"Fərqləndiyimi göstərmək istəyirəm"

 

Aygün Bəylər ikinci peşəyə yiyələnir

    

Əməkdar artist Aygün Bəylərin sənətdə strategiyası onu son illər kamera önündən, mətbuat səhifələrindən kifayət qədər uzaq tutub. Əvvəlki qədər efirlərə çıxmır, müsahibə vermir. Son bir neçə ildə onun həyatında həm yaxşı, həm də hüznlü anlar baş verib. Amma o, bunları geniş ictimaiyyətlə bölüşmür. Son illər özünə qapanıb, yaradıcılıq yenilikləri də əvvəlki kimi bol deyil. Amma az da olsa, meydana sanballı ifaları ilə çıxmağa çalışır. Sənətçi ilə söhbətdə həyatında hüznlü hadisə baş verdiyini öyrəndik:

- Kefim yaxşı deyil. Əmim oğlunu itirmişik. Cavan idi, faciəli ölüm xəbərini eşitdik və sarsıldıq. Bir neçə gün olar 40 mərasimini verdik. Amma onun itkisi əzizlərini ağrıdır. Hələ də bu itkiylə barışa bilmirik. Ona görə də hüznlüyəm.

- Əslində, çoxdandır sizi belə kefsiz, əhval-ruhiyyəsi aşağı görürük. Özünüzü, demək olar, cəmiyyətdən bir qədər ayırmısınız.

- Belə hallarım olub. Buna depressiya deyərdim. Amma öhdəsindən gələ bildim. İmkan vermədim məni üstələsin.

- Depressiyanı yaradan səbəb nəydi?

- Səbəb şəxsi həyatla bağlı deyil. Şükür Allaha, qızımı böyüdürəm. Düzdür, ana olmaq, uşaq yetişdirmək asan deyil. Atası yanımızda olmadığı üçün onun bütün xərclərini, qayğısını özüm üstələmişəm. Amma gerçək səbəb başqadır. Söhbət sənətdən gedir. Mən 16 yaşından bu sənətdə külüng çalıb, səsi ilə uğur qazanan ifaçı olmuşam. İstedadımı ölkə başçısı gənc yaşlarımdan qiymətləndirdi. 26 yaşında əməkdar artist oldum. Bakı Musiqi Akademiyasını oxuyub, xanəndəlik diplomunu almışam. Amma bu gün sənətə gəlib, özünü peşəkar ifaçılarla bir tutub, aşağıdan yuxarı fikir bildirənləri görəndə bir ah çəkib düşünürsən. Qəribədir ki, meyarlar da dəyişir. Əvvəl peşəkarla qeyri-peşəkarın yeri bilinirdi. Bu gün hamısı tərəzinin eyni gözündədir. Çox qəribədir ki, onlardan fərqləndiyini sübut eləmək olmur. Bir də təkrarçılıq yordu məni. Nə isə yeni bir şey axtarmaq, fərqləndiyimi göstərmək istəyirdim.

- Göstərə bildiniz?

- Qarşıma məqsəd qoydum - daha da bişməli, sənətimi inkişaf etdirməliyəm. Uğurlu seçim etdim, bu il Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsinə daxil oldum. Aydın Əzimovdan dərs alıram. Artıq yenidən tələbə adı daşıyıram. Bu həyat məni başqalaşdırdı, ruhlandırdı. Dərs prosesində öyrəndiklərim məni nə qədər həvəsləndirir... Ötən gün bizə evə laylay haqqında yeni mahnı bəstələmək tapşırığı verilib. Hazırda onu işləyirəm. Bu hələ başlanğıcdır. Çox böyük işlər görməyi düşünürəm. Hazırda "Hümayun" simfonik muğamı üzərində çalışıram. Bu, böyük bir yaradıcılıq işidir. İfaçılar da çox olacaq. Əslində, bir çox muğamlarımızı bu variantda işləməyi düşündüm. Necə ki, vaxtilə Niyazi, Fikrət Əmirov və bu kimi bəstəkarlar böyük əsərlərini bizə miras qoyublar. Amma mənim ideyalarımın bir əmması var. Əvvəla, hər bir simfonik muğam üçün çoxlu sayda notu bilən peşəkar musiqiçi lazımdır. Əgər söhbət ifaçılardan gedirsə, belələri barmaq sayı qədərdir. Bir partiyanı özüm ifa edə bilərəm. Qalanlarının taleyi hələ bəlli deyil. Amma mən layihəni hazırlamaqda davam edirəm. Ən başlıcası isə bu işin ərsəyə gəlməsi üçün maliyyə yardımına ehtiyac var. Amma bu, mənim büdcəmə uyğun məbləğ deyil. Maliyyə dəstəyinin olması vacibdir.

- Belə bir ehtimal var ki, mahnı ifaçısı Aygün Bəylər gələcəkdə yerini bəstəkar Aygün Bəylərə versin.

- Əsla. Mənim çörəyim hələ ki, mahnı ifalarından çıxır. Amma bəstəkar olmaq da asan deyil. Mən əvvəllər nağara ifaçısı olmuşam. Akademiyada bu ixtisasa yiyələnmək üçün mütləq bir alət üzrə ixtisasın olması şərtdir. Mənim bu cəhətdən şansım var idi. Hər gün dərsdə bizə müxtəlif xalqların musiqisini dinlədirlər. Şubert, Bax, Motsart b. dahilərin əsərini eşitdikcə bu mühitdən təcrid oluram. Sevinirəm ki, arzuladığım peşənin daşıyıcısıyam. Məni depressiyadan yenidən peşəkarların mühitində olmağım çıxardı. .

 

Xatun

Ayna.- 2011.- 17 dekabr.- S.21.