İstanbulda azərbaycanlı rəssamın
sərgisi açılıb
Onun son illərdə
çəkdiyi yağlı boya
tabloları nümayiş etdirilir
İstanbulun
Vakıfbank qalereyasının sərgi salonunda azərbaycanlı
rəssam Ədalət Qaranın fərdi sərgisi
açılıb. Qəzetimizə daxil olan xəbərə görə,
bir neçə gün davam edəcək bu sərgidə rəssamın
son illərdə yaratdığı yağlı boya
tabloları nümayiş etdirilir.
Türkiyədə
modern rəsmin önəmli təmsilçilərindən biri
kimi tanınan Ədalət Qaranın sərgisinə ölkənin
sənət ictimaiyyəti yaxından maraq göstərib.
Ədalət Qara sərgi ilə bağlı belə bir
açıqlama verib:
"Əsərlərimin
sənət dilini anlamaq üçün rəssamlıqdakı
müasir nəzəriyyələrdən də xəbərdar
olmaq lazımdır. Mənim mövzularımın mərkəzində
həmişə ana vətənim vardır. Hər sənətçinin
mövzuya öz baxış bucağı olduğu kimi, mən
də ölkəmin məsələlərinə öz
nöqteyi-nəzərimdən baxır və onu öz
üslubumda ifadə edirəm. Dünyanın hansı ölkəsində
yaşayıb-yaratmasından asılı olmayaraq, doğma vətən
mövzusu sənətkarın əsərlərinin ana
damarını təşkil etməlidir".
Ədalət
Qara 1950-ci ildə Ağsuda doğulub, Əzim Əzimzadə
adına Bakı rəssamlıq məktəbini və Lvov Rəssamlıq
Akademiyasını bitirib. Yaradıcılıq işlərini
1996-cı ildən bəri Türkiyədə davam etdirən sənətkarın
dünyanın bəzi ölkələrində fərdi sərgiləri
açılıb. Rəssam bir çox qrup sərgilərdə
də iştirak edib. İstanbulun 4 sənət
emalatxanasında rəsm dərsi keçən Ədalət
Qara böyük şirkətlərin sifarişləri ilə
divar lövhələri, şüşə və mozaika
işlərinə də imza atır.
Xatun
Ayna.- 2011.- 24 dekabr.- S.20.