Cənubi Qafqaz
Rusiya, Türkiyə və Antanta
arasında (1920-1921)
(Ardı. Əvvəli 17, 24 dekabr sayımızda)
Rusiya-Türkiyə müqaviləsi
imzalandıqdan sonra Ankaraya gedərkən yolüsütü
Bakıda qalan Yusuf Kamal Azərbaycan xalq xarici işlər
komissarı M.Hüseynova ayrıca olaraq Azərbaycan-Türkiyə
müqaviləsini bağlamağı təklif etdi.
Lakin M.Hüseynov ona etiraz edərək bildirdi ki, biz onsuz da
qardaşıq, onu kağıza köçürmək
artıq şeydir. "Bakinski raboçi" qəzetinə
müsahibəsində M.Hüseynov deyirdi:
"Mən Yusuf Kamal bəyə bütün
Cənubi Qafqaz respublikaları ilə vahid müqavilə
bağlamağı, bir sıra mübahisələri,
Naxçıvan üçbucağı məsələsini həll
etməyi, Gümrü (Aleksandropol) müqaviləsini ləğv
etməyi təklif etdim. Beləliklə, Azərbaycan
ilə ayrılıqda deyil, bütün Cənubi Qafqaz respublikaları
ilə vahid müqavilə münasibətləri qurmaq barədə
ümumi fikir birliyi barədə tam razılıq əldə
olundu".
Rusiya Türkiyənin Azərbaycan üzərində
nüfuzunun artmasından narahat idi.
Çiçerin 1921-ci il aprelin 4-də Orconikidzeyə və
Oroxelaşviliyə teleqramında yazırdı ki, biz
rus-türk konfransı zamanı milyon dəfə bildirdik ki,
Aleksandropol müqaviləsini tanımırıq, əgər
türklər onu yenidən irəli sürərsə, qəti
şəkildə bildirmək lazımdır ki, onun qüvvəsi
yoxdu. Türkiyə faktiki olaraq Azərbaycanın
protektoratı rolunda çıxış etdi.
G.Çiçerin bu məsələ barədə
M.Hüseynova qeydlərini yazıb göndərdi:
"Türklərin xətti Azərbaycanda protektorat rolunu oynamağı hər vasitə
ilə göstərməkdən ibarətdir.
Onun daxili işlərinə qarışmaq üçün
himayəçisi olmaq istəyir. Cənubi Qafqaz
respublikaları bizimlə danışmadan türklərlə
müqavilə imzalamasınlar".
M.Hüseynov aprelin 12-də Çiçerinə
göndərdiyi cavab məktubunda yazırdı: "Sizin qeydlərinizi
aldım. Türklər heç vaxt və heç bir formada Azərbaycan
üzərində protektorat rolunu oynaya bilməzlər. Əgər
indi danışıqlarda Güney Qafqaz respublikalarının
cəbhəsini yaratmaq lazımdırsa (seçmə bizimdir.
- M.Q.) biz türklərə bu danışıqlarda iştirak
edəcəyimizi deyə bilərik. Lakin biz türklərə
Tiflisdə danışmaq bəhanəsi ilə Bakmı tərk
etmələrini təklif edə bilmərik". Aprelin 12-də
Çiçerin M.Hüseynova yazırdı: "Cənubi
Qafqaz respublikaları Türkiyə ilə ümumi müqavilə
bağlamalıdırlar".
Bundan sonra, mayın
7-də Bakıda Cənubi Qafqaz respublikaları nümayəndələrinin
iclası keçirildi.
İclasda S.Orconikidze, B.V.Leqran, M.Oroxelaşvili, M. A.Bekzadyan, M.Hüseynov və
B.Şahtaxtinski iştirak edirdilər. Müzakirələr
nəticəsində Türkiyə ilə konfransda üç
Cənubi Qafqaz respublikasının bir tərəf kimi birlikdə
vahid müqavilə imzalamaları barədə təklif edəcəkləri
haqqında qərar qəbul olundu. Qərara görə,
danışıqların və imzalanacaq müqavilənin əsasını
1921-ci il 16 mart tarixli Rusiya-Türkiyə müqaviləsi təşkil
etməli idi.
Rusiya Türkiyə ilə Cənubi Qafqaz
respublikaları arasında başlanacaq danışıqlarda sərhəd
məsələlərinə dair komissiyada bərabərhüquqlu,
bütövlükdə konfransda isə məşvərətçi
səslə iştirak etmək istəyirdi.
Türkiyənin Cənubi Qafqaz respublikaları ilə
müqavilə bağlanması məsələsində
mövqeyi Rusiyanın mövqeyindən fərqlənirdi.
Türk diplomatiyası hər bir respublika ilə ayrıca
müqavilə bağlamaq istəyirdi. G.Çiçerin iyunun
13-də Türkiyənin Moskvadakı səfiri Əli Fuada
göndərdiyi notada yazırdı:
"Türk heyətinin Azərbaycan Respublikasına, sonra isə Gürcüstan
Respublikasına onların hər biri ilə separat müqavilə
bağlamaq təklifi bu iki respublika tərəfindən rədd
edilməmişdir; lakin ona belə bir şərt əlavə
olunmuşdur ki, müqavilə Moskva müqaviləsindən
doğmalıdır və Türkiyə ilə Ermənistan
sovet respublikası arasında da bağlanmalıdır.
...Türkiyənin və bu üç sovet respublikasının
konfransında hazırlanmalıdır". Rusiyanın
mövqeyinə görə, "...konfrans sovet Rusiyası və
Türkiyə arasında Moskvada bağlanmış müqaviləni
tamamlamalı idi".
Leqran da eyni
mövqedə idi. O,
iyulun 22-də M.Hüseynova və N. Nərimanova göndərdiyi
teleqramında yazırdı ki, ilkin razılaşmaya uyğun
olaraq siz Karsda digər respublikalardan ayrıca
çıxış etməyəcəksiniz. Bizi fakt
qarşısında qoysanız, bu yolverilməz olar. Gələcəkdə
RSFSR nümayəndəsindən xəbərsiz addımlar
atmamalısınız. Azərbaycan bununla artıq
razılaşmışdı.
RSFSR hökumətinin səlahiyyətli nümayəndəsi,
ÜRMİK üzvü Kuznetsov sentyabrın 9-da Karsa gəldi.
Kazım Qarabəkir paşa ilə görüşərək
Kars müqaviləsinin layihəsini ilkin olaraq
razılaşdırdılar.
Rusiya, Azərbaycan,
Gürcüstan və
Ermənistan nümayəndələri Karsa sentyabrın 26-da gəldilər.
Konfrans 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-dək
keçirildi. Konfransda Azərbaycan hökumətini xalq fəhlə-kəndli
nəzarəti komissarı Behbud Şahtaxtinski; Ermənistan
hökumətini xalq xarici işlər komissarı Askanaz
Mravyan, xalq daxili işlər komissarı Poqos Makinisyan;
Gürcüstan hökumətini xalq hərbi və dəniz
işləri komissarı Şalva Eliava, xalq xarici işlər
və maliyyə komissarı Aleksandr Svanidze; Türkiyə
hökumətini Böyük Millət Məclisinin Ədirnədən
olan deputatı Kazım Qarabəkir paşa, deputat Vəli,
keçmiş ictimai işlər naziri Muxtar, Türkiyənin
Azərbaycandakı səlahiyyətli nümayəndəsi Məmduh
Şövkət; Rusiyanı isə vasitəçi kimi
Latviyadakı səlahiyyətli nümayəndə Yakov Qanetski
təmsil edirdilər.
Açılış nitqi söyləyən
Kazım Qarabəkir paşa ümumi işə uğurlar arzuladı. Yakov Qanetski də çıxış edərək
Türkiyənin düşdüyü
çətin vəziyyətdən
çıxacağına ümid
etdiyini bildirdi, Azərbaycan - Gürcüstan
- Ermənistan dostluğundan
danışdı. O dedi:
"Burada çox böyük bir hadisə baş verir. Qüdrətli türk və
erməni xalqları sözdə deyil, işdə aralarındakı
düşmənçilikdən əbədi olaraq imtina etdiklərini bütün dünyaya sübut edəcəklər.
Onlar bir-birinə sıyrılmış
qılıncla deyil, hərarətli qardaşlıq
sevgisi ilə gəlirlər". A.Mravyan üç
Cənubi Qafqaz respublikası adından çıxış edərək
"qardaş türk
xalqının imperializmə
və zorakılığa
qarşı mübarizədə
qalib gəlməsini Cənubi Qafqaz xalqlarının arzulamalarının
konfransda qeyd edilməsini və möhkəmləndirilməsini" vacib saydı.
Konfransda mübahisə doğuran məsələlərdən
biri müqavilənin vahid, yoxsa hər
bir respublika ilə ayrılıqda bağlanması haqqında
idi. Türk diplomatiyası
hər bir respublika ilə ayrıca müqavilə bağlamağı təklif
etdi. Kazım Qarabəkir paşa bildirdi: "Hökumətimiz
hər bir respublika ilə ayrıca müqavilə bağlamaq haqqında bizə göstəriş
vermişdir. Moskva sovet hökuməti
Cənubi Qafqaz respublikalarını müstəqil
tanıdığını bildirir. Ona
görə də biz onların hər biri ilə müstəqil
dövlətlər kimi ayrıca müqavilə bağlamaq istəyirik.
Bu barədə bizə Kamal Paşa göstəriş
vermişdir".
Rusiya isə üç respublika ilə
birgə vahid müqavilə bağlamağı təklif
edirdi. Y.S.Qanetski bu mövqeyi aşağıdakı dəlillərlə
əsaslandırırdı: işi yüngülləşdirmək
və sürətləndirmək lazımdır;
ayrılıqda bağlana biləcək müqavilədə
bir respublika digər respublikanın işinə qarışa
bilər; burada bütün nümayəndə heyətləri
iştirak edir; onlar məsələləri birlikdə həll
edirlər; vahid müqavilənin imzalanması respublikalar
üçün əlverişlidir; Moskva müqaviləsi
imzalandıqdan sonra Cənubi Qafqazda vəziyyət dəyişmişdir;
üç qardaş xalq birləşməyə doğru
gedir; bu müddət ərzində sıx siyasi mərkəz
yaratmışlar; üç xalq Türkiyə ilə
müqavilə bağlamağa getməyi sevinclə
qarşılamışdır; üç respublika birlikdə
vahid müqavilə imzalanmasına Türkiyə ilə sıx
ittifaq kimi baxır; vahid müqavilənin imzalanması
Güney Qafqaz və türk xalqlarının ümumi
düşmənə qarşı mübarizəsində yeni
imkanlar açır.
Kazım Qarabəkir paşa öz
hökuməti ilə məsləhətləşmənin zəruri
olduğunu bildirdi. Ankara ilə əlaqə saxladıqdan sonra
konfrans iştirakçılarına hökumətinin mövqeyini
bir daha bəyan etdi: "Müqavilə Cənubi Qafqaz
respublikalarının hər biri ilə ayrıca
bağlanmalıdır". O, bu mövqeyi 28 sentyabr tarixli
iclasda bir daha təkrar etdi.
Mübahisələrə
B.Şahtaxtinskinin çıxışı son qoydu. O dedi:
"İnqilabi zərurət bizi vahid müqavilə
bağlamağa məcbur edir; vahid müqavilə imzalanması
Cənubi Qafqaz respublikaları üçün məqsədəuyğundur;
bu respublikalar artıq iqtisadi, siyasi və hərbi cəhətdən
birləşmişlər; vahid müqavilə bizim ümumi
düşmənimizə qarşı mübarizədə
Türkiyə üçün də faydalıdır... mən
Azərbaycan Respublikası adından (?) müqavilənin vahid
olmasını və bu müqavilədə hər bir
respublikaya aid ayrıca fəsillərin olmamasını təklif
edirəm".
Bundan sonra Kazım Qarabəkir paşa
Moskva müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda yaranmış
yeni şəraitdən xəbərsiz olduğunu bildirərək
30 sentyabr tarixli iclasda bir ümumi müqavilənin
imzalanmasına razılıq verdi.
Nəhayət, 1921-ci il oktyabrın 13-də
RSFSR-in iştirakı ilə Azərbaycan, Gürcüstan və
Ermənistan Türkiyə ilə 20 maddədən və 3 əlavədən
ibarət olan Kars müqaviləsini imzaladılar. Müqavilənin
birinci maddəsi ilə tərəflər bütün əvvəlki
qeyri-bərabərhüquqlu müqavilələri ləğv
edirdilər. İkinci maddəyə görə, Azərbaycan,
Gürcüstan və Ermənistan zorla qəbul etdirilən
müqavilələri və Türkiyə Millət Məclisinin
qəbul etmədiyi sənədləri, 1920-ci il 10 avqust tarixli
Sevr müqaviləsini qeyri-bərabərhüquqlu müqavilə
kimi rədd edirdilər. Üçüncü maddəyə
görə, üç respublika Türkiyədəki
işğal rejimini rədd edir və bunu xalqların
hüquqları ilə bir araya sığmayan sayırdı.
Dördüncü maddə ilə sərhəd məsələləri
tənzimlənirdi. Beşinci maddəyə görə, tərəflər
Naxçıvanın Azərbaycan tərkibində
saxlanılmasına (verilməsinə yox. Seçmə bizimdir
- M.Q.) razı olduqlarını bildirirdilər. Altıncı
maddəyə görə, Türkiyə Batumu Gürcüstana
güzəştə gedirdi. Gürcüstan burada muxtariyyət
yaratmalı idi.
Onuncu maddəyə görə, tərəflər
öz ərazilərində digərlərinə qarşı
yönəldilən qrup və təşkilatların yerləşdirilməsinə
icazə verməmək barədə öhdəlik
götürürdülər. On üçüncü maddəyə
görə, 1918-ci ilədək Rusiyanın, mövcud halda isə
Türkiyənin hesab edilən ərazilərinin hər
hansı sakini istəyinə uyğun olaraq türk vətəndaşlığından
çıxa, Türkiyəni azad şəkildə tərk edə,
əmlakını və ya onun dəyərini özü ilə
götürə bilərdi və s.
I əlavədə Türkiyənin
şimal-şərq sərhədi, II əlavədə
Arpaçay və Araz zonaları, III əlavədə isə
Naxçıvanın ərazisi müəyyənləşdirilirdi.
Müqavilə imzalandıqdan sonra
diplomatik-siyasi münasibətlərdə ən çox
müzakirə edilən məsələlərdən biri onun
təsdiqlənməsi idi. Türkiyə müqavilənin təsdiqinin
yubadılmasından narahat idi. Türklər Azərbaycan və
Gürcüstan tərəfindən müqavilənin təsdiqində
problem olmayacağını bilirdilər. Onları daha
çox Ermənistanın mövqeyi narahat edirdi.
Müqavilənin təsdiqlənmə məsələsi
Azərbaycanın Ankaradakı səlahiyyətli nümayəndəsi
İ.Əbilov və Ukrayna nümayəndəsi M.F.Frunzenin
1921-ci il dekabrın 25-də Mustafa Kamal paşa ilə
görüşündə müzakirə edildi. Türklər
G.Çiçerinin Qərbə meyilli olmasından, ona RSFSR
xalq xarici işlər komissarının müavini, milliyyətcə
erməni olan L.Qaraxanın təsirinin olub-olmamasından narahat
idilər. 1922-ci il yanvarın 4-də Mustafa Kamal ilə ikinci
görüşdə bu məsələ müzakirə olundu.
Bununla bağlı olaraq M. Frunze bildirdi:
"Rusiyada partiya və onun Mərkəzi
Komitəsi vardır. Ölkənin daxili və xarici siyasətinə
o rəhbərlik edir. Çiçerin yaxşı kommunistdir.
O, 20 ildən artıq Qərbi Avropada
yaşadığından ola bilsin ki, Qərbə rəğbət
bəsləyir. Lakin biz bunu hiss etmirik. O, Şərq məsələsinə
düzgün yanaşır. Qaraxan isə Çiçerinin
siyasətinə təsir göstərə bilməz, o,
böyük xadim deyildir".
İ.Əbilovun yanvarın 26-da TBMM-in
xarici işlər naziri Yusuf Kamal ilə görüşlərində
də bu məsələ müzakirə edildi. Türk
diplomatiyası müqavilənin təsdiqlənməsi ilə
bağlı mövqeyində aşağıdakı dəlillərə
əsaslanırdı: Kars konfransı dövründə
federasiya yox idi; Türkiyə onu üç Cənubi Qafqaz
respublikası və Rusiya ilə imzalamışdı; Karsda
ümumi federasiyanın nümayəndə heyəti yox idi; Azərbaycan,
Gürcüstan və Ermənistanın ayrı-ayrı
müstəqil nümayəndələri var idi; buna görə
də müqavilə hər bir respublika tərəfindən
ayrıca təsdiq olunmalıdır.
İbrahim Əbilov isə müqavilənin
təsdiqi ilə bağlı aşağıdakı
mülahizələri söyləyirdi: Cənubi Qafqazda yeni bir
şərait yaranmışdır; Karsda da üç
respublika bir tərəf kimi iştirak etmişdir; İttifaq
Şurasında müqavilənin təsdiq olunması ilə
ayrı-ayrı respublikalar tərəfindən təsdiq
olunması arasında elə bir fərq yoxdur; İttifaq
Şurasında müqavilənin təsdiqi elə
ayrı-ayrı respublikalar tərəfindən təsdiq olunmaq
deməkdir.
Türk diplomatiyasının mövqeyinə
görə müqavilənin təsdiqinin yubadılması və
İttifaq Şurasında təsdiq edilməsinin
aşağıdakı mənfi nəticələri ola bilərdi:
İngiltərə və ABŞ erməni təbliğatı
nəticəsində məsələni yenidən qaldıra
bilərdi; müqavilə İttifaq Şurasında təsdiq
olunardısa, onun erməni xalqının iradəsinin ifadəsi
olmadığı və zorla qəbul etdirildiyi deyilərdi.
Türk diplomatiyası müqavilənin təsdiqinin sürətləndirilməsinin
vacibliyini Nəriman Nərimanova çatdırmağı
İbrahim Əbilovdan xahiş etdi. Azərbaycan bu işə
kömək etdi.
Müqavilə
təsdiq olunmaq üçün müvafiq orqanlara göndərildi.
Müqavilə 1922-ci il yanvarın 22-də TBMM-də qəbul
edildi. 1922-ci il martın 3-də Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin III sessiyasının iclasında
müqavilə yekdilliklə təsdiq olundu. Türkiyə
Böyük Millət Məclisi martın 17-də 172 səslə
müqaviləni təsdiq etdi. Martın 20-də Ermənistan,
iyunun 14-də isə Gürcüstan mərkəzi icraiyyə
komitələri müqaviləni təsdiq etdilər. 1922-ci il
sentyabrın 11-də İrəvanda təsdiq fərmanları
mübadilə edildi və Kars müqaviləsi həmin
gündən qüvvəyə mindi.
Musa
QASIMLI,
millət vəkili, professor
Ayna.-
2011.- 31 dekabr.- S.19.