Rasim
Balayev: "Savadsız olub, yaxşı aktyor olmaq mümkün
deyil"
Aktyor
özünü rejissor kimi görmür
Bir az əvvəl səhhətində
problem yaranan və bu səbəbdən xəstəxanada yatan
xalq artisti, Kinematoqrafçılar İttifaqının birinci
katibi Rasim Balayev yenidən iş başındadır. Qurumun isə
problemləri bitənə bənzəmir. Çünki
maddiyyat öndə gəlir. Aktyor söhbətinə elə
bu mövzuya toxunmaqla başladı:
- Nə müddətdir maddi problemlərlə əlləşirik.
Hələ ki bir nəticə olmayıb.
İflic
vəziyyətindəyik. Əvvəllər müxtəlif mənbələrdən
maddi yardım alırdıq. Bu gün bunlar yoxdur. Aidiyyəti təşkilatlara, hətta prezidentə müraciət etmişik.
Bir ilə yaxındır gözləmə mövqeyindəyik.
-
İşçilər bu
vəziyyətə necə
baxırlar?
- Getmək istəyirlər, bir neçəsini özümüz
ixtisara salmışıq.
Bəziləri maaşsız gəlib-gedir,
içi mən qarışıq. Gözləyirik. Hələ ki, ümidlə yaşayırıq.
- Bəlkə dövlətdə
hesab edirlər ki, Kinematoqrafçılar
İttifaqına heç
ehtiyac yoxdur?
- Yoxdursa, desinlər ki, sizin fəaliyyətiniz bizə lazım deyil. Sizin fəaliyyətinizi, tutalım, başqa bir qurum aparacaq.
Biz də çıxaq
gedək. Amma
bunu da demirlər.
- Maddi probelemlər hansı işlərə,
layihələrə mane oldu?
- İlboyu plan tuturuq, müxtəlif tədbirlər keçiririk.
Çox
vaxt səfirliklərlə
əlaqə saxlayıb,
İran, Fransa, Rumıniya, Macarıstan və başqa ölkələrin filmlərinin
həftələrini keçiririk.
Sonra ayrı-ayrı sənət
adamlarının yubileylərini
qeyd edirik, gənc kinematoqrafçıların
işlərinə baxıb
müzakirə aparırıq.
Doğrudur, tez-tez böyük
festivallar keçirə
bilmirik. Amma "Şərq-Qərb"
kinofestivalını məhz
biz keçirirdik. Özü də
mərhum Heydər Əliyevin sərəncamı
əsasında. 11 festivaldan sonra ənənə dayandı.
Deyilənə görə,
"Nizami" kinoteatrını
festival mərkəzi edəcəklər. Orda yenidən festival
keçiriləcək. Yəni burada işlər çox olur.
Maddi imkanlarımız olmadığına görə bu
işlərin hamısını dayandırmışıq. Mən
demirəm işlərin çox xərci var, amma az da olsa
lazımdır. Həm də maddi durum yaxşı olanda
insanın tədbirlər planı daha da zənginləşir,
yeni-yeni ideyalar yaranır. Amma olmayanda, adam
iş barədə heç fikirləşmək
istəmir.
- Sizin
iştirakınızla çəkilmiş "Nəsimi",
"Babək", "Dədə Qorqud" kimi filmlər
telekanallarda vaxtaşırı yayımlanır. Bu filmlər köhnəlmir. Amma son filmlər,
məsələn, "Cavid ömrü", "Qala" eyni
taleyi yaşamadı. Necə düşünürsünüz, niyə telekanallar bu filmlərə laqeyd qaldı?
- Vaxtilə bu filmlərin əsas
tamaşaçıları kinoteatrlarda olurdu. Əvvəl bir
televiziya vardı, nə yayımlanırdısa, hamı ona
baxmağa məcbur idi. Artıq bizim filmlərin göstərilən
yeri bircə televiziyadır. Kinoteatrlar bilirsiniz nə vəziyyətdədir.
Bircə qalıb "Azərbaycan" kinoteatrı, orda da
ancaq Amerika filmləri göstərilir. Yəni
bu mənada ancaq televiziya qalır, onlar da kefləri istəyəndə...
- Mürəkkəb obrazlar yaratmısınız, bu obrazlara necə hazırlaşırdınız?
- Hər filmin hazırlıq prosesi özünəməxsus
olub. Məsələn "Nəsimi" filmini çəkməyə
başlayanda, rəhmətlik
Həsən Seyidbəyli
(əli ilə şkafın üzərindəki
3 tablodan birini göstərərək "Bax,
o lap sağdakı. O buranın
birinci katibi idi. Həm də rejissor.
Bax, bu stullar
da, mebel də dəyişməyib", -
deyə əlavə edir) ilə burda yığışıb
filmin epizodlarının hamısını bir-iki ay məşq
etdik. İlk işim olduğundan Həsən Seyidbəyli tam əmin
olandan sonra təsdiq olundum. Çəkilişlər
başladı. O biri filmlərdə də başqa cür.
Bilirsiz ki, yoxlanış olur, bir rola bir neçə aktyoru
yoxlayırlar. Həm "Dədə Qorqud"da, həm
"Babək"də belə oldu. Məsələn, Babək
xarakter etibarı ilə Nəsimidən çox fərqlidir.
Bu rolu ifa edərkən qılınc oynatmalı, at
çapmalıydım. Üzgüçülüyə
getdim. O səbəbdən filmin
hazırlığı bir
neçə ay çəkdi.
- Nəsimi
və Cavid. Hər ikisi şair olub. Rollara hazırlaşarkən onların
səslərini oxuyurdunuz?
- Cavidin şəkli var. Az
da olsa, xronikada görünür.
Amma Nəsimi zamanında foto olmayıb. Mənim üçün əsas mənbə yazılmış
ssenari, ordakı dialoqlar idi. Bir də, təbii ki, onun şeirləri.
Şeirləri oxuyub təxmin
edirdik ki, Nəsimi belə olar, belə yeriyər, belə danışar. Amma Hüseyn
Cavid yaxın keçmişdə yaşayıb.
Düzdür, mən,
ola bilsin
ki, bu obraza
portret etibarı ilə o qədər də uyğun deyildim. Amma müəlliflər məni inandırdılar ki, biz bu rola
portret oxşarlığı
cəhətdən deyil,
xarakter oxşarlığı
kimi yanaşırıq.
- Neçə ildir dublyajlarda iştirak edirsiniz?
- Mən çox dublyajda iştirak etmişəm. Vaxtilə kinostudiyada dublyaj şöbəsi vardı.
SSRİ məkanında Azərbaycan ən çox dublyaj edən respublikalardan biri idi. Biz ildə 60 özbək,
gürcü və xarici filmləri dublyaj edirdik. Mən də əsas obrazları səsləndirirdim.
Sonradan bu qurumlar dağıldı
və ya bağlandı. İndi də
dublyaj edirlər.
Ancaq hiss edirəm ki, dublyajın vəziyyəti tamaşaçıların
xoşuna gəlmir. Amma bəzi filmlər var. Eşitmişəm tamaşaçı
razı qalıb.
Məsələn, Yusif peyğəmbər
haqqında filmi bəyəniblər. Mən də
bir neçə seriyasına baxdım.
Doğrudan yaxşı dublyaj
olunmuşdu. Amma ümumən
camaat narazıdı, çünki eyni səslərdən istifadə
olunur. Bir də görürsən
ki, bir filmi
ikicə şəxs səsləndirir. Sinxron tərcümə,
demək olar, yoxdur. Bu sahəyə
maliyyə ayrılmalıdır.
Bütün rolları ayrı-ayrı
şəxslər səsləndirməlidir.
- Daha çox dublyaj olunmuş filmlər təkrar dublyaj edilir.
- Bəli. Ssenaridə müəyyən psixoloji anlar olur. Aktyor əsəbi oynayır.
Amma onu səsləndirən rahat danışanda, aktyorun oyunu itir. Dublyajda diktor mətni
ilə tərcümə edilir, bu da effekt vermir. Aktyorun
filmdəki vəziyyətinə uyğun olmaq üçün
çox iş görmək lazımdır. Mətn yaxşı
tərcümə olunmalıdır, müəyyən sözlərin
ağıza düz gəlməsi üçün sinonimləri
tapmaq gərəkdir. Bunların hamısı işdir. Bunsuz yaxşı dublyaj mümkün deyil.
-
Ən son oxuduğunuz
kitablar hansılardır?
- Sağ olsunlar, yaxşı şair,
yazıçı dostlarım var. Onların kitablarını
oxuyuram. Məsələn, bu gün mənə kitab
bağışlayıblar. Bir azərbaycanlı Hindistanda
neftin atası sayılır. Qəribədir, bu haqda heç
bilmirdim. Gedib onu oxuyacam. Bəzən darıxanda elə Nəsimini,
Füzulini, klassik ədəbiyyatımızı vərəqləyirəm.
Əsas mətbuatı oxuyuram. Amma cavanlıqdakı kimi yox.
Amma oxuyuram, 30 ildir yatmaq istəyəndə kitab oxuyuram. Mənə vaxtı ilə deyirdilər, gözə ziyandı, amma oxumasam, yata bilmərəm, vərdiş
etmişəm. Bir səhifə
də olsa oxumalıyam.
-
Ən çox sevdiyiniz əsərlər
hansılardır?
- Yaxşı əsərlərin hamısını
sevirəm.
- Gənc
aktyorların çox kitab oxumadıqları deyilir. Hətta bəziləri
ancaq öz mətnini əzbərləyib, bütün ssenarini
oxumur. Bu haqda mövqeyiniz necədir?
- Mən gənclərin çoxunu
yaxşı tanımıram, bilmirəm onlar necə edirlər.
Amma bizim məktəb başqa cür idi. Mən Hüseyn
Cavidin bütün pyeslərini oxumuşam. 80-ci illərdə
Milli Dram Teatrında onun "İblis" əsəri səhnələşdirildi.
Mən Arif obrazını oynamışam. Bir obrazı
oynayanda, bir epoxa haqqında film çəkəndə
oxuyurduq. Doğrusu, oxumaq adama istedad vermir, amma məlumatlı
olmaq yaxşıdır. Oynadığın əsəri
mütləq bilməlisən. Məsələn, Babək
haqqında müəyyən məlumatlar var idi. Çoxu ərəblərdən
qalmışdı, onlar da Babəki heç yaxşı təsvir
etməyiblər. 200 il sonra Hitleri rus ədəbiyyatından
oxuyub kino çəkmək kimi. Mən gənc aktyorların
iş prinsipini bilmirəm, amma siz deyən kimidisə, çox
pis. Savadsız olub, yaxşı
aktyor olmaq mümkün deyil.
- Özünüzü rejissor
kimi sınamaq istəmisiniz?
- Yox, rejissorluq barədə
düşünməmişəm. Çünki bu sənət
çox ağırdır. Ola bilsin, bəzi aktyorlar rejissorluq
edir. Amma mən özümdə bu qabiliyyəti hiss etmirəm..
Xatun
Ayna.- 2011.- 20 avqust.- S.20.