Azərbaycanın müstəqilliyinin
20 ili: xarici siyasətin
formalaşması (1991-2003)
(Ardı.
Əvvəli 11, 18, 25 iyun, 2 9, 16, 23, 30 iyul, 6, 13, 20 avqust
sayımızda)
Mixail Qorbaçov
Karen Dəmirçyanın "rezini uzatmaqla məşğul
olduğunu", Dağlıq
Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsindən
başqa heç bir siyasi qərar istəmədiyini
vurğuladı. Ermənilərin Moskvadan Yerevana komissiya
çağırıb Qarabağ probleminin həllini istədiklərini qeyd etdi. M.Qorbaçov
məsələnin belə həllinin yolverilməz olduğunu, onun
ağır nəticələrinin olacağını bildirdi. Əlavə etdi ki, biz iki
respublika ilə bacara
bilməsək, bilmirəm, nə olacaq? Ona görə yox ki, biz onlara
qarşı sərt mövqedəyik. Ona
görə ki, bu, zəncirvarı
reaksiya doğura, bütün bunlar sadəcə
toqquşma ilə deyil,
kütləvi qırğınlarla qurtara
bilər. M.Qorbaçov birincisi, ilk
qəbul edilən qərarı təsdiq etdi,
ikincisi, zaman
udmağın, ictimai rəyə müraciət
etməyin lazımlığını, belə şəraitdə
bu və digər xalqı ittiham
etməyin doğru
olmadığını bildirdi, K.Dəmirçyanın
hərəkətlərini qızışdırıcılıq
kimi qiymətləndirdi.
MK katibi Yeqor Liqaçov hakimiyyəti
başqaları ələ keçirərdilərsə, hərbi
vəziyyət elan etməyi təklif etdi. M.Qorbaçov həmin
təkliflə razılaşdı. Ekstremistlərin televiziya ilə
rüsvay edilməsinin vacib olduğunu dedi. MK katibi
A.Yakovlev isə onların həmin gün efirə verilməsini təklif etdi. M.Qorbaçov birinci addım kimi
ekstremistlərin planlarının Azərbaycan və erməni
xalqlarının maraqlarına zidd olduğunu söyləməyin, "Qarabağ" komitəsinin iç
üzünü, şüarlarını,
kimə xidmət etdiyini göstərməyin,
ağıllı təbliğat aparmağın vacibliyini vurğuladı. Amma
bunu səliqə-sahmanla etməyin
lazımlığını, yarlıq vurmamağı
tövsiyə etdi. Onun
fikrincə, ikinci addım müttəfiq
respublikaların baş verən hadisələrə
münasibətlərini bildirməsi olmalı idi.
Onların Azərbaycan və Ermənistana müraciətləri
qəbul edilməli idi. İlk
olaraq Rusiya
Federasiyası Ali Sovetinin
belə bir müraciət etməsi
tövsiyə olundu.
M.Qorbaçovun fikrincə,
üçüncüsü, hadisələrin gedişi
kütləni məsuliyyətsiz hərəkətlərə
sövq edə biləcəyindən inzibati tədbirlər
planını həyata keçirmək lazım idi. Bu plan
xalq, ictimaiyyət ilə əlaqələri özündə
birləşdirməli idi. M.Qorbaçov xalq ilə işləməyi,
"Qarabağ" komitəsinin üzvlərini xalqdan
ayırmağı təklif edərək dedi:
"Onları qəhrəman etmək
olmaz. Onlar işə çıxırlar, amma işləmirlər.
Mitinqlərə az adam çıxarırlar.
Görünür, qorxurlar".
Növbəti addım kimi M.Qorbaçov
komitəçilərin, xüsusən onların
başçılarının fəaliyyətinin inzibati
orqanlar tərəfindən sənədləşdirilməsində
görürdü. Əgər həmin fəaliyyət
qızışdırıcı xarakter alardısa, məsələ
üzərində işləməyin, lazım gələrsə,
onları həbs etməyin lazımlığını
bildirdi.
SSRİ daxili işlər naziri A.Vlasov
komitəçilərə xəbərdarlıq edildiyini
bildirdi. Y.Liqaçov isə Sumqayıt hadisəsinin
istintaqı barədə prokurorluğun məlumat verməsini
vacib hesab etdi. M.Qorbaçov onunla razılaşaraq, ordu və
DİN qüvvələrinin yerləşmə nisbətini
öyrənməyin vacib olduğunu bildirdi, Ermənistan KP
MK-nın ikinci katibi Koçetkovun mülahizələrini nəzərə
almağı müdafiə naziri D.Yazova tapşırdı.
Koçetkovun fikrincə, guya Azərbaycanda yerləşən
ordu hissələrində azərbaycanlılar ermənilərə
bir daha dərs vermək üçün
hazırlaşırdılar. M.Qorbaçov heç yerdə
silah ələ keçirilməməsi, ekstremizm təzahürlərinin
baş verməməsi üçün tədbirlər görməyi
tapşırdı. Həmin yerlərlə bağlı olmayan
ordu hissələri axtarmağın və bunu təcili etməyin
vacibliyini bildirdi. Ekstremistlərin radio binasını
tutmalarını gözləməyin lazım
olmadığını, radio binasını tutandan sonra onlara
qarşı hər hansı bir tədbir görüldükdə
bütün dünyanın guya onların məhv edilməsi
barədə haray-həşir salacaqlarını söylədi.
M.Qorbaçov K.Dəmirçyanın
xahişini də Siyasi Büro üzvlərinin diqqətinə
çatdırdı. O, radio və televiziya ilə işləyən
komanda hazırlamağı xahiş etmişdi.
İşçilərin indiki tərkibi ona tabe olmurdu.
M.Qorbaçov daha sonra azərbaycanlıların və ermənilərin
qarışıq yaşadıqları rayonlara ordu hissələri
yerləşdirməyi təklif etdi. Əlavə etdi ki,
Yerevanda hansısa qayda, güc olmalı, xalq bunu görməlidir.
M.Qorbaçov "Əfqanıstanda bir şey edə bilmirik,
burada isə vətəndaş müharibəsi
qızışır" - dedi. O, xaricə telefon və
teleqraf çıxışlarının, Yerevana Moskvadan
xarici jurnalistlərin səfərlərinin məhdudlaşdırılmasını,
ekstremistlərin saxlanılmasını vacib hesab edirdi. Lakin
bütün bunları incə və çevik etməyi
tapşırdı. O, mətbuat qrupu yaradılmasını,
baş verən prosesləri işıqlandırmağı,
xalqlara hörmətlə yanaşmanı, ekstremistləri təcrid
etməyi tövsiyə etdi. Onunla söhbətdə Zori
Balayanın tətillərə tərəfdar
olmadığını bildirməsini özünü təmizə
çıxarmaq və oyun adlandırdı.
Bundan sonra çıxış edən
A.Qromıko təklif edilən tədbirləri bəyəndi. İnformasiyanı
mexaniki deyil, seçib verməyi təklif etdi. İnzibati
xarakterli tədbirləri vacib saydı. Birmənalı olaraq
dedi: "Hamı bilməlidir ki, hakimiyyət hakimiyyətdir."
M.Qorbaçov əlavə etdi: "Hakimiyyət və
güc".
Nikolay Rıjkov da təklifləri bəyəndi
və müdafiədən hücuma keçməyi təklif
etdi. Məsələnin siyasi həllinə tərəfdar
çıxaraq siyasi güzəştlərə getməyi
ölümə bərabər qiymətləndirdi. Bildirdi ki,
ölkədə bu kimi bəlalı nöqtələr
çoxdur, zəncirvarı reaksiya başlayacaq, onun nəticələrini
bu gün təsəvvür etmək, hətta dövlətin
sonrakı həyatını təsəvvür etmək
çətindir. Bütün hadisələrə qiymət
vermək barədə fikirlə razılaşdı.
"Pravda" qəzetində yaxşı məqalənin dərc
edildiyini xatırlatdı. N.Rıjkov bununla kifayətlənməməyi,
mətbuatda hücuma keçməyi, radio və televiziyanı
geniş qoşmağı, onun ətrafında ümumittifaq rəyi
yaratmağı təklif etdi. O, bütün müttəfiq
respublikaların ali soveti rəyasət heyətlərinin
baş verənlərə münasibət bildirməsini
bütün ittifaqın Ermənistana qarşı
qaldırılması kimi qiymətləndirdi. M.Qorbaçov isə
bunun dost müraciəti olacağını dedi. N.Rıjkov həmin
müraciəti ölkənin taleyi üçün
narahatlıq müraciəti kimi qiymətləndirərək
dedi ki, qoy, insanlar fikirlərini desin, ekstremistlər isə nə
kimi təcridə düşəcəklərini anlasınlar.
O, hadisələrin mətbuat, radio və televiziyada geniş
işıqlandırılmasını, lakin bunu incə etməyi
təklif etdi. N.Rıjkov bir neçə adamın həbsini
minlərlə adamın qırılmasından daha
yaxşı variant adlandıraraq bu zaman salınacaq haray-həşirə
fikir verməməyi tövsiyə etdi. Əlavə etdi:
"Sonra bizdən soruşacaqlar: vəziyyətin bu həddə
gəlib çatmasına niyə imkan verdiniz?". O,
aşkarlıq və təbliğatdan istifadəni tövsiyə
edərək "yoxsa bunun ağır nəticələri
olacaqdır" - dedi.
V.İ.Vorotnikov da mətbuatda
Dağlıq Qarabağ ətrafında baş verən prosesləri
işıqlandıran rubrika açmaq təklifini müdafiə
etdi. Sözünə davam edən V. Vorotnikov "indi onlar
görürlər ki, onları dilə tuturlar, güzəştə
gedirlər, izah edirlər. Artıq səbrimizin həddinin
olduğunu göstərmək zamanı gəlib
çatmışdır. Mənə elə gəlir ki, təkcə
erməni ekstremistlərini deyil, azərbaycanlı ekstremistləri
də diqqətə almaq lazımdır. Biz buna lazımi qədər
diqqət ayırmamışıq. Bu, görünür,
gözlənilməz oldu" - dedi.
M.Qorbaçov silah ələ
keçirilməsi halları barədə DTK-nın tam məlumat
toplaması haqqında göstəriş verdi. V.Vorotnikov
Yerevanda radio və televiziyanın nəzarətdən
çıxması ilə bağlı bildirdi ki, bunların
vasitəsi ilə istənilən müraciət ola bilər.
M.Qorbaçov ya heyəti dəyişmək, ya da texniki qərarların
qəbulunu lazım bildi. V.Vorotnikov texniki vasitəni doğru
hesab edərək televiziyanı söndürməyin, o
cümlədən Yerevan daxilində telefon rabitəsini kəsməyin
mümkünlüyünü söylədi. Bu, onun fikrincə,
erməni ekstremistləri üçün müəyyən
çətinlik yarada bilərdi. Şəhərdə komendant
saatı tətbiq etmədən patrul xidmətini gücləndirməyin
lazım olduğunu bildirdi. Azərbaycanlılara
gəldikdə, V.Vorotnikov hansısa
partlayışın olacağını güman
edirdi.
Y.Liqaçov təklif edilən tədbirləri
bəyəndi. Bildirdi ki,
hadisələrin gedişində yerli partiya, sovet və ictimai təşkilatlar doğru
mövqe tuta bilmədi,
rəhbərlərin özləri xeyli dərəcədə
millətçi ovqatdadır, hərə bir
tərəfə çəkir. O, hər iki
respublikada rəhbərliyi möhkəmləndirməyi
təklif etdi. M.Qorbaçov
isə bu iki məsələni
daha sonra müzakirə
etmək istəyirdi. Y.Liqaçov DQMV-nin iqtisadi,
sosial və mədəni inkişafına dair tədbirlər haqqında qərar verilməsini
də təklif etdi. Çıxış
edən Mixail Solomentsev
ordu yeridilməsinin yubadılmasının
doğru olmadığını deyərək,
patrul xidmətinə keçilməsini, lakin atəş açılmamasını təklif
etdi. Əlavə etdi:
"Qoy, gücü
görsünlər."
D.Yazov general
Kurkotkini Ermənistana, general
Kulikovu Azərbaycana göndərməyi təklif
etdi. M.Qorbaçov isə
"belə çıxır ki,
onların başçılığı ilə iki cəhbə açırıq" deyərək
etiraz etdi. M.Solomentsev yenidən bildirdi
ki, bu
qarışıqlığın içində orada kommunistlər də vardır. Cavab olaraq M.Qorbaçov
dedi ki, hamısı kommunistdir. Belə çıxır ki, biz indi
partiyanı buraxmalıyıq. Biz
mübarizəni burada udmalıyıq. M.Solomentsev fikirlərini söylərkən ən
qatı şəxsləri nəzərdə tuturdu.
M.Qorbaçov kadr məsələsinə toxunaraq
K.Dəmirçyanın azərbaycanlıların yanında
işdən azad edilməsini,
K.Bağırov isə onun qəbuluna gələrək
xəstə olduğunu, sutkada
yalnız iki saat
yatdığını, başı
ağrıdığını, səhhəti ilə əlaqədar
olaraq
pensiyaya çıxarılmasını xahiş etmişdi. M. Qorbaçov dedi: "Biz onları niyə saxlamalıyıq?" Bu zaman G.Razumovski
K.Bağırovun respublikada tennisçi kimi
tanındığını, rayonlarda bunu bildiklərindən tennis
kortları yaratdıqlarını dedi. M.Qorbaçov əsəbi halda
"hər şey elə qurulmuşdur
ki, qızışan zaman
işdən çıxsınlar" - dedi.
O, həm K.Bağırovu, həm də K.Dəmirçyanı
"siyasi meyit"
adlandırdı. Lakin onların indi
işdən çıxması qəhrəman olmaları demək
idi. M.Qorbaçov yaranmış vəziyyətdə Ermənistan
KP MK plenumunun keçirilməsini hakimiyyəti həmin adamlara
vermək kimi qiymətləndirdi. Y.Liqaçov respublikalarda vəzifələrə
Əbdürrəhman Vəzirov və Suren Arutyunyanın gətirilməsini
təklif etdi. M.Qorbaçov Ə.Vəzirovu yeni adam kimi səciyyələndirdi,
S.Arutyunyanın isə bu mərhələdə hamını
qane edəcəyini dedi. Həmin məsələyə aprel
ayında qayıdacaqlarını bildirdi. M.Qorbaçov
Y.Liqaçova müraciətlə hadisələrin pis nəticəsini
fikirləşməsini, reaksiyanın necə olmasını,
bunun xalq üçün intihar olduğunu deyərək təklif
etdi: "Yeri gəlmişkən, bunu da səsləndirmək
lazımdır. Qoy, türklərin üzərinə getsinlər.
O zaman baş katib mütləq çıxış etməli
olacaqdır". Baş katib bununla da erməniləri
Türkiyə üzərinə hücuma keçməyə təhrik
edirdi. Y.Liqaçov isə Türkiyənin Dağlıq
Qarabağ və Ermənistandakı hadisələri qəti
şəkildə pislədiyini dedi.
İclasda müttəfiq
respublikaların rəyasət heyətlərinin
iclaslarının keçirilməsi və müvafiq müraciət
etmələri təklif olundu. Ermənistana
və Azərbaycana ilk olaraq
Rusiya müraciət etməli idi.
Bir müddət sonra Rusiya, Ukrayna,
Gürcüstan, Belarus,
Özbəkistan, Qazaxıstan, Litva, Moldova, Latviya,
Qırğızıstan, Tacikistan,
Türkmənistan və Estoniya SSR ali soveti rəyasət heyətləri
münaqişəni dayandırmaq barədə Azərbaycana və
Ermənistana müraciət etdilər.
Martın
23-də SSRİ Ali Soveti
Rəyasət Heyəti Dağlıq Qarabağda,
Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyətə
dair müttəfiq respublikaların
müraciəti barədə tədbirlər haqqında qərar
qəbul etdi. Qərarda mürəkkəb
milli-ərazi məsələlərinin dövlət hakimiyyət
orqanlarına təzyiq yolu ilə həlli
cəhdləri pislənilirdi. Lakin həmin müraciətin nəticəsı
olmadı. Ermənistandan azərbaycanlıların qovulması
dayandırılmadı. Azərbaycan SSR DTK sədri Ziya Yusifzadənin 1988-ci il
3 aprel tarixdə Azərbaycan KP MK-ya yazdığı məlumatından
aydın olurdu ki, son günlər Ermənistandan qovulanların
sayı 6 min nəfər idi.
Azərbaycan
hakimiyyəti Ermənistanın müdaxiləsinin
qarşısını ala, respublikanın
hüquqlarını qoruya və böhrandan çıxara bilmədi. Yaranmış ağır vəziyyət Azərbaycanda
hakimiyyət dəyişikliyinə gətirdi. 1988-ci il
mayın 21-də Azərbaycan KP MK birinci katibi Kamran
Bağırov vəzifəsindən azad edildi. Mərkəz tərəfindən
həmin vəzifəyə uzun illər boyu Azərbaycandan kənarda
yaşamış, milli ruha
yad olan Əbdürrəhman
Vəzirov gətirildi. Ermənistanda isə Karen
Dəmirçyanın əvəzinə Suren
Arutyunyan hakimiyyətə gətirildi. Bu dəyişiklik
nəinki vəziyyəti düzəltdi, əksinə, xeyli ağırlaşdırdı. Böhran daha da dərinləşdi. İdarəçilik
qabiliyyəti olmayan Əbdürrəhman Vəzirov
problemi həll etməyi
bacarmadığından diqqəti ondan
yayındırmağa və səbəblərini əvvəlki
rəhbərlərdə axtarmağa
başladı. Bu isə Azərbaycanın
daxilində gərginliyi daha da artırdı. Xalq ilə
hakimiyyət arasında uçurum, hakimiyyət
daxilində ziddiyyətlər daha da dərinləşdi.
Hakimiyyət
dəyişikliyi Ermənistandan azərbaycanlıların
qovulmalarını dayandırmadı. Azərbaycan SSR DTK sədri
Ziya Yusifzadənin 1988-ci il
mayın 28-də Azərbaycan KP MK-ya
yazdığı məxfi məlumatından aydın olur ki, qovulmanın motivləri:
azərbaycanlı əhali ətrafında yaradılmış
qeyri-sağlam mənəvi-psixoloji mühit; "Ermənistandan
rədd olun" şüarı; silahla hədələnmələri və həyatları
üçün təhlükənin
olması; ticarət obyektlərində azərbaycanlılara
xidmət göstərilməməsi və təhqir
olunmaları; Ermənistanın partiya və
sovet orqanlarının azərbaycanlıların
şikayətlərinə baxmaması idi.
Sovet rəhbərliyinin
müraciətlərinə baxmayaraq, ermənilər
iyunun 13-də Yerevanda
böyük mitinq
keçirdilər. Bundan bir
neçə gün sonra,
iyunun 15-də Ermənistan SSR Ali Soveti keçirilən sessiya iclasının DQMV Sovetinin
yuxarıda göstərilən müraciətinə baxaraq DQMV-nin Ermənistan
tərkibinə girməsinə razılıq verdi.
Həmçinin DQMV-nin Azərbaycan SSR-dən
Ermənistan SSR-ə verilməsi barədə müsbət qərar
qəbul etmək haqqında Bakı və Moskvaya
müraciət etdi. Cavab olaraq
Azərbaycan SSR Ali Soveti
və onun Rəyasət Heyəti 1988-ci il iyunun 13 və 17-də qəbul
etdiyi qərarlarda SSRİ
konstitusiyasının 78-ci və Azərbaycan
Konstitusiyasının 70-ci maddələrini əsas gətirərək
DQMV-nin Azərbaycan SSR-dən alınaraq
Ermənistan SSR-ə birləşdirilməsinin qəbuledilməz
və qeyri-mümkün olduğunu
bildirdi. Bundan sonra müttəfiq respublikalar arasında sərhəd dəyişikliyinin
mümkünlüyünü müzakirə
etmək üçün ciddi
bir əsas olmadığını və
SSRİ konstitusiyasının müddəalarını, Azərbaycan
SSR və Ermənistan SSR-in qüvvədə
olan əsas qanunlarını nəzərə
alaraq məsələnin artıq
bağlandığını hesab etmək
olardı. Lakin belə olmadı. Ermənistan
Azərbaycanın daxili işlərinə
kobud müdaxilələrini daha da genişləndirərək
xaricdəki erməni diasporunu da həmin işə cəlb etdi.
Belə ki, iyunun 16-da
100 minə yaxın erməni SSRİ-nin Paris səfiriliyi önündə mitinq keçirərək Dağlıq
Qarabağın Ermənistana verilməsini tələb etdi.
Bu zaman
Ermənistan daha bir kobud müdaxiləyə əl atdı. Ermənistan
KP MK Sov.İKP MK-ya
müraciət edərək Sumqayıt hadisəsi ilə əlaqədar
olaraq həbs edilmiş
şəxslərin məhkəməsinin Azərbaycandan
alınaraq SSRİ Ali Məhkəməsinin
icraatına verilməsini xahiş etdi. Sov.İKP MK katibliyi 1988-ci il iyunun 11-də həmin müraciət barədə
mülahizələrini bildirmək üçün
SSRİ Ali Məhkəməsinin sədri V.İ.Terebilova, SSRİ baş
prokuroru A.Y.Suxarevə və SSRİ ədliyyə
naziri B.V.Kravçevə məktub göndərdi.
Həmin şəxslər iyunun 17-də məsələ
barədə mülahizələrini yazdılar. Cavab məktubunda
hadisə ilə bağlı olaraq 84 nəfərin
həbs edildiyi, onlardan
82 nəfərinin azərbaycanlı olduğu
yazılırdı. Amma niyə görəsə
məktub müəllifləri digər iki
nəfərin hansı millətə mənsub olduğunu
qeyd etmirdilər. Həmin
şəxslərdən biri artıq qeyd edildiyi kimi,
hadisələrin təşkilatçısı və
başlıca icraçısı, 1959-cu ildə anadan olmuş, 1979, 1981 və
1982-ci illərdə bütövlükdə 9 il
2 ay 13 gün həbsdə
yatmış Eduard Robertoviç
Qriqoryan idi. Məktubda
həmin işlərin istintaqının SSRİ prokurorluğu tərəfindən
aparıldığı qeyd edilirdi. Bütün istintaq işləri qanunun tələblərinə uyğun
aparılmış, üç iş başa
çatdırılmış və Azərbaycan SSR Ali Məhkəməsinin icraatına verilmişdi. 26 nəfər barədə 12 iş yaxınlarda məhkəməyə
göndəriləcəkdi. Terebilov, Suxarev
və Kravçevin fikrincə, Azərbaycanda
və Ermənistanda geniş ictimai əks-səda doğurmuş
işləri RSFSR-in vilayət məhkəmələrinə,
xüsusən Volqoqrad, Voronej
və Kuybışev vilayət məhkəmələrinin
icraatına vermək olardı. Onlar həmin
işlərin SSRİ Ali Məhkəməsinin
icraatına verilməsinə ehtiyac duymadılar.
Bununla kifayətlənməyən
MK katibi Y.Liqaçovun
göstərişinə əsasən digər şəxslərin
də rəyləri soruşuldu. Y.Liqaçov 1988-ci il iyunun 17-də A.İ.Lukyanovdan
fikirlərini bildirməsini xahiş etdi. İyunun 18-də həmin
sorğuya cavab verən
A.Lukyanov "təklif tamamilə qanunauyğundur" kimi cavab yazdı. Eyni zamanda bildirdi ki, məsələ MK-nın şöbələrində
əvvəlcədən işlənilmiş və məqsədəuyğun
sayılmışdır. Onlarla
razılaşmaq olar.ö
Bu zaman Ermənistandan qovulan azərbaycanlılar
kortəbii mitinqlər keçirərək DQMV-də qayda-qanun
yaradılmasını, Ermənistanda yaşayan azərbaycanlıların
təhlükəsizliyinin təmin olunmasını, həyat və
əmək fəaliyyətləri üçün normal şəraitin
yaradılmasını tələb edirdilər. Azərbaycan
hakimiyyəti həmin haqlı tələbləri yerinə
yetirə bilmirdi. Moskva isə zəif, xalqdan ayrı
düşmüş respublika rəhbərliyini dinləmək
istəmirdi. Ermənistandan azərbaycanlıların vəhşicəsinə
qovulmalarına cavab olaraq qaçqınlar da Azərbaycandakı
ermənilərin işdən çıxarılmasını
tələb edirdilər. Azərbaycan SSR DTK-nın 1988-ci il 28
iyun tarixli məxfi məlumatından aydın olur ki, bu zaman Ermənistandan
qovulan azərbaycanlıların sayı 16 min nəfəri
ötüb keçmişdi. Bir müddət sonra onların sayı 18 min
500 nəfər oldu.
Belə
bir şəraitdə Ermənistandan qovulmuş azərbaycanlıların, Azərbaycandan
çıxıb getmiş ermənilərin
geri qaytarılması məsələsi
gündəliyə gəldi. İyunun
27-30-da Azərbaycana gəlmiş Ermənistan SSR Nazirlər Sovetinin sədr müavini Y.E.Xoçanberyana Azərbaycan televiziyası və
mətbuatında qovulan azərbaycanlıların geri qayıtması ilə bağlı
çıxış etmək təklif olundu.
Lakin o, Ermənistanda
mənfi reaksiya doğuracağını
bəhanə gətirərək belə bir
çıxışdan imtina etdi. Y.Xoçanberyanın Azərbaycana gəlişi
qaçqınların Ermənistana qayıtmasına və təhlükəsiz
yaşamasına təminat vermirdi. Bundan fərqli olaraq bir çox erməni Azərbaycan
rəhbərliyinin çağırışı ilə geri qayıtdı. Lakin bu da Ermənistanı
sakitləşdirmədi.
İyulun əvvəllərindən
etibarən Yerevanda və Ermənistanın
digər şəhərlərində kütləvi mitinqlər
keçirildi. 1988-ci il
iyulun 12-də DQMV Xalq
Deputatları Soveti bölgənin Azərbaycan
SSR-dən birtərəfli qaydada
ayrılmasına dair qərar qəbul etdi.
Buna cavab olaraq iyulun
13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və
Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan
SSR-in Dağlıq Qarabağ
Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq
Deputatları Sovetinin vilayətin Azərbaycan
SSR-dən birtərəfli qaydada
ayrılmasına dair DQMV Xalq
Deputatları Sovetinin 12 iyul tarixli qərarının
qanunsuz və heç
bir hüquqi qüvvəsi
olmadığına dair qərar qəbul etdi.
SSRİ
Ali Sovetinin Rəyasət
Heyəti 1988-ci il iyulun
18-də Ermənistan SSR və Azərbaycan SSR ali
sovetlərinin Dağlıq Qarabağ
haqqında məsələ üzrə qərarları barədə
qərar qəbul etdi. Qərarda Ermənistan
ilə Azərbaycan arasında konstitusiya əsasında
müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin
yolverilməzliyi bildirildi. Göstərilirdi
ki, SSRİ konstitusiyasının 78-ci maddəsinə
əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan
dəyişdirilə bilməz. Müttəfiq respublikalar
arasında sərhədlər müvafiq
respublikaların qarşılıqlı
razılığı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində
mümkün ola bilərdi.
Həmin müddəa Ermənistan SSR və Azərbaycan SSR
konstitusiyalarında da əksini
tapmışdı.
(Ardı var)
Musa
QASIMLI,
Milli Məclisin deputatı,
tarix elmləri doktoru,
professor
Ayna.- 2011.- 27 avqust.-
S.19.