Cənubi Qafqaz
Rusiya, Türkiyə və Antanta arasında
(1920-1921)
Antanta ölkələrinin bolşevizmi beşiyində boğmaq və türk mülklərinə yiyələnmək üçün apardıqları müharibə bolşevik Rusiyası və kamalçı Türkiyəni yaxınlaşdıraraq az sonra müttəfiqə çevirdi. Bu müttəfiqlik Cənubi Qafqazda geosiyasi dəyişikliyə gətirdi. Azərbaycan işğal edilərək sovetləşdirildi. Antanta dövlətlərinin Osmanlı Türkiyəsi ilə 1920-ci il avqustun 10-da imzaladıqları Sevr sülh müqaviləsinə türk xalqı etirazını bildirərək rədd etdi. Yeni Türkiyə hökuməti ağır bir şəraitdə istiqlal mübarizəsi aparırdı. Antanta ölkələrinin Türkiyə üzərində qələbə qazanması Bakı üzərinə gedən yolu açar, müstəqilliyini itirmiş xalqların antisovet mübarizəsini daha da gücləndirər, bolşevik Rusiyasının süqutuna gətirərdi.
Bu zaman türk xalqının ingilis-yunan müdaxiləçiləri ilə ölüm-dirim mübarizəsinə başı qarışdığını görən ermənilər Türkiyəyə qarşı yeni cəbhə açdılar. Daşnak silahlı dəstələri Anadoluda dinc türk əhalisinə qarşı kütləvi terrora və qətllərə başladı. Onlar Türkiyənin parçalanacağına və Sevr müqaviləsi əsasında yaradılması nəzərdə tutulan müstəqil Ermənistanda dünyanın hər yerindən gələn ermənilərin toplaşacağına ümid edirdilər. Türkiyənin bu vəziyyəti bolşevik Rusiyasında da müzakirə edilirdi. Bolşevik Rusiyasının Türkiyə nümayəndəsi Şalva Eliava 1920-ci ilin sentyabrında RSFSR xalq xarici işlər komissarı Çiçerinə, Leninə, Trotskiyə və RK (b)P MK-ya göndərdiyi məruzəsində yazırdı ki, Yaxın Şərqdə yaranmış vəziyyət böyük diqqət və yubanmadan qətiyyətli fəaliyyət tələb edir. İngiltərənin Şərqdə Rusiyanı boğmağa yönəlmiş mükəmməl siyasətinə qarşı Rusiya da parlaq düşünülmüş siyasət qoymalıdır. Onun fikrincə, İngiltərə Anadoluda hərbi gücünü toplayaraq Bakını ələ keçirmək istəyir, Ermənistan isə hücum üçün məqam gözləyirdi. İngiltərə Qafqaz ətrafında dəmir zəncir düzəldərək Azərbaycana agentlərini göndərirdi. Eliavanın yazdığına görə, Mustafa Kamal paşa, Kazım Qarabəkir paşa və Xəlil paşanın fikrincə, əgər Türkiyə ətrafında bu vəziyyət bir ay davam edərdisə, onda Türkiyə olmazdı.
Eliava Ağstafa, Dilican, Qarakilsə, Aleksandropol və Sarıqamışdan qətiyyətlə keçərək təcili surətdə Anadolu ilə əlaqə qurmağı təklif edirdi. Onun fikrincə, bu, bütün Cənubi Qafqazın iyrənc əks-inqilabının ocağı olan Ermənistanın sovetləşdirilməsi demək idi. Eliava yazırdı ki, birincisi, Ermənistanın sovetləşdirilməsi Anadolunun xilası üçün lazımdır. İkincisi, bu, Azərbaycanda və Dağlılar hökumətində əks-inqilabi ümidləri öldürəcəkdir. Üçüncüsü, bu, İran Azərbaycanında ingilis təsirini məhv edəcək, mübarizəni oraya keçirməyə imkan verəcəkdir. Dördüncüsü, Kürdüstan buferi qurmağa dair ingilis planlarını puça çıxaracaqdır. Ermənistanda hərbi kampaniyanı qışda aparmaq xeyli çətin olduğundan onun tutulması tezliklə həyata keçirilməlidir. Eliavanın bu təklifləri Azərbaycan KP MK-da və Qafqaz bürosunda müzakirə edildi. Sentyabrın 16-da Azərbaycan KP MK Siyasi bürosu və Təşkilat bürosunun birgə iclasında çıxış edən Azərbaycan hökumətinin başçısı Nəriman Nərimanov Antanta ölkələrinin planlarının Azərbaycana hücum etmək, Rusiyanı əsəb mərkəzindən - Bakı neft rayonundan məhrum etmək olduğunu dedi. Bakının ələ keçirilməsi bolşevik Rusiyasının devrilməsi demək olardı. Sovet Rusiyasının Türkiyə və İrandakı nümayəndəsi Şalva Eliava sovetlərin Antantanın planlarının əleyhinə təcili tədbirlər almasının vacibliyini bildirirdi. Onun fikrincə, Antanta Azərbaycan üzərinə hücuma hazırlaşdığından Anadolu ilə birləşmək və mübarizənin mərkəzini Türkiyəyə keçirmək vacib idi. Sovet hərb xadimi Aleksandr Yeqorov Cənubi Qafqaz respublikaları olan Gürcüstan və Ermənistana münasibətdə mərkəzin əvvəlki səhvlərini düzəltməsinin və Ermənistanın Anadolu ilə birləşdirilməsinin vacibliyini dedi. Onun fikrincə, yalnız bununla bolşeviklərin Azərbaycanda və Rusiyada vəziyyəti düzələ bilərdi. Azərbaycan bolşevik xadimi Əliheydər Qarayev isə Gürcüstan və Ermənistanda hakimiyyətlərin ləğvedilmə təklifini irəli sürdü. Vano Sturua da Gürcüstan və Ermənistanın ləğv edilməsini, Anadolu ilə birləşməyi və mübarizənin mərkəzini Türkiyəyə keçirməyi Azərbaycanda möhkəmlənməyin və dünya inqilabı üçün Bakını qorumağın yeganə vasitə olduğunu, hazırlıqların tezliklə aparılmasının vacibliyini, hakimiyyəti saxlamaq üçün qışda hər şeyin edilməsinin mümkün olmayacağını bildirdi. Məsələ barəsində belə bir qərar qəbul edildi: Yaxın Şərqdə və Türkiyədə Antantaya qarşı mübarizəni yüngülləşdirmək üçün tezliklə Ermənistan sovetləşdirilsin. Bu barədə mərkəzə məlumat verilsin. Qərar qəbul edildikdən bir gün sonra, sentyabrın 17-də Şərq xalqları Təbliğat və Fəaliyyət Şurasının Rəyasət Heyəti Yaxın Şərqdə yaranmış vəziyyət haqqında məsələ müzakirə edərək qərar qəbul etdi. Qərarda deyilirdi ki, Ermənistanda daşnak hökuməti gücsüzlüyümüzdən istifadə edərək bizə qarşı müharibəyə başlamağa hazırlaşır. Azərbaycanda, xüsusən Qarabağda və Zəngəzurda kommunist maskası altında işləyən daşnaklar yerli hakimiyyət orqanlarını ələ keçirərək, müsəlman əhalini tərk-silah edərək daşnak hücumu üçün zəmin hazırlayır. Azərbaycanda sovet siyasətində olan bəzi səhvlər sovet hakimiyyətinə qarşı əks-inqilab üçün zəmin hazırlamışdır. Yerli rəhbərlər belə hesab edir ki, Azərbaycanda sovet hakimiyyəti rus süngüsü üzərində dayanmışdır. Mustafa Kamal paşa Xəlil paşa vasitəsi ilə bildirmişdi ki, belə bir ağır şəraitdə millətçilər mübarizəni yalnız bir ay müddətində davam etdirə bilərlər. Əgər bir ay müddətində Sovet Rusiyası ilə əlaqə qurulmasa, onlara maddi və mənəvi dəstək verilməsə, milli hərəkat yatırılacaq və Türkiyə Böyük Millət Məclisi hökuməti devriləcəkdir.
İngiltərə Ermənistanın və Gürcüstanın köməyi ilə "Azərbaycanı azad etmək" adı altında Azərbaycana zərbə endirmək istəyirdi. Azərbaycanda sovet hakimiyyətinin müstəmləkə və türklər əleyhinə siyasəti nəticəsində xalq nəinki bu hücuma müqavimət göstərməz, əksinə, onun cərgələrinə qoşulardı. Belə bir şəraitdə Rusiya ordusu uzun müddət müqavimət göstərə bilməzdi. Hərbi əməliyyatlardan bir ay sonra Bakı şəhəri mühasirəyə düşərdi. Bu zaman Bağdadda İngiltərənin Şərq hava qüvvələrinin 300 təyyarəsi vardı. Bakı tutulmasaydı belə, şəhər mühasirəyə alınar və yandırılardı. Digər tərəfdən, türk inqilabi hərəkatının yatırılması bütün Şərqdə inqilabi hərəkatın və sovet siyasətinin iflasına gətirərdi. İngiltərə itirilmiş nüfuzunu bərpa etmək üçün Türkiyənin əhalisi müsəlman olan və rus zülmü altında inləyən Azərbaycan, Qafqaz və Türküstana olan tarixi haqqını tanıyar və bu əraziləri Rusiya əleyhinə qaldırardı. İngiltərə panislamçı hərəkatı Qərbdən Şərqə keçirərək sovet Rusiyasına qarşı yönəldərdi. Yerlərdə sovet müstəmləkə siyasətindən narazı olan xalqları sovet Rusiyasının əleyhinə çevirmək çətin olmazdı. Bu zaman müsəlmanların müqəddəs müharibəsi İngiltərəyə qarşı deyil, sovet Rusiyasına qarşı başlayardı. Bununla da Rusiya zəngin neft və pambıq mənbələri olan Qafqazdan və Türküstandan ayrı düşərdi. Qəbul edilən qərarda sovet Rusiyası üçün ölümcül olan bu vəziyyətdən çıxmağın yolu kimi Türkiyədəki milli hərəkata yardım etmək, ingilis-şah qüvvələrinin Ermənistan ilə birləşməsinin qarşısını almaq, Türkiyə ilə birləşmək məqsədi ilə millətçi türk ordu hissələrinin Ermənistana hücumu, öz xalqına zülm edən daşnakları devirməyə yardım etməsi tövsiyə olunurdu. Qərarda vurğulanırdı ki, Sovet Rusiyasına və Türkiyəyə düşmən olan daşnakların devrilməsi Türkiyə ilə birləşməyə, arxadan təhlükə olan erməni sərhədini ləğv etməyə, Mustafa Kamalın mövqelərini möhkəmləndirməyə kömək edər. Bu addım milli hərəkatı gücləndirər, ingilislərin təsiri altında olan sultanın Türkiyədə yeganə hakim olmasını elan etməsinə mane olardı. Ermənistan üzərinə hücum təkcə türk milli hərəkatına yardım etməz, eyni zamanda Rusiya üçün düşmənlərin yığıldığı Ermənistanı aradan qaldırar, ingilis-şah qüvvələri gəlməzdən əvvəl onu sıradan çıxarardı. Bundan başqa, Ermənistan üzərinə hücum ondan müdafiə olunmaqdan asan olar, daşnakların Azərbaycanı bolşeviklərdən azad etmək adı altında hücum edəcəyi təqdirdə Azərbaycan əhalisinin bir hissəsi bolşevik hakimiyyətinin əleyhinə olardı. Bolşeviklərin Ermənistana hücum edəcəyi təqdirdə isə təkcə bütün Azərbaycan əhalisi deyil, ermənilərin də bir hissəsi yeni hakimiyyətin tərəfində olacaqdı. Ermənistana hücum üçün əlavə qüvvə lazım olmayacaq, yalnız gövdə göstərişi olacaqdı. Bu zaman inqilabi türk hökuməti öz ordu hissələrini türk ordusunun gəlməsindən qorxan ermənilər yaşayan yerlərdə rus komandirlərinin ixtiyarına verməyə razı idi. Qəbul edilən qərarlarda diplomatik cəhətdən Qərbi Avropada bu hay-küyü yatırmaq üçün Ermənistana hücum zamanı aşağıdakı tədbirləri görmək tövsiyə olunurdu: Türk ordusu hücuma başlayan kimi bolşeviklər öz mətbuatlarında və orqanlarının köməyi ilə yeni erməni-türk qırğınları haqqında Avropada hay-küy qaldırar, onu birdəfəlik dayandırmaq üçün bolşevik orduları Ermənistan üzərinə hücum edər, burada sovet hakimiyyəti qurular, daha sonra türk orduları Ermənistan hüdudlarından çıxarılardı. Türklər buna sözsüz tabe olardılar. Türklərlə ermənilər arasında gələcəkdə toqquşmalar olmaması üçün Rusiya erməni-türk sərhədini tutardı. Beləliklə, bolşevik Rusiyası bütün Qərbi Avropa proletariatının gözündə mötədil, sülhpərvər, erməni xalqının qalan hissəni qırğından qurtaran və xilasedici kimi görünərdi.
Beləliklə, Ermənistan ilə müharibə qaçılmaz idi. Onu yubatmaq Azərbaycan üzərinə Antantanın və Ermənistanın hücumuna gətirər, Bakının itirilməsi ilə nəticələnərdi. Şərqdə inqilabı xilas etmək üçün Ermənistan sovetləşdirilməli idi. Bu qərar tam məxfi olmalı və heç bir təşkilata onun barəsində məlumat verilməməli idi. Sentyabrın 22-də Türkiyə Ermənistana qarşı müharibəyə başladı. Mustafa Kamal Paşa Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşaya hərbi əməliyyatları sürətləndirməyi və qışa qədər başa çatdırmağı əmr etdi.
(ardı var).
Musa QASIMLI, millət vəkili,
professor
Ayna.- 2011.- 17 dekabr.- S.19.