Sədaqət Qəhrəmanova:
"Gənclər nikaha girərkən eyni hüquqlara malik
olmalıdırlar"
Bunun üçün nikah
yaşını 18-ə qaldırmaq şərtdir
Ailə cəmiyyətin təməlidir.
Cinslər arasında bərabərsizlik birbaşa ailədə
verilən tərbiyədən əmələ gəlir.
Valideynlər qız və oğlan arasında fərq qoyur və
uşağın cinsindən asılı olaraq onlar
üçün fərqli məqsədlər müəyyənləşdirirlər.
Oğlanlar daha çox təhsilə, işləməyə,
idmana və s. işlərə cəlb edilirsə, qızlar isə
əsasən ailə qurmağa və ev işlərinə
yönəldilir. Azərbaycanda erkən nikah əsrlər boyu
olub. Ancaq indi mühit, insanların
dünyagörüşü dəyişib, insan
hüquqlarının qorunması aktuallaşıb. Cəmiyyətin
qızlara və oğlanlara münasibətini dəyişmək,
bunu qanuniləşdirmək üçün uzun müddətdən
bəri müxtəlif qurumlar, millət vəkilləri, QHT-lər
Ailə Məcəlləsində dəyişikliklər etməyin
vacibliyi haqda danışırlar.
Onu da qeyd edək ki, ailədə baş
problemlərin araşdırılması, onların üzə
çıxardılması və həlli məqsədilə
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi (AQUPDK) layihələrlə
çıxış edir. Bu çərçivədə
problemləri araşdırmaq məqsədilə sorğular
aparılır. Nəticə olaraq qanunvericiliyə dəyişikliklər
və əlavələr təklif edilir.
Öyrəndik ki, AQUPDK ailə, qadın
və uşaq problemlərinin aradan qaldırılması məqsədilə
nikah yaşının qadınlar və kişilər
üçün eyniləşdirilməsi, övladlığa
götürmə sisteminin təkmilləşdirilməsi,
nikaha daxil olanlar arasında nikah müqaviləsi
bağlanılması ilə bağlı Milli Məclisə təkliflər
verib. Bu barədə AYNAya komitə
sədrinin müavini Sədaqət Qəhrəmanova
danışdı.
Aparılan məqsədyönlü
işlərə baxmayaraq, açıq etiraf etmək
lazımdır ki, regionlarda hələ də qızların təhsildən
yayınma faktları müşahidə olunur. Komitənin
araşdırmalarından bəlli olur ki, bu problemin yaranma səbəblərindən
biri - erkən nikahlardır. Bölgələrdə bu məsələdə
uşağa daha çox təsir göstərən valideynlərdir.
Azərbaycanda hər il təxminən 90
min ailə qurulur. Onlardan bir qismi rəsmi nikahla eyni zamanda dini
nikah (kəbin) bağlayır. Müsahibim deyir ki, məcburi
nikah hallarının sayının artması da narahatlıq doğuran
məsələdir.
Erkən yaşda nikaha cəlb olunma
qadınların təhsillərini davam etdirmələrinə
mane olur ki, bu da öz növbəsində gələcək nəsillərin
təhsil səviyyəsinə və sağlamlıq vəziyyətinə
birbaşa təsir göstərə bilər. Erkən nikah
birbaşa qızların təhsili davam etdirməsinin
qarşısını alır. Bu halın nəticəsi kimi
qızların təhsil almadığı halda, onların
işləməsi mümkün olmur. Yaxud onlar az məvacibli
işlərdə özlərinə yer tapa bilərlər.
Qızlar və oğlanlar ailə qurarkən eyni hüquqlara
malik olmalıdırlar.
S.Qəhrəmanovanın bildirdiyinə
görə, hər səkkiz nikahdan biri 18 yaşına
çatmamış qızın payına düşür:
"Ailə Məcəlləsinə təklif
edilmiş dəyişiklik nikah yaşının qadınlar və
kişilər üçün 18 yaşa
çatdırılmasını nəzərdə tutur. Əvvəlki
illə müqayisədə çox az istisnalar nikaha bir il tez
daxil olmağa yol verir, bu yanaşma münasib standartdır,
lakin bir çox erkən nikahlar qeydiyyata
alınmadığından problemin aradan qaldırılması
qanunun tətbiq edilməsindən və bu məsələyə
cəmiyyətin münasibətinin dəyişməsindən
asılıdır".
Milli qanunvericilikdə nikah yaşı tənzimlənib.
Ailə Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndində
qeyd edilib ki, nikah yaşı kişilər üçün 18
yaş, qadınlar üçün 17 yaş müəyyən
olunub. Eyni zamanda maddənin 2-ci bəndində qeyd edilir ki,
üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən
və nikah yaşına çatmamış şəxslərin
yaşadıqları ərazinin icra hakimiyyəti onların
xahişi ilə nikah yaşının 1 ildən çox
olmayaraq azaldılmasına icazə verə bilər.
Lakin Azərbaycan BMT-nin "Qadınlara
münasibətdə ayrı-seçkiliyin bütün formalarının
ləğv olunması haqqında" Konvensiyasına
qoşulub. Konvensiyaya əsasən, uşağın
nişanlanması və nikahı hüquqi qüvvəyə
malik deyil, minimal nikah yaşının müəyyənləşdirilməsi
və nikahların mütləq vətəndaşlıq vəziyyəti
aktlarında qeydiyyatdan keçirilməsi üçün
qanunvericilik tədbirləri daxil olmaqla, bütün lazımi
ölçülər götürülür.
Azərbaycanın "Uşaq
hüquqları haqqında" qanununa əsasən,
uşaqların bu qanunda nəzərdə tutulmuş
hüquqları və vəzifələri 18 yaşına
(yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti
əldə etməyən hər bir şəxsə aid edilir.
Eyni zamanda, Azərbaycan BMT-nin Uşaq Hüquqları
haqqında Konvensiyasına qoşulub. Konvensiyanın 1-ci maddəsində
bildirilir ki, hər bir insan 18 yaşına çatanadək bu
Konvensiyanın məqsədlərinə görə uşaq
sayılır. Nikah yaşının eyniləşdirilməsi
və valideyn məsuliyyətinin müəyyən edilməsi
Birləşmiş Millətlər Təşkilatının
tövsiyələrinin yerinə yetirilməsi kimi qiymətləndirilir.
Eyni zamanda, erkən nikah hallarının
qarşısının alınması uşaq və ana
ölümü faktlarının azaldılmasına da təsir
edəcək.
"Yuxarıdakıları nəzərə
alaraq, uşaq hüquqlarının müdafiəsi məqsədilə
Ailə Məcəlləsində nikahın
bağlanılmasına dair yaş həddi eyniləşdirilməli
və 18 yaş təsdiq edilməlidir. Həmin tələblər
birbaşa BMT-nin CEDAW Konvensiyasına dair Azərbaycanın
3-cü və 4-cü dövri hesabatlarına həsr
edilmiş tövsiyələrdə qeyd edilib. Yaş həddinin
qızlar və oğlanlar üçün 18 kimi təsdiqlənməsi
eyni zamanda beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə
gətirəcək. Nikah yaşının eyniləşdirilməsi
qadınlar və kişilər üçün bərabər
hüquqlarının təmini deməkdir. Həmin məsələ
birbaşa qanunvericilikdə nikaha daxil olanda buraya valideyn məsuliyyətinin
təmin edilməsi əlavə ediləcək. Düzəlişlər
birbaşa valideynləri erkən yaşda uşaqların nikaha
daxil olmasının qarşısını almağa yönələcək",
deyə müsahibim vurğuladı.
S.Qəhrəmanova onu da əlavə etdi
ki, erkən (uşaq) nikahları ilə mübarizəni
gücləndirmək məqsədilə dövlət
strukturları, QHT-lər və beynəlxalq təşkilatlar əməkdaşlıq
edirlər. Bu problemin qarşısının alınmasında
yerli dövlət orqanlarının rolu böyükdür.
İcra hakimiyyətlərində fəaliyyət göstərən
yetkinlik yaşına çatmayanların işi və
hüquqlarını müdafiə edən komissiyaların
işi gücləndirilməlidir. Eyni zamanda, problemin
qarşısının alınması üçün ailədə
valideynlərin məsuliyyəti artırılmalıdır.
Təbii ki, erkən nikahlarda əsas məsuliyyət
valideynlərdədir. Qızlar valideynlər tərəfindən
təzyiqə məruz qalır. Valideynlərin məsuliyyəti
xüsusilə İnzibati Xətalar və Cinayət məcəllələrində
qeyd edilməlidir. Odur ki, erkən nikah hallarının
qarşısının alınması məqsədilə
valideyn məsuliyyətinin milli qanunvericilikdə qeyd edilməsi
və qızlar və oğlanlar üçün istisna hallar
olmadan nikah yaşının 18-ə
çatdırılması vacib məsələdir.
Azərbaycanda övladlığa
götürmə məsələləri Ailə, Mülki,
Mülki-Prosessual məcəllələri, beynəlxalq
konvensiya, qaydalarla və s. sənədlərlə tənzimlənir.
Ölkədə daxili övladlıqla yerli icra hakimiyyəti
orqanları, ölkələrarası övladlığa
götürmə məsələləri ilə isə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi məşğuldur.
Xatırladaq ki, Azərbaycan prezidentinin
2007-ci il fərmanı ilə qüvvəyə minmiş
"Ölkələrarası övladlığa
götürmə ilə bağlı uşaqların müdafiəsi
və əməkdaşlıq haqqında" konvensiyaya əsasən,
mərkəzi orqan kimi Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi təyin edilib.
Qəhrəmanova bildirdi ki, komitə öz
əsasnaməsi ilə müəyyən edilmiş fəaliyyət
istiqamətlərinə uyğun olaraq öz səlahiyyətləri
daxilində valideyn himayəsindən məhrum olan
uşaqların, övladlığa götürülən
uşaqların ümumi uçotunu, habelə Azərbaycan vətəndaşı
olan uşaqların övladlığa götürülməsini
arzu edən əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin uçotunu aparır. Həmçinin
Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər
və ya vətəndaşlığı olmayan şəxslər
tərəfindən övladlığa götürülməsinə
razılıq vermək, ölkələrarası
övladlığa götürmə məsələləri
üzrə zəruri tədbirlər həyata keçirmək
vəzifəsini yerinə yetirir. Öyrəndik ki, komitə
ölkələrarası övladlığa götürmə
sahəsində məlumat bankı yaradıb və həmin məsələlərdə
mənfi halların qarşısını almaq məqsədi
güdür.
Beləliklə, komitə Azərbaycanda
uşaq siyasətini həyata keçirən mərkəzi
qurumdur. Ölkələrarası və daxili
övladlığa götürmə sahəsində mərkəzi
nəzarət mexanizminin yaradılması beynəlxalq öhdəliklərin
yerinə yetirilməsində mühüm bir addım kimi qiymətləndirilir.
Fransa, Rusiya, İtaliya və digər dövlətlərin təcrübəsində
ölkələrarası və daxili övladlığa
götürmə vahid qurum vasitəsilə həyata
keçirilir.
Ailə Məcəlləsinin 121-ci maddəsində
övladlığa götürülən uşaq ilə
övladlığa götürən arasında yaş fərqi
məsələsi tənzimlənib. Həmin maddənin 1-ci
hissəsinə əsasən, övladlığa götürən
şəxs nikahda deyilsə, onunla övladlığa
götürülən uşağın yaş fərqi 16-dan
az olmamalıdır. Məhkəmə tərəfindən
üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi
qısaldıla bilər. Maddənin 2-ci bəndində qeyd
edilir ki, ögey ata (ögey ana) uşağı
övladlığa götürəndə yuxarıda nəzərdə
tutulmuş yaş fərqinin olması tələb edilmir.
Azərbaycan
qanunvericiliyinə əsasən, akkreditə edilmiş orqan
övladlığa götürülmüş
uşağın övladlığa götürən ailədə
həyat şəraiti və tərbiyəsi haqqında Azərbaycanın
mərkəzi orqanına hesabatlar təqdim edir. Həmin
qaydalara əsasən, övladlığa götürən ailə
3 il ərzində uşağın vəziyyətini qiymətləndirən
hesabat təqdim edir. Həmin müddəalar
övladlığa götürülən uşağın
hüquqlarının müdafiəsi aspektində müsbət
hal hesab edilir. Bunları nəzərə alaraq, Komitə Ailə
Məcəlləsinə hesabatların verilmə müddətinin
qanunvericilikdə 5 ilə qədər
artırılmasını məqsədəuyğun hesab edir.
Hesabatların verilmə mexanizminin daxili övladlığa
götürmə sisteminə də daxil edilməsinə və
qanunvericilikdə müvafiq dəyişikliklərə ehtiyac
duyulur.
A.Əhmədova
Ayna.-
2011.- 13 avqust.- S.16.