Bu gün ailə
quranların 13 faizinin övladı olmur
Nikahdan əvvəl tibbi müayinə
çox vacibdir
Bu il Azərbaycanda 155 min doğuş qeydə alınır. Gələn il 196 min doğuş proqnozlaşdırılır.
MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, gələn il təxminən 54 min ölü gözlənilir:
"Ümumilikdə gələn il Azərbaycanda təxminən 140 min artım olacağı proqnozlaşdırılır. 1992-ci ildən indiyə qədər Azərbaycanda əhali iki dəfə artıb. Biz istəyirik ki, həyata keçirdiyimiz sosial layihələrlə bu tendensiyaya təkan verək. Amma təəssüflə onu da qeyd etməliyəm ki, bu gün nikaha girənlərin 13 faizinin övladı olmur".
Artıq Azərbaycanda nikahdan əvvəl tibbi müayinə çox vacibdir. Sosial siyasət komitəsinin sədri deyir ki, əgər talassemiya xəstələri nikaha girirsə, uşaq dünyaya xəstə gəlir. "Əgər nikaha girənlər pulla arayış alarsa, Cinayət Məcəlləsində məsuliyyət qoyulacaq. Həmin saxta arayış verən cəzalandırılacaq. Artıq bu barədə layihə hazırlanır", - deyə Rəcəbli vurğulayıb.
Bundan başqa, Rəcəbli bildirib ki, nikahdan öncə tibbi müayinənin məcburi olması çox aktuallaşıb.
Millət vəkili deyir ki, dövlətin, cəmiyyətin sağlamlığının təmin edilməsi üçün ailə sağlamlığı zəruri şərtdir. Odur ki, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçməyi vacibdir. Bu övladların sağlamlığı möhkəm ailənin təməlidir! Ailə həyatına qədəm qoyan gənclərin qan qohumluğunun yaratdığı fəsadlar haqqında tam məlumatı olmalıdır. Tədqiqatlar sübut edir ki, yaxın qohumlar arasında bağlanan nikah nəticəsində dünyaya gələn körpələr xəstəliklərə, qısaömürlülüyə daha meyillidirlər. Onların nəsilvermə qabiliyyəti isə daha aşağıdır.
Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır.
Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin şən, firavan, rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır.
Ailə və nikah sosial
institut kimi bir çox funksiyaları yerinə yetirir. Əksər tədqiqatçıların fikrincə, bunlardan ən mühümü reproduktiv funksiyalardır.
Reproduktiv hüquqlar insan
hüquqlarının ayrılmaz
hissəsidir. Bu, insan hüquqları sahəsində beynəlxalq
standartlara əsaslanır
və hər bir şəxsə nikah bağlamaq, məcburiyyət olmadan nəsilartırma məsələsində
sərbəst qərar
qəbul etmək imkanı verir. Cinsindən, irqindən, yaşından
və dinindən asılı olmayaraq, hər insanın reproduktiv və sosial sağlamlıq hüququ vardır. Gələcək ailə cəmiyyət
qarşısında müəyyən
məsuliyyət daşıyır.
Gənclər ailə həyatı
qurarkən yalnız özləri barədə
deyil, dünyaya gətirdikləri övladları
barədə də fikirləşməlidirlər. Gələcək valideynlərin öz
sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri
körpənin sağlamlığının
təminatıdır.
Nikahdan əvvəl
tibbi müayinə keçirilmədikdə yarana
biləcək problemlərdən
biri sonsuzluqdur. Hepatit,
QİÇS və s. xəstəliklərin
vaxtında aşkarlanmaması,
dünyaya irsi və ya anadangəlmə
xəstəliklərlə gələ
biləcək xəstə
uşaqların sayının
artması da ciddi problemdir. Xəstə valideynlərdən dünyaya
gələn uşaqlarda
ən çox təsadüf olunan xəstəliklər psixi və fiziki inkişafda anadangəlmə
çatışmazlıqlar, qan xəstəlikləri -
talassemiya, hemofiliya və s.-dir.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xəbərdar edir ki, yarana
biləcək problemlərin
qarşısının alınması
üçün sağlam
həyat tərzini seçin, dünyaya gələcək uşaqların
səhhətini fikirləşin,
nikah qurmağa məsuliyyətlə yanaşın!
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçirdiyi sorğu zamanı cəmiyyətimizdə reproduktiv
sağlamlıq anlayışının
bəzi vacib aspektləri öyrənilib. Bunlara hər
şeydən əvvəl
insanların reproduktiv
yönəlmələri və
reproduktiv davranışı
aiddir. Fokus qruplarında iştirakçıların
əksər hissəsi
nikahdan əvvəl tibbi müayinənin vacibliyinə müsbət
münasibət bildiriblər.
Gələcək övladların irsi
xəstəliklərlə doğulacağı
və yaxud ümumiyyətlə, dünyaya
uşağın gəlməməsi
ehtimalı (sonsuzluq) gəncləri ən çox narahat edən problemlər siyahısındadır. Fokus qrupların
iştirakçıları sırasında nikahdan əvvəl tibbi müayinənin məcburi
olaraq keçirilməsinə
heç bir ehtiyac olmadığını
bildirən gənclər
də vardır.
"Hər bir
insan öz sağlamlığına özü
şüurlu surətdə
nəzarət etməlidir"
söyləyən gənclər
mütəmadi olaraq həkim müayinəsindən
keçdiklərini bildirmişlər.
Sorğu
iştirakçıları eyni zamanda özlərinin
qan qohumu ilə nikaha daxil olmalarını da qeyri-mümkün hesab edirlər. Bu yanaşma ilə
bağlı kişilərdən
təşkil olunmuş
fokus qrupunun iştirakçıları da
öz mənfi münasibətlərini bildirmişlər.
Adıçəkilən komitə mütəxəssislərlə
birlikdə ailə həyatı qurmazdan əvvəl vətəndaşların
hansı növ tibbi müayinədən keçməyinin zəruriliyini
müəyyənləşdirib. Mütəxəssislər tibb müəssisələrində
həkim müayinəsi
(psixoloq, narkoloq, dəri-zöhrəvi, vərəm
və s.) və aidiyyəti üzrə analizlərin verilməsi zəruri hesab edilib.
Nikahdan əvvəl kişilər
üçün nəzərdə
tutulmuş tibbi müayinələr:
1. Qan qrupu rezus
faktor
2. Cinsi əlaqə ilə keçən xəstəliklər (QİÇS, hepatit B, hepotit C, xlamidioz, herpes, ureoplazmoz, sifilis və s.)
3. Spermoqramma
4.Talassemiya
5. Genetik xəstəliklər
Nikahdan əvvəl qadınlar
üçün nəzərdə
tutulmuş tibbi müayinələr:
1. Qan qrupu rezus
faktor
2. Cinsi əlaqə ilə keçən xəstəliklər (QİÇS, hepatit B, hepotit C, xlamidioz, herpes, ureoplazmoz, sifilis və s.)
3. Toksoplazmoz, sitalomeqalovirus və s.
4. Talassemiya
5. Genetik xəstəliklər
6. Ağ ciyərin ümumi rentgen müayinəsi
7. Qadın cinsiyyət orqanlarının ultrasəs
müayinəsi
Qeyd edək
ki, QİÇS - Qazanılmış
İmmun Çatışmazlığı
Sindromu deməkdir. İİV-ə
yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə
görə onlar bir çox xəstəliklərə asanlıqla
tutulurlar. Bu xəstəliklər ölümlə
nəticələnir.
Talassemiya genetik qüsur nəticəsində hemoqlobin
sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi qan xəstəliyidir.
Hepatit B qaraciyərdə
iltihab və qaraciyər hüceyrələrinin
məhvi ilə müşahidə edilən
bir xəstəlikdir.
Nikahdan əvvəl
alınması nəzərdə
tutulan tibbi arayış - ailə həyatı qurmaq istəyən insanların
tibbi sağlamlığı
haqqında bir sənəddir. Komitə hesab edir ki, tibbi arayış
dövlət və özəl tibb müəssisələrində təsdiq edilə bilər. Müayinədən sonra verilmiş
tibbi arayış ailə həyatı quran insanları bir sıra problemlərdən
sığortalayır. Hər bir insanın düzgün qərar qəbul edə bilməsi üçün
onun dəqiq informasiyası olmalıdır.
Tibbi müayinə insanların
onlara bəlli olmayan xəstəliklərinin
(vərəm, sonsuzluq,
QİÇS, psixi, dəri-zöhrəvi
və s.) üzə çıxmasına imkan verir. Ailə qurmağa hazırlaşanların
bir-birinin səhhəti
barədə tam bilgisi
olmalıdır. Yalnız bilgi
əldə edildikdən
sonra ailə həyatı qurub-qurmamaq barədə şüurlu
qərar çıxarıla
bilər.
Gələcək nəslin taleyi dünyaya gələcək
övladın fiziki və əqli cəhətdən sağlam
olmasından asılıdır.
Nikaha daxil olmazdan əvvəl tibbi müayinənin məqsədi sağlam ailə özəyinin qurulması, nikaha daxil olan uşaqların
dünyaya irsi və ya anadangəlmə
xəstəliklərlə gəlməsinin
qarşısının alınmasına
nail olmaqdır. Əksər ölkələrdə nikaha daxil olan
şəxslərin tibbi
müayinəsi, habelə
tibbi-genetik, tibbi-psixoloji
və ailənin planlaşdırılması məsələləri
üzrə məsləhət
verilməsi onların
razılığı ilə
yaşayış yerindəki
dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Əgər
Azərbaycanın qanunvericiliyində
müvafiq dəyişiklik
edilərsə, nikahdan
öncə tibbi müayinə həm məcburi, həm də pulsuz ola bilər.
A.Əhmədova
Ayna.- 2011.- 3 dekabr.- S.15.