Türklərin qədim
rəqsinə həsr olunmuş yeni musiqi albomu
"Yallı"nın ilkin adı "Yola" olub
Bu yaxınlarda ABŞ-da
"TÜRK DÜNYASI SINIRSIZ" layihəsi
çərçivəsində qədim türk rəqsinə həsr olunmuş "YOLA,YOLA"
musiqi albomu çıxıb. Bu layihə özlüyündə
Türkdilli dövlətlərin
bütövlüyü və
birliyi ideyasını
daşıyır. SD diskə toplanmış materiallar əsasında Tenqriliyin, Turanın və ümumiyyətlə
dünya Türklərinin
mədəniyyətinə aid müəyyən simvolları
ehtiva edən bir video klip də əlavə olunub. Albomun realizə olunması 6 ölkədə - İsveçrə,
Azərbaycan,Türkiyə,
Böyük Britaniya, Almaniya, ABŞ-da həyata keçirilib.
Fərəhli haldır ki,bu SD albomunun prodüseri və nəğmədəki şeirlərin
müəllifi - millətsevər
aydınımız, türkoloq
Sevinc Bağırovadır.
Dekabrın 21-də Bakıdakı
Nobel evində "YOLA,YOLA"
musiqi albomunun təqdimatı idi.
Sevinc xanım
uzun illərdir xaricdə yaşayır. Türk xalqlarının,
eləcə də Azərbaycan türklərinin
mənəvi dəyərlərini
Amerika və Avropa ölkələrində
tanıtdırmaq istəyi
ilə çalışır.
Bu sahə ilə bağlı çoxlu çalışmaları, layihələri
var. Bildiyimiz kimi,
YUNESKO və BMT-nin baş assambleyası
2010-cu ili "Mədəniyyətlərin yaxınlaşması
ili" elan etdi. Bu qərar
kontekstindəki ideya bir-birinə yaxın mədəniyyətlərin ümumi
özəlliklərini ortaya
çıxarmaq və
çağdaş şərhini
vermək idi. Sevinc xanım da bu
ideyadan çıxış
edib Türk dünyası üçün
belə bir önəmli layihəsini üzə çıxarıb.
"Sevinc xanıma
görə, qədim türklərin, eləcə
də bu gün Azərbaycan türklərinin "Yallı"
kimi məşhur olan rəqsinin ilkin adı "Yola" olub. Fəlsəfə doktoru Sevinc Bağırovanın bu təşəbbüsü "YOLA" (yəni "Yallı")
rəqsinin yeni modern interpretasiyada nisbətən
dirçəlməsinə və türkdilli ölkələrin birliyinə
aparan yolda, kiçik olsa da, önəmli töhfədir. Onun bir istəyi də budur ki, bu
qədim rəqs qorunaraq YUNESKO-nun xəzinəsində
yer alsın. Biz də bu istəyə qoşuluruq.
Təqdim
olunan layihə ilə bağlı, ümumiyyətlə, bu musiqi albomunun yaranması ideyası ətrafında Sevinc xanımın Türk dünyası - Turan, Tenqrilik, ortaq türk kültürü,
dili ətrafında öz düşüncələri
var. "Bu gün dünyada
baş verən proseslər bizdə belə bir layihəni
gerçəkləşdirmək düşüncəsi doğurdu.
Bu proseslər türk xalqlarından tolerantlıq və tarixin qlobal gedişatına təkamüllü
inteqrasiya tələb
edir. Türkün humanist dəyərləri bizə türk mədəniyyətinin dil,
ənənə, sənət
və dünyagörüşü
vasitəsi ilə gəlib çatmışdır.
Nəyə görə məhz
"YOLA" - bu rəqsin
dəyəri nədir?
Onun önəmi türklərin rəsmlərində
özəlliklə vurğulanıb,
tarixdə ən qədim rəqslərdəndir,
bir mərasim rəqsi olaraq, "Yola", sadəcə, bir əyalətə yox, ümumən Türklərə məxsus
olan bir rəqsdir və bu gün - münaqişə
və müharibələr
dönəmində bu,
həddindən çox
vacib və aktualdır. "Yola"
- oyandırır, sağaldır,
istiqamətləndirir, birləşdirir,
ruhlandırır və
tərbiyələndirir. "Yola" - Tenqriliyin
bütün simvollarını
əks etdirir. Melodiyası və hərəkətləri
olduqca sadədir.
Əsərin musiqisini yeni aranjimanda türkiyəli bəstəçi Volqa Tamoz bir neçə
versiyada təqdim edib. Diskə əlavə olaraq,
birgə toplanmış
materiallar əsasında
informatika mütəxəssisi
Zəhra Ağayeva tərəfindən bütövlükdə
bütün türklərinin
kültürünü "YOLA" rəqsində əks etdirən videoklip yaradıldı. "YOLA"
rəqsində də əks olunmuş bu simvolların planetimizin bütün insanları üçün
qlobal əhəmiyyəti
var.
Pərvanə MƏMMƏDLİ
Ayna.- 2011.- 24 dekabr.- S.20.