"Azərbaycan-NATO
əlaqələrinin bugünkü səviyyəsi
bizi qane edə bilməz"
Avroatlantik Şuranın təşkilat
komitəsi sədrinin fikrincə, hakimiyyət ciddi ictimai və
xarici basqı olmadan islahatlara getməyəcək
İyul
ayında Azərbaycanın ictimai-siyasi həyatında baş
verən mühüm hadisələrdən biri Avroatlantik
Şuranın təşkilat komitəsinin keçirdiyi mətbuat
konfransı oldu. Hədəflər barədə məlumat
verildi: əsas məqsəd Azərbaycanın demokratik
inkişafına ictimai dəstəyin təşkil edilməsi,
Azərbaycanın NATO və Avropa Birliyinə üzvlük hədəfinə
nail olunmasıdır. Nəzərə alınmalıdır
ki, Azərbaycan bu il mayın 25-də "Qoşulmama Hərəkatı"na
üzv olub. Bu baxımdan yaradılmaqda olan təşkilatın
missiyası maraq kəsb edir. "Ordunun Aynası" əlavəsinin
budəfəki müsahibi Avroatlantik Şuranın təşkilat
komitəsinin sədri Sülhəddin Əkbərdir.
- Avroatlantik Şuranın yaradılma
ideyası haradan ortaya çıxdı? Məqsəd və hədəfləri
necə görürsünüz? Nə kimi işlər
planlaşdırılır? Rəsmi qurumlarla, siyasi partiyalarla,
QHT-lərlə, KİV-lə, ümumilikdə cəmiyyətlə
əlaqələr necə qurulacaq?
- Bu
ideyanın ortaya çıxmasının
iki başlıca səbəbi vardı. Birincisi, Azərbaycanın rəsmən bəyan
etdiyi daxili və xarici inkişaf vektorundan kənara çıxması, demokratik inkişaf və Avroatlantik məkana inteqrasiya
xəttindən faktiki imtina
edilməsi, ölkəmizin geri
götürülməsidir. İkinci səbəb isə Azərbaycanın demokratikləşməsini
və Avroatlantik məkana
inteqrasiyasını istəyən, bu
istiqamətdə fəaliyyət göstərən
çoxsaylı QHT-lərin fəaliyyətinin əlaqələndirilməsi
və aparılan işin daha
səmərəli təşkilinə ehtiyac
yaranmasıdır.
Yaradılması nəzərdə
tutulan Avroatlantik
Şuranın başlıca məqsədi Azərbaycanın demokratik inkişafı və Avroatlantik
məkana inteqrasiyası üçün ictimai dəstəyin və təzyiqin təşkili
yolu ilə siyasi qərarların
qəbuluna ictimai təsir göstərmək
və bu yolla ölkəmizin
demokratikləşməsinə, AB və
NATO-ya üzvlüyünə dəstək
verməkdir.
Qarşıda
duran əsas vəzifələr isə:
-
Başlıca məqsədə nail olmaq üçün
ölkəmizin demokratik
potensialının mobilizasiyası və təşkili;
- Azərbaycanın demokratikləşməsini
və Avroatlantik məkana
inteqrasiyasını istəyən bütün
siyasi partiyaların, QHT və KİV-lərin,
ziyalıların, intellektualların, mütəxəssis və
ekspertlərin, gənclər və qadınların təşkilatın
işinə cəlb edilməsi;
-
Təşkilatın ölkəmizin şəhər və rayonlarında
yerli qurumlarının yaradılması;
-
Vətəndaş cəmiyyəti ilə yanaşı rəsmi
dövlət qurumları ilə əlaqələrin
yaradılması;
-
Ölkə KİV-i və xarici
KİV-lərlə əlaqələrin qurulması;
-
Eyni zamanda AB, NATO və
beynəlxalq təşkilatlarla, onların ölkəmizdəki
təmsilçilikləri ilə işgüzar
əlaqələrin yaradılmasıdır.
Cəmiyyətlə
əlaqələrimizdə birbaşa
canlı əlaqələrin qurulmasına üstünlük
vermək niyyətindəyik. Eyni zamanda bu məqsədlə
KİV-lərdən, müasir texnoloji imkanlardan, o cümlədən sosial
şəbəkələrdən, təşkilata daxil olan qurumların
resurslarından və təşkilatın milli
səviyyədə qurmağı
planlaşdırdığı şəbəkədən
istifadə etməyi düşünürük.
Maarifçiliyə,
informasiya təminatına, pozitiv
ictimai rəyin
formalaşdırılmasına, ictimai rəyin
öyrənilməsinə xüsusi diqqət
yetirmək niyyətindəyik.
Əsas fəaliyyət
formalarımız isə aktual mövzularda görüşlərin, dəyirmi
masaların, konfransların keçirilməsi,
araşdırmaların aparılması, KİV-lə səmərəli
işin təşkili, çap
məhsullarının nəşri və yayılması olacaq.
Bildiyiniz kimi, təşkilat komitəsi 11 iyulda yaradılıb. Bu qısa müddət ərzində
siyasətçilərin, vətəndaş cəmiyyəti təmsilçilərinin,
KİV mənsublarının, ehtiyatda olan zabitlərin üzvlük
üçün olan
çoxsaylı müraciətləri bizi
daha da
ruhlandırır. İlkin reaksiya
mənim gözlədiyimdən də müsbətdir. Bu da gələcəyə
daha inamla baxmağa imkan verir.
- Azərbaycan
mayın 25-də "Qoşulmama Hərəkatı"na
qoşulmasından sonramı belə bir
addım atmaq qərarına gəldiniz?
Belə olduqda Azərbaycanın xarici hərbi-siyasi prioritetlərini necə
qiymətləndirmək olar? NATO ilə əlaqələrin
səviyyəsindən razı qalmaq mümkündürmü?
- Azərbaycanın Bloklara Qoşulmayan Ölkələr
hərəkatına qoşulması rəsmi Bakının
xüsusən də 2008-ci il Gürcüstan böhranından sonra apardığı siyasətin, bir tərəfdən NATO və Qərbdən daha məsafəli durmaq,
digər tərəfdənsə RF ilə daha
sıx əlaqələr qurmaq siyasətinin
məntiqi nəticəsi idi. Strateji seçim etməkdə
tərəddüd edən, milli maraqlarla şəxsi və qrup
maraqları arasında qalan Azərbaycan
hakimiyyəti artıq ölkəmizi xarici
siyasətdə bir dönüm
mərhələsinə gətirib. Mövcud
hakim siyasi elitanın seçim zərurəti yaranacağı halda milli maraqlardan
deyil, ilk növbədə
şəxsi və qrup maraqlarından
çıxış edəcəyi ilə bağlı bizim narahatlıqlarımız artmaqda
idi. Rəsmi Bakının bu
addımı, soyuq müharibə "məhsulu"
olan bu təşkilata
qoşulması narahatlığımızı daha da artırdı və
bizim qərarımızı sürətləndirdi.
Yeri gəlmişkən,
Avroatlantik Şura
yaradılması ideyasının tərəfdarları olan QHT-lər 2009-cu ildən əməkdaşlıq
edirlər. Biz hələ
iki il öncə - 12 iyun 2009-cu il tarixdə AR prezidentinə,
hökumətinə və Milli Məclisinə birgə
müraciət etmişdik. Azərbaycanın demokratikləşməsini
və Avroatlantik məkana inteqrasiyasını istəyən 18
QHT rəhbərinin imzaladığı bu müraciətdə
biz ölkəmizin yaxın strateji inkişaf perspektivi
üçün təkliflər vermişdik. Həmin
müraciətdə biz Azərbaycanın NATO-ya
üzvlüyünün, AB-yə isə assosiativ
üzvlüyün hədəf götürülməsini və
bunun üçünsə ölkədə demokratik islahatlar
prosesinin sürətləndirilməsini, ABŞ və
Türkiyə ilə ilk növbədə strateji tərəfdaşlıq
sazişinin imzalanmasını təklif etmişdik. Çox təəsüf
ki, rəsmi Bakı əks istiqamətdə hərəkət
etməkdə israrlı oldu və yalnız RF-nin Ermənistanla
hərbi-siyasi ittifaq müqaviləsini yeniləməsindən
və Gümrü bazasının müqavilə müddətinin
daha 25 il uzadılmasından sonra qardaş Türkiyə
Cümhuriyyəti ilə strateji tərəfdaşlıq və
qarşılıqlı yardım haqqında müqavilə
mizalamaq zorunda qaldı. Onun da necə işləməsi, daha dəqiq,
desək hələlik, demək olar ki, işləməməsi
bir başqa məsələdir.
Bu gün
Azərbaycan hərbi-siyasi prioritetlər məsələsində
qeyri-müəyyənlik dövrünü yaşayır. Bu da
ilk növbədə hakim siyasi elitanın maraqlarının
milli maraqlarla heç də hər zaman örtüşməməsi
ilə, onun strateji seçim etməkdə ciddi tərəddüdlər
yaşaması ilə bağlıdır. Ölkənin rəsmi
bəyan etdiyi kurs-demokratik inkişaf və Avroatlantik məkana
inteqrasiya kursu ilə avtoritar rejimin özünü qoruma
maraqları və bu səbəbdən də Rusiya başda
olmaqla avtoritar rejimlərlə yaxınlaşma kursu ziddiyyət
təşkil edir.
Təbii
ki, bu səbəblərdən də minimuma endirilmiş Azərbaycan-NATO
əlaqələrinin bugünkü səviyyəsi bizi qane edə
bilməz.
- NATO ilə müxtəlif əməkdaşlıq
sənədlərinə əsasən, Azərbaycanda bir
sıra hərbi, siyasi, iqtisadi və s. islahatlar həyata
keçirilməlidir. Sizcə, belə islahatlar həyata
keçirilirmi?
- İstənilən
avtoritar rejimin demokratik institutlarla, o cümlədən NATO ilə
münasibətlərinin inkişaf potensialı məhduddur. Məncə,
Əliyev rejimi artıq bu potensialı əsasən tükəndirib.
Alyansla münasibətlərin bundan sonrakı inkişafı
ölkədə gerçək demokratik islahatların
aparılmasını tələb edir. Bu islahatların
aparılacağı halda isə ölkəyə total nəzarət
edən hakim elita tədricən müxtəlif sahələrdəki
inhisarını və nəzarətini müxtəlif səviyyələrdə
olsa da, itirməli olacaq. Siyasi islahatlarsa özü ilə bərabər
tez və ya gec ölkədə demokratik seçkilər
keçirilməsini və hakimiyyət dəyişikliyi gətirəcək.
Bu da hakim elitanın ən qorxulu röyasıdır. Və
rejim heç zaman ciddi ictimai və xarici basqı olmadan buna
getməyəcək. Necə ki, bu günə kimi getmir.
- Sizin bir məşhur deyiminiz var: Azərbaycan
NATO ilə əməkdaşlığın İPAP səviyyəsində
"sinifdə qalıb". Sizcə, Azərbaycanın bu
sinfi keçməsi, imtahanları uğurla verməsi
üçün nə edilməlidir? Əminsinizmi
ki, NATO Azərbaycanı gələcəkdə
öz tərkibində görmək istəyir?
- Bunun
üçün ilk növbədə Azərbaycanın
dövlət başçısı siyasi iradə
nümayiş etdirməlidir. Ancaq mən hələlik onun belə
bir niyyətdə olduğunu düşünmürəm.
Çünki Azərbaycanın NATO ilə münasibətlərdə
növbəti mərhələyə - intensiv dialoq mərhələsinə
keçməsi üçün rəsmi Bakı gələcəkdə
alyansa üz olmaq istədiyini bəyan etməlidir. Qeyd etdiyim
kimi, o buna hazır deyil.
İkincisi,
bu istiqamətdə cəmiyyətdən təsirli ictimai
basqı olmalıdır. Bizim qurmaq istədiyimiz şuranın
başlıca məqsədi də budur. Bunun üçünsə
ilk növbədə, ölkədə aktiv pozitiv ictimai rəy
formalaşdırılmalıdır.
Üçüncüsü isə
NATO Azərbaycanın alyansa
üzvlüyündə ciddi maraqlı
olmalıdı. Çox təəssüf
ki, bu sahədə alyans daxilində ciddi fikir ayrılığı var.
Gürcüstan və Ukraynaya
Üzvlük Fəaliyyət
Planının (MAP) verilməsi məsələsində
(2008-ci il, Buxarest sammiti) Rusiya amilini əsas götürən AFR və
Fransanın mövqeyi bunu
açıq şəkildə göstərdi. Ancaq bununla
yanaşı, qeyd etməliyəm ki, alyansın "açıq qapı"
siyasətini davam etdirməsi, Gürcüstan və Ukraynanın alyansa üzvlüyü
haqqında prinsipial qərar verilməsi, eyni zamanda ölkəmizin geopolitik, geostrateji və geoiqtisadi əhəmiyyətinin artmaqda davam etməsi gələcəyə
optimist baxmağa imkan verir. Bu gün əsas məsələ
bu gələcəyi mümkün
qədər yaxınlaşdırmaq üçün
birgə səyləri artırmaqdır.
- Cənubi
Qafqazda təhlükəsizlik mühitini necə qiymətləndirirsiniz və
bu istiqamətdə NATO-nun
üzərinə hansı vəzifələr düşür?
- Cənubi Qafqazdakı mövcud regional konfliktlər,
eyni zamanda Şimali Qafqazdakı durum
regionun təhlükəsizlik, eyni zamanda hərbi təhlükəsizlik
mühitinə ciddi mənfi təsir
göstərir. 2008-ci ildə Rusiyanın Gürcüstana
təcavüzü, onun ərazisinin böyük bir hissəsini
işğal etməsi, Abxaziya
və
Cənubi Osetiyanı müstəqil dövlət
kimi tanıması və bu
oyuncaq rejimlərin ərazisində yeni hərbi bazalar
yaratması, ardınca Ermənistanla mövcud
olan hərbi-siyasi ittifaq
müqaviləsini genişləndirməsi və dərinləşdirməsi,
Gümrüdəki hərbi bazasının müqavilə
müddətini daha 25 il artırması, bütövlükdə regionda hərbi-siyasi varlığını və
basqısını artırması, münaqişələrin
həllinə imkan verməməsi və bunun üçün də
danışıqlar prosesində təşəbbüsü ələ
alması, eyni zamanda
İranın beynəlxalq təzyiqlərə və BMT
sanksiyalarına baxmayaraq, öz
nüvə və raket proqramını durmadan inkişaf etdirməsi, bu qonşu ölkə ətrafında beynəlxalq
şəraitin mürəkkəbləşməsi, həmçinin
enerji ehtiyatları və intriqalarla
zəngin olan Xəzərin hüquqi statusunun müəyyən
edilməməsi regionun təhlükəsizlik
mühitinə mənfi təsir göstərir. Bu səbəblərdən
strateji inkişaf perspektivi qeyri-müəyyən qalmaqda davam edən Cənubi
Qafqaz və Xəzər regionundakı mövcud hərbi-siyasi vəziyyət mürəkkəb
və ağır, təhlükəsizlik mühiti
isə əlverişsiz olaraq dəyərləndirilə
bilər.
Mövcud
vəziyyətin müsbət istiqamətdə dəyişilməsi
üçün ilk
növbədə, Rusiyanın regiondakı artan
hərbi-siyasi üstünlüyü neytrallaşdırılmalı,
daha sonra isə aradan qaldırılmalı, İranın
nüvə və raket proqramının
durdurulması üçün beynəlxalq
birlik birgə təsirli siyasi-diplomatik,
iqtisadi-ticari və digər
addımlar atmalı, problemin hərbi yolla həllinə həyati zərurət
yaranmadıqca imkan verilməməlidir.
NATO-ya
gəldikdə, alyans ilk
növbədə, 2008-ci ilə qədər postsovet
məkanında, eyni zamanda
Cənubi Qafqazda apardığı aktiv siyasətə dönməli, bunun üçünsə hər şeydən
öncə İran və Əfqanıstan
məsələsində Rusiyadan
asılılığını minimuma
endirməlidir.
C.Məmmədov
Ayna.- 2011.- 20 avqust.- S.9-16.