Bu rəsmlərdə bahara vurğunluq diqqəti cəlb edib

 

Parisdə gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılıb

 

Fransa paytaxtının Vivyen İncəsənət Qalereyasında azərbaycanlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi təşkil edilib. Vivyen İncəsənət Qalereyasının direktoru Pyer Qimbard gənc rəssamı, onun ailəsini və digər azərbaycanlıları görməkdən məmnunluq hissi keçirdiyini, Məryəm Ələkbərlinin böyük istedada malik olduğunu bildirib.

Məryəmin nümayiş etdirilən əsərlərinin onda böyük təəssürat oyatdığını vurğulayan Pyer Qimbard gənc rəssamın fırçasının məhsulu olan əsərlərin rəng çalarlığının müxtəlifliyinə görə bir-birindən fərqləndiyini qeyd edib, ona uğurlar arzu edib.

Məryəm Ələkbərlinin rəsm müəllimi Dominik Şevalye həmyerlimizin vasitəsi ilə gözəl azərbaycanlı ailəsi ilə tanış olduğunu diqqətə çatdırıb. Onun qeyri-adi yaradıcılıq imkanlarından danışıb. Deyib ki, bənzərsiz rəsm əsərlərində Məryəmin duyduğu, qavradığı dünya öz əksini tapıb:

"Seçilən hər mövzuda uyğun rəng çalarlarından istifadə gənc Məryəmin istedadından xəbər verir. İnanıram ki, Məryəm gələcəkdə tanınmış rəssamlardan biri olacaq".

Parisdə xüsusi rəssamlıq məktəbində təhsil alan 20 yaşlı Məryəm Ələkbərlinin sərgidə 50-dək əsəri nümayiş etdirilib. Onun kətana köçürdüyü əsərlər müxtəlif mövzuları əhatə etsə də, rəssamın yaradıcılığında, onun rənglər dünyasında təbiət, eləcə də Bakı və Paris mənzərələri, natürmortlar, insan portretləri və s. başlıca yer tutur. Onun yaradıcılığında bahara vurğunluq diqqəti cəlb edib.

Sərgidə gənc rəssamın əsərlərindən ibarət olan və Parisdə nəfis şəkildə çap olunmuş albom nümayiş olunub. "Bahar üçün müqəddimə" adlı bu albomda Paris-X Universitetinin incəsənət professoru Tyerri Dufren, xalq yazıçısı ElçinBerlin İncəsənət İnstitutunun müəllimi, rəssam və tənqidçi İnge Smidtin rəssamın yaradıcılığına dair fikirlərinə yer ayrılıb.

Tədbirdə yerli ictimaiyyət, Azərbaycanın Fransa səfirliyinin əməkdaşları və digər qonaqlar iştirak edib. Sərgi dekabrın 10-dək davam edəcək.

 

Zəminə   

Ayna.- 2011.- 10 dekabr.- S.20.