"Nizami" kinoteatrına Kino Mərkəzi statusu verilib

 

"Nizami" kinoteatrına Kino Mərkəzi statusu verilib. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov deyib ki, dekabrın 27-də açılış mərasimi keçiriləcək və bu məkan qonaqları "Nizami" Kino Mərkəzi kimi qarşılayacaq. Mərkəzin açılışında yeni çəkilən, xarici istehsal olan "Muşketyorlar 3D" filmi nümayiş olunacaq. Macəra janrında olan bu film Aleksandr Dümanın klassik romanının motivləri əsasında "Şər iqamətgahı 3D" filminin rejissoru tərəfindən çəkilib.

C.Məmmədov deyib ki, kino mərkəzinin açılışında məhz bu filmin nümayiş olunmasına səbəb 3D formatında olmasıdır: "Düşündük ki, 3D formatında filmin nümayişi daha yerinə düşər. Bu mərkəzin üstünlüyü də məhz bundadır. Azərbaycan filmləri arasında bu formatda film olmadığından qərarımız belə oldu. İnanırıq ki, yaxın gələcəkdə Azərbaycanda da 3D formatında filmlər istehsal olunacaq".

Quruma hələ ki, yeni direktor təyinatı olmayıb və bu təyinatın yaxın vaxtlarda olması nəzərdə tutulur.

 

Ayna.- 2011.- 24 dekabr.- S.20.