Nikah müqaviləsi icbari
ola bilər
Bu məsələnin
müzakirəsində fikirlər haçalanır
Ailə
Məcəlləsində nikah müqaviləsi nəzərdə
tutulsa da, bu, məcburi deyil. Yəni qanunvericiliyə əsasən,
müqavilənin bağlanması könüllülük
prinsipinə əsaslanır. Tərəflərin iradə
azadlığı qorunur.
Xeyli vaxtdır Azərbaycanda nikah
müqaviləsinin zəruriliyi qabardılır. Müqavilənin məcburi
bağlanmasının tərəfdarı olan millət vəkilləri
hesab edir ki, müqavilə məcburi olmadığına
görə məcəllənin bu müddəası işlək
deyil. Əksər ekspertlər iddia edir ki, mental dəyərlər
tərəflərin nikah müqaviləsi bağlamasına mane
olur.
Ekspertlər bildirirlər ki, müqavilə
bağlanması konkret olaraq tərəflərin özü
üçün xeyirlidir. Onu
da qeyd edək ki, müqavilə tərəflərin
razılığı ilə dəyişdirilə, ona xitam
verilə bilər. Lakin bu, notarial qaydada olmalıdır.
Çünki nikah müqaviləsi notarial qaydada
bağlanır və təsdiqlənir. Onun ləğvi də
tərəflərin hər ikisinin razılığı ilə
bu yolla həyata keçirilməlidir.
ƏN Qeydiyyat və Notariat Baş
İdarəsindən bildirirlər ki, əvvəlki illərlə
müqayisədə nisbi artım müşahidə olunsa da,
nikah müqaviləsinin bağlanması o qədər də
geniş yayılmayıb. İdarədən
bunun səbəbini mentalitetlə əlaqələndiriblər.
Nazirlik rəsmiləri problemdən cözüm yolunu məcburiyyətdə
deyil, təbliğatda görür.
AYNA qəzeti də millət vəkillərinin,
hüquqşünasların, Ali Məhkəmənin, Ailə,
Qadın və Uşaq Hüquqları üzrə Dövlət
Komitəsi mütəxəssislərinin nikah müqaviləsinin
bağlanmasını aktuallaşdıran səbəblərlə
bağlı mövqeyini öyrənib.
Öncə "Nikah müqaviləsinin
mahiyyəti nədən ibarətdir?" sualını
cavablandıraq. Nikah
müqaviləsi nikaha daxil olan şəxslər arasında
bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər
ilə arvadın əmlak hüquqlarını və vəzifələrini
müəyyən edən sazişdir. Nikah müqaviləsi
yazılı formada bağlanır və notariat qaydasında təsdiq
olunur. Nikah müqaviləsində tərəflərin bir-birini
qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində
iştirak üsulları, hər birinin ailə xərclərində
iştirak qaydası ilə bağlı hüquq və vəzifələri,
nikah pozulduqda hər birinə düşəcək əmlakı
müəyyənləşdirmək hüququ nəzərdə
tutulur.
Nikah müqaviləsi ər ilə
arvadın mövcud olan və gələcəkdə əldə
edəcəkləri əmlaka dair bağlana bilər. Nikah müqaviləsi nikaha
qədər və nikahdan sonra da bağlana bilər.
Müqavilə nikaha qədər
bağlansa da, bu, nikah qeydə alındığı gündən
qüvvəyə minir. Müqavilədə
əmlakın hüquqi rejimi müəyyən olunur.
Problem təkcə
mentalitetlə bağlı deyil
MM
sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin
sözlərinə görə, nikah müqaviləsinin məcburi
bağlanması barədə Ailə Məcəlləsinə
ayrıca müddəanın əlavə edilməsi təklif
olunub və bu məsələ hazırda gündəmdədir.
Komitə rəhbərinin sözlərinə
görə, həmin müqavilənin nikah bağlanarkən
notarial qaydada təsdiqlənməsi nəzərdə tutulur. Lakin ölkənin
bütün rayonlarında notariusun olmadığı vətəndaşlar
üçün problem yarada bilər. Belə ki, notarius fəaliyyət
göstərməyən rayonun sakinləri nikaha girərkən
belə bir müqaviləni rəsmiləşdirmək
üçün qonşu rayona getmək məcburiyyətində
qalacaq.
H.Rəcəblinin sözlərinə
görə, Vətəndaşlıq Vəziyyəti
Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrinin səlahiyyətləri
icra nümayəndəliyinə verildiyi kimi, notariusu olmayan
rayonlarda da icra nümayəndələrinə bu səlahiyyəti
verməklə problemi həll etmək olar. Millət vəkili hesab
edir ki, bu müqavilə hədiyyə müqaviləsi
formasında bağlana bilər. Millət vəkili:
"Nikaha girən tərəflər əsasən
hədiyyələrin siyahısını tutur və təsdiq
edirlər. Bu hal
şəriət nikahında - kəbində də var idi və
hazırda bəzi rayonlarda rast gəlinir. Kim nə verib, nə
aparıbsa, siyahısı tutulurdu. Biz istəyirik ki, bu
müqavilə hədiyyə müqaviləsi şəklində
olsun".
Rəcəbli vurğuladı ki,
mülkiyyətin bölüşdürülməsi məsələsi
qanunvericilik yolu ilə həll olunduğundan, bu məsələnin
nikah müqaviləsinə daxil edilməsinə ehtiyac yoxdur:
"Qanunvericiliyə görə, ər-arvadın
nikah dövründə birgə qazandığı əmlak
onların birgə mülkiyyətidir və boşanma
zamanı onlar arasında bərabər bölünür. Nikahdan əvvəl
qazandıqları əmlak isə onların yalnız
özünə məxsusdur. Həmçinin evə qeydiyyatla
bağlı məsələ də qanunvericilikdə həllini
tapıb. Qadın mülkiyyət sahibindən ev tələb
edə bilməz, yalnız ona yaşamaq hüququ verilir.
Dünya təcrübəsində də bu məsələ
qanunvericiliyimizdə olduğu kimi tənzimlənir".
Rəcəblinin fikrincə, bir qrup insan
müqavilənin bağlanmasının məcburiləşdirilməsinin,
imperativ norma şəklinə salınmasının tərəfdarı
deyil. Həmçinin
müqavilənin məcburiləşdirilməsi müqavilə
azadlığı prinsipinə ziddir. Həm də müqavilənin
hüquqi əsasları qanundan daha zəifdir.
Millət vəkili Musa Quliyev müqaviləyə
marağın olmadığının səbəbini
hüquqi maarifləndirmənin zəifliyi ilə əlaqələndirir:
"Bu problemi tək mentalitetlə
bağlamaq düz deyil. Vətəndaşlar arasında
hüquqi savadsızlıq var. Qəbul olunmuş bir prinsip var
- ailəni kişi saxlamalıdır. Ailədə qadınlar
indiyədək mətbəxin bir hissəsi kimi qəbul
olunurdu. Qadın ailənin iqtisadi yükünü
daşımayıb. Onlar elə fikirləşir ki, pulu
kişi qazandığı üçün qərarı da o
verməlidir. Amma bu, düzgün yanaşma deyil. Qadın da
ailənin büdcəsinin formalaşdırılmasında
iştirak etməlidir. Qadının cəmiyyətdəki rolunu
artırmaq üçün ilk olaraq ailədən
başlanmalıdır və bunun üçün müqavilə
bağlanması şərtdir".
M.Quliyev yaxın 50 ildə Azərbaycanda
müqavilə institutunun formalaşacağına ümid edir və
bildirir ki, bizdən iki nəsil sonra gələnlər bunu
normal qəbul edəcək.
Millət vəkili Məlahət Həsənova
hesab edir ki, nikah müqaviləsi məcburi
olmadığına görə bu gün boşanma
hallarında mənzillə, əmlakla bağlı çox
ciddi problemlər ortaya çıxır. Onun fikrincə, nikah
müqaviləsi məcburi olmadığına görə bu
gün məhkəmələrdə çox ciddi problemlər
var:
"Qadın ailə qurur, uşağı
olur. Ayrılanda isə köçdüyü evdən ona əmlak
payı verilmir və küçələrdə qalır.
Əgər evlənməzdən qabaq nikaha
daxil olan tərəflər əmlak müqaviləsi imzalasalar,
qadın da əvvəlcədən daimi olaraq harada
yaşayacağını biləcək. Təəssüf ki,
Azərbaycan cəmiyyəti hələ Avropa cəmiyyəti
kimi yüksək maarifləndirilmiş vəziyyətdə
deyil. Avropa ölkələrində bu, məcburi deyil.
Baxmayaraq ki, Azərbaycanda da nikah müqaviləsi Ailə Məcəlləsində
əksini tapıb. Amma məcburi olmadığına görə
formal olaraq qalıb".
Hüquq müdafiəçisi Novella Cəfəroğlunun
fikrincə, müqavilənin bağlanmasında oğlan tərəf
maraqlı deyil. Bu isə sonradan qadın hüquqlarının
pozulma hallarının artmasına rəvac verir. Odur ki, problemdən
çıxış yolunu təbliğatda görür. Hüquq
müdafiəçisinin fikrincə, VVAQ orqanlarında nikaha
girən tərəflərə müqavilənin
üstünlükləri izah olunmalıdır.
Hakim
müqaviləyə qarşı çıxır
Ali Məhkəmənin hakimi Əsəd
Mirzəliyev bildirib ki, nikah müqaviləsinin məcburi
bağlanması yolverilməzdir. Onun sözlərinə
görə, qanunvericilik şəxsin müqavilə
azadlığını nəzərdə tutub. "Bu hal
müəyyən olunarsa, müqavilə etibarsız
sayılır", - deyə hakim vurğulayıb.
Əsəd Mirzəliyev deyir ki, nikah
müqaviləsi hər qadının özünün və
uşaqlarının sosial müdafiəsi deməkdir. Bu
baxımdan insan hələ ailə münasibətlərini
müəyyənləşdirməmişdən öncə
özünün sosial müdafiəsini hüquqi baxımdan təşkil
etməlidir. Nikah müqaviləsi nikaha daxil olan şəxslər
arasında bağlanan, nikah dövründə və ya nikah
pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini
müəyyən edən sazişdir. Nikah müqaviləsi
yazılı formada bağlanır və notariat qaydasında təsdiq
olunur. Nikah müqaviləsində tərəflərin bir-birini
qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində
iştirak üsulları, ailə xərclərində
iştirak qaydası ilə bağlı hüquq və vəzifələr,
nikah pozulduqda tərəflərə düşəcək əmlakı
müəyyənləşdirmək hüququ müəyyənləşdirilir.
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə
əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Bu müqavilə nikaha qədər və
nikahdan sonra da bağlana bilər. Müqavilə nikaha qədər
bağlansa da, nikah qeydə alındığı gündən
qüvvəyə minir. Müqavilədə əmlakın
hüquqi rejimi müəyyən olunur. Ə.Mirzəliyev
bildirir ki, qanuna görə, müqavilədə başqa qayda
nəzərdə tutulmayıbsa, ər-arvadın nikah
dövründə əldə etdikləri mülkiyyət
onların birgə mülkiyyətidir və bərabər payda
bölünür:
"Kimin himayəsində yetkinlik
yaşına çatmayan uşaqlar varsa, onların mənafeyi
nəzərə alınaraq pay artırıla bilər. Amma
nikah müqaviləsində qabaqcadan bundan fərqli məsələlər
müəyyən oluna bilər. Məsələn, nikah
müddətində əldə olunan mülkiyyətin
üçdə birinin ərin, qalan hissəsinin isə arvadən
mülkiyyətində, ya da əksinə göstərilə
bilər".
Ali Məhkəmənin hakimi Əsəd
Mirzəliyev bildirir ki, nikaha girən tərəflər
çox vaxt nikah müqaviləsinin mahiyyətinə
varmır, ya da müqavilə barədə tərəflər
məlumatsız olurlar. Onun sözlərinə görə, bəzən
düşünülür ki, bu müqavilənin
imzalanması nikahın daimi olmayacağına şübhə
yaradır və mentalitetdən irəli gələn bəzi səbəblərdən
bu müqavilə bağlanmır. "Lakin təcrübə
göstərir ki, qarşılıqlı razılıq, sevgi
ilə qurulan ailələrdə də boşanmalar baş
verir", - deyə hakim vurğulayıb.
Ali Məhkəmə hakiminin sözlərinə
görə, nikaha məhkəmə qaydasında xitam verildiyi
halda müqavilənin olmaması çoxlu problemlər yaradır.
Problemlər isə alimentin müəyyən olunmasında,
yaşayış sahəsi ilə təmin olunma ilə
bağlı meydana çıxır. Hakim bildirib ki, nikah
müqaviləsi olmayanda aliment tələb edən qadınlar
kişinin əmlak vəziyyətini müəyyən edə
bilmir:
"Onda məhkəmə sabit pul məbləği
müəyyənləşdirmək məcburiyyətində
qalır. Tərəflərin əmlak vəziyyətlərini
bilib nikah müqaviləsi bağlanarkən bu problem
yaranmır".
(ardı
gələn sayımızda).
Aynurə
Ayna.-
2011.- 13 avqust.- S.15.