"O sevgini parçalamaq olmaz"
Aygün Kazımovanın "fikri-zikri yalnız işdir"
Gündəmdə yenilikləri ilə qalmağa çalışan xalq artisti Aygün Kazımova daha bir yenilik üzərində düşünür. Bu yenilik yanvarın 26-da - onun doğum günündə olacaq. Yeni təqvimdə də planları genişdir. Bu günlərdə başladığı işləri gələn il tamaşaçılarla bölüşəcək:
- Yanvarın 26-da doğum günümdür. Həyatımla maraqlanan, məni sevən insanların qarşısına, hər zaman olduğu kimi, bu dəfə də yeniliklə çıxacağam. Özü də ilk addım mən tərəfdən olacaq.
- İlin sonuna doğru Türkiyə
ilə bağlı planlarınız açıqlandı. Türk şou-biznesinə qatılmağın
mümkün olmadığının
aydınlaşdığı bir zamanda siz düşüncələri
nəylə dəyişə bilərsiz?
- Əsas işim Türkiyədə davam edir. Hazırda Yeni il çəkilişlərinə görə vətəndəyəm. Buradakı işləri qoyub gedə bilməzdim. Orada da sağ olsunlar, məni yaxşı anladılar. Baxmayaraq ki, müqaviləmiz var, onlar kiminlə çalışdıqlarını yaxşı bilirlər. Yeni ildə ata vətənimə qayıdacağam. Azərbaycan mənim ana, Türkiyə isə ata vətənimdir. İşıq görürəm. Güclü, etibarlı komanda ilə işləyirəm, inşallah, gələn aylarda niyə bizim sənətçilərin oranın sənət mühitinə qatıla bilmədiklərini açıqlaram. Hələlik çoxları Azəri Günelin adını çəkir. Qeyd edim ki, Güneli şans Türkiyəyə apardı. İbrahim Tatlısəsin dəstəyi ilə tanındı, proqramlara çıxdı. Hətta icazəsiz bizim mahnıları da oxudu, "əcəb edirəm" də dedi. Brilliant xanımın, mənim, Nazpəri xanımın mahnılarını oxudu, lakin davamı gəlmədi...
- Bizdən bir çoxları
"qatılıb", lakin onların gördükləri
iş Türkiyə səhnəsində
"görünmür".
- Yəqin
ki, onlar lazımınca işləməyiblər. Hər
şey qarşıya qoyulan
məqsəddən asılıdır. Təkcə "Kral" televiziyasında klipin
yayılması, xahişlə proqrama
çıxmaq hər şey demək deyil axı. Mən orda elə
səviyyədə olacağam ki, özüm istəməyəcəyəm,
məni onlar istəyəcək. Xahişlə,
minnətlə arzu edəcəklər.
- Orda da qadın
qısqanclığını müşahidə etmisiniz?
- Mən
orada hansı proqramda, toplantıda iştirak etmişəmsə,
qadın qısqanclığının şahidi
olmamışam. Qadın seyrçilər məni sevgi ilə
izləyiblər.
- Seyrçi sevə bilər, ora sənətçilərini
nəzərdə tuturam.
- Sənətçilərlə,
belə deyək də, hələlik
"toqquşmalarımız" olmayıb. Hələ
üzə çıxmıram. Hazırda çalışma
prosesindəyik. Birinci çıxacaq
mahnım sadə bir çıxış
da ola bilər. Sadə
geyimdə, gözə çarpmayan makiyajda ola bilərəm...
- Türkiyə şou-biznesini illər
öncə, hətta 90-cı illərdə
sınamışdınız. Lakin o vaxt özünüz
imtina edib geri döndünüz...
- O vaxt lazım olan komanda yox
idi. Ən böyük səbəbim
İlqarənin balaca olması idi. Onu dayələrin ümidinə
qoyub gedə bilməzdim. Başqa şərtlər
var idi. Orda çox qalmalı idim, İlqarə də yanımda ola
bilməzdi, çünki
məktəbdə oxuyurdu.
Öz vəziyyətimdən də məmnun deyildim. İlqarəni
etibar edəcəyim insan yoxuydu. İkinci dəfə də belə
bir addım atdım, yenə İlqarəni
düşünüb geri çəkildim. İndi
qızım böyüyüb, mənə dəstəkdir.
Artıq planları bir yerdə cızırıq,
mahnıları birlikdə dinləyirik. Daha problem olmaya bilər,
istədiyi vaxt təyyarəyə oturub yanıma gələ
bilər.
- Müsahibələrinizin
birində deyirsiniz ki,
7 il "qış yuxusunda" olmusuz. Bu qədər
vaxt itkisinə heyfsilənmədiniz?
- Yox, heyfsilənmirəm. 10 istəkdən 9-u uğurlu olub, biri uğursuz olursa, bunu uğursuzluq
kimi qəbul etmək düzgün deyil. Olmaz. Bu illər ərzində özümün
və ətrafımdakıların
istəmədiyi Aygün
oldum. Bunu görüb-eşidirdim. Bunu da bacardım. Keçdim başqa mərhələyə.
- Yenidən sizi duetlə gördük. Yenə də heç kimin gözləmədiyi
duet ortağı... Bəlkə
də sizin yerinizə başqası olsa, bu duet üçün
uzun müddət düşünərdi...
- Göghanın mahnısını
eşitdim, canlı yayımda özümü
saxlaya bilmədim. Mənim ağlıma nə gəldisə, onu etməliyəm. Üstəlik gözəl bir şou da alındı.
Bəstəkar, aranjimançı, söz yazarı birgə iştirak etdiyimiz proqrama telefon vasitəsilə qoşuldular. Mən özümü
saxlaya bilmədim və təklif etdim. Utanmadım, özümə ayıb bilmədim. Elə adamlar var ki,
insanlar özlərinə
sığışdırmır, lakin mən onunla fəxr edirəm. Bəzən mənə deyirlər
"sən Aygünsən, bunu etməməlisən". Mən özümdə kompleks görüb o addımı
atmıram, fikrimdən
dönmürəm. Bilirəm ki,
bunu etməsəm, onlardan biri olaram.
Sonra görürəm ki, düzgün etmişəm.
- Bəs indiyədək nəyə
ömrünüzdə "yox" demisiniz? Nəyəsə məhdudiyyət var?
- Ömrümdə indiyədək
nəyəsə "yox"
dediyim olmayıb. Və yaxud da "Yox ki, yox!"
şablon cavab olsa da, bizim
"yox"umuz birdir.
Elə bir qorxulu fikir
də ağlımdan keçməyib ki, "yox" deyəm.
- Çalışdığınız heyət niyə məhz sizi seçdi. Səbəbi
necə izah etdilər?
- Yox, onlar məni
seçmədilər. Mən onları
seçdim. Əvvəlcə klip çəkilişi üçün onlarla görüşdüm. Sonra onların
işə münasibətini
gördüm, yaxşı
mənada havalandım.
Və düşündüm ki, potensialımı daha geniş arenaya çıxarmalıyam. Oradakı
iş ilə buradakı iş arasında fərq çoxdur. Burda bütün işləri
özüm görürəm.
Düşünürəm, plan cızıram. Ətrafımdakılar isə, sadəcə,
həyata keçirirlər.
Orda hər kəs öz işini görür. Sənin işin,
sadəcə, mahnı
oxumaqdır. Təsəvvür edin, bir mahnı
seçimi üçün
300-dən artıq mahnı
dinləmişəm.
- Bunların maddi qarşılığı
var?
- Təbii ki, bunların hamısı, istədiklərim, tərəfimdən
ödənilir. Sonra isə
görək nə olacaq. Riskdir. Mənim həyatım özü
də bir riskdir. Bu açıqlamanın
özü də riskdir. Siz elə bilirsiniz ki, onlar hər
sənətçi ilə
işləməyə can atır
və ya bəyənirlər? Artıq o şirkətə
10-15 zəng də olub, onlara verilən
cavabları da var. Çoxu da işləmək üçün
yox, maraq üçün zəng edib. Nədir, kimlərdir, neçəyə
çəkiblər? Qiymətləri öyrəniblər, onları
qane etməyib. Onlar da deyiblər ki, biz Azərbaycandan bir sənətçi ilə çalışırıq.
Onlar perspektiv görmədikləri
sənətçi ilə
çalışmazlar.
- Aygün Kazımovanın həyatında
bu gün ancaq iş var?
- Ancaq iş, bəli. Çünki girişdiyim işə sevgini parçalamaq olmaz. Onda alınmayacaq. Ona görə də bu gün bütün
fikrim-zikrim ancaq işimə yönəlib.
Xatun
Ayna.- 2011.- 24 dekabr.- S.21.