6 yaşlı MSN
ölkəyə nə verdi?
Hərbi sənayenin inkişaf
yolunun
görünən və
görünməyən tərəfləri
Dekabrın 16-da Müdafiə Sənayesi Nazirliyinin yaranmasından 6 il ötür. Yarandığı gündən MSN diqqətdə olan əsas dövlət strukturlarından hesab edilir. Bunu müdafiə sənayesinə ayrılan xərclərin ilbəil artmasından görmək mümkündür. Konkret olaraq, əgər 2006-cı ildə ölkənin müdafiə sənayesi kompleksinin inkişafına 50 milyon manatdan artıq vəsait yönəldilibsə, sonrakı illərdə bu rəqəm kəskin şəkildə artıb. Misal üçün, 2008-ci ilin dövlət büdcəsində MSN-in birbaşa 66 milyon 070 min manat, digər kateqoriyalar üzrə isə 1 milyon 816 min 681 manat ayrılması nəzərdə tutulurdusa, ilin ortalarında bu rəqəm 2 dəfədən çox artırılaraq 141 milyon manata çatdı. 2009-cu ildə MSN-ə ayrılan vəsaitin 170 milyon manatdan yuxarı olduğu bəlli oldu. 2010-cu ildə isə bu vəsait müxtəlif kateqoriyalara ayrılan vəsaitlər hesabına 180 milyon manata çatdı. Təsadüfi deyil ki, 2011-ci ilin müdafiə xərclərinin (təxminən 3,3 milyard dollar) nə az, nə çox - düz 40 faizə yaxınının, təxminən, 1.3 milyard dollarının silahlanmaya və müdafiə sənayesinin inkişafına yönəldildiyinə dair xəbərlər var.
Strateji baxımdan Azərbaycanın tədricən Rusiyadan və digər postsovet məkanı ölkələrindən ənənəvi silah asılılığından qurtulması istiqamətində bir sıra NATO ölkələrinin, xüsusilə Türkiyə və ABŞ-ın səyləri müşahidə edilməkdədir. Əslində Azərbaycan MSN-in yaradılması, ardınca hərbi-sənaye kompleksinin inkişafı ideyası Qərb tərəfindən dəstəklənirdi. Halbuki Qərb ölkələrində bu tip qurumlar müstəqil nazirlik şəklində mövcud deyil, bu qurumlar ya Müdafiə Nazirliyinin, ya da Nazirlər Kabinetinə oxşar strukturların tərkibindədir. Amma hərbi istiqamətdə böyük ehtiyaclara malik olmayan, regional hərbi-strateji hədəflərdən uzaq olan Azərbaycanda ayrıca hərbi-sənaye nazirliyinin yaradılma prosesinin NATO ölkələri tərəfindən dəstəklənməsi və bunun ardınca Azərbaycana intensiv səfərlərə, danışıqlara start verilməsi özlüyündə Azərbaycanın hərbi sahədə dünyaya inteqrasiyası istiqamətində mühüm proses hesab oluna bilərdi.
Araşdırmalara görə, yarandığı vaxtdan - 2005-ci ilin 16 dekabrından 2010-cu ilin sonunadək MSN təmsilçiləri ilə 50-dən artıq ölkənin bənzər strukturlarının 100-dən artıq təmsilçisi arasında görüş keçirilib. Təkcə Rusiya, Ukrayna, Belarusdan olanlarla 20-yə yaxın görüş keçirilib.
Amma bütün bu görüşlərin nəticəsində Azərbaycan müdafiə sənayesinin inkişaf planında xüsusi mövqe qazanmış ölkələrin siyahısına cəmisi 4 ölkə daxil oldu: Türkiyə, İsrail, Cənubi Afrika və müəyyən səviyyədə Pakistan. Hazırda Azərbaycanla bu ölkələr arasında müdafiə sənayesi və silah alğı-satqısında ciddi əməkdaşlıq qurulmaqdadır. Kreml hərbi-siyasi elitasının gözləntilərinin əksinə olaraq, postsovet məkanının, xüsusilə də Rusiyanın müdafiə sənayesi şirkətləri, ciddi səylərinə baxmayaraq, Azərbaycan bazarına daxil ola bilmədilər. Bunun özü mühüm bir prosesin başlanğıcından xəbər verirdi.
Azərbaycan cəmiyyətində həmişə o fikir təlqin olunub ki, Qərb Azərbaycana silah satmır, hərbi-sənaye əməkdaşlığında maraqlı deyil, çünki ölkə müharibə vəziyyətindədir və s.
Bu kontekstdə ilk diqqət çəkən fikir 2008-ci ilin iyununda XİN Təhlükəsizlik Problemləri İdarəsinin II katibi Hikmət Hacıyevin dilindən səslənmişdi:
"Qərb ölkələrinin silah bazarı Azərbaycanın üzünə bağlıdır. Azərbaycanın hətta Türkiyədən silah və hərbi texnika almasında müəyyən problemlər yaşanır". Nazirlik təmsilçisi bildirmişdi ki, Türkiyənin istehsal etdiyi silah və hərbi texnikanın əksəriyyətinin müəlliflik hüququ Qərb şirkətlərinə məxsusdur və "Ona görə də biz belə məsələlərdə MDB ölkələrini seçməli oluruq".
Bu yaxınlarda bu kontekstdə növbəti məlumat yayıldı. Yerli mətbuatda Türkiyənin adı çəkilməyən rəsmisinə istinadən deyilirdi ki, 2011-ci ilin əvvəlində Azərbaycanın silahlanma prioritetlərini açıq elan etməsi başda NATO olmaqla, Avropa Birliyi ölkələrinin ciddi narahatlığı ilə qarşılanıb. Bu ilin aprel ayından isə ABŞ və Avropa ölkələri Azərbaycana silah və hərbi texnika satan Türkiyə, Ukrayna, Çexiya, Bolqarıstan, Polşa, Rumıniya və Slovakiya kimi dövlətlərə siyasi, hərbi və iqtisadi təsirlər göstərməyə başlayıb. O da qeyd edilirdi ki, AB-nin müxtəlif strukturları və ABŞ-ın bu ölkələrdəki səfirlikləri adıçəkilən ölkələrin hökumətlərinə səslənərək Ermənistanla müharibə vəziyyətində olan, lakin neft pulları hesabına ordunu müasir silahlar hesabına gücləndirən Azərbaycanın qarşısını almağa çağırıblar. Adıçəkilən ölkələrin rəhbərlərinə müraciətlərdə AB və ABŞ-ın Azərbaycan və Ermənistan arasında hərbi balansın saxlanılmasına tərəfdar olduğu bildirilir. Qeyd olunurdu ki, bu bəyanatlardan dərhal sonra bir sıra Avropa ölkələri geri addım atmağa başlayıb. Polşa, Slovakiya və Bolqarıstan Azərbaycana silah və texnika satmayacağı barədə rəsmi müraciətlərlə çıxış edib, bir sıra şirkətlər isə Azərbaycan hərbi sənayesi ilə müştərək layihələrindən çəkilib.
Bu məlumatın informasiya yükü olsa da, gerçəklik başqa yanaşmanı ortaya qoymağa sövq edir. Araşdırmalar göstərir ki, gerçəklikdə, Qərb dövlətləri, xüsusilə də NATO üzvləri Azərbaycanın Rusiya ilə hərbi-texniki əməkdaşlığının güclənməsi tendensiyasına qarşı çıxaraq (Azərbaycanın son vaxtlarda Rusiyadan bir sıra silah, hərbi texnika, xüsusilə də S-300 ZRK almasını nəzərdə tutaraq) müdafiə sənayesinin daha çox Qərb müdafiə sənayesi şirkətləri ilə kooperasiyada inkişafını arzu edirlər. Bunu sübut edəcək bir sıra faktlar mövcuddur. Onlardan biri barədə söz açaq:
2010-cu ilin mayında İordaniyada SOFEX-2010 Xüsusi Qüvvələr Sərgisi zamanı Azərbaycan MSN ilə ABŞ-ın 3 şirkəti arasında niyyət protokollarının imzalanması çoxları üçün gözlənilməz oldu:
- bu şirkətlərdən biri Azərbaycana 82 mm çaplı minaatanlar, PKM pulemyotları, 7,62x54 çaplı patronlar, həmçinin 2,5 milyon ədəd 7,62x39 mm çaplı patron, 82 mm çaplı minaatanlar üçün döyüş sursatları, eləcə də lüləaltı qumbaraatanlar üçün 4 min ədəd VOG-25 tipli döyüş sursatı sifariş vermişdi;
- ikinci ABŞ şirkəti isə Azərbaycandan 500 min ədəd 12,7x108 mm çaplı, 250 min ədəd 14,5x110 mm çaplı patron və lüləaltı qumbaraatanlar üçün VOG döyüş sursatlarını almaq istəyirdi;
- üçüncü şirkətsə 5 il ərzində 60 milyon ədəd 9x19 mm çaplı patron almaq istəyirdi.
Bu şirkətlər qeyd edilən döyüş sursatlarını İraqda istifadə üçün alırdılar. Çünki bu sursatların məsafə və daşınma baxımından Azərbaycandan alınması daha səmərəli hesab edilirdi. Hər 3 şirkətlə imzalanmış protokolların nəticələrinə görə, onların nümayəndələri Azərbaycana gəlməli, burada öz testlərini keçirməli, nəticədə alğı-satqı müqaviləsi imzalanmalı idi.
Amma amerikalılarla əməkdaşlıq baş tutmadı. Bu ilin fevral ayının 25-də mətbuata müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov bildirmişdi ki, "sınaq mərkəzi hazır olmadığına görə, təəssüf ki, biz o testləri keçirə bilmədik". Halbuki 2008-ci ilin dekabrının əvvəllərinə Türkiyənin "Koza İnşaaat & Savunma Sanayi Ticaret" şirkəti bildirmişdi ki, həmin ilin sonuna qədər Azərbaycan Müdafiə Sənayesi Nazirliyi üçün inşa etdikləri sınaq poliqonu hazır olacaq. Şirkət İdarə Heyətinin sədri Tahsin Özgümüş bildirmişdi ki, "regionda analoqu olmayacaq" bu poliqonda silah və texnikaların sınaqdan keçirilməsi üçün ən müasir sistemlər, texnologiyalar tətbiq olunacaq.
Bəs necə olur ki, 2008-ci ilin sonunda hazır olan sınaq poliqonda 2010-2011-ci illərdə amerikalılar sınaq tədbirləri keçirə bilmirlər?
Əldə olan bilgilərə görə, ötən müddətdə Amerika şirkətlərinin mütəxəssisləri dəfələrlə Azərbaycanda MSN rəsmiləri ilə təmasa giriblər. Lakin rəsmi Bakının bu sövdələşməyə sərgilədiyi könülsüzlük amerikalıları məyus edib. Birincisi, MSN-in sınaq poliqonunun vəziyyəti amerikalıları qane etməyib, ikincisi, amerikalılar Azərbaycanın müdafiə sənayesi obyektlərində istehsal olunmuş müxtəlif növ sursatların keyfiyyətindən razı qalmayıblar. Amerika hərbi-sənaye mütəxəssislərinin fikrincə, Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi məhsulların təkmilləşməsinə ciddi ehtiyac var, yalnız bundan sonra bu məhsullar dünya bazarına çıxarıla bilər. Bir sözlə, həmin dövrdə amerikalılar tərəfindən Azərbaycan MSN məhsulları "keyfiyyətsiz" hesab olundu.
Əslində, bu, Azərbaycan MSN-in inkişafı yolunda "qorxulu siqnal" idi və birbaşa müdafiə sənayesinin inkişafına ayrılmış milyonların istifadəsinə məsuliyyət daşıyan məmurlar üçün açıq sual xarakteri daşıyırdı. Müşahidə olunan proseslər Qərbin Azərbaycanla hərbi-sənaye sahəsində əməkdaşlığının irəliləməsinə yüksək ranqlı məmurlar tərəfindən maneə yarandığı qənaətini yaradır.
Amma müşahidələr göstərir ki, Azərbaycan siyasi, iqtisadi sahələrdə olduğu kimi, hərbi, xüsusilə də silah alğı-satqısı sahəsində Rusiyanın asılılığından uzaqlaşdırılır. Görünən mənzərə ondan ibarətdir ki, Azərbaycan üçün taktiki dövrdə 4 ölkənin - Türkiyə, CAR, İsrail və Pakistanın müdafiə sənayesi ilə əməkdaşlığının gücləndirilməsi hədəfdir. Strateji dövr üçün dövlətlər qrupu genişlənə bilər: buraya ABŞ, Almaniya, Polşa və s. daxil ola bilər.
Bütün bu prosesi Azərbaycanın müharibə şəraitində olması və Qərbin Azərbaycan ordusuna dəstəyi ilə hər hansı şəkildə əlaqələndirmək düzgün deyil. Azərbaycan zatən silahlanır: spontan şəkildə silahlanan, Rusiyanın silah asılılığına düşən və gələcəkdə qeyri-demokratik idarəçiliyi qoruyacaq hərbi birləşmələrin fəaliyyət göstərdiyi Azərbaycandansa, NATO ölkələri ilə sıx əməkdaşlığa malik, Rusiyanın hərbi asılılığından azad olmuş, demokratik islahatlara getməyə vadar edilən, hərbi birləşmələrin siyasi idarəçiliyin müdafiəçisi olmadığı Azərbaycan daha vacib hesab edilir. Qərbin Azərbaycanla indi başlanmış və strateji planda daha da genişlənəcək hərbi-texniki əməkdaşlığının hədəfi də budur.
Cəsur Sümərinli
Ayna.- 2011.- 3 dekabr.- S.9.