Onu "Balaban bəy" deyə çağırıblar

 

Əlixan Səmədovun balabanı Türkiyəni fəth etdi

 

Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov xarici ölkələrdə balabana olan maraqdan danışır:

"Rəqslərdə, bilirsiniz ki, ən çox klarnetdən istifadə olunur. Balaban isə yalnız konsertin açılış və bağlanışında səslənir. Balaban səslənəndə görürdüm ki, salona bir səssizlik çökür və insanlar bu alətin səsinə çox diqqətlə qulaq asırlar. Balaban sanki insanları ovsunlayırdı.

Ardınca məni Qazientep Konservatoriyasına müəllim kimi balabandan dərs deməyə dəvət etdilər. Lakin onların dərs sistemi mənə çox zəif gəldi. Daha sonra İstanbul Universiteti nəzdindəki konservatoriyaya dəvət aldım. Amma orada da çox qala bilmədim. Çünki onların da təhsil sistemi çox zəifdir. Özləri də etiraf edirdilər ki, onların adlı-sanlı musiqiçiləri gəlib Bakıda təhsil alırlar. Müqayisə üçün demək istəyirəm ki, buranın orta musiqi məktəbi oranın konservatoriyasından daha üstündür. Orada konservatoriyanın tar sinfinin 4-cü kurs tələbəsi var ki, tarı tanımır.

Bizdə 10 il musiqi təhsili alandan sonra konservatoriyaya girmək mümkün olur. Bu vaxt peşəkar səviyyədə alətdə çalır, Avropa musiqisini bilirlər. Bir məsələ var ki, Azərbaycanda peşəkar musiqiçi olmaq üçün 15 il təhsil almaq lazımdır. Bu barədə orada tanınmış professorlara iradımı bildirəndə mənimlə razılaşırdılar". Əlixan Səmədov 18 alətdə ifa edir, ancaq o, Türkiyədə yalnız balabanla tanınır. İfaçı məsələyə belə aydınlıq gətirdi: "Türkiyədə Azərbaycan balabanını tanımırdılar. Bu da məni bir qədər düşündürürdü. Bu məqsədlə ifa etdiyim başqa alətləri bir kənara qoyub, cırf balabanla məşğul olmağa başladım.

Qeyd edim ki, qarmona orada akkordeon deyirlər. 1998-ci ildə hazırlıqlarına başladığım "Balaban" adlı albomumu iki ildən sonra hazır etdim satışa buraxıldı. Bu, milli alətimiz haqqında bəzi musiqiçilərdə maraq oyatmağa başladı. Türkiyədə belə bir ənənə var ki, albom hazırlamaq üçün 2-3 il sərf olunur ki, sonradan hər hansı nöqsana görə qapı-qapı gəzib, o diskləri yığmaq məcburiyyətində qalmayasan.

 Əslində həmin albomu mən az sayda dost-tanış üçün buraxdırmışdım. Amma sonradan bu albom əldən-ələ yayılaraq Amerikaya gedib çıxdı. Sonra gördüm ki, mənim ifalarımı Türkiyənin aparıcı radio-televiziya kanallarında səsləndirirlər. Onda məni Türkiyədə indiki kimi tanımırdılar. Bəzən mənə albomun adı ilə "Balaban bəy" deyə müraciət edənlər olurdu. Yavaş-yavaş "Balaban" albomu Türkiyədə məşhurlaşandan sonra özümdə məsuliyyət hiss etdim "balaban"la bağlı araşdırmalara başladım, bir çox arxivlərə müraciət etdim, onun tarixini öyrəndim. Açığını deyim ki, çox çətinlik çəkdim, çünki doğru-dürüst bir mənbə tapa bilmirdik".

 

 

Xatun

 

Ayna.- 2011.- 20 avqust.- S.21.