Cənubi Qafqaz Rusiya, Türkiyə

və Antanta arasında (1920-1921)

 

(Ardı. Əvvəli 17 dekabr sayımızda)

 

Bolşevik Rusiyası Ermənistanda daşnak hakimiyyətinin devrilməsində maraqlı olsa da, türklərin qələbələrindən narahat idi. Bununla bağlı olaraq noyabrın 16-da Stalin Vladiqafqazdan Leninə göndərdiyi teleqramda yazırdı ki, təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, hazırda İranda yeganə real hakimiyyət İngiltərədədir, belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər, əgər o, ordularını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə bir təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək Ermənistanı sovetləşdirmək lazımdır, erməni sovet pazını Türkiyə ilə Azərbaycan arasına vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasında ərazi Qərbdən olan hücumların qorunması üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı ordularımızın arxasında qərar tutar. Burjua Gürcüstanı mövcud olduqca bu təhlükə bütün təhlükələrdən daha ciddi təhlükə olacaqdır. Buna görə də biz Gürcüstana qarşı daim ciddi qüvvələr saxlamalı olacağıq. Bu təhlükəni aradan qaldırmaq üçün Gürcüstanı sovetləşdirmək lazımdır. Stalinin fikrincə, Gürcüstanın sovetləşdirilməsi Şimali Qafqaz əksinqilabçılarının arxa cəbhəsini əllərindən alar və Şimali Qafqaz donmuş olardı.

Yaranmış vəziyyət haqqında elə həmin gün Stalin Lenin ilə telefonla danışaraq İrəvandan Budu Mdivaninin göndərdiyi teleqrama əsaslanaraq deyirdi: 1. Erməni ordusu artıq dağılmışdır. Türklər istəsələr bütün Ermənistanı tuta bilərlər. Kazım bəy (Türkiyənin Tiflisdəki nümayəndəsi - M.Q.) özünü şübhəli aparır. Mdivaninin fikrincə, bu ərazilərin tutulması Türkiyə ilə Gürcüstan arasında gizli razılaşma, ola bilsin, Antanta ilə razılaşma əsasında həyata keçirilir. 2. Orconikidzenin fikrincə, türklər Azərbaycandakı narazı elementlərlə əlaqə qurmağa çalışırdılar. 3. Türklərin mövqeyi vasitəçilik məsələsində yayındırıcıdır. 4. Orconikidzenin məlumatına görə, Rəştdə və Ənzəlidə bir neçə min ingilis əsgəri var. Onlar ingilislərin İranda möhkəmlənməsi üçün iş aparırlar. 5. Orconikidzenin fikrincə, biz Cənubi Qafqazda Antantanın təşkil etdiyi böyük müharibə astanasındayıq: Gürcüstanın köməyi ilə, ola bilsin, yaxşı halda Türkiyəni bitərəf etməklə, pis halda isə bolşevik Azərbaycanını bizə qarşı müharibəyə qoşmaqla. 6. Orconikidze praktik addım kimi Türkiyə ilə Azərbaycan arasında paz vurmağı, zolaq yaratmağı təklif edir.

Stalin Lenindən cavab istəsə də, o, bildirirdi ki, Siyasi Büro toplanmadan heç bir şey deyə bilməz. Lenin Stalinə Siyasi Büroya ya konkret təklif verməyi, ya ona verilmiş səlahiyyət çərçivəsində müstəqil hərəkət etməyi, ya da bütün Qafqaz məsələlərini həll etmək üçün Moskvaya təcili gəlməyi tövsiyə edirdi. Stalin Moskvaya getməyə qərar verdi. Orconikidzeyə isə hazırlıq işlərini aparmağı və təlimat gözləməyi tapşırdı.

Noyabrın 27-də Orconikidze Bakıdan Stalinə və Çiçerinə teleqram göndərərək Rusiya şərtləri əsasında Türkiyə ilə danışıqlara başlamağa dair təkliflərini yazdı: 1. Sovet Ermənistanının sərhədləri Rusiya ilə danışıqlara əsasən müəyyənləşdirilsin. 2. Gürcüstana hücumun vaxtı müəyyənləşdirilsin. 3. Antantaya qarşı fəal hücumun başlanılması. Orconikidzenin fikrincə, yalnız bu şərtlərlə Türkiyəyə maliyyə və başqa şeylər verilə bilərdi.

Stalin noyabrın 28-də Orconikidzeyə göndərdiyi cavab teleqramında tələsməməyi və möhkəmlənməyi gözləməyi tövsiyə etdi. Bildirdi ki, daşnakların üstündə türklərlə davalaşmaq lazım deyildir. Lakin türklərə güzəştə getmək yolverilməzdir. Aleksandropolun Ermənistan üçün olduğuna türklərlə danışmaq lazımdır. Kars haqqında məsələni hələlik açıq saxlamaq lazımdır. Görünür, türklər Ermənistanda Antantanın xəbəri olmaqla hərəkət edirlər. Buna görə də onlara inanmaq olmaz. Onları Antantadan ayırmaq, Gürcüstan üzərinə yönəltmək lazımdır.

Bu zaman biabırcasına məğlub olan Ermənistan Türkiyə ilə dekabrın 2-də Aleksandropol sülh müqaviləsini imzaladı.

Ermənistan sovetləşdirildiyi üçün müqavilə təsdiq edilmədi. Sovet Ermənistanın yaradılması Antantanın bu regionda iflası oldu. Antisovet qüvvələr dağıdıldı. Artıq kamalçıların arxasında düşmən daşnaklar yox idi. Bundan sonra Türkiyə əsas qüvvələrini Qərbə cəmlədi.

Ermənilər isə Karsın türklər tərəfindən azad olunmasına narazılıq edirdilər. Stalin bu məsələni Lenin, Trotski və Kamenev ilə telefonla müzakirə edərək Bakıda olan Orconikidzeyə Mdivaniyə çatdırmaq üçün 30 noyabr tarixdə göndərdiyi teleqramında yazırdı ki, Kars uğrunda türklərlə davalaşmaq lazım deyildir. Lakin onlara hər şeydə birbaşa güzəştə də getmək olmaz. Sovetləşdiriləcək Aleksandropolun Ermənistan üçün olması barədə kamalçılardan təminat almaq lazımdır. Əgər bizim sülh danışıqlarında vasitəçilik səylərimizdən imtina olunacaqsa, onda həm türklərə, həm də kamalçılara xatırlatmaq lazımdır ki, Zəngəzur və Naxçıvan qəzaları erməni-türk konfransının predmeti ola bilməz. Çünki bu qəzalar Rusiya ilə ittifaqda olan ermənilərlə Azərbaycan arasında mübahisəlidir. Kazım Qarabəkir paşanın bizim orduların Ermənistana girməsi və türk ordularının Qərb cəbhəsinə getməsi barədə bəyanatını yoxlayın və əgər bu bəyanat ciddidirsə, onda onun əsasları barədə bizə məlumat verin. Çox mühümdür, yoxlayın, Kazım Qarabəkir bizim orduları Ermənistana salmaqla Antanta ilə bizim aramızda vaxtından əvvəl münaqişə yaratmaq və Antantanın Batuma desant çıxarmaq üçün əl-qolunu bağlamaq istəmirmi? Hesab etmək olarmı ki, kamalçılar hələ bizdən uzaqlaşıb Antantaya yaxınlaşmamışlar? Kamalçıları Rusiya ilə hərbi ittifaq barədə razı salmaq üçün hələ tez hesab etmirsinizmi? Əgər "hə", onda əsaslarını bildirin. Türkiyədə, xüsusən Kamal orduları içərisində bizim təbliğata can yandırın. Türk kommunistləri Türkiyənin Rusiya ilə ittifaqı üçün geniş kampaniya aparırlar.

Belə bir vaxtda Rusiya və Türkiyə arasında müqavilə layihəsinin hazırlanması barədə razılıq əldə edildi. RK(b)P MK plenumunun 1920-ci il dekabrın 7-də keçirilən iclasında Çiçerinin Türkiyə ilə müqavilənin ilkin layihəsini hazırlayıb MK-ya təqdim etmək barədə təklifi qəbul edildi. Dekabrın əvvəllərində TBMM hökuməti Moskva ilə danışıqlar üçün aşağıdakı nümayəndələri göndərdi: dövlət iqtisadiyyat naziri Yusuf Kamal, maarif naziri Riza Nur, Moskvada müvəqqəti işlər vəkili təyin edilmiş Saleh Andar və b. Nümayəndə heyəti Rusiya ilə müttəfiqliyə Şərqdə imperializmə qarşı mübarizədə mühüm amil olaraq baxırdı.

Bu zaman Rusiyanın Ermənistanı fəal surətdə müdafiə etməsi Türkiyə tərəfdən narahatlıqla qarşılanır və bolşevik nümayəndələri ilə söhbətlərdə onlara açıq şəkildə bildirilirdi. Çiçerin isə dekabrın 3-də RK(b)P MK-ya yazdığı məktubda qeyd edirdi ki, əgər biz Ermənistana diplomatik yardım etməsək, bu hər yerdə sovetlərin tərəfdarlarını xəyal qırıqlığına uğradacaqdır. Mdivani türkləri cilovlamağı və onların Ermənistana qarşı tələblərini yumşaltmalarını, Gürcüstana hücum etməkdən çəkindirməyi təklif edirdi. Çiçerin isə bildirirdi ki, Mdivani öz tələblərində ehtiyatlı olmalı, hücumun indiki şəraitdə uyğun olmadığını, zamanı gəlmədiyini deməlidir. Çiçerin yazırdı ki, türklər bizdən silah və qızıl yardımı istəyirlər. Beləliklə, bizim onlara böyük təsir imkanlarımız var. Aydındır ki, türklər bu yardımı Antanta ölkələrindən almırlar. Türklər Ermənistandan çıxacaqları təqdirdə onlara yardım edəcəyimiz barədə vəd verə bilərik. Nəzərə almaq lazımdır ki, Kars Bakı üçün bir açardır.

Mdivani dekabrın 9-da Orconikidzeyə, Çiçerinə, Stalinə və Leqrana göndərdiyi teleqramda Kazım Qarabəkir paşanın Aleksandropol sülh müqaviləsinə yenidən baxılmasının tamamilə əleyhinə olduğunu yazırdı. Paşanın fikrincə, çünki Ermənistanda hakimiyyətdə hələ də daşnaklar idi. Onlar Türkiyəyə düşmən münasibət bəsləyirdilər. Buna görə də Kazım Qarabəkir paşa Ermənistana etimad bəsləməyi mümkün hesab etmirdi. Türklər qarşıdakı günlərdə Moskva konfransında Cənubi Qafqaz respublikaları ilə bağlı məsələlərin həllini istəyirdilər.

Rusiya Cənubi Qafqazda Türkiyənin nüfuzunun güclənməsini istəmirdi. Bununla bağlı olaraq S.Orconikidze və S.M.Kirov 1921-ci il yanvarın 2-də RK(b)P MK-nın bütün üzvlərinə tam məxfi məktubda yazırdılar: "...türklər asanlıqla Naxçıvanda öz bufer zonalarını yarada bilərlər. Onlar burada xüsusi xanlıq yaratmaq istəyirlər. Onların əlində Təbriz dəmir yolu olacaq və bizi İrandan ayıracaq və Ermənistanı parçalayacaq".

Mdivani Türkiyə Ermənistanı məsələsində türklərə güzəştə getməyi israr edirdi. Çiçerin isə yanvarın 11-də Orconikidzeyə göndərdiyi teleqramında türklərlə alver etməyə, qorxmamağı, təslim olmağı deyil, millətlərin öz müqəddəratını təyin etməsi hüququndan ermənilər üçün istifadə etməyin mümkünlüyünü bildirirdi. Qeyd edirdi ki, bu, ümumi prinsipdir. Çiçerin Ermənistanın sovetləşdirilməsini ciddi siyasi hadisə hesab edərək yazırdı ki, "biz qardaş respublikanı taleyin hökmünə buraxa bilmərik. Bununla belə, Türkiyə ilə dostluq bizim üçün birinci dərəcəli əhəmiyyətlidir".

Yanvarın 13-də Orconikidzeyə göndərdiyi növbəti teleqramında Çiçerin türklər tərəfindən Aleksandropolun boşaldılmasının yubadılmasını "Nuru paşanın 1918-ci ildəki köhnə antisovet siyasətinin dirçəldilməsi" kimi qiymətləndirir, "qardaş Ermənistan respublikasını fəlakətli vəziyyətdən çıxarmağı" vacib hesab edirdi.

Çiçerin 1921-ci il yanvarın 14-də Stalinə göndərdiyi məktubunda Eliavanın şifrəli teleqramına əsasən yazırdı ki, türklərin davranış xətti getdikcə qəbuledilməz olur. Çiçerin Şeynmana istinadən məlumat verirdi ki, Azərbaycanda təbliğat aparmaq üçün külli miqdarda vəsait gəlmişdir. Eyni zamanda fransızlar Kazim Qarabəkir paşa ilə daha çox yaxınlaşdıqlarını gizlətmirlər. Onun yazdığına görə, türklərin və Antantanın bu rayonda birliyi artıq şübhəsiz idi. Şeynman həm Kamalın, həm də Antantanın siyasətini Rusiyaya düşmən olan Qafqaz federasiyasının qurulmasına cəhd kimi qiymətləndirirdi. Onlar Ermənistanın indiki fəlakətli vəziyyətində hakimiyyəti ələ almaq istəyirdilər. Bununla əlaqədar olaraq Gürcüstanın Moskva konfransında iştirak etməsi Sovet Rusiyasına düşmən olan Qafqaz federasiyasının yaradılması cəhdi kimi qiymətləndirilirdi. Çiçerin Stalindən Moskva konfransına gürcülərin dəvət edilib-edilməməsi barədə fikirlərini yazmağı xahiş edirdi. Stalin isə Moskva konfransında Gürcüstanın iştirakını məqbul hesab etmirdi.

Bu zaman, yanvarın 29-da Yusuf Kamal başda olmaqla Bakıya gələn türk heyəti Nərimanov və Orconikidze ilə görüşdü. Fevralın 6-da isə Moskvaya gəldi. Orconikidze fevralın 10-da Leninə, Trotskiyə və Stalinə göndərdiyi teleqramında türk heyətinin çox gözlədilməməsini, müqavilənin mümkün qədər tez bağlanılmasını xahiş etdi. Çünki Çiçerinin Türkiyəyə qarşı bir sıra tələblər irəli sürməsi Türkiyədə Antanta tərəfdarlarını gücləndirər, Mustafa Kamal Paşa İstanbul hökuməti ilə əməkdaşlıq üçün yollar axtarar.

Bu zaman Anadoluda da iki qrup arasında mübarizə gedirdi: xalqçılar olan bir qrup sovet Rusiyası, digəri isə Antanta ilə yaxınlaşmağa tərəfdar idi. Orconikidze erməni məsələsini türk siyasətinin ən yaralı yeri adlandıraraq yazırdı ki, vəziyyət ermənilər tərəfindən qızışdırılmış və şişirdilmişdir. O hətta bir çox erməni kommunistinin Türkiyə ilə müharibəyə hazır olduğunu qeyd edərək ermənilərin təqsiri ucbatından Moskva ilə Ankara arasında münasibətlər kəsildiyini yazırdı.

Bu vəziyyət Rusiya və Türkiyənin maraqlarına uyğun deyildi. Nəhayət, Moskvada rus-türk konfransı işə başladı. Konfransın işi davam edərkən, fevralda Gürcüstan sovetləşdirildi. Ermənilər isə Rusiya ilə Türkiyə arasında münasibətləri pozmaq üçün cəhdlərini davam etdirirdilər. Sovet Ermənistanında hakimiyyətdə olan bolşeviklər isə daşnaklara qarşı fəal mübarizə aparmırdılar. Əhməd Muxtar və Bəkir Sami 1921-ci il fevralın 19-da Orconikidzeyə göndərdikləri teleqramda yazırdılar ki, ermənilər rus-türk dostluğunu pozmağa çalışırlar. 5 mart tarixli məktubunda Kazım Qarabəkir paşa Qırmızı ordu komandanlığına Naxçıvan və Ordubadda ermənilərin rus-türk dostluğunu pozmağa çalışdığını yazaraq onların ciddi cəzalandırılmasını XI Ordu komandanından xahiş edirdi.

Bütün əngəllərə baxmayaraq, Moskva müqaviləsi 1921-ci il martın 16-da G.Çiçerin, C.Qorxmazov, Yusuf Kamal, Riza Nur, Əli Fuad tərəfindən imzalandı. Müqavilə 16 maddə, 3 əlavədən ibarət idi. I əlavə ilə Türkiyənin şimal-şərq sərhədləri müəyyənləşdirilirdi. II əlavə ilə Türkiyənin Arpaçay və Araz çayları xətti boyunca sərhədləri təyin edilirdi. III əlavə ilə Naxçıvanın ərazisi müəyyənləşdirilirdi.

Bundan sonra Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında münasibətləri tənzimləmək lazım idi.

 

Ardı var.

 

Musa QASIMLI, millət vəkili, professor 

 

Ayna.- 2011.- 24 dekabr.- S.19.