Azərbaycanın müstəqilliyinin
20 ili: xarici siyasətin
formalaşması (1991-2003)
(Ardı. Əvvəli 11,18,25 iyun, 2,9,16,23,30 iyul, 6
avqust sayımızda)
Ermənistan
KP MK-nın birinci katibi
bu deyilənləri, eləcə də
xaricdəki mütərəqqi erməni təşkilatları
və onların mətbu orqanlarının fəaliyyətini
aktivləşdirmək, xaricdəki erməni cəmiyyətlərində
daşnak təbliğatına
qarşı durmaq məqsədi ilə
"Lraber", "Kanç", "Aşxar"
qəzetlərinin hər birinə 20 min,
"Sevan" qəzetinə isə 10 min dollar illik
maliyyə yardımı ayrılmasını xahiş
edirdi. K.Dəmirçyan həmin qəzetlərin
nəşri üçün lazım olan illik xərclər
haqqında maliyyə məlumatlarını da
Sov.İKP MK-ya
göndərdi. MK katibi A.Yakovlev
və DTK sədri V.Çebrikov məsələni
araşdırıb SSRİ Maliyyə Nazirliyi
ilə razılaşdırdılar. Onlar Sov. İKP MK katibliyinin müvafiq qərar layihəsini də
hazırlayaraq avqustun 7-də tam məxfi məktubla təqdim etdilər. Sov. İKP MK katibliyi
1986-cı il avqustun
14-də 19-17-qs-ST saylı tam məxfi qərar
qəbul etdi. Qərarda deyilirdi
ki, xaricdəki mütərəqqi erməni
qəzetlərinin redaksiyalarına maliyyə yardımı barədə
Ermənistan KP MK-nın təklifi qəbul olunsun.
"Kanç" (Livan),
"Aşxar" (Fransa),
"Lraber" (ABŞ) qəzetlərinin
hər birinə ildə 14 min 80 rubl xarici valyuta
(20 min ABŞ dolları), "Sevan"(Argentina) qəzetinə
7 min 40 rubl xarici valyuta (10 min ABŞ dolları) yardım göstərilsin.
SSRİ Maliyyə Nazirliyi bu
məbləği SSRİ Dövlət Təhlükəsizliyi
Komitəsinə 60 min xarici
valyuta ilə ayırsın. Qərar yerinə
yetirildi.
M.Qorbaçovun mövqeyi erməni dairələrinin
Azərbaycan və Türkiyə əleyhinə hərəkətlərinin
genişlənməsinə rəvac verirdi. Onlar yenə də
bir neçə istiqamətdə fəaliyyət göstərirdi:
tarixdə heç bir zaman olmamış uydurma "erməni
soyqırımı"nın tanınmasını tələb
edir, xarici ölkələrdəki ermənilərin
repatriasiyasını istəyir, Türkiyəyə və Azərbaycana
qarşı əsassız ərazi iddialarını irəli
sürürdülər.
Ermənistan KP MK-nın birinci katibi K.Dəmirçyan
1986-cı ilin noyabrında Sov.İKP MK-ya məxfi bir məktub
yazdı. Məktubunda göstərirdi ki, Ermənistanda sovet
hakimiyyəti qurulduğu ilk illərdən Sov.İKP MK-nın
qərarları ilə müxtəlif xarici ölkələrdən
ermənilərin repatriasiyası həyata
keçirilmişdir. Onlar Birinci Dünya müharibəsi illərində
qaçqın olmuşlar. Məktubdan sovet hakimiyyəti illərində
Ermənistan SSR-ə xaricdən 230 min nəfərdən çox
erməninin gətirildiyi aydın olurdu. K.Dəmirçyan
yazırdı ki, məlumata görə, Yaxın və Orta
Şərq ölkələrində (İran, Suriya, Livan,
İraq, İordaniya) yaşayan ermənilər içərisində
Ermənistan SSR-ə daimi yaşamaq üçün gəlmək
istəyənlər var. Məktubun sonunda "repatriasiyanın
mühüm siyasi əhəmiyyətini nəzərə alaraq
SSRİ Nazirlər Sovetinin 1985-ci il 20 iyun tarixli
"1985-1986-cı illərdə xarici ölkələrdən
ermənilərin SSRİ-yə repatriasiyasının davam
etdirilməsi haqqında" qərarının fəaliyyət
müddətinin 1990-cı ilin sonunadək
uzadılmasını" xahiş edirdi.
Müraciət Kremldə alındı. Məktubla
tanış olan Sov.İKP MK katibi Y.Liqaçov 1986-cı il 22
noyabr tarixdə "MK-ya təklif hazırlayın" dərkənarı
yazaraq MK-nın şöbə müdirləri N.İ.Savinkinə
və Y.Z.Razumovskiyə göndərdi. Tapşırığı
yerinə yetirən Sov.İKP MK inzibati orqanlar şöbəsinin
müdiri N.Savinkin və MK partiya-təşkilat işi
şöbəsinin müdir müavini N.Zolotaryev 1987-ci il
mayın 7-də MK-ya müvafiq məxfi məktubla müraciət
etdilər. Məktubda deyilirdi ki, "Sov.İKP MK-nın
şöbələri tərəfindən sovet əhalisi
içərisində mühacirət əhval-ruhiyyəsinin
olması barədə təkliflər
hazırlanmışdır. Bu materiallarda ermənilərin
SSRİ-yə repatriasiyası barədə məsələyə
də toxunulur. Qeyd edilənləri nəzərə alaraq Ermənistan
KP MK-nın müraciətinə yuxarıda göstərilən
bütün materialın müzakirəsi zamanı son olaraq
baxılmasını mümkün hesab edərdik". Məktubla
tanış olan Y.Liqaçov, A.Lukyanov, A.Dobrınin və b.
"razılaşdırılsın" dərkənarı
yazdılar.
SSRİ-yə köçmək istəyən
ermənilər kommunist və ya sosialist deyil, daşnaklar, sovet
hakimiyyətinə düşmən olanlar idi. Onların bir
çoxu SSRİ-ni dağıtmağa çalışan
xarici ölkələrin xüsusi xidmət orqanları ilə
əməkdaşlıq edirdilər. Həmin müraciətin
yerinə yetirilməsi təxirə salınsa da, bundan sonra erməni
dairələrinin əl-qolu daha geniş açıldı.
Xarici ölkələrdən ermənilər Ermənistan SSR-ə
gəlməyə başladılar. Onlar özləri ilə Cənubi
Qafqaza qatı millətçilik, düşmənçilik və
kin-küdurət gətirdilər. Bu region milli münasibətlər
baxımından SSRİ-nin ən zəif yeri idi.
Azərbaycanın
Dağlıq Qarabağ regionuna Ermənistanın əsassız
iddialarını irəli sürməsi.
Təcavüzün
başlanması
Erməni dairələri dayanmaq bilmirdi.
Qarabağ bölgəsinin heç bir zaman Ermənistan tərkibində
və erməni kütləsinin təsiri altında
olmamasına baxmayaraq, Ermənistan SSR 80-ci illərin
ortalarından etibarən Azərbaycana qarşı əsassız
ərazi iddiaları irəli sürdü.
Onlar məqsədlərinə
çatmaqdan ötrü Sov.İKP MK Siyasi Bürosunun
üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini Heydər Əliyevin üzərinə total böhtan
dolu hücuma keçdilər.
Heydər Əliyev 1987-ci il oktyabrın
21-də Sov.İKP MK plenumunda vəzifəsindən azad edildikdən
bir neçə gün sonra M.Qorbaçovun iqtisadi məsələlər
üzrə müşaviri Abel Aqanbekyanın Parisdə
"İnterkontinental" otelində yerli ermənilər
qarşısında etdiyi və noyabrın 18-də
"Humanite" qəzetində çap olunmuş
çıxışı gərginlik yaratdı. O, guya Azərbaycanın
Dağlıq Qarabağ regionunun əlaqəsini nəzərə
alaraq Ermənistana birləşdirilməsi barədə sovet rəhbəri
M.Qorbaçovun razılığını
aldığını bildirirdi. Tezliklə xarici ölkələrdəki
erməni mətbuatı və radiostansiyalarının
başlıca mövzusuna çevrilən həmin bəyanatın
ardınca Ermənistanın əsassız ərazi iddiaları
qızışdı.
1987-ci ilin noyabrında ermənilərin
nümayəndələri Moskvaya gedərək mərkəzi
orqanlar qarşısında əsassız tələblərini
irəli sürdülər. Elə həmin ayda Ermənistanın
Qafan və Meğri rayonlarında azərbaycanlılara
qarşı hücumlar oldu. Bunun nəticəsində yüzlərlə
azərbaycanlı qaçqına çevrilərək Azərbaycana
gəldi. 1988-ci ilin yanvarında artıq Azərbaycanda Ermənistandan
qovulan 4 min azərbaycanlı var idi.
1988-ci ilin fevralında Ermənistandan
nümayəndələr Moskvaya səfər edərək
sovet orqanları qarşısında tələblərini irəli
sürdülər. 1988-ci il fevralın 11-də isə
Stepanakertdə mitinqlər və konstitusiya quruluşu əleyhinə
hərəkətlər başladı. Həmin hərəkətlər
Ermənistanda və vilayətdə azərbaycanlılara
qarşı zorakılıq, hücumlar, bir müddət sonra
isə azərbaycanlı qaçqın və məcburi
köçkünlərin axını ilə müşayiət
olundu. Ermənistandan gəlib Azərbaycanın Dağlıq
Qarabağ regionunda təbliğat aparan "Qarabağ" və
"Krunk" təşkilatlarının fəalları,
Z.Balayan və İ.Muradyan kimi şəxslər iki xalq
arasında düşmənçilik toxumları səpir,
separatçılığı
qızışdırırdılar. Təşkilatların fəalları
Sov.İKP MK-nın məsul işçiləri olan
V.A.Mixaylova və A.V.Krıçinə istinad edərək
Dağlıq Qarabağ məsələsinə mərkəzdə
müəyyən dairələrdə
baxıldığını deyirdilər.
Heç şübhəsiz,
Dağlıq Qarabağ münaqişəsini Azərbaycan cəmiyyəti
doğurmamışdı. Bu, Ermənistanın bilavasitə
kobud müdaxiləsinin nəticəsi idi. Belə ki, artıq
80-ci illərin ortalarından etibarən Ermənistanda bir
çox müəssisə və kooperativlər yarımleqal
şəraitdə odlu silah, partlayıcı maddələr
istehsal edərək Azərbaycanın Dağlıq Qarabağ
bölgəsinə göndərirdilər. Sovet Ermənistanı
rəhbərlərinin himayəsi altında qanunsuz silahlı
birləşmələri silah və sursat, rabitə vasitələri,
o cümlədən nəqliyyatla təmin edirdilər. Eyni
zamanda Ermənistandakı azərbaycanlı kəndlərinə
hücumlar edilir, Azərbaycanın sərhədboyu
yaşayış məntəqələri atəşə
tutulur, müdafiəsiz əhali qorxu altında
saxlanılırdı. Ermənistanın müdaxiləsinin
dayandırılmaması Azərbaycanda əhalinin həm mərkəzə,
həm də respublika hakimiyyətinə olan inamını
sarsıdırdı.
Münaqişənin başlanmasına
SSRİ-də gedən bir sıra daxili amillər təsir etdi.
M.Qorbaçov ətrafındakı erməni xadimlərinin təsiri
altında idi. Başlamış olduğu yenidənqurma,
aşkarlıq və demokratikləşdirmə siyasəti həyata
keçirilmədiyi üçün yerlərdə
"günahkarlar" axtarmağa və onları cəzalandırmağa
cəhdlər edirdi.
SSRİ-nin dağılmasında
maraqlı olan bəzi Qərb dövlətləri də milli
münasibətləri qızışdırırdılar. Onlar
Sovet İttifaqını demokratik və güclü bir
dövlət kimi görməkdə maraqlı deyildilər. Ölkəni daha tez
dağıtmağın yolu milli münasibətləri kəskinləşdirməkdən
keçirdi.
Dağlıq
Qarabağ münaqişəsi bir neçə mərhələdən - gizli münaqişə;
aktuallaşdırılması və potensiala
çevrilməsi; yetişdirilməsi; tələbata
çevrilməsi; başlanması və ziyanlar
vurması mərhələlərindən keçmişdir.
Heç şübhəsiz, Dağlıq Qarabağ münaqişəsinin kökləri
bəzi ABŞ müəlliflərinin yazdığı kimi, etnik amilin
üstünlüyündə deyil, Ermənistanın
Azərbaycana qarşı əsassız ərazi iddialarında
idi. Uzun illər boyu antiazərbaycan, antitürk xətti Ermənistanda rəsmi
dövlət siyasəti səviyyəsində
qaldırılmışdı. Bu respublikada azərbaycanlıların
sıxışdırılması, tarix və
mədəniyyət abidələrinin
dağıdılması davam etdirilmişdi.
Artıq qeyd edildiyi kimi, M.Qorbaçovun
hakimiyyətə gəlməsi ilə həmin proseslər daha
da güclənmişdi. 1988-ci il fevralın 18-də etdiyi
çıxışında M.Qorbaçov SSRİ-də milli
münasibətlər məsələsinə baxmağın
vacibliyini söylədi. Bu, müttəfiq respublikaların
ittifaqdan ayrılma cəhdlərinə mane olmaq və
Sov.İKP MK Siyasi Bürosundan uzaqlaşdırdığı
rəqiblərinə qarşı bir təzyiq vasitəsi idi. M.Qorbaçovun
çıxışı erməniləri daha da
ruhlandırdı. Onlar fevralın 20-də DQMV Xalq
Deputatları Sovetinin iclasını keçirdilər. Sovetin tərkibindəki
140 deputatdan 110-u erməni, qalanları isə azərbaycanlılar
idi. Azərbaycanlı deputatlar yığıncağa
buraxılmadılar. Vilayətin erməni icmasının
nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan
SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan
SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar
qəbul etdilər. Bu, Azərbaycan ilə Ermənistan
arasında münasibətləri daha da gərginləşdirdi.
Vilayətdə azərbaycanlılara qarşı təzyiqlər
artdı.
Ermənistandan da azərbaycanlıların
qovulması çoxaldı. Fevralın 21-də Qafandan
qaçan 70 nəfər Azərbaycan KP MK-nın qəbul
otağına gələrək Ermənistanda
yaşamağın mümkün olmadığını
bildirdilər. Onları qəbul edən məsul işçilər
bu barədə "Ermənistan rəhbərliyinə
müraciət etməyi" məsləhət bildilər.
Fevralın
21-də Sov.İKP MK "Dağlıq Qarabağda hadisələr haqqında" qərar
qəbul etdi. Qərarda vilayətdə
yaranmış vəziyyət siyasi cəhətdən
ciddi qiymətləndirilirdi. Qeyd edilirdi ki, bu
regionda milli-ərazi quruluşunun
dəyişdirilməsi hərəkətləri və tələbləri
Azərbaycan və Ermənistan zəhmətkeşlərinin
maraqlarına ziddir, millətlərarası
münasibətlərə ziyan vurur, məsuliyyətli qərarlar qəbul
edilməsə, çətin düzələn nəticələrə
gətirə bilər. Qərarda bütün
bunların hamısının ekstremist əhval-ruhiyyəli
şəxslərin məsuliyyətsiz
çağırışlarına yerli partiya və sovet
orqanlarının gözləmə mövqeyi
nəticəsində olduğu göstərilirdi.
Sov.İKP MK vəziyyəti
normallaşdırmaq üçün bütün məsuliyyəti Azərbaycan və
Ermənistan KP MK-nın və şəxsən MK-nın birinci katiblərinin üzərinə qoyurdu. Qərarda vilayətin sosial-iqtisadi
inkişafına dair tədbirləri
işləyib hazırlamaq tapşırılırdı.
Azərbaycan
KP MK bürosu fevralın 22-də həmin
qərarı müzakirə edərək bəyəndi. Müvafiq qərar qəbul etdi.
Azərbaycan KP MK bürosunun qərarında
Sov.İKP MK qərarı mühüm
əhəmiyyətli siyasi sənəd kimi qiymətləndirilirdi. Vəziyyəti
normallaşdırmaq işi Dağlıq Qarabağ Vilayət Partiya
Komitəsinə tapşırıldı. Vilayətin sosial-iqtisadi inkişafı üçün
tədbirləri hazırlayıb Azərbaycan KP MK-ya təqdim etmək göstərişi verildi. Əhali arasında təbliğat
işləri aparmaq tövsiyə edildi. Mətbuat, radio
və televiziyanın imkanlarından istifadə edərək
erməni və Azərbaycan xalqı arasında dostluğun təbliği vacib
sayıldı.
Lakin həmin qərarlar yerinə
yetirilməmiş ilk qan
töküldü. Belə ki,
fevralın 22-də Xankəndi - Ağdam şose yolu üstündə
yerləşən Əsgəran qəsəbəsi
yaxınlığında silahlılar DQMV Xalq
Deputatları Sovetinin ayrılma barədə
qərarına qarşı etiraz edən dinc azərbaycanlılara atəş açdılar. İki azərbaycanlı gənc həlak oldu. Onlar münaqişənin
ilk qurbanları idi.
SSRİ Prokurorluğu təqsirli bilinən
şəxsləri həbs etdi. Bəzi
adamlar saxlanıldı. Lakin
həmin hadisəyə xarici ölkələrin
kütləvi informasiya vasitələri
kifayət qədər ciddi diqqət yetirmədilər.
Beləliklə, Ermənistanın Azərbaycanın
daxili işlərinə müdaxiləsinin ilk konkret nəticəsi
Əsgəranda 2 azərbaycanlının öldürülməsi
oldu. Münaqişənin ilk qurbanları da məhz azərbaycanlılar
oldular.
Fevralın 25-də işdə yol verdiyi
nöqsanlara görə Boris Gevorkov Dağlıq Qarabağ
Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən
azad edildi. Həmin vəzifəyə Vilayət Xalq
Deputatları Soveti sədrinin birinci müavini, Vilayət
Aqrar-Sənaye Kombinatının sədri Nikolay Poqosyan gətirildi.
Həmin gün Sov.İKP MK baş katibi
Mixail Qorbaçov Azərbaycan və Ermənistan zəhmətkeşlərinə
müraciət etdi. Bu müraciətdən irəli gələn
vəzifələrin yerinə yetirilməsi tədbirləri
barədə Sov.İKP MK qərar qəbul etdi. Azərbaycan KP
MK bürosu fevralın 26-da həmin qərarı bəyəndi.
Əhali arasında geniş iş aparmaq tədbirləri
müəyyənləşdirildi.
Bütün bunlara baxmayaraq, Ermənistan
Azərbaycan ərazilərini işğal etmək məqsədi
ilə hərbi bazalar yaratmaq üçün əraziyə hərbi
birləşmələr, böyük miqdarda silah, sursat
göndərməyə, azərbaycanlı əhaliyə
qarşı terror hərəkətlərini həyata
keçirməyə, onları öldürməyə, evlərini
yandırmağa və sərhəd kəndləri atəşə
tutmağa başladı. Azərbaycanın daxili işlərinə
kobud surətdə müdaxiləni davam etdirdi. Ermənistan təcavüzkarlığını
ört-basdır etmək üçün Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində "erməni
xalqı"nın öz müqəddəratını təyin
etməsi, ermənilərin hüquqlarının pozulması,
sosial-iqtisadi inkişafının geriliyi barədə
mülahizələr irəli sürməyə başladı.
Lakin artıq qeyd edildiyi kimi, bütün bunların heç
bir əsası yox idi.
Bu zaman Ermənistandan azərbaycanlıların
qovulması artıq kütləvi hal almışdı. Qaçqınlar
Azərbaycanın müxtəlif rayonlarına, xüsusən
Bakı və Sumqayıt şəhərlərinə üz
tuturdular. Ermənistandan qovularaq evsiz-eşiksiz qalan və
yaşamaq üçün imkanları olmayan həmin insanlar
dövlət orqanlarından hüquqlarının
qorunmasını tələb edirdilər. Əsgəranda 2 azərbaycanlının
öldürülməsi də əhalini daha da hiddətlənmişdi.
Onlardan fərqli olaraq ermənilər Azərbaycanda
yaşayır və işləyirdilər.
Yaranmış gərgin vəziyyətdə
1988-ci il fevralın 26-28-də Sumqayıtda
iğtişaşlar baş verdi. Azərbaycan SSR DTK sədri
Ziya Yusifzadənin həmin hadisədən bir neçə
gün sonra, martın 7-də Azərbaycan KP MK-ya
yazdığı məxfi arayışdan aydın olur ki,
artıq o vaxtadək Ermənistanın 20 rayonundan təkcə
Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030
ailə gəlmişdi. Onların içərisində 4 rus
ailəsi də var idi. İğtişaşlar nəticəsində
32 nəfər öldü. Onların 24 nəfəri erməni,
5 nəfəri azərbaycanlı, qalanları isə digər
xalqlardan idi. Bədən xəsarəti alan 198 nəfərin
87 nəfəri xəstəxanaya yerləşdirildi. 60 mənzil
qarət edildi. 14 avtomaşın yandırıldı. 8
maşın zədələndi. 16 ticarət obyektinin
şüşələri sındırıldı. Azərbaycan
SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.
İstintaq materiallarından aydın olur
ki, hücum edənlər artıq əvvəlcədən
müəyyənləşdirilmiş mənzilləri
seçmişdilər. Öldürülən ermənilər
erməni təşkilatlarına pul ödəməyən
şəxslər idi. Onların siyahıları əvvəlcədən
hazırlanmışdı. Hadisələrdə şəhərin
yerli əhalisindən olmayanlardan ibarət olan cinayətkar
elementlər iştirak etmişdilər.
Hadisənin təşkilatçılarından
biri ermənilərin qətli və erməni
qadınlarının zorlanmasında bilavasitə iştirak edən
Eduard Qriqoryan idi. O həmin iğtişaşlara qədər
cinayət əməlləri üstündə bir neçə
dəfə həbsxanada yatmışdı. Azərbaycan SSR Ali
Məhkəməsi sonralar, 1989-cu il 22 dekabr tarixli qərarı
ilə Qriqoryanı 12 il həbs cəzasına məhkum etdi. Məhkəmə
Qriqoryanın iğtişaş və qırğınların
təşkilatçılarından biri olması barədə
hökm çıxardı. Şahidlərin və hadisə
qurbanlarının məhkəməyə verdikləri ifadələrindən
Qriqoryanda ermənilərin yaşadıqları mənzillərin
siyahısının olduğu və intiqam aktlarına
çağırdığı aydın olur. Onun
qurbanlarının hamısı ermənilər idi. Əsasən
erməni milliyyətindən olan şahidlər məhkəmə
prosesində Qriqoryanı zorakılığın təşkilatçılarından
və fəal iştirakçılarından biri kimi
tanıdılar. Əslində Ermənistan rəhbərliyinə
geniş antiazərbaycan kampaniyasına başlamaq və Azərbaycana
qarşı təcavüzkarlıq siyasətinə bəraət
qazanmaq üçün vasitə kimi lazım olan Sumqayıt
hadisəsi əvvəlcədən
planlaşdırılmışdı.
Sumqayıt hadisəsi respublikaya təzyiq
etmək, onu nüfuzdan salmaq, DQMV-nin Azərbaycan tərkibində
qalmasının, ermənilərin azərbaycanlılarla bir
yerdə yaşamasının
qeyri-mümkünlüyünü dünyaya göstərmək
üçün erməni qrupları və mərkəzi
hakimiyyət tərəfindən törədilmişdir. Bununla
belə, Sumqayıt hadisələrində bir çox azərbaycanlı
erməniləri mənzillərində gizlədərək
ölümdən xilas etmişdi.
(Ardı var).
Musa
QASIMLI,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru,
professor
Ayna.-
2011.- 13 avqust.- S.19.