Oqtay Şıxəliyev - 80

 

Rənglərin sehrli dünyasına həsr edilən ömür

 

Professional rəssam, bu gün 80 yaşını qeyd edən Oqtay Yusif oğlu Şıxəliyev bu sənətə bağlanandan bəri həm monumental boyakarlıq, həm dekorativ-tətbiqi sənət, eləcə də dəzgah boyakarlığı sahələrində bir-birindən maraqlı əsərlər qalereyası yaradıb. Meksika, Almaniya, Kanada və s. yaradıcılıq ezamiyyətlərində olub. Dünya şöhrətli monumentalist rəssamlar - Rufino Tamayo və David Sikeyrosla görüşləri yaradıcılığına müsbət təsir göstərib. İndiyədək bir çox xarici və yerli sərgilərdə uğurla iştirak edib. Əsərləri dünyanın müxtəlif ölkələrində muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanır.

Oqtay Şıxəliyev bədii yaradıcılıqla yanaşı, pedaqoji işlə də məşğuldur. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, indi isə Rəssamlıq Akademiyasında sənətin incəliklərini tədris edir, professordur. Yetişdirdiyi rəssamlar arasında fəxri adlara layiq görülənlər az deyil. Əməyi yüksək qiymətləndirilmiş, 1982-ci ildə əməkdar rəssam, 2002-ci ildə isə xalq rəssamı fəxri adlarına layiq görülmüşdür, prezident təqaüdçüsüdür.

...Oqtay Şıxəliyev 3 sentyabr 1931-ci ildə Bakıda dünyaya göz açıb. Abşeronun qayım-qədim tikililəri, yarımçılpaq təbiəti, qızılı günəş, dənizin ecazkar mənzərəsi, xəfif və sərt dəniz küləklərinə bələnən panoramı Oqtayın gələcəkdə peşə seçiminə az təsir göstərməyib. Rəssam olmağı qarşısına məqsəd qoymuş bu gənc 1947-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olunur. Burada istedadlı pedaqoq-rəssamlar Lətif Feyzullayev, Qafar Seyfullayev və Bağır Maratlıdan xüsusi bir həvəslə sənətin özəlliklərini öyrənməyə çalışır. 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirən Oqtay Şıxəliyev 1952-ci ildə V.Muxina adına Ali Bədii Sənaye Məktəbinə daxil olur. Burada tanınmış istedadlı rəssamlardan sənətin təcrübi və bədii-texniki incəliklərinə yiyələnir. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra doğma Azərbaycana qayıdır.Burada onu yaradıcılıq işləri gözləyirdi.

60-cı illərdən bəri bir çox ictimai binaların - idman sarayı, məktəb, zavod, metrostansiya, park və s. bədii tərtibatını hazırlayıb, onlarda ətraf mühitlə üzvi surətdə səsləşən bədii kompozisiyalar yaradıb. Monumental rəssamlıq sintetik sənətdir. Kompozisiya memarın yaradıcılıq imkanlarını və məkanın özəlliklərini nəzərə almaqla, sonda tikilini ahəngdar bir şəkildə tamamlamalıdır. Monumental rəssamlıq əsərinə müəyyən məsafədən baxılır, rəssam mövzunun bədii həllinin ümumiliyinə və monumentallığına çalışmalı, bədii şərh prinsiplərində isə dekorativ rənglərdən, yəni lokal rəng keçidlərindən ustalıqla istifadə etməyi bacarmalıdır. Bu özəlliklərdən Oqtay Şıxəliyev yaradıcı ustalıqla istifadəni bacaran rəssamdır. Biz onun əsərlərində milli və müasir monumental rəssamlıq ənənələrinin uğurlu sintezini görürük. Milli elementlər istər mövzu və istərsə də bədii işlənmə xüsusiyyətlərində, əsərlərin süjet, kolorit və bədii şərhində müşahidə edilir. Məsələn, keçmiş "Qarabağ" mehmanxanasının bədii tərtibatında xalqımızın etnoqrafik elementlərindən qaynaqlanmaqla, daha çox isti rənglərə üstünlük vermişdi.

Rəssamın monumental yaradıcılıq örnəklərinə Bakıda 18 saylı məktəb, Bakı Dövlət Sirki, Hacıbala Rəcəbovla birgə Bakı məişət kondisionerləri zavodu, "Azərbaycan" nəşriyyatının binası, "Uşaq dünyası" universal mağazası və digərləri misaldır.

18 saylı məktəbin fasadında qalaktikanı göstərən "Ulduzlara doğru" mozaik pannosu olduqca diqqətçəkicidir. Rəssam kompozisiya quruluşunda, rəng həllində, mövzu seçimində və eləcə də pannonun ətraf mühitlə əlaqəli şəkildə səsləşməsində bədii yaradıcılıq imkanlarından və təxəyyüldən məharətlə faydalana bilmişdir. İrəliyə doğru uzanmış qoşa əllərin içərisində fəzanın ənginliklərini fəth etməyi istəyən gənc oğlan və qız əllərində kosmik cihaz tutmuş vəziyyətdə təsvir edilib. Burada rəssam dünyanın sirlərindən agah olmağın yeganə doğru yolunun elmdən, bilikdən, təhsildən başladığını bədii biçimdə çatdıra bilib.

"Azərbaycan" nəşriyyatı binasının bədii tərtibatının həllində müəlliflər maraqlı priyomdan istifadə ediblər. Binanın girişinin hər iki tərəfindən yarımdairəvi səthin üzərində mətbuat tarixiçap sənəti ilə bağlı müxtəlif mövzulu bədii mozaika kompozisiyası yaradılmışdır.

Başqa bir örnək Heydər Əliyev İdmanKonsert Kompleksidir. Buradakı tərtibatında daha çox milli adət-ənənələrimizə, folklor örnəklərimizə isnad edərək zövq oxşayan sənət inciləri yaratmışdır.

Dəzgah boyakarlığının müxtəlif janrlarında bir-birindən maraqlı əsərlər yaratdığını da qeyd etməliyik. Boyakarlıq əsərlərinin əsas səciyyəvi xüsusiyyətləri kimi obrazların monumentallığı, perspektivakolorit həllində primitivliyi, lokal rəng həlli və kompozisiya quruluşunun aydınlığını və s. göstərmək olar.

Rəssamın tematik tablolarına misal olaraq "Çənlər" (1969), "Kürün ram edilməsi" (1970), "Ancaq sülh" (1970), "Sallaqxana" (1970), "Mənim buketim" (1971), "Kapella" (1980), "Muğam" (1982) və s. əsərlərini göstərmək olar.

"Kürün ram edilməsi" əsərində Kür üzərində su-elektrik stansiyası tikintisini fırçanın qüdrəti ilə bədiiləşdirib. Avtomaşınların sular üzərində hərəkət etdiyi məqamı rəssam ustalıqla təsvir edə bilib. Əsər üçün baxış nöqtəsinin seçilməsi və kolorit həlli tamaşaçının marağına səbəb ola biləcək bədii cəhətlərdəndir.

"Sallaqxana" əsərində rəssam çox maraqlı mövzu seçib. Öküzlərin balaca gölə salındığı mənzərəni görüntüyə gətirən rəssam sonda bədii vasitələrlə uğurlu əsərin yaradılmasına nail olub. Mövzunun etnoqrafik çalarlarını da gözdən qaçırmaq olmaz. Tablonun ekspressivliyikolorit həllində qırmızı və qara rənglərin əlaqələndirilməsi seyrçini həyəcanlandırır. Rəssam "Mənim buketim" və "Muğam" əsərlərində də milli ənənələrə tapınaraq cəlbedici əsərlər yaratmışdır.

Maraqlı portretləri sırasında "Mənim qaracam" (1970), "Tarzən Bəhram Mansurov" (1972), "Rəssam Rasim Babayev" (1975), "SSRİ xalq artisti Mirzəağa Əliyev" (1974), "Nigar" (1975), "Rəssamın ailəsi" (1976) və s. əsərləri qeyd etmək olar.

Tarzən B.Mansurovun portretində stulda əyləşən tarzən milli geyimdə sol əlində tar ətrafa nəzər yetirdiyi vəziyyətdə təsvir edilib. Əsərin koloritində lokal rəng keçidlərinə üstünlük verilib. Əsərin arxa fonunun qırmızı rənglə həlli obrazın ifadəliliyini daha da qüvvətləndirir.

Mirzəağa Əliyevin portretində rəssam yenə də öz qəhrəmanını oturmuş vəziyyətdə təsvir edib. Rəssam obrazı daha yaxından təsvir etməklə əsərin monumentallığını gücləndirib. Obrazın sol əlini kresloya söykəməsi əsərin ekspressivliyini artırır...

Rəssam özünün ailəvi portretini digər portret əsərlərindən fərqli biçimdə təsvir edib. Bu tabloda məkan seçimikompozisiya həlli diqqəti cəlb edir. Rəsmi geyimdə təsvir edilmiş rəssamın surəti ilə xanımının yelpiklə təsvir edilməsi bir qədər kontrastlıq yaradır. Eyvanın təbii görünüşü və əsərin yığcam kolorit həlli seyrçinin diqqətini cəlb edir.

"Qobustan daşları" (1966), "Sumqayıt boruları" (1970), "Meksika həyəti" (1982), "Aydın səma" (1974) və s. əsərləri rəssamın mənzərə janrında yaratdığı əsərləridir. Mənzərə əsərlərində də təbiət görüntülərinə yaradıcı yanaşaraq bədii zövq aşılayan əsərlər yaratmışdır.

Oqtay Şıxəliyevin yaradıcılıq dünyası altmış ili əhatə edir. Bu gün də gənclik həvəsilə çalışır, hazırlaşır. Biz də sənətkarı 80 illik yubileyi münasibəti ilə təbrik edirUca Tanrıdan ona uzun ömürcan sağlığı arzulayırıq.

 

 

Əsəd QULİYEV,

sənətşünas 

 

Ayna.- 2011.- 27 avqust.-S.20.