Tariximizin doğru-düzgün
salnaməsini yazmış ədib
və dilimizin fədakar qoruyucusu
Professor Yaşar Qarayev deyirdi ki, Mirzə Cəlildən sonra Arazı keçən, o taya ana dili aparan, Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu. O taya ana dilini aparmaqla yanaşı, Təbrizdə ana dilində nəşr olunan "Vətən yolunda" qəzetinin bünövrəsini qoydu. Onun "Böyük dayaq", "Gələcək gün", "Pərvanə" kimi romanlarının da, "Həyat", "Kəndçi qızı", "Yaxşı adam" "Madrid" pyeslərinin də qəhrəmanları canlı tarixin fəal qurucularıdır. Ədib böyük bədii təsvir qüvvəsilə müasir zamanın ən aktual məsələlərini əks etdirirdi.
Ən kövrək
və yaralı yeri
Güney Azərbaycan mövzusu onda içdən
gəlirdi, ən kövrək və yaralı yeri
idi. Qəlbində daim
böyük bir Güney nisgili gəzdirən
Mirzə İbrahimovun "Gələcək
gün", "Cənub hekayələri",
"Azad" operasının ssenarisi, onlarca publisistik, ədəbi-tənqidi
yazıları var. Mirzə İbrahimov o torpaqda doğulmuşdu. Yeddi yaşında atası Əjdər kişi ailəsini aclıqdan qurtarmaq
üçün Bakıya gətirmişdi.
Aradan 23 il keçdikdən
sonra, II Dünya
savaşının ölüm-dirim illərində
zabit şinelində ata
yurduna getməli oldu.
O illərdə orada baş
verən hadisələri gözləri ilə gördü.
Dili, milli kimliyi, azadlığı əlindən
alınan xalqın halına yanmış, dərd-səri ilə
yaxından ilgilənmişdi. Azadlıq və istiqlal
yanğısını görmüşdü.
Və orada baş verən
hadisələr onun əsərlərinə
köçmüşdü.
"Gələcək
gün" romanı ədəbiyyatda böyük bir hadisəyə
çevrilmişdi. Bu əsər sonralar dünyanın bir çox dillərinə tərcümə olunmuşdu. İsmayıl Şıxlı əsərin
belə məşhurlaşmasının sirrini
çox gözəl açıqlayaraq
yazırdı:
"Gələcək gün" romanı əvvəla, böyük bir ictimai dəyəri olan siyasi roman idi. İkincisi, bu əsər kəskin konfliktlər, böyük ehtiraslı insanlar, möhkəm iradəli nəhəng xarakterlər romanı idi. Bu romanda İrandakı bütün ictimai zümrələrin həyatı, psixologiyası, ictimai hadisələrə münasibəti mahir bir sənətkar qələmi ilə təsvir edilib. Mirzə İbrahimovun qələbəsi onda oldu ki, "Gələcək gün" romanı sadəcə olaraq qalmadı. Burada yazıçı ictimai hadisələri insanların taleyi ilə, psixoloji halları ilə çarpazlaşdıra bildi. İctimai hadisələri qəhrəmanların tərcümeyi-halına çevirdi".
O taya ana dili aparan ikinci ədibimiz
"Vətən
yolunda" ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova
tapşırılmışdı. Qəzetin ilk sayı 1941-ci
il oktyabrın 11-də çıxır. Qəzet oradakı azərbaycanlı
əsgərlər üçün nəzərdə
tutulmuşdu. Yerli əhali tərəfindən oxuna bilməsi
üçün onun ərəb əlifbası ilə
çapı qərara alınmışdı. Təbrizdə
azərbaycanca günaşırı nəşr olunurdu.
"Vətən
yolunda" 1920-ci ildə Xiyabani hərəkatı
yatırıldıqdan sonra azərbaycanca çıxan ilk qəzetlərdən
olur. Redaksiyada yazarlardan Süleyman Rüstəm, Osman Sarıvəlli,
Məmməd Rahim, Əvəz Sadıq, Qılman Musayev
(İlkin), Seyfəddin Dağlı, İsrafil Nəzərov (məsul
katib), Qulam Məmmədli, Cəfər Xəndan (baş
redaktor müavini) və bir çox başqaları işləmişlər.
1946-cı
ilin mayına qədər qəzetin ümumilikdə 406
sayı çapdan çıxmışdır.
Yazıçı Qılman İlkin xatirələrində
yazır ki, Mirzədə fövqəladə müşahidəçilik
və dərketmə istedadı vardı. Qəzeti redaktə
etməklə yanaşı, ətraf mahalları
qarış-qarış gəzir, ən ucqar kəndlərdə
belə olur, adamların dərd və istəklərini öyrənirdi.
Digər tərəfdən, gələcək əsərləri
üçün materiallar toplayır, publisistik əsərləri
üzərində düşünürdü.
Yazılarını
çox zaman "Əjdəroğlu", bəzi hallarda
İ.Mirzə adı ilə imzalayırdı. "Vətən
yolunda" qəzetində Mirzə İbrahimovun
yazılarının az bir qismində imza olurdu. Qəzetdəki
baş məqalə və redaksiya məqalələrinin onun qələminə
məxsusluğunu ehtimal etmək olar.
İlk
sayda qəzetin adına uyğun adlandırılan "Vətən
yolunda" adlı baş məqalədə
yazılmışdı: "Sovet xalqı üçün
öz vətəni daha əziz və doğmadır.
Çünki bu vətən milyonlarla insanı azad
çalışmaq, xoşbəxt yaşamaq, öz ana dilində
oxuyub yazmaq, öz milli ədəbiyyat və incəsənətini
irəli aparmaq imkanı vermişdir". Sovet
İttifaqından gəlmiş redaktorun bu sözləri
yazmasında qeyri-adi bir şey yoxdu. Amma Əjdəroğlu
yazıdakı ikinci cümləni verməklə güneylilərə
sanki bir mesaj göndərirdi: sizin də ana dilində oxuyub
yazmaq hüququnuz var!
"Vətən
yolunda"nın ilk sayi oktyabrın 11-də 4000 tirajla nəşr
olunmuşdu. O illər üçün bu tiraj yüksək
göstərici idi, lakin qəzetin ilk sayı qısa müddətdə
satılıb qurtarmışdı. Qəzetin xalq
arasındakı nüfuzunu göstərmək
üçün yerli müəllif Məhəmməd Biriyanin
yazdığı məqaləyə nəzər salmaq kifayətdir:
"Saat
10 radələrində Tərbiyət xiyabanından keçərkən
əhalinin bir kiçik oğlanın dövrəsinə
yığışaraq qəzet almalarını gördüm.
Saqqalı ağarmış bir qoca kişi əlində pul
tutaraq camaatı itələyə-itələyə ruznamə
almaq istəyirdi. Ruznamənin birini alıb ona verdim. O sevincək
ruznaməni alaraq dedi: Ağa, əgər mümkün olarsa,
bir az oxu görək nə yazırlar. Onun xahişini yerə
salmadım, oxudum. Qoca dərindən bir ah çəkdi. Mən
heyrətlə səbəbini sual etdim.
O
üzünü mənə tutub: - Çox şükür
ki, belə sadə dildə yazırsınız dedi və
ruznaməni əlimdən alıb mənimlə xudahafizləşdi.
Və ömrünün son illərində Azərbaycan dilində
yazılmış ruznaməni əlləri titrəyə-titrəyə
başqalarına göstərmək üçün sürətlə
getdi".
Qəzetin
səhifələri çeşidli rubrikalar altında
publisistik yazılar və kəskin felyetonlar, incəsənətlə
bağlı icmallar, nəsr və poeziya örnəkləri ilə
zəngin idi. Bütün bunlar söz yox ki, qəzetin redaktoru
Mirzə İbrahimovun gərgin zəhməti bahasına
başa gəlirdi.
Dərc
olunan bədii örnəklərin əsas hissəsini poeziya təşkil
edirdi. İlk saylarda S.Vurğun, S.Rüstəm, O.Sarıvəllinin
şeirləri dərc olunmuşdu. O illərdə "Vətən
yolunda" və "Azərbaycan" kimi qəzetlərdə
folklorun toplanıb öyrənilməsi, yayılması
işi geniş yayılmışdı. Uzun illər ana dilində
təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar
bəlkə də yalnız folklorun hesabına öz milli
varlıqlarını qoruya bilmişdilər. Doğma dildə
yazıb-oxuya bilməyən güneylilərin el nəğmələri,
atalar sözləri, bayatıları, nağılları,
dastanları dildən-dilə, eldən-elə
dolaşırdı. Dil özəllikləri saxlanılmaqla
çap olunan bu toplular xalq arasında maraqla
qarşılanır, onları ruhən öz soykökünə
səsləyirdi.
Türk
dilində çıxan və Güney Azərbaycanda əl-əl
gəzən qəzet kimləri narahat edirdi?
"Vətən
yolunda" qəzetinin geniş oxucu auditoruyası qazanması
İran rəsmilərini narahat edirdi. Professor Cəmil Həsənli
bununla bağlı yazır:
"Oktyabrın
sonlarında İranın daxili işlər naziri Cahanbani Təbrizə
gəldi. Oktyabrın 30-da əyalətin bütün vəzifəli
və imkanlı adamlarının toplantısını
keçirdi. Cahanbani öz çıxışında bildirdi
ki, hər kəs gərək ayıq olsun, şahın və
hökumətin tapşırıqlarını sözsüz
yerinə yetirsin. Nazirdən sonra vali Fəhimi çıxış
etdi və bildirdi ki, əhali gərək Qızıl Ordu tərəfindən
aparılan təbliğata uymasın, öz pullarını
havayı yerə sovet kinofilmlərinə və teatr
tamaşalarına xərcləməsinlər".
Qəzetin
mövzularına gəldikdə isə onlar iki istiqamətdə
idi. Bir istiqamət
kommunist təbliğatına
xidmət edirdi. İkinci qismə isə Azərbaycan mədəniyyətini,
keçmiş və çağdaş ədəbi isimləri,
dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatını,
məktəb və maarifi özündə əks etdirən
yazılar aid idi. Bunlar milli şüuru və milli iftixar
hissini oyatmağa xidmət edirdi.
Cəfər Xəndan yazır
ki, İran şəraitində əksər
qəzetlərin 300-dən 3000-ə qədər oxucusu
olduğu halda, "Vətən yolunda"nın
oxucuları 15000-dən artıq idi.
Oxucular qəzetin
hər nömrəsini
səbirsizliklə gözləyir və yığıb
saxlayırdılar. Qılman İlkin yazırdı ki, "yerli azərbaycanlılar
bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyurdular.
Getdikcə yerli ziyalılardan çoxları redaksiyaya ayaq
açdılar, yerli ziyalılardan ilk tanış olduğumuz
adam şair Biriya oldu. Onun qəzetimizin növbəti
sayında çap olunmuş Hitler barədə satirik şeiri
Təbrizdə böyük gurultu qoparmışdı.
Çox keçmir ki, Biriya qəzetin daimi müəllifinə
çevrilir.
Ondan sonra şəhərin bir çox yaşlı və cavan
şairləri də qəzetin ətrafına toplaşmağa
başladı. Bunlardan Əli Fitrət, Mehdi Çavuşi,
Mehdi Etimad, Səfvəd Yəhya Şeyda, Ərdəbildən
Balaş Azəroğlu, Əli Tudə, daha sonralar şairə
qızlardan Mədinə Gülgün, Hökumə Bülluri
də qəzetin səhifələrində öz şeirləri
ilə çıxış etməyə başladılar.
Qəzetin cəmi 6 ay fəaliyyət göstərib
qapadılması Güney Azərbaycanda olan siyasi
işçilərin Bakıya geri
çağırılması ilə əlaqədar idi. Bu işçi qrup ilə
sovet hərbi-diplomatik nümayəndələri arasında
münasibətlər ziddiyyətli idi. Cəmil Həsənli
yazır:
"Güney Azərbaycandakı
proseslərin getdikcə
milli müstəviyə keçməsi sovetləri o qədər
də təmin etmirdi... Hətta A.Smirnov ilk olaraq türk dilində
çıxan və Güney Azərbaycanda əl-əl gəzən
"Vətən yolunda" qəzetinin bağlanması
haqqında SSRİ Xarici İşlər
Komissarlığına müraciət də etmiş, lakin
M.C.Bağırov da öz növbəsində "Vətən
yolunda"qəzetinin bağlanmasına etirazını bildirib
vaxtında bunun qarşısını ala bilmiş, məsələnin
müsbət həllinə nail olmuşdu...".
Milli Hökumətin
Ana Yasasının yazılmasında Mirzə
İbrahimov yaxından iştitak etmişdi. Bununla yanaşı, ADF-nin
proqram sənədləri, partiya protokolları, müxtəlif
çıxış və məruzələr, Milli Hökumətin
baş naziri Seyid Cəfər Pişəvərinin bir sıra
məqalə və çıxışları, publisistik məqalələrinin
1946-cı ildə bir toplu şəklində "Qızıl
səhifələr" adlı kitabda işıq üzü
görməsində Mirzə İbrahimovun böyük rolu
olmuşdu.
1942-46-cı
iillərdə Azərbaycan
SSR maarif naziri işləyən Mirzə İbrahimov Güney
Azərbaycanda maarif və mədəniyyətin təşkili
işinə də məsul idi, bu işə xüsusu həvəs
və şövqlə can yandırırdı.
"Şairlər məclisi" ənənəsi...
1945-ci ildə
"Vətən yolunda" qəzetinin nəzdində
"Şairlər məclisi" təşkil olundu.
Bütün Güney Azərbaycan və İranda şöhrət
tapan "Vətən yolunda" qəzeti həm də az zaman
içərisində yerli şairlərin ədəbi mərkəzinə
çevrildi.
Məclis "Şairlər məclisi"
adı altında aylıq ədəbi məcmuə
də hazırlayırdı. Məcmuənin bütün
sayları 1945-ci ilin noyabrında bir kitab şəklində
çap olundu, 424 səhifədən ibarət olan bu kitabda
80-dən çox şairin 300-dən artıq şeir və
poeması toplanmışdı. Bu toplu Güney Azərbaycan
yazarları ilə bağlı ilk antologiya idi. Aradan 40 il
keçdikdən sonra Mirzə İbrahimovun rəhbərliyi ilə
Bakıda dördcildlik "Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası" çap olundu.
"Vətən yolunda"
qəzetinə nəzər
saldıqda hər iki taydan olan müəlliflərin də
yaradıcılığında ilginc olan bir məqamı
görməmək olmur. 1930-cu illər repressiyalarından, Stalinə, partiyaya mədhiyyə
xarakterli əsərlər yazmaqdan usanıb-bezmiş qələm
sahibləri tamamilə yeni bir mühitə
düşmüşdülər. Onlar artıq
düşündüklərini, içdən gələn
hisslərini söyləyib yazmaqda nisbətən sərbəst
idilər. Birgə ədəbi, elmi fəaliyyət
üçün bir növ fürsət düşmüşdü,
imkan yaranmışdı. "Vətən yolunda" qəzeti
da bu imkandan yararlanırdı. Oradakı demokratik ovqat
güneyli ziyalılarla yanaşı onlar üçün də
ürəkdən olan bir mövzu idi.
"Ana dili" sevdalısı
"Vətən
yolunda" qəzetinin 1945-ci il 119-122-ci saylarında dərc olunmuş
"Azərbaycan dili" adlı məqaləsində Mirzə
İbrahimov ana dilinin hər bir insanın həyatında
özəl önəm daşıdığını qeyd
edir, hər bir xalqın dilinin onun milli varlığı və
mənəvi aləminin ifadəçisi olduğunu
vurğulayırdı.
Aradan illər
ötəcək, Mirzə
İbrahimov 50-ci illərdə yenidən Azərbaycan dili məsələsinə
toxunacaq. Ali
Sovetdə işlədiyi vaxt Azərbaycan dilini dövlət
dili elan etməsi onun vətənə, xalqa xidmətlərinin
alisi, zirvəsi idi. Bu məsələ ilə bağlı onun
başı az ağrımadı.
Stalinə yazdığı məxfi
məktub
Parçalanmış Azərbaycanın birləşmək
dərdi həmişə
onun ürəyində
qövr edirdi. 1944-cü ildə Stalinə mühüm və gizli məktub yazır, surətini M.C.Bağırova yollayır.
Məktubun surətini belə
özündə saxlamağa
ehtiyat edir. Az keçmir
onu Bakıya geri çağırırlar.
Əvvəlcə Bağırov onunla
söhbət edir.
Sonra isə onu Moskvaya
Molotovun qəbuluna çağırırlar. Məktubda Türkmənçay
müqaviləsini ləğv
etməyin vaxtı çatdığını, Azərbaycanın
birləşib bir vahid olması üçün tarixi məqamın yetişdiyini
Stalinə bildirirdi...
Güney
Azərbaycan və Arazın o tayında yaşayan soydaşlarımız
barədə mətbuatda
hələ açıq
danışmaq imkanı
olmazdan əvvəl M.İbrahimov Ədəbiyyat
İnstitutunda xüsusi
şöbənin açılmasına
nail olmuş və həmin şöbə onun təkidilə "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsi
adlandırılmışdı. "Cənubi Azərbaycan"
anlayışını elmi
dilə məhz Mirzə İbrahimov gətirmişdi. Ondan
əvvəl "İran
Azərbaycanı" terminindən
istifadə edilirdi...
Pərvanə MƏMMƏDLİ,
Fəlsəfə doktoru, dos.
Ayna.- 2011.- 3 dekabr.- S.19.