Kişilər məktəbdən uzaq düşüb

 

Bu da oğlanların davranışında, ünsiyyətində problemlər yaranmasına, onların bər-bəzəyə meyil etməsinə yol açır

 

Azərbaycan Gender İnformasiya Mərkəzinin araşdırmasına əsasən, fəaliyyət sahəsi və iqtisadiyyatın sektorlarından asılı olaraq qadınların və kişilərin məşğulluq strukturunda müəyyən fərqlər mövcuddur. Qadınların fəaliyyət göstərdiyi sahələr əsasən tibb, təhsil, mədəniyyət və elm, kredit və sığorta kimi sektorlardər. Bəlli olduğu kimi, Azərbaycanda bu sahələrdə əməkhaqqı aşağıdır. Kişilər əsasən istehsal sahələrində üstünlük təşkil edirlər. Kişilər sənayedə 50 faiz, nəqliyyat və tikintidə 90 faizdən çox, idarəetmə sahəsində 70 faizdən çoxdur.

Artıq rəqəmlərdən və ümumi mənzərəyə aydınlıq gətirən faktlardan bəllidir ki, kişilər məvacibi yüksək olan sahələrdə işləməyə üstünlük verir. Bunun səbəbləri haqda geniş şərh verməyə lüzum yoxdur. Fəqət məsələ ondadır ki, onların bilik və bacarıqlarına, əməyinə və ən əsası kişi olduqlarına görə bir çox sahələrdə ehtiyac duyulur. Məsələn, təhsildə.

Təhsil naziri Misir Mərdanov Bakıda, eləcə də ölkədə müəllimlərin böyük çoxluğunun qadın olmasının da ciddi problem olduğunu etiraf edir. Onun fikrincə, müəllimlərin 85 faizini qadınların təşkil etməsi qəbul olunan deyil. Nazir hesab edir ki, kollektivlərin heç olmasa 30 faizinin kişi müəllimlərindən ibarət olmasına müvəffəq olmalıyıq. Bir rəqəm: paytaxtda məktəb direktorlarının 95 faizi qadınlardır.

M.Mərdanov kişilərin məktəbə cəlbində maliyyənin mühüm rol oynadığını təsdiq edir. Belə ki, təhsil müəssisələrində kişilərin azlığının əsas səbəbi məktəblərdə əməkhaqqının aşağı olmasıdır. 180-200 manatla ailə saxlamaq mümkün olmadığından kişilər məktəbə üz tutmurlar. Bəlkə də qeyd olunan səbəb üzündən uzun müddət kişi müəllimləri görməyən oğlanlar artıq müəllim kimi işləmək istəmirlər.

Bu gün cəmiyyət arasında müəllimliyin qadın sənəti olması ilə bağlı fikir formalaşıb. Bunun nəticəsidir ki, kifayət qədər yüksək balla ali məktəbə daxil olanlar müəllim kimi çalışmaq istəmir.

Çox qəribədir ki, işsiz qalanlar da bu addımı atmaq istəmir. Nəticədə yüksək savadlılığın tələb olunduğu peşələrdən birincisi olan müəllimlik işləmək xatirinə işləyənlərin əlində cəmlənir. Hətta hazırda həkimlik də qadın peşəsi kimi formalaşmağa başlayıb. Əvvəllər tibb texnikumlarına ancaq qızların getdiyi kimi, indi də tibb universitetinə üz tutanların çoxunu qızlar təşkil edir. Belə davam etsə, yəqin ki, gələcəkdə müəllimlər kimi həkimlərin də çoxu qadınlar olacaq.

Müəllimlərin çoxunun qadın olması, daha doğrusu kişi müəllimlərin azlığının nə kimi sosial problemlərə yol açdığına gəldikdə, təbii ki, burda ilk öncə oğlan şagirdlərin bir şəxsiyyət olaraq formalaşmasındakı qüsurların üzərində dayanmaq lazım gəlir.

 

Qərbdə kişi müəllimlərə daha böyük güzəştlər vəd edilir.

 

Məktəblərin kadr strukturunda kişi müəllimlərin say azlığı Moskva Təhsil Mərkəzini də narahat edir. Lakin rus dili müəllimi, pedaqoji elmlər namizədi Vadim Puqaç maaşın azlığı məsələsini bəhanə hesab edir. Onun fikrincə, indiki müəllimlər repetitorluq, şagirdləri vahid dövlət imtahanlarına hazırlaşdırmaq hesabına kifayət qədər çox pul qazana bilər. Puqaçın fikrincə, maaşların artırılması ilə müəllimlər heç də yaxşı dərs keçməyəcək. Ən əsası müəllimlərə yaradıcılıq sərbəstliyi verilməlidir. Belə olduğu təqdirdə kişilər məktəblərə üz tutar:

"Elə fənn yoxdur ki, qadınlar onu tədris edə bilməsin, lakin indi ailələrdə "tək valideyn" modeli getdikcə artmaqdadır. Ona görə də uşaqlar heç olmasa məktəbdə kişi cinsindən olan şəxslə ünsiyyətdə olmalı, onun xarakterini mənimsəməlidir".

Moskva İqtisad məktəbində isə hesab edirlər ki, maaş məsələsi ən ümdə problemdir. Finlandiyanı da buna gözəl nümunə sayırlar. Bu ölkədə müəllim maaşı ölkənin orta əməkhaqqı göstəricisindən yüksəkdir. Almaniyada müəllimin aylıq maaşı 3-4 min avroya bərabərdir. Bundan başqa, Almaniyada müəllim hər il dövlət hesabına 2 həftəlik dəniz gəzintisinə yollanmaq imkanına malikdir.

Lakin müəllimlərin qənaətincə, Qərb məktəblərində işləmək Rusiya məktəblərindən qat-qat çətindir. Ona görə ki, xaricə işləməyə gedən rus müəllimləri "özbaşına" Avropa uşaqlarının öhdəsindən gələ bilmirlər. Rusiya müəllimləri şagirdlərini alman, fransız, israilli şagirdlərlə müqayisədə "mələk" adlandırır. Təsadüfi deyil ki, Avropa müəllimlərinin əksəriyyəti tez-tez psixoloq yardımına ehtiyac duyur.

Maraqlıdır ki, bu gün Rusiyada kişi müəllim çatışmazlığı yalnız dövlət deyil, özəl məktəblərdə də rast gəlinən haldır. Lakin özəl məktəblər bu sarıdan daha çox əziyyət çəkir. Belə ki, özəl məktəblərdə şagirdlər tez-tez şəhərətrafı yerlərə səfər edir və belə hallarda kişi müəllimlərə daha çox ehtiyac duyulur. Çünki kişilər uşaqları yaxşı idarə edir, daha asan ələ alır. Onu da qeyd edək ki, özəl və dövlət məktəblərində işləyən kişi müəllimlərin orta yaş həddində də fərq var. Özəl məktəblərdə daha çox cavan kadrlar (30-40 yaş) işləyir. Dövlət məktəblərində isə orta yaş həddi 45-dir.

Milli Valideyn-Müəllim Assosiasiyasının sədri Təranə Şərifova deyir ki, bu məsələ Azərbaycan üçün xüsusilə aktualdır. Hətta söyləmək olar ki, bu bizim məktəblərin ən böyük çatışmazlığıdır.

Şərifova Praqada səfərdə olarkən orta məktəblərdə bu məsələnin problem formatından çıxdığının şahidi olub. Çünki Praqa məktəblərinin xüsusilə ibtidai siniflərində çoxlu kişi müəllim fəaliyyət göstərir. Müsahibim etiraf edir ki, kişilərin məktəbə belə bir axını onu təəccübləndirib. Bunun səbəbini soruşduqda bəlli olub ki, Çexiya məktəblərində kişi müəllimlərə qadın müəllimələrindən daha çox məvacib təklif edilir.

Maraqlıdır, Avropada gender bərabərliyinin təbliği vüsət aldığı halda çexlər buna necə nail olublar? T.Şərifova deyir ki, onlar məktəbdə kişi tərbiyəsinə böyük ehtiyac olduğunu başa düşürlər. Xüsusilə oğlanların tərbiyəsində kişi müəllim əvəzedilməz rola malikdir. Qadın anadır, o şagirdin şıltaqlıqlarına qarşı mülayim davranır. Bəzən kişi müəllimin bir baxışı kifayət edir ki, şagird sakitləşsin. Bəlli olduğu kimi, oğlanlar keçid dövrünü məktəbdə keçirir. Bu zaman onların öz cinslərindən olanlarla söhbətə, doğulan suallarına cavab verən şəxs lazımdır. Bir sözlə, şəxsiyyət yetişdirməyi qarşısına məqsəd qoyan məktəblərdə qadınlarla yanaşı kişilər də çalışmalıdır.

Beləliklə, çexlər bu problemi artıq həll ediblər. Mexanizm isə sadə, lakin maliyyə tutumludur. Məktəb rəhbərliyi valideyn-müəllim assosiasiyasının üzvləri ilə birlikdə ali təhsil ocaqlarına gedirlər, savadlı tələbəyə, yəni müəllim olmağa hazırlaşan kişiyə böyük məbləğdə maaş, məktəbin yaxınlığındakı binadan hər cür şəraiti olan mənzil vəd edirlər. Çexlər yaxşı başa düşürlər ki, kişi ailə başçısıdır, ailəni dolandırmalıdır. Bunun üçün də kişilər yüksək məvacib təklif edilən digər sektorlarda çalışmağa üstünlük verir. Direktorlar da həmin məbləğdə maaş təklif etməklə, həmin kişi müəllimləri məktəbə cəlb edir.

Assosiasiya rəhbəri hesab edir ki, Azərbaycanda da bənzər yanaşmaya zərurət var.

 

Məktəblərdə gender balansının pozulması şagirdlərə mənfi təsir edir

 

Psixoloq Asəf Kərimovun sözlərinə görə, dünyada aparılan araşdırmalar nəticəsində sübut olunub ki, məktəblərdə gender balansının pozulması, qadın müəllimlərin sayca çoxalması şagirdlərə mənfi təsir göstərir.

Kişi müəllim çatışmazlığı məktəblərdə oğlanların idarə edilməsində çətinlik yaradır. Oğlanların tabe edilməsində, onlara nizam-intizam qaydalarının aşılanmasında ciddi çətinlik yaranır. Problem nəticəsində oğlan şagirdlərdə olan kişi xüsusiyyətləri get-gedə deqradasiyaya uğrayır:

"Yeniyetmələr yetkinlik yaşı dövründə artıq ideal surətlər seçirlər. Onlar üçün ideal surətlər ilk növbədə ataları, məktəbdə müəllimləri, film qəhrəmanları olur. Lakin bir qayda olaraq şagirdlər məktəbdə daha çox vaxt keçirir. Bu zaman ərzində onların kişi xüsusiyyətlərini mənimsəmələri üçün daha əlverişli şərait yaranır. Lakin məktəblərdə kişi müəllimlərin say azlığı bu xüsusiyyətlərin mənimsənilməsində çətinlik yaradır. Bu bir qayda olaraq yeniyetmələrin əksəriyyətində artıq özünü göstərir".

Psixoloq onu da bildirdi ki, ölkədə oğlanların aqressiv maraq tələb edən sahələrə meyli getdikcə azalır. Bura idman sahəsini aid etmək olar. Narahatlıq yaradan məqamlardan biri isə oğlanların geyim tərzində əmələ gələn dəyişiklikdir. Belə ki, hazırda oğlanlar bər-bəzəyə daha çox meyil göstərir. Eyni zamanda, onların ünsiyyət davranışında problemlər yaranıb. Bu özünü oğlanların ünsiyyət zamanı qızlara məxsus hərəkətlər etməsində göstərir:

"Davranış formalarında artıq kişi etiket qaydalarının pozulma faktları özünü göstərir. Yoldaşlıq dostluq barəsində kişilər mühitinin idealları getdikcə zəifləyir. Oğlanların qızlarla olan ünsiyyətində problemlər yaranıb. Oğlanlar qızlar arasında olan pərdə götürülür oğlanlar qızların ünsiyyətinə daha açıq şəkildə müdaxilə edir. Həddən artıq açıqlıq isə münasibətlər sferasında müəyyən psixoloji problemlərə gətirib çıxarır".

Psixoloqun sözlərinə görə, gender balansının pozulması özünü yalnız məktəblərdə müəllimlərin sayında yox, eyni zamanda ixtisas seçimində göstərməyə başlayıb. Artıq qadınlar kişilər üçün ayrıca peşələrin müəyyənləşməsi stereotipləri özünü göstərir:

"Hazırda hər hansı bir oğlan müəllim olmaq istəmir. Bu təkcə əməkhaqqının azlığı, iqtisadi maraqlarla bağlı deyil. Səbəb ondadır ki, artıq Bakı şəhərində müəllim peşəsi qadınlara xas peşə kimi qiymətləndirilir".

Asəf Kərimov deyir:

"Diqqət yetiriləsi əsas məqam odur ki, bütün baş verənlər oğlanların fəaliyyətsizliyi ya daha az hərəkət etmələri ilə nəticələnir. Gənc oğlanlar daha çox hazır istəyir öz üzərlərində çalışmaq istəmir. Onlarda özlərinə inamsızlıq yaranır gələcəkdə daha asan yollarla nailiyyət əldə etməyə çalışırlar. Oğlanlarda kişilərə məxsus möhkəm iradə, dözüm təmkin kimi vacib xüsusiyyətlər formalaşmır ya arxa plana keçir".

Göründüyü kimi, məktəblərdə kişi müəllimlərin olmaması adi problem deyil birbaşa insan psixologiyasına təsir edən məqam olduğundan onun fəsadları gələcəkdə özünü daha aydın şəkildə büruzə verməyə başlayacaq.

 

 

A.ƏHMƏDOVA  

 

Ayna.- 2011.- 27 avqust.- S.16.