Nikah müqaviləsi icbari ola bilər

 

Bu məsələnin müzakirəsində fikirlər haçalanır

 

(Ardı. Əvvəli ötən sayımızda)

 

Xeyli vaxtdır Azərbaycanda nikah müqaviləsinin zəruriliyi qabardılır. Müqavilənin məcburi bağlanmasının tərəfdarı olan millət vəkilləri hesab edir ki, müqavilə məcburi olmadığına görə məcəllənin bu müddəası işlək deyil. Əksər ekspertlər iddia edir ki, mental dəyərlər tərəflərin nikah müqaviləsi bağlamasına mane olur.

AYNA qəzeti də millət vəkillərinin, hüquqşünasların, Ali Məhkəmənin, Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin mütəxəssislərinin nikah müqaviləsini aktuallaşdıran səbəblərlə bağlı mövqeyini öyrənib.

 

Hüquqşünaslardan fərqli mövqe

 

Hüquqşünas Leyla Mədətova nikah müqaviləsini məcburiləşdirmənin tərəfdarı deyil. Onun sözlərinə görə, müqaviləni bağlamaq məcburi olarsa, müqavilə azadlığı prinsipi pozular. Hüquqşünas hesab edir ki, müqavilənin bağlanması problemlərin həlli yolu deyil. Mədətova:

"Bizim qanunvericilikdə ər və arvadın mənafeyini müdafiə edən kifayət qədər müddəa var. Nikah müqaviləsi daha imkanlı şəxslər üçün aktualdır və belə şəxslər əmlaklarının bölünməsində maraqlı deyillər. Maddi cəhətdən imkanlı olmayan şəxslərin nikah müqaviləsi bağlamasının elə də əhəmiyyəti yoxdur".

Dünya praktikasında nikah müqaviləsinin məcburi bağlanma praktikası yoxmuş. Mədətova bildirir ki, boşanandan sonra evsiz-eşiksiz qalan qadınların problemini geniş mənada həll etmək lazımdır. O vurğulayır:

"Qadınların mənzillə təminatı, sosial təminatı, qadınların təhsil, işsizlik kimi problemlərini həll etməklə bütün bu problemin həlli mümkündür. Qadının problemini onun ərini müqavilə bağlamağa məcbur etməklə həll etmək olmaz. Bu müqavilənin bağlanması qadının çöldə qalmamasına kömək etməyəcək".

Nikah müqaviləsini məcburiləşdirmək təklifi ilə çıxış edənlər də var. Vəkil Qurban Məmmədov müqavilənin məcburi bağlanmasının tərəfdarıdır. Məmmədov hesab edir ki, ictimai mənafelər tələb edərsə, istənilən azadlıq məhdudlaşdırıla bilər: "Nikah müqaviləsi bağlanmasını məcburi etməyi çöldə qalan yüzlərlə gəlinin, uşaqların mənafeyi tələb edir".

Vəkilin fikrincə, mentalitetimiz qüsurludur və bu baxımdan nikah müqaviləsini icbariləşdirmənin tərəfdarıdır.

Bu qənaətdədir ki, nikah müqaviləsinin ənənə şəklini alması üçün qanunvericilikdə dəyişiklik olmalıdır:

"Bu zaman nəsə tələb etmək mümkün olacaq. Əks təqdirdə, qanunun müddəasının könüllü xarakter daşıması onun formal olaraq qalmasına rəvac verəcək. Onun həyata keçirilməsinə milli ənənələr imkan verməyəcək. Müqavilənin bağlanmamasından ən çox əziyyət çəkən isə analar və övladlarıdır".

Vəkilin fikrincə, müqavilənin bağlanması qadın üçün çox vacibdir. Bunsuz cəmiyyət üçün çox böyük problemlər yaranır. O deyir:

"Qızlarımız müqavilə bağlanmasını tələb etməyə utanır. Lakin onlar haqlarını müdafiə etməyi bacarmalıdır. Boşanan zaman qadının öz hüquqlarını müdafiə etməsi baxımından müqavilənin böyük rolu olur. Qadına çatacaq əmlakın dairəsi müqavilə ilə müəyyənləşdirilir. Qadın kişinin qarşısında qanuni şəkildə ona çata biləcək əmlakla bağlı tələb qoymalıdır. Qadın ona "yaşayış yeri vermirəm" deyən kişiyə ərə getməz".

Q.Məmmədov boşanmalar zamanı məhkəmələrdə qadınlarla bərabər uşaqların da hüquqlarının pozulduğunu xatırladır: "Boşanma zamanı oğlan qıza evdən istifadə hüququ verməyə bilər. Amma uşağa evdən istifadə hüququ mütləq verilməlidir. Məhkəmələr belə mübahisələr yaranan zaman "Uşaq hüquqları haqqında" qanunun 20-ci maddəsini tətbiq etmək əvəzinə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq edir. 20-ci maddədə nəzərdə tutulub ki, uşaq doğulduğu yerdə başqa ailə üzvləri ilə birgə qaydada istifadə hüququna malikdir. Məhkəmələr isə Mülki Məcəllənin 27-ci maddəsini tətbiq edir. Həmin maddədə deyilir ki, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Məhkəmələr "yaşayış yeri" ilə "istifadə hüququ" anlayışlarını qarışdırır. Onlar uşaqların istifadə hüququnu nəzərə almır. Deyirlər ki, uşaq anası ilə olduğu üçün onunla yaşamalıdır".

 

Qanun dəyişilməlidir, maarifləndirməni də unutmaq olmaz

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Gülnarə Məmmədovanın sözlərinə görə, komitəyə şikayət edən qadınların əksəriyyəti boşanandan sonra yaşamağa yerlərinin olmamasından şikayətlənir. Şöbə müdiri deyir:

"Qadınlar yaşamağa yer tapmır. Bəzən bu səbəbdən uşaqlarını uşaq evlərinə vermək məcburiyyətində qalırlar. Nikah müqaviləsi boşanma zamanı yaranan problemlərin sivil qaydada həllinə imkan verir. Müqavilə mövcud qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Bizdə belə düşünürlər ki, nikaha girən tərəf müqavilə bağlanmasını tələb edirsə, bu, qarşı tərəfə etibarsızlıq kimi qiymətləndirilir. Tərəflər arasında nikah müqaviləsi olarsa, boşanan zaman qadınların və uşaqların vəziyyəti də yaxşı olar. Bizim ailələrdə çox vaxt valideynlər nikah pozularkən uşaqlardan vasitə kimi istifadə edirlər. Bu isə uşaq psixologiyasında mənfi izlər qoyur. Tərəflər arasında nikah müqaviləsi olarsa, boşanan zaman qadınların və uşaqların vəziyyəti də yaxşı olar".

G.Məmmədova xarici vətəndaşlarla nikaha girən qadınlarla bağlı ciddi problemlərə rast gəlindiyini də bildirib. Xarici vətəndaşla nikahda olanlar boşanarkən həm maddi, həm də mənəvi problemlərlə üzləşirlər. Çox vaxt nikah pozularkən onların uşaqları əllərindən alınır. Məmmədova xəbərdarlıq edir:

"Əcnəbi vətəndaşla nikaha girən qızlar həmin ölkənin qanunvericiliyini bilməlidir. Əks halda, nikah pozularkən ciddi problemlərlə üzləşəcəklər".

Şöbə müdiri nikah müqaviləsinin məcburiliyi ilə bağlı komitə tərəfindən Milli Məclisə təklif verildiyini bildirib. Lakin komitə hesab edir ki, vətəndaşlar arasında nikah müqaviləsi bağlanmasının üstünlükləri ilə bağlı maarifləndirmə aparılmalı, insanlara bu müqavilənin bağlanmadığı halda yaranan fəsadlar izah olunmalıdır. Komitə bu qənaətdədir ki, nikaha girən şəxslər müqavilənin üstünlüklərini dərk edəndən sonra müqavilə bağlamağa özləri maraqlı olacaqlar.

 

 

Aynurə   

 

Ayna.- 2011.- 20 avqust.- S.6.