"Sklerozlar üçün yaddaş"

 

Firuz Mustafadan mədəniyyət yönümlü iki kitab

 

Yazıçı-filosof Firuz Mustafanın iki yeni kitabı nəşr edilib. "Qloballaşma və mədəniyyət" kitabında müəllif adı başlığa çıxarılan fenomenlər (qloballaşma və mədəniyyət) arasındakı qarşılıqlı mürəkkəb əlaqənın bir sıra nüanslarını sosioloji və fəlsəfi aspektdə araşdırır. Tədqiqatçı konkret paradiqma və parametrlər müstəvisində tədqiqata cəlb etdiyi problemin mahiyyətini hamı üçün anlaşıqlı bir üslub və dildə geniş oxucu kütləsi üçün çözməyə çalışmişdır.

Firuz Mustafanın ikinci kitabı belə adlanır: "Sklerozlar üçün yaddaş". Lakin nəzərə almaq lazımdır ki, yeni kitab məlum xəstəliyə (skleroza) mübtəla olan xəstələr üçün yazılmayıb. Bu, bir növ müəllifin bir neçə il öncə qələmə aldığı "Buz üstə yazılmış sətirlər" kitabının təkmilləşdirilmiş yeni nəşridir. Müəllif yeni nəşrlə əlaqədar oxucuya xitabən yazır:

"Sən əlinə götürdüyün bu "yaddaşı" (və ya "yaddaşsızlar üçün ensiklopediya"nı), indiyəcən adət etdiyin adi qaydada, yəni yuxarıdan aşağıya doğru yox, istədiyin yerdən, lap elə ixtiyari cümlədən, hətta kefin istəsə, aşağıdan yuxarıya tərəf də oxuya bilərsən. Bu kitabda yumor da var, sarkazm da, eyham da var, ağrı da, gülüş də var, göz yaşları da".

Kitabda Firuz Mustafanın dram və nəsr əsərlərindən parçalar, müxtəlif illərdə yazılmış aforizmlər və kəlamlar, bir sözlə, müəllifin fikir və duyğu əsintiləri toplanmışdır.

 

Ayna.- 2011.- 17 dekabr.- S.20.