağı ailə
qurmağa məcbur etmək özü cinayət məsuliyyəti
yaradır və bu məsuliyyət Cinayət Məcəlləsində
əksini tapır".
Komitənin Ailə Məcəlləsinə
digər təklifi ailə qurmağa hazırlaşanların
tibbi müayinədən keçmələri ilə əlaqədardır.
Qurumun apardığı araşdırmalardan aydın olub ki,
bu məsələni məcburi formaya keçirmək zəruridir.
Xatırladaq ki, hazırda tibbi müayinə Ailə Məcəlləsində
öz əksini tapıb, amma bu, könüllüdür.
A.Sofiyeva bildirdi ki, komitə bu məsələnin məcburi
olmasını təklif kimi irəli sürüb.
Komitə bu məsələdə belə
bir arqumentə əsaslanır ki, beynəlxalq təcrübədə
- məsələn, Türkiyə, Fransa, Ukrayna kimi ölkələrdə
tibbi müayinə qanunla məcburidir:
"Bilirsiniz, bu amil genefonda təsir
göstərən məsələ olduğu üçün
mütləq nəzərə alınmalıdır. Bizim təklifimizdə
məqsəd ondan ibarətdir ki, nikah üçün
müvafiq orqana müraciət edəndə mütləq tibbi
arayış tələb olunsun. Həmin orqanın isə
üzərinə tərəflərə həmin nəticələri
bir-birinə təqdim etmək kimi bir məsuliyət qoyulur.
Bizim məqsədimiz tərəfləri xəbərdar etməkdir".
Müsahibim söyləyir ki, ailə
quran gənclər bir-birindən sağlamlıq haqqında
arayış tələb edə bilmir. Gənclərlə
görüşdə isə komitə nümayəndələri
bu kimi təşəbbüslərin irəli
sürüldüyünü müşahidə ediblər.
Aparılan sorğuda respondentlərin 80 faizi tərəf-müqabilin
sağlamlığı ilə bağlı məlumat bilmək
istədiyini, sadəcə, necə dilə gətirəcəyini
bilmədiklərini söyləyiblər. Deməli, dövlət
onlara bu imkanı yaratmalıdır. Aynur Sofiyeva:
"Bu sənədi bir-birlərinə təqdim
edir, müvafiq nikah bağlayan orqana isə, sadəcə,
müayinədən keçməsini təsdiqləyən sənəd
verirlər. Elə dövlətlər var ki, həmin tibbi
müayinə nəticəyə təsir edir. Yəni əgər
müəyyən xəstəliklər aşkarlanarsa, həmin
insanların ailə qurmasına icazə verilmir. Bizim təkliflərimizdə
isə belədir ki, tibbi müayinənin nəticəsindən
asılı olmayaraq ailə qurmaq qərarı tərəflərin
öhdəsinə buraxılır. Hesab edirəm ki, bu təkliflər
ailə məsələlərində, sağlam gələcəyin
formalaşmasında vacib rol oynayacaq".
Statistikadan bəllidir ki, son illər
ölkəmizdə yeni doğulanlar arasında oğlanlar
üstünlük təşkil edir.
Bunu ultrasəs müayinəsinin
geniş tətbiqi ilə əlaqələndirir. Belə ki,
hamilə qadınlar müayinədən sonra doğulacaq
uşağın cinsiyyətini öyrənir və döl
oğlandırsa, doğulur. Qızdırsa, analar aborta
üstünlük verirlər. Bir çox mütəxəssislər
bu problemin həlli yolu kimi USM-də cinsiyyətin müayinəsinin
qadağan edilməsi təklifini irəli sürür. Lakin Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi fərqli mövqe tutub. Baxmayaraq ki, bu sözügedən
statistika haqda bilgiləri var.
Aynur Sofiyeva təəssüflə qeyd
edir ki, son 3-4 ildə doğulan uşaqların faizində
oğlanların sayı artır. Statistika belədir: 54 faiz
oğlan, 46 faiz qız. Onun sözlərinə görə, bu,
belə davam edərsə, 20-30 ildən sonra demoqrafik problemlə
üzləşəcəyik. Gənclərin ailə
qurmasında, ciddi problemlər ortaya çıxacaq. Demoqrafik
nisbətin konkret norması mövcuddur: 48-52 civarında
olmalıdır.
Amma bir gerçəklik var ki, Azərbaycan
ailələrində oğlan uşaqlarının
doğulmasını istəyirlər. Komitə sədri deyir
ki, ultrasəs müayinəsində dölün cinsiyyəti
haqda məlumat verilməsinin yasaq edilməsi insan
hüquqlarının pozulması olardı:
"Mən bu qənaətdəyəm
ki, maarifləndirmə yolu insanların düşüncə tərzini
dəyişdirmək lazımdır. Sovet dövründə
ona görə bu problem yaranmırdı ki, ailələrdə
uşaqların sayı 2-3-dən çox olur. Bir ailədə
həm qızlar, həm də oğlanlar doğulurdu. Çox
nadir ailələrdə bir uşaq olardı. Müasir ailələrdə
hər ailəyə 1-2 uşaq düşür. Maarifləndirmə
çıxış yoludur. Başqa çıxış
yolunu görmürəm. Bu gün ölkədə inkişaf
gedir. İnsanların rifahı yaxşılaşır. Stimul
olmalıdır ki, uşaqların sayı artsın. Unutmaq
olmaz ki, qadınlar karyera qurmaq, işləmək istəyir.
Ona görə də ailədə uşaq sayında minimuma
üstünlük verirlər".
Ailə - kiçik dövlətdir,
deyiblər. Bu kiçik dövlət sözün gerçək
anlamında böyük dövlətlərin təminatıdır.
Bu anlamda vətəndaş cəmiyyətinin sağlam
inkişafı məhz ailə prinsiplərinə
bağlıdır. Çox təəssüflər olsun ki,
yaşadığımız cəmiyyətdə bəzən
ailə institutları dövlətin təminatçısına
çevrilə bilmir. Son illər Azərbaycanın ailə
modeli dəyişməkdədir. Zaman, müasir inkişaf
öz təsirini göstərir. Dəyişikliklərdən
tamamilə uzaqlaşmaq və qorunmaq mümkün deyil.
Dövlət komitəsinin sədr müavini deyir ki,
inkişafın müsbət təsirləri olduğu kimi,
yaratdığı problemlər də var:
"Azərbaycan ailəsinin də hər
bir cəmiyyətdə olduğu kimi, müəyyən problemləri
var. Amma biz hər zaman fəxrlə qeyd edirik ki, Azərbaycan
xalqının unikal ailə modeli var. Ümumiyyətlə,
xalqımızın ailə modeli nəinki Qərbdə, həm
də Şərqdə unikal hesab olunan bir modeldir. Yəni
buraya ailədaxili münasibətlər, böyüklərə
hörmət və ehtiram, valideyn-övlad münasibətləri
və s. kimi ənənələr daxildir və fundamental milli
dəyərlər ta qədimdən bu günə kimi gəlib
çatıb. Çox sevindirici haldır ki, gənclərin
75-80 faizi valideyn nəsihətinə fikir verir, hörmətlə
yanaşırlar. Bunu apardığımız
araşdırmalar təsdiqləyir".
Sədr müavini bu qənaətdədir
ki, ümumiyyətlə, ölkəmizdə hər zaman Azərbaycan
ailəsi haqda ümumi fikir müsbət olub. Amma bu gün ailə
modelimizdə, adət-ənənələrimizdə müəyyən
dəyişikliklərin yer aldığı barədə
fikirlər tez-tez səslənir.
Müsahibim deyir ki, bu gün Qərbin
ailə institutları faktiki olaraq məhv olub. Belə ki, Qərbdə
uşaq müəyyən yaş həddinə çatandan
sonra valideyn onu həyatını müstəqil şəkildə
qurmağa məcbur edir. Bu da ailə münasibətlərinə
təsir edən faktordur. Çünki ailə elə bir
institutdur ki, bağlılıq heç bir halda
qırılmamalıdır. Doğrudur, ölkəmizdə də
az da olsa, belə hallar mövcuddur. Aynur Sofiyeva:
"Bu isə göstərir ki, bu məsələlər
üzərində düşünmək lazımdır. Bəzən
oğlu-qızı olan valideynləri gətirib ahıllar evinə
qoyurlar. Bu, təəssüfləndirici haldır. Belə
hallara qarşı ictimai qınağa ehtiyac var".
Söhbət əsnasında öyrəndik
ki, komitənin ailə, nikah məsələləri ilə
bağlı araşdırmalarında mənfi tendensiya üzə
çıxıb: son illər boşanma halları artıb...
Aynur Sofiyeva qeyd edir ki, ötən illər
bu göstərici qurulan nikahların 10-11 faizi nisbətində
olurdusa, hazırda bu rəqəm artıb və bu artım
cüzi olsa da, hər halda narahatlıq yaratmışdır. Komitə
boşanmaların təhlilini də aparıb. Bəzən
sosial məsələlərin boşanmalara ən böyük
səbəb olduğu bildirilsə də, araşdırmalar
göstərib ki, boşanma hallarının baş verməsinin
əsas səbəbi ailədə uşaqsızlıq
faktı ilə bağlıdır. Respondentlərin müəyyən
hissəsi bu suala cavab verərkən bəzi ailələrdə
kişilərin zərərli vərdişlərə - narkotikə,
içkiyə qurşanmasını da boşanmalara digər
ciddi səbəblər hesab ediblər..
A.Əhmədova
Ayna.-
2011.- 6 avqust.- S.15.