İçərişəhərdə "Arxeoloji park"

və Əzim Əzimzadənin büstü açılıb

 

İçərişəhər ərazisində "Arxeoloji park" və məşhur rəssam Əzim Əzimzadənin büstünün açılış mərasimi keçirilib. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, "Arxeoloji park" insanların İçərişəhərdə vaxtlarını xoş və səmərəli keçirmələri, Azərbaycanın tarixi irsini və zəngin mədəni keçmişini təqdim etmək məqsədi ilə yaradılıb. Burada 1982-1985 və 2010-cu illərdə aparılmış arxeoloji qazıntılarda aşkar edilmiş X-XIII əsrə aid olan arxeoloji tapıntı sahələri konservasiya olunub, ətrafı abadlaşdırılıb. Parkın mərkəzində məşhur heykəltəraş Ömər Eldarovun müəllifi olduğu Azərbaycan xalq rəssamı Əzim Əzimzadənin büstü və qəhrəmanlarının fiqurlarından ibarət kompozisiya yerləşdirilib. Bu qəhrəmanlar köhnə şəhər tipajlarını özündə əks etdirir.

Heykəltəraş Ömər Eldarov isə bildirib ki, Əzim Əzimzadənin büstü əvvəllər başqa ərazidə olub. Lakin həmin yerdə hündür mərtəbəli binalar tikildiyindən büstün "Arxeoloji park"ın ərazisinə köçürülməsi qərara alınıb.

 

Ayna.- 2011.- 24 dekabr.- S.20.