Azərbaycanın müstəqilliyinin 20 ili: xarici siyasətin formalaşması (1991-2003)

 

 (Ardı. Əvvəli 11,18,25 iyun, 2,9,16,23,30 iyul, 6, 13 avqust sayımızda)

 

İstintaq materiallarından aydın olur ki, hücum edənlər artıq əvvəlcədən müəyyənləşdirilmiş mənzilləri seçmişdilər. Öldürülən ermənilər erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. Onların siyahıları əvvəlcədən hazırlanmışdı. Hadisələrdə şəhərin yerli əhalisindən olmayanlardan ibarət olan cinayətkar elementlər iştirak etmişdilər.

Hadisənin təşkilatçılarından biri ermənilərin qətli və erməni qadınlarının zorlanmasında bilavasitə iştirak edən Eduard Qriqoryan idi. O həmin iğtişaşlara qədər cinayət əməlləri üstündə bir neçə dəfə həbsxanada yatmışdı. Azərbaycan SSR Ali Məhkəməsi sonralar, 1989-cu il 22 dekabr tarixli qərarı ilə Qriqoryanı 12 il həbs cəzasına məhkum etdi. Məhkəmə Qriqoryanın iğtişaş və qırğınların təşkilatçılarından biri olması barədə hökm çıxardı. Şahidlərin və hadisə qurbanlarının məhkəməyə verdikləri ifadələrindən Qriqoryanda ermənilərin yaşadıqları mənzillərin siyahısının olduğu və intiqam aktlarına çağırdığı aydın olur. Onun qurbanlarının hamısı ermənilər idi. Əsasən erməni milliyyətindən olan şahidlər məhkəmə prosesində Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi tanıdılar. Əslində Ermənistan rəhbərliyinə geniş antiazərbaycan kampaniyasına başlamaq və Azərbaycana qarşı təcavüzkarlıq siyasətinə bəraət qazanmaq üçün vasitə kimi lazım olan Sumqayıt hadisəsi əvvəlcədən planlaşdırılmışdı.

Sumqayıt hadisəsi respublikaya təzyiq etmək, onu nüfuzdan salmaq, DQMV-nin Azərbaycan tərkibində qalmasının, ermənilərin azərbaycanlılarla bir yerdə yaşamasının qeyri-mümkünlüyünü dünyaya göstərmək üçün erməni qrupları və mərkəzi hakimiyyət tərəfindən törədilmişdir. Bununla belə, Sumqayıt hadisələrində bir çox azərbaycanlı erməniləri mənzillərində gizlədərək ölümdən xilas etmişdi.

Sumqayıt hadisəsi Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il 29 fevral iclasında müzakirə edildi. İclasda sədrlik edən M.Qorbaçov Yerevanda vərəqələrin yayıldığını diqqətə çatdırdı. Həmin vərəqələrdə ermənilərdən mitinq etməyi dayandırmaq, silaha sarılmaq və türklələrə qarşı hücuma keçmək çağırışları edilirdi. Yerevanda ordu qərargahına atəş açılmış, güllə qərargah rəisinin otağının pəncərəsinə dəymişdi. M.Qorbaçov onları ekstremist adlandırıraraq bildirdi ki, mitinqlərdə bütün çıxışlarda əsas mövzu Qarabağ və onun Ermənistana birləşdirilməsidir. Daha sonra o, Ermənistandan olan yazıçılar Silva Kaputikyan və Zori Balayan ilə etdiyi söhbəti xatırlatdı. M.Qorbaçov onlarla söhbətində bu tarixin çətin olduğunu demişdi. M.Qorbaçova görə, hadisələrin iki səbəbi var idi: bir tərəfdən, Qarabağda çoxlu diqqətsizlik olmuşdu, ikincisi isə "ermənilərdəki daimi hissiyyat başlanğıc rolu oynamışdı". M.Qorbaçov Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibinin 14 il ərzində bir dəfə də olsun Yerevana getmədiyini, Ermənistana aparan yolların baxımsız olduğunu, mədəni əlaqələrin kəsildiyini, bütün bunların düşünülərək edildiyini dedi. Daha sonra qeyd etdi ki, Dağlıq Qarabağda Türkiyə televiziya kanallarına baxırlar, Ermənistan televiziyasına isə yox.

İclasda qaçqınlar məsələsinə də toxunuldu. M.Qorbaçov Ermənistandan azərbaycanlıların qaçması faktının olduğunu təsdiq edərək 55 nəfərin qovulduğunu dedi. Georgi Razumovski isə 200 nəfər azərbaycanlının Ermənistandan getdiyini, Azərbaycanda isə qorxuya düşmüş 200 erməninin məktəbdə yerləşdirildiyini bildirdi. Daha 500 nəfərin də toplandığını qeyd etdi.

İclasda iştirak edən Sov. İKP MK təşkilat-partiya şöbəsi müdirinin müavini E.Razumov çıxış edərək azərbaycanlının Ermənistandan çıxıb gedərkən qaçdığını söyləmədiyini, guya qonaq getdiyini, ona görə də hesabı Azərbaycan üzrə aparmağın lazım olduğunu bildirdi. Əlavə etdi ki, azərbaycanlı Ermənistandan Azərbaycana gəlir və birbaşa deyir ki, mən artıq Ermənistana qayıtmıram.

M.Qorbaçov Dağlıq Qarabağ Muxtar Vilayətinə yeni rəhbərin təyin edilməsi məsələsinə də toxunaraq vurğuladı: "Ermənistandan ona zəng edib sizdən ötrü bütün Ermənistanı ayağa qaldırmışıq, bəs siz niyə gözləyirsiniz?" deyildiyini Siyasi Büro üzvlərinin diqqətinə çatdırdı.

SSRİ DTK sədri Viktor Çebrikov kolxozlardan adamların Stepanakertə axışdığını, M.Qorbaçov isə Stepanakertdə ocaqların qalandığını, kabablar bişirildiyini, 500, 1000 nəfərin meydanda qaldığını bildirdi. SSRİ daxili işlər naziri Aleksandr Vlasov mitinqlərdə iştirak edənlərin sayının 1000 nəfərdən çox olduğunu dedi. M.Qorbaçov isə vurğuladı ki, Ermənistanda deyirlər, elə etmək lazımdır mitinq ocağı sönməsin. Daha sonra etiraf edərək dedi ki, burada onsuz da Ermənistandan gələn təlimat və əlaqə ilə hərəkət edildiyi açıq-aydın görünür. MK baş katibi ilk ölümün Azərbaycanda olduğunu, bunun şayiələr yaratdığını söylədi. Azərbaycanlıların qisasdan qorxaraq Ermənistandan qaçmağa başladıqlarını, onlara yaşamağa imkan verilmədiyini söylədiklərini Siyasi Büro üzvlərinin diqqətinə çatdırdı.

M.Qorbaçov daha sonra Azərbaycanda başlayan hərəkat üzərində dayandı. Onun tənzimləndiyini, kombinə edildiyini, bunun xüsusən Naxçıvanda aydın göründüyünü vurğuladı. Əlavə etdi ki, orada da kütlələr toplaşıb, katib gəlmiş, çıxış etmiş və 30 dəqiqədən sonra adamlar dağılışmışlar. Bununla da M.Qorbaçov Azərbaycanda mitinqlərin düşünülmüş şəkildə təşkil edildiyini vurğulayırdı.

M.Qorbaçov Sumqayıtda 14 nəfərin öldürüldüyü, Viktor Çebrikov isə 110 nəfərin yaralı olaraq xəstəxanaya yerləşdirildiyi barədə məlumat verdi. M.Qorbaçov Sumqayıt hadisəsini ermənilərə cavab kimi qiymətləndirdi. A.Vlasovun məlumatına görə, Sumqayıtda 14 nəfər, o cümlədən 3 qadın öldürülmüşdü. Onlardan 3-ü azərbaycanlı, 6-sı erməni idi. 71 nəfər isə bədən xəsarəti almışdı. Onların 48 nəfəri erməni idi. 47 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı.

Siyasi Büronun iclasında baş verən hadisədə Azərbaycan rəhbərliyi təqsirləndirildi. Həm Ermənistanda, həm də Azərbaycanda rəhbərliyin dəyişdirilməsi barədə fikirləşmək barədə razılaşdırıldı. MK katibi A.Yakovlev Sumqayıta ordu yeritməyin, hakimiyyətin gücünü göstərməyin lazım olduğunu söylədi. Şəhərdə komendant saatının tətbiqi barədə qərar qəbul olundu.

Sumqayıt hadisəsi sonralar, mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırovun sədrliyi ilə MK bürosunun iclasında geniş müzakirə edildi. Müzakirə nəticəsində iki qərar qəbul edildi: Birinicisi, "Sumqayıt şəhərində vəziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında", ikincisi isə "1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında". İclasda şəhərdə vəziyyəti normallaşdırmaq və milli münasibətləri sabitləşdirmək üçün konkret tədbirlər müəyyənləşdirildi.

Bu qərarlara baxmayaraq, Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxilələri dayanmırdı. Ermənistandan azərbaycanlıların qovulması davam edirdi. Azərbaycana gələn qaçqın axını artırdı.

Azərbaycan hakimiyyətinin vəziyyəti sabitləşdirmək səylərinə baxmayaraq, Ermənistanın kobud müdaxilələrini dayandırmaq mümkün olmurdu. Azərbaycan SSR DTK sədri Ziya Yusifzadənin Azərbaycan KP MK-ya 1988-ci il martın 7-də göndərdiyi məxfi məktubunda millətçi əhval-ruhiyyəli şəxslərin Ermənistandan DQMV-nin bir sıra rayonlarına gələrək Dağlıq Qarabağ regionunun Azərbaycan SSR-in tərkibindən çıxarılmasından ötrü yüksək dairələrə müraciət etmək və Ermənistan SSR və DQMV-dən Moskvaya heyət göndərmək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti ilə məşğul olduqlarını yazırdı.

Qeyd etmək lazımdır ki, iki xalq arasında milli münasibətlərin qızışdırılmasında erməni din xadimləri də rol oynayırdılar. Bu baxımdan Azərbaycan SSR DTK-nın 1988-ci il 11 mart tarixli ən məxfi məlumatı diqqəti cəlb edir. Məlumatdan aydın olur ki, 1988-ci il martın 8-10-da Bakıdakı erməni kilsəsinin dyakonu (aşağı rütbəli keşiş - M.Q) S.S.Davityan Eçmiadzinə gedərək bütün ermənilərin katolikosu I Vazgenin qəbulunda olmuş, ieoromonaxlar İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyan ilə görüşmüşdü. Matevosyan Bakı və Sumqayıtda vəziyyətlə maraqlanmış və suallar vermişdi. Bakı ermənilərinin Dağlıq Qarabağ məsələsində bitərəf mövqe tutmasının səbəbləri ilə maraqlanmışdı. Bildirmişdi ki, Bakı erməniləri böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar. S.Davityan cavabında demişdi ki, Ermənistan əhalisinin çıxışları Bakı ermənilərinin vəziyyətinə mənfi təsir edə bilər. Bu zaman İsaxanyan, Mkrtıçyan və dyakon Matevosyan belə söyləmişdilər: "Burada qorxulu heç nə yoxdur, onları (Bakı erməniləri nəzərdə tutulur - M.Q.) qurban vermək olar".

Vəziyyət gərginləşdiyi bir zamanda Ermənistan hakimiyyəti Yerevanda yerli məscidi bağladı. Məcsidin bağlanması azərbaycanlıları hiddətləndirdi. Qafqaz Müsəlmanları Dini İdarəsinin rəisi şeyxülislam Hacı Allahşükür Paşazadə məscidin açılması barədə I Vazgenə müraciət etdi. Lakin həmin müraciət yerinə yetirilmədi. Məsələni həll etmək üçün SSRİ Nazirlər Soveti yanında dini işlər üzrə səlahiyyətli nümayəndənin Ermənistana təsir göstərməsindən ötrü müraciət etmək məsləhət bilindi. Lakin həmin müraciət də bir nəticə vermədi.

Ermənistanın Azərbaycana qarşı müdaxiləsi və iki respublika arasında münaqişə Sov.İKP MK-da 1988-ci il martın 9-da keçirilən müşavirədə geniş müzakirə edildi. Müşavirədə Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov və Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçyanın məlumatları dinlənildi. M.Qorbaçov çıxış etdi. O bəzi mürəkkəbliklərə baxmayaraq, respublikalarda vəziyyətin normal məcraya düşdüyünü bildirdi. Müəssisələr və təhsil ocaqları işləyirdi, ictimai qayda-qanuna əməl edilirdi. Sumqayıt hadisələri ilə bağlı istintaq işi davam etdirilirdi. Siyasi Büronun qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində yığılıb qalmış problemləri dərindən və hərtərəfli öyrənmək tapşırılmışdı.

Müşavirədə Andrey Qromıko, Yeqor Liqaçov, Nikolay Rıjkov, Aleksandr Yakovlev, Pyotr Demiçev, Vladimir Dolgix, Georgi Razumovski, Anatoli Lukyanov, eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin sədri Həsən Seyidov, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qrant Voskanyan və Ermənistan SSR Nazirlər Sovetinin sədri Vazgen Sarkisyan çıxış edərək vəziyyəti normallaşdırmağın vacibliyini vurğuladılar.

Azərbaycan KP qarşısında duran vəzifələr isə 1988-ci il martın 13-də Azərbaycan KP MK bürosunun iclasında müzakirə edildi. Geniş bir qərar qəbul olundu. Qərarda Sov.İKP MK-nın 9 mart tarixli müşavirəsinin nəticələri bəyənilir, erməni və Azərbaycan xalqı arasında dostluğu möhkəmləndirmək xəttinə dönmədən əməl etmək yerli partiya, sovet və təsərrüfat orqanlarından tələb edilirdi. Dağlıq Qarabağ regionunun sosial-iqtisadi inkişafından ötrü layihəni hazırlamaq üçün vilayət partiya komitəsinə iki həftə vaxt verilirdi. Vilayətdə vəziyyəti normallaşdırmaq üçün təşkilati-siyasi tədbirlər planı təsdiq edildi. Eyni zamanda, Sumqayıtda da vəziyyəti normallaşdırmaq üçün tədbirlər müəyyənləşdirildi.

Azərbaycan tərəfinin vəziyyəti normallaşdırmaq cəhdlərinə baxmayaraq, Ermənistan kobud müdaxilələrini davam etdirirdi. Azərbaycan SSR DTK sədri Ziya Yusifzadənin 1988-ci ilin martında Azərbaycan KP MK-ya göndərdiyi məxfi məktubunda deyilirdi ki, Ermənistanda çap edilən məqalələrin bəzilərində müəlliflər bu və başqa şəkildə Azərbaycan SSR-in bəzi rayonlarının Ermənistana məxsus əzəli torpaqlar olduğunu əsaslandırmağa cəhd edir, erməni əhalisinin müəyyən hissəsinə tarixi ədaləti bərpa etməyin zəruriliyi fikrini aşılayırdılar.

Bu zaman Ermənistandakı təşkilatlar martın 26-da Yerevanda böyük mitinq keçirməyə hazırlaşırdı. Yaranmış vəziyyət Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il 21 mart iclasında müzakirə edildi. İclasdan əvvəl "Qarabağ" adlandırılan komitənin iclası haqqında teleqram bütün Siyasi Büro üzvlərinə paylanmışdı. İclası açan M.Qorbaçovun fikrincə, Dağlıq Qarabağda deyirdilər ki, döyüşü indi udmasaq, heç bir zaman udmayacağıq. O, aşkarlıq şəraitində buna müəyyən qədər səbir etdiklərini vurğuladı. Əlavə etdi:

"Dağlıq Qarabağda hesab edirlər ki, onlar erməni xalqını daxildə və xaricdə qaldıraraq, eyni zamanda xarici mərkəzlərin diqqətini problemə yönəldə bilmişlər. Daxili şərait və xalqın bu ideya ilə silahlanması, xaricdəki həmrəylik baxımından onlar uğurlu anın gəldiyi qənaətindədirlər".

M.Qorbaçov baş verən hadisələri sosializm və çoxmillətli dövlət baxımından qiymətləndirərək onu ən mühüm siyasi, dövlət əhəmiyyətli hadisə adlandırdı. O, baş verən hadisələrin Ermənistan çərçivəsindən kənara çıxdığı qənaətində idi.

M.Qorbaçovun fikrincə, köklü məsələ, çoxmillətli dövlətin, Lenin tərəfindən əsası qoyulmuş milli siyasətin taleyi həll edilirdi. O, keçmişə qayıdaraq problemin köklərini araşdırmaq, təkrar etmək istəmədiyini, uzun illərdir tarixçilərin mübahisə etdiklərini, dissertasiya yazaraq müdafiə etdiklərini, akademik olduqlarını, amma bir-birinə heç nə sübut edə bilmədiklərini, bir masa arxasında oturanda müxtəlif mövqelərdən danışdıqlarını, müxtəlif nəticələr çıxardıqlarını dedi.

M.Qorbaçov vəziyyətin kəskinləşməsini Azərbaycan hakimiyyətinin fəaliyyəti, guya ermənilərin sıxışdırılması ilə əlaqələndirdi. Belə bir misal gətirdi ki, bir zamanlar Naxçıvanda erməni əhalisi, demək olar ki, yarıbayarı idi, indi isə 2%-ə qədər qalmış, Dağlıq Qarabağda isə ermənilərin sayı 20 il ərzində 85%-dən 76%-ə düşmüşdür. Belə yanaşma M.Qorbaçovun Azərbaycan xalqına mənfi münasibətinin göstəricisi idi.

M.Qorbaçov guya erməni xalqının vəziyyətinin ağır olduğunu, bütün dünyaya səpələndiyini, buna görə də onlarda birləşmə hissinin güclü olduğunu qeyd etdi. Onun fikrincə, bütün bunlar həm Azərbaycanda, həm də Ermənistanda qızışdırıcılıq və millətçilər üçün təməl idi, yanğın olması üçün bir qığılcım lazım gəlirdi. M.Qorbaçov təhlükənin vaxtında qiymətləndirilmədiyi qənaətində idi. O, siyasi tədbirlər təklif etdi, inzibatı tədbirlərə tərəfdar olmadı. Bildirdi ki, hadisələr nəzarətdə saxlanmasa, Sumqayıt hadisəsinə çevrilə bilər. Daha sonra əlavə etdi:

"Bütün ekstremist çıxışlarına baxmayaraq, onlar (Ermənistanda mitinqdə iştirak edənlər - M.Q.) özlərini ittifaqın daxilində hiss edirlər. Kütlənin təsiri altında antisovet və federasiya əleyhinə çıxışlar da ola bilər".

M.Qorbaçov K.Dəmirçyanın "rezini uzatmaqla məşğul olduğunu", Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsindən başqa heç bir siyasi qərar istəmədiyini vurğuladı. Ermənilərin Moskvadan Yerevana komissiya çağırıb Qarabağ probleminin həllini istədiklərini qeyd etdi. M.Qorbaçov məsələnin belə həllinin yolverilməz olduğunu, onun ağır nəticələrinin olacağını bildirdi. Əlavə etdi ki, biz iki respublika ilə bacara bilməsək, bilmirəm, nə olacaq? Ona görə yox ki, biz onlara qarşı sərt mövqedəyik. Ona görə ki, bu, zəncirvarı reaksiya doğura, bütün bunlar sadəcə toqquşma ilə deyil, kütləvi qırğınlarla qurtara bilər. M.Qorbaçov birincisi, ilk qəbul edilən qərarı təsdiq etdi, ikincisi, zaman udmağın, ictimai rəyə müraciət etməyin lazımlığını, belə şəraitdə bu və digər xalqı ittiham etməyin doğru olmadığını bildirdi, K.Dəmirçyanın hərəkətlərini qızışdırıcılıq kimi qiymətləndirdi.

MK katibi Yeqor Liqaçov hakimiyyəti başqaları ələ keçirərdilərsə, hərbi vəziyyət elan etməyi təklif etdi. M.Qorbaçov həmin təkliflə razılaşdı. Ekstremistlərin televiziya ilə rüsvay edilməsinin vacib olduğunu dedi. MK katibi A.Yakovlev isə onların həmin gün efirə verilməsini təklif etdi. M.Qorbaçov birinci addım kimi ekstremistlərin planlarının Azərbaycan və erməni xalqlarının maraqlarına zidd olduğunu söyləməyin, "Qarabağ" komitəsinin iç üzünü, şüarlarını, kimə xidmət etdiyini göstərməyin, ağıllı təbliğat aparmağın vacibliyini vurğuladı. Amma bunu səliqə-sahmanla etməyin lazımlığını, yarlıq vurmamağı tövsiyə etdi. Onun fikrincə, ikinci addım müttəfiq respublikaların baş verən hadisələrə münasibətlərini bildirməsi olmalı idi. Onların Azərbaycan və Ermənistana müraciətləri qəbul edilməli idi. İlk olaraq Rusiya Federasiyası Ali Sovetinin belə bir müraciət etməsi tövsiyə olundu. M.Qorbaçovun fikrincə, üçüncüsü, hadisələrin gedişi kütləni məsuliyyətsiz hərəkətlərə sövq edə biləcəyindən inzibati tədbirlər planını həyata keçirmək lazım idi. Bu plan xalq, ictimaiyyət ilə əlaqələri özündə birləşdirməli idi. M.Qorbaçov xalq ilə işləməyi, "Qarabağ" komitəsinin üzvlərini xalqdan ayırmağı təklif edərək dedi:

"Onları qəhrəman etmək olmaz. Onlar işə çıxırlar, amma işləmirlər. Mitinqlərə az adam çıxarırlar. Görünür, qorxurlar". Növbəti addım kimi M.Qorbaçov komitəçilərin, xüsusən onların başçılarının fəaliyyətinin inzibati orqanlar tərəfindən sənədləşdirilməsində görürdü. Əgər həmin fəaliyyət qızışdırıcı xarakter alardısa, məsələ üzərində işləməyin, lazım gələrsə, onları həbs etməyin lazımlığını bildirdi.

SSRİ daxili işlər naziri A.Vlasov komitəçilərə xəbərdarlıq edildiyini bildirdi. Y.Liqaçov isə Sumqayıt hadisəsinin istintaqı barədə prokurorluğun məlumat verməsini vacib hesab etdi. M.Qorbaçov onunla razılaşaraq, ordu və DİN qüvvələrinin yerləşmə nisbətini öyrənməyin vacib olduğunu bildirdi, Ermənistan KP MK-nın ikinci katibi Koçetkovun mülahizələrini nəzərə almağı müdafiə naziri D.Yazova tapşırdı. Koçetkovun fikrincə, guya Azərbaycanda yerləşən ordu hissələrində azərbaycanlılar ermənilərə bir daha dərs vermək üçün hazırlaşırdılar. M.Qorbaçov heç yerdə silah ələ keçirilməməsi, ekstremizm təzahürlərinin baş verməməsi üçün tədbirlər görməyi tapşırdı. Həmin yerlərlə bağlı olmayan ordu hissələri axtarmağın və bunu təcili etməyin vacibliyini bildirdi. Ekstremistlərin radio binasını tutmalarını gözləməyin lazım olmadığını, radio binasını tutandan sonra onlara qarşı hər hansı bir tədbir görüldükdə bütün dünyanın guya onların məhv edilməsi barədə haray-həşir salacaqlarını söylədi.

 

(Ardı var)

 

Musa QASIMLI,

Milli Məclisin deputatı,

tarix elmləri doktoru,

professor

    

Ayna.- 2011.- 20 avqust.- S.19.