"NATO və Avropa Birliyinə üzvlük milli maraqlarımıza tam uyğundur"

 

Politoloq Azər Qasımlı: "Azərbaycana indiki durumunda neytrallıq deyil, davamlı və dayanıqlı müttəfiqlik gərəkdir" 

 

"Ordunun Aynası" əlavəsinin budəfəki müsahibi REAL Hərəkatı İdarə Heyətinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Qasımlıdır.

- Bu gün Azərbaycanın NATO ilə əlaqələrini necə qiymətləndirirsiniz? Azərbaycanın NATO ilə əməkdaşlığı onun təhlükəsizliyinin təminatı üçün nə dərəcədə vacibdir?

- Əfsuslar olsun ki, NATO-yla əməkdaşlığımız istənilən səviyyədə deyil. Azərbaycan iqtidarı "balanslaşdırma siyasəti" apardığına görə NATO ilə daha yaxın münasibətlər qurmaqdan çəkinir, bu quruma yaxınlaşmamız üçün tələb olunan hərbi və siyasi islahatları gecikdirir. Bir sözlə, Azərbaycan bu blokla inteqrasiyada maraqsız görsənir.

Hesab edirəm ki, ölkəmiz "balans" siyasətindən əl çəkməli, öz əsas seçimini etməlidir. Bu, seçim NATO-nun xeyrinə olmalı və bu blokla münasibətlər bilavasitə bu quruma üzv olmaq istiqamətində inkişaf etməlidir. Bu ölkəmizin təhlükəsizliyi üçün olduqca vacibdir. Yerləşdiyimiz coğrafiyada müstəqilliyimizi istəməyən və ərazi bütövlüyümüzə təcavüz edən ölkələr var. Üstəlik bu ölkələr avtoritar təfəkkürün daşıyıcıları və qeyri-demokratik, geridə qalmış siyasi praktikaları yayan və avtoritar rejimləri müdafiə edən dövlətlərdir.

Aqressiv və avtoritarizmi ixrac edən dövlətlərin təsiri altına düşməmək, təhdidlərinə qarşı uğurlu müqavimət göstərmək və mümkün təhlükələri neytrallaşdırmaq üçün Azərbaycanın NATO kimi güclü və proqressiv müttəfiqə ehtiyacı var.

- Cənubi Qafqazda dondurulmuş münaqişələrin nizamlanmasında, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllində NATO-nun rolunu necə görürsünüz? Şimali Atlantika Alyansı münaqişənin həlli prosesinə necə cəlb oluna bilər?

- NATO hərbi-siyasi blokdur. Bu təşkilatın Cənubi Qafqazda hər hansı münaqişədə, o cümlədən Dağlıq Qarabağ münaqişəsində iştirakı yalnız hansısa bir tərəfin müdafiəsi şəklində ola bilər.

Cənubi Qafqazda əsas olaraq iki münaqişə var: Cənubi Osetiya və Abxaziyada Gürcüstan-Rusiya münaqişəsi və Dağlıq Qarabağda Azərbaycan-Ermənistan münaqişəsi.

NATO-ya daxil olan ölkələr Gürcüstanın ərazi bütövlüyünü tanıyır və sözügedən əraziləri bu ölkənin tərkibində görür. Digər tərəfdən, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb və onların himayədarlığını edir. NATO-nun bu münaqişələrə cəlb olunması - Rusiyayla müharibə etməsi anlamına gəlir.

NATO-Rusiya münaqişəsi olduqca ciddi məsələdir və alyans rəhbərliyi bu məsələdə çox ehtiyatlı davranır. Hesab edirəm ki, NATO Rusiyayla açıq qarşıdurmaya hələ hazır deyildir.

 Dağlıq Qarabağ məsələsində isə vəziyyət bir az fərqlidir. Formal olaraq Azərbaycan Rusiya ilə deyil, Ermənistanla münaqişədədir. Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi hesab edir və Minsk Qrupu həmsədrlərindən biridir. Digər tərəfdən, Rusiya Ermənistanın müttəfiqidir və münaqişə olduğu zaman Ermənistanı müdafiə ehtimalı yüksəkdir. Bu ehtimalı azaltmaq və ya heçə endirmək üçün Azərbaycana güclü müttəfiq lazımdır. Hesab edirəm ki, bizim yeganə müttəfiqimiz qardaş Türkiyə ola bilər. Türkiyə ilə mümkün olan bütün hərbi sazişləri imzalamalıyıq, açıq və geniş hərbi əməkdaşlıqda olmalıyıq.

Qarabağ məsələsini Azərbaycan özü həll etməlidir. Sadəcə bizə havadar olacaq, bizi müdafiə edəcək ciddi və güclü müttəfiqimiz olmalıdır ki, nə vaxtsa hərbi yolla ərazi bütövlüyümüzü həll etmək istədiyimizdə Rusiyanın bu münaqişəyə qatılmasının qarşısı alınsın.

Türkiyə-Azərbaycan müttəfiqliyi Rusiya üçün "durdurucu faktor" olmalıdır. Türkiyə NATO-nun üzvü olduğu üçün bu ölkəyə qarşı olan hər hansı təcavüz NATO-ya qarşı təcavüz deməkdir. Rusiya Ermənistana yardım edə bilər və edəcək də, lakin bizim əsas məqsədimiz rusların ermənilərin yerinə vuruşması və açıq şəkildə üstümüzə gəlməsinin qarşısının alınmasından ibarət olmalıdır.

Türkiyəylə hərbi əməkdaşlığımız dolayısı yolla NATO-nun bölgədə olması və gələcəkdə mövqeyinin möhkəmlənməsidir.

- Azərbaycan və Rusiya Qəbələ RLS üzərində danışıqlar aparırlar və yaxın zamanlarda yekun müqavilənin imzalanması gözlənilir. Sizcə, bu istiqamətdə davam edən proseslər Azərbaycanın milli təhlükəsizlik maraqlarına uyğundurmu?

- Azərbaycan Qəbələ RLS-ə görə icarə haqqını ildə 7 milyondan dəfələrlə çox artırmaq istəyir. Ortada olan bilgilərə görə, Azərbaycanın digər şərti RLS-dəki azərbaycanlı hərbçilərin sayının artırılması, stansiya yaxınlığındakı hərbi şəhərcikdə xidmət sahələrinin - iaşə, ticarət və digər sahələrin yerli sakinlərə verilməsidir.

Digər tərəfdən, belə bir bilgi də var ki, Rusiya 2019-cu ildə Qəbələdə yeni "Voronej - VP" radiolokasiya stansiyasının inşasını başa çatdırmağı planlaşdırır. Bu stansiya indiki "Daryal" RLS-i əvəzləyəcək. İnşası planlaşdırılan stansiya Rusiyanın mülkiyyəti olacaq və onu hər zaman sökmək, daşımaq mümkün olacaq. Lakin iqtidar mənsubları bu məsələyə hələ ki münasibət bildirməyib. Bu olduqca ciddi məsələdir.

Hesab edirəm ki, böyük ehtimalla Qəbələ RLS-in icarə müddəti uzadılacaq. Bu, indiki xarici siyasətin məzmununa tamamilə uyğundur. Qəbələ RLS-ə görə Rusiyayla münasibətləri gərginləşdirməzlər. Sadəcə, icarə şərtlərində dəyişikliyə nail olunacaq. Bu, yanlış siyasətdir. Neçə illərdir eyni siyasət davam edir.

Düşmənimizin strateji müttəfiqi olan ölkənin ərazimizdə hər hansı hərbi obyektdən istifadəsi məntiqsizdir və milli maraqlarımıza uyğun deyildir.

Azərbaycan Qəbələ RLS-in icarə müddətini uzatmaq istəyən Rusiya ilə ya müqavilə imzalamamalı, ya da Rusiya rəhbərliyi qarşısında daha ciddi şərt qoymalıdır: Qarabağ ətrafında işğal olunmuş İranla həmsərhəd rayonların işğalına son qoyulması və Azərbaycana qaytarılması üçün Rusiyanın Ermənistana təzyiq etməsi şərtini.

Sözügedən ərazilərimiz işğaldan azad olunmayana qədər Qəbələ RLS-in icarə müddəti uzadıla bilməz. Azərbaycanın tələbi bu olmalıdır. REAL Hərəkatı olaraq mayda keçirilən Cümhuriyyət Forumunda bu təkliflə çıxış etmişdik. Amma Azərbaycan iqtidarının belə bir addım atmasına inanmıram, çünki buna siyasi iradə və qətiyyət lazımdır. Qətiyyət isə Azərbaycanın mövcud xarici siyasətinə xas deyildir.

- Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) üçüncü mərhələsinin razılaşdırılma prosesində gecikmələr müşahidə olunur. Xarici işlər nazirinin müavini Araz Əzimov bunu NATO-ya üzv olan bir sıra ölkələrin qərəzli mövqeyi ilə əlaqələndirib. Azərbaycanın bir çox ekspertləri isə bunu ölkədə demokratik islahatların yürüdülmədiyinə NATO üzvlərinin etirazı kimi qiymətləndirib. Sizcə, nə baş verir? Azərbaycanla NATO arasında əməkdaşlığın irəliləməsinə mane olan amillər hansılardır?

- Azərbaycanla NATO arasındakı Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının 3-cü mərhələsinin razılaşdırılması həqiqətən gecikir. İlk öncə Azərbaycanın NATO ilə imzaladığı "Sülh Naminə Tərəfdaşlıq" Proqramı və İPAP üzrə götürdüyü öhdəliklərə nəzər salmaq lazımdır. Azərbaycanın keçirəcəyi sırf hərbi-texniki islahatlarla yanaşı, silahlı qüvvələr üzərində mülki demokratik nəzarətin tətbiqi üçün müdafiə nazirinin mülki şəxs olması, nazirliyin Baş Qərargahdan ayrılması, parlament nəzarəti mexanizminin tətbiqi, məhkəmə və ictimai nəzarət mexanizmlərinin tətbiqi yer alır. Digər tərəfdən, Azərbaycanda demokratik institutların inkişafı da NATO üçün prioritet məsələdir.

Reallıqda biz tamamilə başqa bir mənzərənin şahidiyik. Korrupsiya dövlət strukturlarına hopub, insanların fundamental hüquq və azadlıqları ilə bağlı problemlər yaşanır, iqtisadi liberalizm yetərli səviyyədə deyil. Bütün bunlar Azərbaycanla NATO arasında əməkdaşlığın irəliləməsinə mane olur.

- Rusiya baş naziri Vladimir Putinin "Avrasiya İttifaqı" ideyasını necə qiymətləndirirsiniz? Azərbaycanın buna qoşulma perspektivi varmı?

- "Avrasiya İttifaqı" adlı dövlətlər birliyinin yaradılmasını təklif edən Putinin əsas məqsədi postsovet məkanını yenə də Rusiya ətrafında birləşdirərək, NATO və Avropa Birliyinə qarşı yeni güc mərkəzi yaradılmasıdır. Əslində "Avrasiya İttifaqı" ideyası - SSRİ-nin bərpasına cəhddir. Putin Rusiyanın yeni Stalini olmaq istəyir. Avtoritar rejimləri ətrafında toplamaq və onlara liderlik etmək istəyən Rusiya dünya siyasətinə ədalət, sülh və əməkdaşlıq qatmayacaq. "Avrasiya İttifaqı" - beynəlxalq sistemə yalnız çaxnaşma və soyuq müharibə bəxş edə bilər.

Putin Rusiyasından Qarabağ münaqişəsinin ədalətli həllini də gözləməyə dəyməz. Putin erməni dövlətinə xüsusi münasibətini heç bir zaman gizlətməyib, çıxışlarında Ermənistanın Rusiyaya qardaş ölkə və strateji müttəfiq olduğunu dəfələrlə qeyd edib. Ehtimal etmək olar ki, Azərbaycanı "Avrasiya İttifaqı"na üzv etmək üçün Rusiya Qarabağ danışıqlarını bir az intensivləşdirsin və hətta tərəflərə hansısa müqavilə də imzalatdırsın. Lakin bütün bunlar sadəcə imitasiya xarakteri daşıyacaq, münaqişənin real həllinə xidmət etməyəcək. Azərbaycan heç bir halda "Avrasiya İttifaqı"na qoşulmamalıdır.

Öz xalqını xoşbəxt edə bilməyən bir dövlət başqa millətləri bədbəxt edər. Belə dövlətlərin ittifaqlarından uzaq durmalıyıq.

- KTMT-nin bu gün Cənubi Qafqaz regionunda oynadığı rol necədir? Bu hərbi-siyasi təşkilatın perspektivi?

- Cənubi Qafqazda Rusiyanın strateji müttəfiqi olan və KTMT-nin yeganə üzvü Ermənistandır. Ermənistanın da Azərbaycanla konflikti var. Dağlıq Qarabağ problemi bir tərəfdən regionumuzu hər zaman qeyri-sabit vəziyyətdə saxlayan, digər tərəfdən isə Rusiyanın bölgədə mövcudluğunu şərtləndirən amildir. Ümumiyyətlə, Rusiya Cənubi Qafqaz bölgəsini "qaynar nöqtələr" vasitəsiylə idarə etməyə və region dövlətlərini nəzarət altında saxlamağa çalışır. Rusiyanın vasitəçilik fəlsəfəsi də məhz ondan ibarətdir ki, guya Rusiya bu bölgədə vasitəçi və əsas söz sahibi olmasa, nəinki Cənubi Qafqaz, hətta Rusiyanın tərkib hissəsi olan Şimali Qafqaz bölgəsi də müharibələrin qurbanı olar. Cənubi Qafqaz bölgəsində təcavüzkar olmaqla Rusiyanın region siyasətini mümkün edən Ermənistan üçün KTMT - təhlükəsizlik qarantıdır.

Cənubi Qafqazın başqa bir ölkəsi Gürcüstan isə Avroatlantik məkana inteqrasiya yolunu seçib. Etdiyi seçimə görə Rusiya tərəfindən cəzalandırılan Gürcüstanın KTMT-də təmsilolunma ehtimalı çox aşağıdır. Əslində Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıması Rusiyanın böyük səhvidir. Bununla Rusiya həm KTMT, həm də özünün Gürcüstanla bağlı perspektivlərinin üstündən xətt çəkmiş oldu.

Bölgədə yeganə qərar verməyən ölkə Azərbaycandır. Azərbaycan nə NATO-ya doğru addım atır, nə də ki, KTMT-də təmsil olunmaq istəyir. Rusiyadan çəkindiyinə görə NATO ilə daha sıx əməkdaşlıqdan qaçır, Rusiyadan da ciddi bir divident ala bilmədiyindən KTMT-yə üzv ola bilmir. Rusiyanın isə bizim xeyrimizə siyasətinin dəyişməsini gözləməyə dəyməz.

Hesab edirəm ki, Rusiya Cənubi Qafqaz regionunda tamamilə səhv və aqressiv siyasətiylə KTMT tipli təşkilatların perspektivini mümkünsüz edir, fəaliyyətini çıxılmaz vəziyyətə gətirir.

Problemləri həll edib xeyir götürmək əvəzinə, Rusiya problemlər yaradıb divident qazanmaq istəyir. Bu yanlış siyasətdir və Qafqaz bölgəsinə ziyan gətirən yanaşmadır.

- Azərbaycan bu ilin mayında "Qoşulmayanlar Hərəkatı"na üzv oldu. Bu yaxınlarda isə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.  Sizcə, bu seçimlər Azərbaycanın siyasi addımlarına necə təsir edir? Nələr gözlənilir?

- Azərbaycanın "Qoşulmayanlar Hərəkatı"na üzv olması təmamilə yanlış qərardır. Bu təşkilata üzv olan ölkələr üzərlərinə hərbi-siyasi ittifaqlarda təmsil olmamaq öhdəliyi götürüblər. "Qoşulmayanlar Hərəkatı" soyuq müharibənin qalığıdır və dünya siyasətində də ciddi təsir imkanları yoxdur. Belə bir təşkilata üzv olmaqla ölkəmiz müsbət heç nə qazanmayacaq.

Bu məsələylə bağlı üzv olduğum Respublikaçı Alternativ Hərəkatı bəyanatla çıxış edib. REAL olaraq hesab edirik ki, ərazisinin əhəmiyyətli hissəsi Ermənistan tərəfindən işğal olunmuş, sülh danışıqlarının nəticəsizliyindən və başqa təhlükələr səbəbindən müharibə ehtimalı ilə yaşayan ölkəmiz "neytral" dövlətlərə qoşulmamalıdır. Azərbaycana indiki durumunda neytrallıq deyil, davamlı və dayanıqlı müttəfiqlik lazımdır. Ermənistanın Rusiya ilə strateji hərbi müttəfiqliyindən doğan potensial təhlükələri, onlara rəqib ittifaqlarla tarazlaşdırmaq əvəzinə, "Qoşulmayanlar Hərəkatı"na qatılmaq düşünülməmiş bir addımdır.

Ermənistanın KTMT-dəki üzvlüyünə qarşı Azərbaycan Türkiyəylə bənzər saziş imzalamalıdır. Bununla biz regionda Rusiya-Ermənistan müttəfiqliyinə qarşı real balans yarada bilərik. KTMT vasitəsiylə Ermənistanın qarşımıza çıxardığı Rusiya öz növbəsində qarşısında Türkiyəni görməlidir.

Qeyd etdiyim kimi, Türkiyə-Azərbaycan hərbi-siyasi müttəfiqliyi Rusiya üçün "durdurucu faktor" olmalıdır.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə diqqətəlayiq hadisədir və ölkəmizin dünya çapında tanınması üçün müsbət haldır. Lakin bununla yanaşı, xarici siyasətimizin əsas fəaliyyət prioriteti olan Qarabağ məsələsində bu üzvlüyün ciddi təsiri olmayacaq. TŞ-da əsas söz sahibi olanlar veto haqqı olan 5 daimi üzv olan ölkələrdir. Azərbaycanın üzvlük imkanlarından istifadə edib xeyrimizə hər hansı məsələni qəbul etdirməsi inandırıcı deyil. Digər tərəfdən, Azərbaycanın TŞ-ya qeyri-daimi üzv seçilməsi ölkəmizə müəyyən çətinliklər də qazandıra bilər. Məsələnü, TŞ-da müzakirə olunacaq İranın nüvə proqramı və bununla bağlı səsvermədə Azərbaycanın mövqeyi İran tərəfindən müşahidə ediləcək.

Səsvermələr zamanı bir-birləriylə ziddiyyətləri olan dövlətlər arasında seçim etmək məcburiyyətində olacağıq.

- Azərbaycanın NATO və Avropa Birliyinə üzvlük perspektivi nə qədər uzaqdır? Bunların yaxınlaşdırılması üçün hansı addımlar atılmalıdır?

- Azərbaycanın NATO və Avropa Birliyinə üzvlüyü - milli maraqlarımıza tamamilə və qeyd-şərtsiz uyğundur. Xarici siyasətimizin əsas məqsədlərindən biri məhz Avroatlantik məkana inteqrasiya olmalıdır. Lakin Azərbaycanın NATO və Avropa Birliyinə üzvlük perspektivi bilavasitə Avroatlantik inteqrasiyaya tuşlanmış xarici siyasətdən, ölkədaxili demokratik proseslərdən, demokratik institutların inkişafından asılıdır. Qərb standartlarına çatmayana qədər ölkəmiz AB və NATO-dan uzaq olacaq. Bu perspektivi yaxınlaşdırmaq üçün ilk növbədə "balanslaşdırılmış xarici siyasətdən" əl çəkməli, NATO və Avropa Birliyinə üzv olmaq istəyimizi rəsmən bəyan etməliyik.

- Bəs ictimai rəydə NATO necə qəbul olunur? Azərbaycan vətəndaşları bu prosesə dəstək verirmi?

- İctimai rəy sorğularında insanlarımızın NATO-ya münasibəti olduqca müsbətdir. Vətəndaşlar Şimali Atlantika Alyansını Qarabağ problemində müsbət rol oynaya biləcək bir təşkilat kimi görürlər. Əslində bunun özü də siyasətçilər üçün bir siqnaldır.

- İranla bağlı gözləntiləriniz nədən ibarətdir? Müharibə olacaqmı?

- İran nüvə silahı əldə etmək istəyir və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatında bundan doğan narahatlıq öz əksini tapıb. Əgər İran nüvə silahı əldə etsə, gələcəkdə bu ölkəyə ABŞ-ın, Qərbin təzyiqləri mənasız olacaq. İran Ermənistana yardım edən, onunla yaxın münasibətlər quran ölkədir. Bunu nüvə silahı olmadan edir. Gələcəkdə isə nüvə silahı olan ölkə statusuyla edəcək. Regionda bizi mütamadi olaraq təhdid edən bir dövlətin nüvə silahına malik olması milli maraqlarımıza uyğun deyil.

Lakin düşünürəm ki, Qərbin İrana geniş hərbi müdaxiləsi böyük səhv olardı. Burada söhbət yalnız müəyyən obyektlərin havadan vurulmasından gedə bilər. Sözün açığı, böyük müdaxilənin olacağını da gözləmirəm. İrana müdaxilə yalnız BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamədən sonra reallaşa bilər. Qətnamənin qəbulu üçünsə Təhlükəsizlik Şurasının daimi üzvü olan və hər zaman avtoritar rejimləri müdafiə edən Çin və Rusiya veto haqlarından istifadə etməməlidir.

Azərbaycanın milli maraqlarına gəlincə, hesab edirəm ki, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar bizim maraqlarımıza uyğun deyil. Çünki Azərbaycana ən azı 500 min qaçqın axın etsə, biz humanitar faciəylə üz-üzə qalacağıq.

Azərbaycan üçün ən optimal ssenari - İran daxilində demokratik prosesin başlaması və bunun nəticəsi olaraq indiki rejimin çökməsiylə Cənubi Azərbaycanın ya müstəqil olması, ya da geniş muxtariyyətə qovuşmasıdır.

 

 

C.Məmmədov   

 

Ayna.- 2011.- 31 dekabr.- S.9-16.