Azərbaycanın
xarici hərbi əməkdaşlığı: 2011, iyul
"Ordunun
Aynası" əlavəsi çərçivəsində
diqqətdə saxladığımız əsas məsələlərdən
biri Azərbaycanın xarici hərbi əməkdaşlıq vəziyyətinin
araşdırılmasıdır. Bu sayımızda iyul
xronologiyasını diqqətinizə çatdırırıq.
Qeyd edək ki, sənədin hazırlanmasında APA, MilAz,
"Turan" və "Trend" informasiya agentliklərinin xəbərlərindən
istifadə olunub.
3-9 iyul. Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin
"Yaxın Şərq problemi: Təhlükəsizlik və
Demokratiya" adlı ("The Middle East Puzzle: Security and
Democracy") yay sessiyası keçirilib.
4 iyul. ANAMA-nın Göygöl Regional Təlim
Bazasında gürcüstanlı hərbi müdavimlər
üçün təlim kurslarına başlanılması və
türkiyəli mülki müdavimlərin təlim
kurslarının yekunlaşması münasibətilə toplantı
keçirilib. Partlamamış hərbi sursatların zərərsizləşdirilməsi
və təmizlənməsi üzrə təlimdə 33 nəfər
gürcü müdavim iştirak edir. Minaların təmizlənməsi
üzrə kursları bitirmiş 10 türkiyəli müdavimə
sertifikat təqdim olunub.
5 iyul. MSN-də Belarus Dövlət Hərbi Sənaye
Komitəsinin sədr müavini İqor Bıkovun rəhbərlik
etdiyi heyətlə keçirilən görüşdə
ölkələr arasında müdafiə sənayesi sahəsi
üzrə əməkdaşlığın genişləndirilməsi
istiqamətində fikir mübadiləsi aparılıb.
5 iyul.
Ağstafa rayonunun Saloğlu kəndində keçmiş sovet
ordusu tərəfindən partladılmış hərbi
bazanın ərazisində təmizləmə işlərinin
başa çatmasına həsr olunmuş toplantı
keçirilib. Toplantıya
NATO-nun Maddi-Texniki Təchizat Agentliyinin (NAMSA) rəhbəri
Devid Taundro da qatılıb. Bildirilib ki, NATO-nun maliyyə dəstəyi
ilə 2005-ci ilin dekabrından ANAMA tərəfindən təmizləmə
işlərinə başlanılıb. Beş ildən
artıq davam etmiş layihə çərçivəsində
565 hektar ərazi partlamamış hərbi sursatdan təmizlənib.
Bu müddət ərzində 140-dək sursat anbarından
partlayış nəticəsində ətrafa səpələnmiş
600 min sursat zərərsizləşdirilib. NATO baş katibinin
müavini Qabor İklodi (Gabor İkloady) layihənin Türkiyənin
rəhbərliyi altında qətiyyətlə idarə və
icra olunduğunu diqqətə çatdırıb. Əməkdaşlıq
çərçivəsində Ceyrançöl ərazisindəki
minaların da ANAMA-NATO əməkdaşlığı çərçivəsində
təmizlənməsi planlaşdırılır.
Ceyrançöldə təmizlənəcək sahə 60
milyon kvadratmetrdir (6000 hektar). Artıq layihə hazırlanaraq
NATO-ya göndərilib və müsbət
qarşılanıb. Layihənin maliyyələşdirilməsinin
ən azı 36, maksimum 50%-ni Azərbaycan hökuməti həyata
keçirəcək. Layihənin həyata keçirilməsi
üçün ümumilikdə 9 milyon avro tələb
olunur. Layihə 3 mərhələdə həyata keçiriləcək.
Birinci mərhələ 2 milyon 400 min avro, müddəti 28
aydır. Çalışılır ki, noyabra qədər
lazımi kontraktlar ANAMA və NAMSA arasında imzalansın. Gələn
ilin yanvarından işə başlamaq
planlaşdırılır.
5-6 iyul. NATO
baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə
xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanda səfərdə
olub. Bakıda Appaturay prezident İ.Əliyev, XİN və FHN
nümayəndələri ilə, eləcə də İPAP
proqramının həyata keçirilməsində iştirak
edən digər yüksək vəzifəli rəsmilərlə
görüşlər keçirib. Appaturay jurnalistlərə
açıqlamasında bildirib ki, Azərbaycan sülhməramlılarının
Əfqanıstanda NATO missiyasına verdikləri töhfəyə
görə prezident İ.Əliyevə təşəkkürünü
bildirib:
"Azərbaycan
NATO-ya Əfqanıstanda həm sülhməramlı kontingent,
həm təlimçilərlə, ən vacibi isə tranzit
ölkə olaraq töhfə verir. Mən prezidentdən Azərbaycanın
yenə də NATO-ya Əfqanıstan məsələsində
tranzit ölkə kimi dəstək verməsini xahiş
etdim".
NATO nümayəndəsi
görüşdə ikitərəfli əməkdaşlıqla
bağlı müzakirələr
aparıldığını da qeyd edib:
"Biz
artıq bir neçə spesifik məsələlərlə
bağlı əməkdaşlıq edirik. Amma daha sıx əməkdaşlıq
edə bilərik". C.Appaturayın sözlərinə
görə, Azərbaycan prezidenti ilə görüşdə
Dağlıq Qarabağ mövzusuna da toxunulub: "Azərbaycan
prezidenti münaqişə ilə bağlı öz
mövqeyini bildirdi. NATO Qarabağ probleminin həlli ilə
bağlı aparılan danışıqlarda iştirak eləmir.
Amma mən öz tərəfimdən demək istəyirəm
ki, bu münaqişənin hərbi həlli yoxdur.
Münaqişə ancaq sülh və diplomatiya yolu ilə həll
oluna bilər. İlham Əliyevin də mövqeyi eynidir. Azərbaycan
münaqişənin sülh yolu ilə həllinə sadiq
qalır".C.Appaturay səfər çərçivəsində
NATO ilə Azərbaycan arasında imzalanmış
İPAP-ın üçüncü mərhələsinə
keçilməsi ilə bağlı müzakirələrin
aparıldığını da bildirib: "Biz növbəti
mərhələ ilə bağlı diskussiyalar
aparırıq. Azərbaycan və NATO arasında əməkdaşlıq
davam edir".
6 iyul. Azərbaycanın
"Silk Way" aviasiya şirkətinə məxsus İL-76
4K-AZ 55 təyyarəsi 18 ton yüklə Əfqanıstanın
Baqram hava limanı yaxınlığında qəzaya
uğrayıb. Təyyarənin göyərtəsində 9
ekipaj üzvü olub.
6 iyul.
Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin də
qatıldığı MDB ölkələrinin müdafiə
nazirləri Soçidə "Döyüş birliyi -
2011" döyüş atəşi ilə birgə Hava
Hücumundan Müdafiə təlimlərinin ssenarisini təsdiq
ediblər. Tədbir cari ilin avqust-oktyabr aylarında
keçiriləcək. Təlim üç mərhələyə
bölünür. Döyüş atışı ilə praktik
hərəkətlər iki poliqonda - Qazaxıstandakı
"Sarı-Şaqan" poliqonunda və Rusiyadakı
"Aşuluk" (Həştərxan vilayəti) poliqonunda
reallaşacaq. İclasda HHM sahəsində hərbi-texniki əməkdaşlıq
və birgə rabitə və avtomatlaşdırma sisteminin
yaradılması məsələləri müzakirə edilib.
Nazirlər radiasiya, kimyəvi və bioloji vəziyyətə
nəzarət və qiymətləndirmə məsələləri
üzrə qarşılıqlı əlaqə
qaydalarını müəyyənləşdiriblər.
Müdafiə nazirləri MDB iştirakçı dövlətlərinin
2015-ci ilə qədər hərbi əməkdaşlıq
konsepsiyasınının əsas istiqamətlərini müəyyənləşdiriblər.
7 iyul. Azərbaycan
Rusiyanın lisenziyası əsasında AK-74M
avtomatlarının seriya istehsalına başlayıb. "Xəzri"
adlanan avtomat Rusiya istehsalı olan silahlardan bəzi keyfiyyətlərinə
görə fərqlənir. Analoqlarından fərqli olaraq bu
silahın üzərinə gecəgörmə cihazları,
nişangah, lazer tuşlayıcı, işıqlandırma
sistemi və s. yerləşdirmək mümkündür.
7 iyul.
Rumıniyanın Konstansa şəhərində Azərbaycan,
Bolqarıstan, Gürcüstan, Rumıniya, Ukrayna və ABŞ
dalğıc komandalarının iştirakı ilə
"Eurasian Partnership (EP) Dive 2011" görüşü
keçirilib. Görüşdə NATO və müttəfiqlər
arasında dalğıc qruplarının əlaqələndirilməsi
və təlimləri, sualtı minatəmizləmə və
yeni avadanlıqların tətbiqi, tibb xidməti məsələləri
müzakirə olunub.
8 iyul. NATO
baş katibinin müavini Gabor İklodi bildirib ki, Azərbaycan
NATO-nun etibarlı və yaxın tərəfdaşıdır.
Onun sözlərinə görə, NATO bu əməkdaşlığı
dərinləşdirmək və dialoqu davam etdirmək istəyir.
Azərbaycanın NATO-nun Kosovo və Əfqanıstandakı əməliyyatlarına
yardım göstərdiyini deyən G.İklodi bu sahədə
alyansın Azərbaycan Müdafiə Nazirliyinə islahatlar,
silahlı qüvvələrdə demokratik nəzarət, hərbi
təlimlərə dəstək verdiyini bildirib. Bununla
yanaşı, FHN, DSX, DİN, MTN-lə sıx əməkdaşlıq
edilir. İyulun 8-də İklodi Azərbaycan prezidenti tərəfindən
qəbul edilib.
11 iyul. Azərbaycanda
Avroatlantik Şuranın təşkilat komitəsinin
yaradıldığı elan olunub.
11 iyul. Azərbaycan
Türkiyədən nəqliyyat vasitələri üzərində
qurulan idarəolunan silah sistemləri alıb. Türkiyədən
alınmış bu silahlar 26 iyunda Bakıda hərbi paradda
meydandan keçib gedən və Azərbaycan istehsalı olan
zirehli transportyorların üstünə qurulub.
12 iyul. Azərbaycan
Almaniyanın "Vallon" şirkətinin VMR3 Dual Sensor
Detector adlı mina detektorlarına maraq göstərir.
Artıq Azərbaycan tərəfi təcrübə və
sınaq məqsədi ilə bir neçə VMR3 detektoru
alıb. Detektorlar əsasən humanitar minatəmizləmə əməliyyatlarında
istifadə olunacaq.
13 iyul.
Türkiyə Azərbaycan mühəndislərinin
yaratdığı "İstiqlal" snayper tüfənginin
12.7 mm çaplı modelinin (İST-12.7) istehsalına
hazırlaşır. Türkiyənin Makina və Kimya Sənayesi
Təşkilatından (MKEK) verilən məlumata görə,
artıq Azərbaycan tərəfi ilə əldə
olunmuş anlaşma çərçivəsində lazımi
texnologiyaların transferi prosesi həyata keçirilir.
13 iyul. Verilən
məlumata görə, yaxın vaxtlarda Azərbaycan və NATO
arasında İPAP sənədinin üçüncü mərhələsinin
təsdiqlənməsi gözlənilir. Üçüncü
mərhələnin müzakirəsi ilə bağlı
avqustun sonları və ya sentyabrda tərəflərin
geniş tərkibli görüşü gözlənilir.
16 iyul. Azərbaycan
və Türkiyə ordu üçün səhra mətbəxlərinin
istehsalına başlayır. Bu barədə Türkiyənin
"Öztiryakilər" şirkətindən məlumat
verilib. Şirkət MSN-in "Cihaz" İstehsalat Birliyi ilə
birgə 4 növ səhra mətbəxinin istehsalı üzərində
işləyir. Eyni zamanda, əməkdaşlıq çərçivəsində
ordu üçün sutəmizləyici qurğular da istehsal
olunur.
18 iyul.
Türkiyə SQ Quru Qoşunları Ali Hərbi Məktəbinə
azərbaycanlı gənclərin qəbulu üçün
müsabiqə elan edilib. Müsabiqənin yekunlarına əsasən,
5 nəfər Ali Hərbi Məktəbə təhsilə
göndəriləcək. Kursantlar təhsili bitirdikdən
sonra əlavə olaraq Türkiyədə 1 il təkmilləşdirmə
kursuna cəlb olunacaqlar
19 iyul. Xarici
işlər nazirinin müavini Araz Əzimov "Exo
Moskvı" radiostansiyasına müsahibəsində bildirib
ki, Rusiya Cənubi Qafqazda militarist mövcudiyyətdən
iqtisadi mövcudiyyət konsepsiyasına keçməlidir.
"Təəssüf ki, Rusiya Ermənistan ərazisində
silahlı qüvvələrin saxlanmasını vacib hesab edir.
Biz getdikcə RF-nin Cənubi Qafqazda iştirakı
üçün bu kimi hərbi konsepsiyaya daha az əsas
görürük - tankları tankerlərlə əvəz etməyin,
yəni hərbi formanı iqtisadi mövcudluqla əvəz etməyin
vaxtı çatıb", - nazir müavini qeyd edib.
20 iyul. Bir
sıra ölkələr BMT-nin Adi Silahlar Registrinə təqdim
etdikləri hesabatlarda Azərbaycana satdıqları silah və
hərbi texnika barədə məlumatları
açıqlayıb. Hesabatlara görə, 2010-cu ildə
Türkiyə Azərbaycana 15 ədəd zirehli maşın,
Ukrayna 71 ədəd BTR-70 (silahsız), 7 ədəd 122 mm
çaplı 2C1 "Qvozdika" özüyeriyən
artilleriya qurğusu, 1 ədəd Mi-24R helikopteri, 1 ədəd
tank əleyhinə idarə olunan raket kompleksi, Slovakiya 1 ədəd
2A42 tipli döyüş maşınları və helikopterlərdə
qurula bilən avtomatik top, Belarus 30 ədəd 120 mm
çaplı D-30 topu, 1 ədəd "Su-25"
döyüş təyyarəsi, Bosniya və Herseqovina isə
10 ədəd 128 mm çaplı RAK-12 reaktiv yaylım atəş
sistemi və bu sistemlər üçün 20 min ədəd
raket satıb. Kiçik çaplı silahlardan isə hesabat
dövründə Türkiyə 110 ədəd tapança,
Ukrayna 3 min ədəd avtomat və tapança-pulemyot, Avstriya
100 ədəd tapança satışı həyata
keçirib.
20 iyul. Azərbaycanın
NATO yanındakı daimi nümayəndəliyi İL-76 yük
təyyarəsi düşdüyü qəza rayonuna getmək
və ya ən azı oradan hər hansı doğru xəbər
gətirmək məqsədilə bu quruma müraciət edib.
Azərbaycanın NATO yanındakı nümayəndəsi Xəzər
İbrahim qəza nəticəsində həlak olmuş vətəndaşların
cəsədlərinin yerdən götürülməsi
üçün NATO tərəfindən yardım istədiklərini
bildirib.
20-22 iyul. Azərbaycan Müdafiə Nazirliyi və
ABŞ-ın Avropa Komandanlığı arasında Hərbi Əməkdaşlıq
üzrə iş planına uyğun olaraq Bakı şəhərində
Corc Marşall adına Avropa Təhlükəsizlik
Araşdırmaları Mərkəzinin mütəxəssisləri
tərəfindən "Müdafiə Nazirliyi və Parlament Əlaqələri"
mövzusunda seminar keçirilib. Seminarda hərbi-mülki əlaqələr,
Silahlı Qüvvələrə demokratik nəzarət, hərbin
rolu, hərbi peşəkarlığın özəlliyi, hərb
üzrə parlament nəzarəti və digər mövzularda
müzakirələr aparılıb.
22 iyul. Azərbaycanın
Ukraynadan aldığı BTR-70 transportyorları Müdafiə
Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının
"Emerging World Technologies (EWT)" şirkəti ilə birgə
istehsal etdiyi "Şimşək" sistemi ilə təchiz
olunacaq.
24-26 iyul. Rusiyanın müdafiə naziri Anatoli
Serdyukov Azərbaycanda səfərdə olub. Səfər
çərçivəsində A.Serdyukov Azərbaycan rəhbərliyi
ilə Qəbələ RLS-in icarə müddətinin
artırılması məsələsini müzakirə edib.
Serdyukov bildirib ki, Rusiya Qəbələ radiolokasiya
stansiyasının gələcəkdə istismarına dair təkliflər
hazırlayıb. "Biz Qəbələ RLS ilə
bağlı öz təkliflərimizi
hazırlamışıq. Bundan başqa, biz stansiyanı
modernləşdirməyi təklif edirik. Rusiyanın Qəbələ
RLS-i modernizə etməklə bağlı müəyyən
planları var. Yaxın günlər ərzində
işçi qrup formalaşdırılaraq Bakıya göndəriləcək
və qrup iki həftə ərzində stansiyanın
istismarının davam etdirilməsinə dair texniki məsələləri
azərbaycanlı həmkarları ilə müzakirə edəcəklər".
Müdafiə naziri bildirib ki, avqustun 15-dən sonra Səfər
Əbiyevlə birlikdə Qəbələ RLS-in istismarına
dair sazişi bənd-bənd müzakirə edəcəklər.
O, Bakıda keçirdiyi görüşlərdə
stansiyanın icarəsinə və yeni sazişin
imzalanmasına dair məsələlərin müzakirə
edildiyini deyib. Serdyukov bildirib ki, Rusiya tərəfi Azərbaycana
Silahlı Qüvvələr üçün kadr
hazırlanması kvotasını artırmağı təklif
edib.
25 iyul. Verilən
məlumata görə, Azərbaycan Rusiyaya hərbi helikopter
simulyatoru sifariş verib. "Tranzas" şirkəti ilə
imzalanmış müqaviləyə əsasən, Rusiya
şirkəti Azərbaycan Hərbi Hava Qüvvələri
üçün "Mi-35" döyüş helikopterlərinin
simulyatorunu hazırlayacaq.
25 iyul. ABŞ-ın Azərbaycan səfirliyinin
müvəqqəti işlər vəkili Adam Sterlinq 6 aylıq
ingilis dili kurslarını bitirən 31 azərbaycanlı hərbi
qulluqçuya diplomlar verib. Təqdimetmə mərasimində
çıxış edən amerikalı diplomat bildirib ki,
ingiliscə sərbəst danışan azərbaycanlı hərbçilərin
sayının çoxalması Amerika ilə hərbi əlaqələrə
təkan verir və Azərbaycanın beynəlxalq təhlükəsizliyə
töhfə vermək imkanlarını artırmış olur.
28 iyul.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata
görə, Azərbaycan Türkiyədən 2 sürətli
kater alıb. Yüksək sürətə malik katerlər
sahil mühafizə, axtarış-xilasetmə, təqib əməliyyatlarında
istifadə olunma imkanlarına malikdir.
28 iyul.
Türkiyənin "FNSS Savunma Sistemleri" şirkətinin
Azərbaycanda zirehli transportyorların (ZTR) modernləşdirilmə
layihəsinə maraq göstərdiyi bildirilib.
30 iyul. Bu ilin
sonunadək Türkiyənin ROKETSAN şirkəti ilə Azərbaycan
MSN müəssisələri arasında birgə istehsala dair
daha bir müqavilə imzalana bilər. ROKETSAN şirkətindən
bildirilib ki, 107 və 122 mm-lik artırılmış mənzilli
raketlərin birgə istehsalına dair prinsip anlaşma -
protokol cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində
keçirilmiş İDEX sərgisi çərçivəsində
imzalanıb. Bu il ərzində raketlərin müştərək
istehsalına dair müqavilənin imzalanması nəzərdə
tutulur. Bundan başqa, "Sakarya" tipli reaktiv raketlərin
buraxılış qurğusunun birgə istehsalına dair
müzakirələr davam etdirilir. Bununla bağlı
müvafiq müqavilənin isə 2012-ci ildə imzalanması
ehtimal olunur.
31 iyul-12 avqust. Azərbaycanın Əməliyyat
İmkanları Konsepsiyası Taburunun 99 əsgəri Konstantada
(Rumıniya) "Qara Dəniz Rotasiya Qüvvəsi 2011"
çoxtərəfli təlim məşqlərində
iştirak ediblər. Bu hadisə ABŞ səfirliyinin
Müdafiə Attaşesi idarəsi, ABŞ Avropa
Komandanlığı və Azərbaycanın Müdafiə
Nazirliyi arasında bir ildən çox davam edən birgə
planlaşdırmanın nəticəsidir. "Qara Dəniz
Rotasiya Qüvvəsi" təlimlərində əldə
edilən təcrübə Azərbaycanın Əməliyyat
İmkanları Konsepsiyası Taburunun qiyama qarşı əməliyyatlar
aparmaq səriştəsini və NATO qüvvələri ilə
qarşılıqlı əməliyyat aparma qabiliyyətini
gücləndirəcək.
31 iyul.
Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına
görə, Azərbaycan Silahlı Qüvvələrinin təmsilçiləri
qarşıdakı dövrdə aşağıdakı beynəlxalq
tədbirlərdə iştirak edirlər:
Silahlı
Qüvvələrin xarici ölkələrdə və beynəlxalq
təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və
hərbi nümayəndələrinin toplantısı. 03-05.08.11. Bakı, Azərbaycan.
Azərbaycan-Türkiyə
ikitərəfli əməkdaşlıq planına əsasən.
08-12.08.2011. Xüsusi təyinatlılar
üçün maneələri dəf etmək üzrə təlimatçı
kursu. Eğirdir, İsparta, Türkiyə.
Azərbaycan-Litva
ikitərəfli hərbi əməkdaşlıq planına əsasən.
08.08.2011-15.06.2012. Birləşmiş
Komandanlıq və Baş Qərargah kursu. Tartu, Estoniya.
Azərbaycan-Pakistan
ikitərəfli əməkdaşlıq planına əsasən.
08.08.2011-26.05.2012. Hərbi Dəniz
Qərargah kursu. Lahor, Pakistan.
Azərbaycan-ABŞ
iş planına əsasən. 10.08.2011-14.12.2012.
Quru Qoşunları Komanda Qərargah Akademiyası. San-Antonio,
ABŞ.
Azərbaycan-ABŞ
iş planına əsasən. 10.08.2011-20.05.2012.
Piyada zabitin təməl kursu. San-Antonio,
ABŞ.
Azərbaycan-ABŞ
iş planına əsasən. 10.08.2011-26.07.2012.
Piyada kapitanları kursu. San-Antonio, ABŞ.
Azərbaycan-Türkiyə
İkitərəfli hərbi əməkdaşlıq
planına əsasən. 15-26.08.2011.
Partlanma üsulları, mina və tələ-minalar üzrə kurs. İzmir, Türkiyə.
Azərbaycan-Litva ikitərəfli hərbi əməkdaşlıq planına əsasən. 22.08-23.12.2011. İngilis dili kursu. Vilnüs, Litva.
Azərbaycan-Almaniya
ikitərəfli əməkdaşlıq proqramına əsasən.
22-26.08.2011. Qüvvə
planlaşdırılması üzrə ekspert
danışıqları. Bakı, Azərbaycan.
Azərbaycan-Böyük
Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən. 22.08.-09.09.2011. Əməliyyat
atıcılığı kursu. Vişkov, Çexiya.
Azərbaycan-Almaniya
ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən.
23-26.08.2011. Beynəlxalq
sülhməramlı missiyalar üzrə təcrübə
mübadiləsi və "ISAF" əməliyyatları ilə
bağlı əldə edilmiş təcrübələr
mövzusunda seminar. Potsdam, AFR.
Azərbaycan-Pakistan
ikitərəfli əməkdaşlıq planına əsasən.
29.08.2011 - 07.04.2012. Tərəfdaş
Zabitlərin Sualtı Əsas Əməliyyat kursu. Kəraçi,
Pakistan..
Ayna.- 2011.- 20 avqust.- S.10-16.