Ələviyyə Babayeva - 90
Ədəbi yaddaşda qalmağı bacardı
Bizim gəncliyin populyar
yazıçılarından olmuş, əsərləri
indinin özündə də çox oxunan yazıçı
Ələviyyə Babayevanın avqustun 12-də 90 yaşı
tamam olur. Hər yazıçıya 90 il ömür qismət
olmur. Ələviyyə xanımı ad günü münasibəti
ilə biz təbrik edir, ona cansağlığı
arzulayırıq. Ədəbi
mühitdə onu erudisiyalı, bir neçə dili kamil bilən və onlarda
səlis danışan, dünya ədəbiyyatının
bilicisi, olduqca
mütaliəli
bir yazıçı kimi
xarakterizə edirlər. Bu mühitdə ona ümumən ehtiramlı bir
münasibət var.
Bakıda
dünyaya göz
açıb. ADU-nun filologiya
fakültəsində təhsil alıb, ədəbi fəaliyyətə
1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc
olunmuş "İki
həyat" adlı hekayəsi ilə başlayıb. Elə o zamandan öz
orijinal hekayələri, povest
və romanları ilə vaxtaşırı oxucuların
görüşünə gəlib. Və beləcə 75 il qələm əlindən düşməyib
Ələviyyə xanımın.
Çağdaş rus ədəbiyyatından
gənc oxuculara ünvanlanmış xeyli tərcümələr
də onun ədəbi bioqrafiyasına
yazılmışdır. Sadalayaq: A.Qaydarın "Uzaq ölkələr"
(1950), V.Biankinin "İz ilə" (1947), "Ayı
balası" (1959), "Qırmızı təpə"
(1963), K.Paustovskinin "Oğru pişik" (1951),
V.Q.Korolenkonun "Satın alınmış uşaqlar"
(1962), Y.Sotnikin "Əcaib quş" (1964), V.Astafyevin
"Ulduz xəzanı" (1970), Y.Çaruşinin "Nikitanın
oyuncaqları" (1984) və b. Bu tərcümələr bir
zamanlar kütləvi tirajla çap olunmuşdu. Onun Turgenev,
Tolstoy, Çexov kimi yazıçılardan da tərcümələri
vardır.
Ələviyyə xanım "Azərbaycan
qadını" dərgisində məsul katib (1951-1973),
"Gənclik" nəşriyyatında müasir ədəbiyyat
şöbəsinin müdiri (1973-1976), sonra baş redaktor
(1976-1985), Yazıçılar Birliyində tərcümə
bölməsinin rəhbəri olmuşdu.
Saysaq, indiyədək 60-dan çox
kitabı işıq üzü görüb. Bir
yazıçı olaraq adını ən çox tanıdan
isə "Adamlar və talelər" romanı oldu.
Ardınca "Əlvida", "Bəlkə sabah
olmadı", Son döngə", "Dəli Sona" və
s. kimi romanları çıxdı. Ümumilikdə 7 roman.
Kitabları bir çox xarici ölkələrdə nəşr
olundu. Bir sözlə, bu 75 ildə məhsuldar
çalışdı, milli ədəbiyyatımızda iz
qoydu, onun dünyada tanınmasına öz yazıçı
töhfələrini verdi.
Umudlu İ.
Ayna.-
2011.- 13 avqust.- S.20.