Müdafiə və təhlükəsizlik sektorunda nə baş verib?

 

(15-31 yanvar)

 

15 yanvar. Naxçıvan MR-da əsgərlər - 1991-ci il təvəllüdlü, 2010-cu ilin oktyabrında Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Bayramov Elşad İsmayıl oğlu və 1991-ci il təvəllüdlü, 2010-cu ilin yanvarında Babək rayonundan həqiqi hərbi xidmətə çağırılmış Həmzəyev Təbriz Vəli oğlu qar uçqunu zamanı həlak olublar.

15 yanvar. Erməni mənbələri Ermənistan ordusunun 2 əsgərinin (Miqran Arakelyan və Vaan Marqaryan) dekabrın 29-da Dağlıq Qarabağ ərazisində minaya düşməsi barədə məlumat yayıb. Ağır yaralanmış əsgərlər amputasiyaya məruz qalıb.

17 yanvar. Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləburt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər, 1990-cı il təvəllüdlü, 2010-cu ilin oktyabrında Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Azadəliyev Məmməd Rasim oğlu şəhid olub.

17 yanvar. Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

17 yanvar. Maliyyə Nazirliyi 2010-cu il dövlət və icmal büdcələrinin icrasına dair məlumat açıqlayıb. Nazirliyin məlumatına görə, ötən il ölkənin müdafiə potensialının gücləndirilməsinə 2,2 milyard manat xərclənib.

17-19 yanvar. Gürcüstan XİN rəhbəri Qriqol Vaşadze 2011-ci ildə ilk rəsmi səfərini Azərbaycana edib. O, azərbaycanlı həmkarı E.Məmmədyarovla və prezident İ.Əliyevlə ikitərəfli münasibətlər və iqtisadi məsələləri müzakirə edib.

17-20 yanvar. Türkiyə Jandarma Baş Komandanı, ordu generalı Necdət Özəl Azərbaycanda tanışlıq səfərində olub. O, ölkənin DİN, DQ, MN, DSX, XDMX rəhbərləri və prezidentlə görüşüb.

18 yanvar. Azərbaycan mütəxəssisləri (ANAMA) türkiyəli həmkarları ilə birgə Suriya sərhədində yerləşən Karkamış antik şəhərinin minalardan təmizlənmiş ərazisini yerli hakimiyyətin rəsmilərinə təhvil veriblər. Karkamışda 2010-cu ilin fevral ayından başlamış əməliyyatlar nəticəsində müqavilədə göstəriləndən (663 800 kv.m) çox - 720 568 kv.m sahə təmizlənib.

18 yanvar. 2010-cu ilin yanvar ayının 29-da Daşkəsəndəki "N" saylı hərbi hissədə baş verən faciədə qətlə yetirilən əsgərlərin yaxınları mətbuat konfransı keçirərək ölkə başçısına müraciət ediblər.

Onların hüquqi nümayəndəsi Telman Əbilov bildirib ki, 6 hərbi qulluqçunun qətlə yetirilməsi ilə nəticələnən qanlı olayın səbəbləri obyektiv araşdırılmayıb.

18 yanvar. Ermənistan prezidenti Serj Sarkisyanın Afinaya səfəri zamanı Ermənistanla Yunanıstan arasında hərbi əməkdaşlıq sazişi imzalanıb.

19 yanvar. MN-in Qazax rayonunda yerləşən hərbi hissəsində əsgər, Cəbrayıl rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Ramin Behbud oğlu Quliyev tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib. MN-dən bildirilib ki, hadisəyə əsgərin silahla ehtiyatsız davranması səbəb olub.

19 yanvar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Xocavənd rayonu ilə Füzuli rayonunun sərhədində Füzulinin işğal altındakı Aşağı Veysəlli kəndi yaxınlığında monitorinq keçirilib. Tədbir insidentsiz başa çatıb.

20 yanvar. Erməni mənbələrinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş silahlı insident nəticəsində erməni hərbçi Ovik Mkrtçeviç Sukiasyan dünyasını dəyişib.

20 yanvar. Ermənilərin cəbhənin Tərtər istiqamətində, Çiləburt kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti, 1986-cı il təvəllüdlü Şamil Əli oğlu Sadıqov ağır yaralanıb.

20 yanvar. 20 Yanvar faciəsindən 21 il ötdü.

20 yanvar. Polşa MN baş katibinin müavini Marsin İdzik Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşü zamanı ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı üçün əsas şərtlərin olduğunu bildirib.

20-25 yanvar. Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalovun Çexiyaya rəsmi səfəri zamanı iki ölkə arasında müdafiə sənayesində əməkdaşlıq barədə ümumi razılıq əldə olunub. Təsdiqlənməyən məlumatlara görə, bu razılaşma Azərbaycan və Çexiyanın hərbi təyyarələrin modernləşdirilməsi istiqamətində birgə fəaliyyətini nəzərdə tutur.

21 yanvar. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycanla bağlı fikirlərinin Avropa Komissiyasının rəsmi internet saytında təhrif olunması ilə əlaqədar Azərbaycanın Avropa Birliyindəki nümayəndəsi Emin Eyyubov komissiyanın rəsmiləri ilə görüşüb və izahat tələb olunub.

21 yanvar. XİN Azərbaycanla ABŞ arasında təhlükəsizlik məsələlərinə dair fevralın 7-də Bakıda keçirilməsi nəzərdə tutulan növbəti illik məsləhətləşmələrin təxirə salındığı məlumatını yayıb.

21 yanvar. MM təhlükəsizlik və müdafiə komitəsinin iclasında 2010-cu il noyabrın 18-də Bakıda imzalanmış "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" saziş və "Azərbaycan hökuməti ilə Qazaxıstan hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" saziş müzakirə olunub. Komitə üzvləri hər iki sazişi təsdiq olunmaq üçün MM-in plenar iclasına tövsiyə olunmasını qərara alıblar.

22 yanvar. AŞ insan hüquqları üzrə komissarı Tomas Hammarberq Yerevanda bəyan edib ki, Ermənistan ordusundakı insidentlər cəzasız qalmamalıdır. O həmçinin qeyd edib ki, ordudakı neqativ hallar barədə informasiya verən şəxslərin təhlükəsizliyi təmin edilmir, ona görə də belə adamlar danışmaqdan qorxurlar.

22 yanvar. "ISI Emerging Markets"ə görə, 2010-cu ildə Türkiyənin bir neçə şirkəti Azərbaycan Ordusundan 225 milyon dollarlıq modernləşdirmə və alqı-satqı layihəsi alıb, bunların arasında maliyyə tutumuna görə ən böyük proqramları isə "Roketsan" şirkəti əldə edib. Bu şirkət Azərbaycan Ordusunu raket və özüyeriyən artilleriya sistemləri ilə təchiz edəcək.

23 yanvar. Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantı, Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Cəlilov Əfsun Firidun oğlu Gədəbəy rayon HK-dan çağırılmış Alməmmədov Mikayıl Azər oğlunu bıçaqlayıb. Qarın boşluğundan ağır xəsarət alan Alməmmədov xəstəxanaya çatdırılıb.

24 yanvar. Bakı-Qazax yolunun Şəmkir rayonu, Çinarlı kəndi ərazisində "VAZ-2107" markalı avtomobilin "UAZ" markalı hərbi maşınla toqquşması nəticəsində bir hərbçi yüngül bədən xəsarəti alıb.

24 yanvar. "ANS" Şirkətlər Qrupu tərəfindən Milli Qəhrəman Mübariz İbrahimov "2010-cu ilin adamı" seçildi.

24 yanvar. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan Moskvada üçtərəfli görüş keçiriblər. Görüşün nəticəsiz başa çatdığı bildirilib.

24 yanvar. XİN rəhbəri Elmar Məmmədyarov Kuveytin "Alrai" qəzetinə müsahibəsində bildirib ki, Azərbaycanın sərhədlərini güc yolu ilə dəyişdirməyə heç kim nail olmayacaq. "Dağlıq Qarabağa muxtariyyət verməkdən çəkinmirik. Bu, beynəlxalq hüququn aspektlərindən biridir və müəyyən prosedurların həyata keçirilməsini tələb edir" deyən nazir misal olaraq Tatarıstanı, Çeçenistanı və Rusiya Federasiyasının digər subyektlərini göstərib.

24 yanvar. ANAMA Türkiyə Milli Müdafiə Nazirliyinin Makina və Kimya Sənayesi Qurumunun (MKEK) əməkdaşlarına 31 yanvar-25 fevral tarixlərində təlim keçəcəyi bildirilib. ANAMA-nın Göygöl Təlim Bazasında təşkil olunan təlimlərə MKEK-in 10 mütəxəssisi qatılıb.

25 yanvar. Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunub.

25 yanvar. Rusiyanın Şərqşünaslıq İnstitutunun Qafqaz və Orta Asiya şöbəsinin işçi qrupunun əlaqələndiricisi, tarix elmləri namizədi Aleksandr Skakov bildirib ki, Dağlıq Qarabağda hərbi əməliyyatların başlaması ehtimalı aydan-aya artır. Onun sözlərinə görə, bu proqnozun reallığını bir sıra faktorlar sübut edir.

25 yanvar. Ermənistan SQ-nin Azərbaycanın Ağdam rayonu ərazisində, qoşunların təmas xəttində açdığı atəş nəticəsində kənd sakini, 1952-ci il təvəllüdlü Aslanova Aidə Kamil qızı yaralanıb.

25 yanvar. Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Naira Zoqrabyan Strasburqda sənəd yayıb. Sənəddə bildirilir ki, "Azərbaycanda yaşayan ermənilər xarici diplomatların zorla Bakıdakı Şəhidlər Xiyabanına aparılmasına etiraz edirlər".

25 yanvar. Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin zabiti, leytenant Rafael Elxan oğlu Yusifli kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

25 yanvar. Daxili Qoşunların əsgəri, Xaçmaz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış 18 yaşlı Əliyar Cəfərov vəfat edib.Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

25 yanvar. Ermənistan SQ-nin Ağdamın Cəvahirli kəndi yaxınlığındakı mövqelərindən açılan atəş nəticəsində hərbi qulluqçu, 1985-ci il təvəllüdlü leytenant Zamin Allahverdi oğlu Məmmədov şəhid olub.

25 yanvar. Yerevanda Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Almaniyanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hans Yohen Şmidt arasında iki ölkənin müdafiə nazirliklərinin 2011-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

26 yanvar. Avropa Parlamentinin Rumıniyadan olan deputatı, xanım Norika Nikolae bildirib ki, beynəlxalq hüquqa əsasən, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməli, vəziyyətin normallaşmasına yardım etməlidir.

26 yanvar. Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin üç zabitinə general rütbəsi verilib.

26 yanvar. Daşaltı əməliyyatından 19 il ötüb.

27 yanvar. Ermənistan prezidenti Serj Sarkisyan "Exo Moskvı" radiostansiyasına müsahibəsində deyib ki, münaqişənin nizamlanmasının yeganə üsulu dinc üsul, yeganə yolu Dağlıq Qarabağda referendumun keçirilməsi və ya 1991-ci ildə SSRİ qanunvericiliyi və beynəlxalq hüquqa uyğun şəkildə keçirilmiş referendumun nəticələrinin tanınmasıdır.

27 yanvar. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və İşçi Qrupunun 2010-cu il ərzindəki fəaliyyəti ilə bağlı hesabat açıqlanıb. Bildirilib ki, hazırda Azərbaycan ərazisində 6 Ermənistan hərbçisi, 5 nəfərdən ibarət bir erməni ailəsi və bir erməni mülki şəxs (cəmi 12 nəfər) saxlanılır. Qarşı tərəfdə saxlanılan iki Azərbaycan hərbçisi - Anar Hacıyev və Roman Hüseynovun azad olunması istiqamətində Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilir. BQXK-nin məlumatına görə, onlardan biri vətənə qayıtmaq arzusunu ifadə edib. Son məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4048 nəfər itkin düşmüş, 1399 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçib.

27 yanvar. Hərbi Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev qeyd edib ki, 2009-cu ilə nisbətən ötən il SQ-də və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 3,8 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 12,7 faiz, hərbi xidmətdən yayınma cinayətləri 9,5 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 13,7 faiz, qəsdən adam öldürmə cinayətləri 46,2 faiz, özünü öldürmə həddinə çatdırma cinayətləri 23,5 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 8,2 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 24 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 6,8 faiz azalıb.

Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Ötən il tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 6,8 faiz, texnikanı idarəetmə və istismar qaydalarını pozma cinayətləri 62,5 faiz və qeyri-hərbi cinayətlər 18,9 faiz artıb. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 182 yoxlama keçirilib, nəticədə 2450 qanun pozuntusu aşkar edilib. Bununla əlaqədar 146 nəfərə xəbərdarlıq edilib, 67 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 122 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 74 qanunsuz qərar ləğv edilib.

29 yanvar. Goranboydakı hərbi hissənin əsgəri 2011-ci il yanvarın 3-də Birləsuvar HK tərəfindən hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Fərəcli Nuran Vahid oğlu dünyasını dəyişib. Səbəblər bəlli deyil.

29 yanvar. Azərbaycan HHQ-nin "MiQ-29" döyüş təyyarəsinin Xəzər dənizi üzərində qəzaya uğramasından 3 il ötüb. Hadisə zamanı pilotlar Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar. Təyyarənin qalıqları və pilotlardan Ə.Aslanovun cəsədini dənizin dibindən 1 ay sonra çıxarmaq mümkün olub. Digər pilotun cəsədi isə tapılmayıb.

30 yanvar - 6 fevral. NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) qış sessiyası keçirilir. Tədbir NATO-nun yeni strateji konsepsiyasına həsr olunub.

30-31 yanvar.NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəhbəri general-mayor Branko Karlos Azərbaycanda səfərdə olub. O, Azərbaycan və NATO-nun çox məhsuldar əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, NATO-nun yeni strateji konsepsiyası çərçivəsində əməkdaşlığı daha da genişləndirmək və dərinləşdirmək üçün yeni imkanlar yaranıb.

31 yanvar. ABŞ-ın Bakıdakı səfirliyi Dövlət Departamentinin terror hədəsi barədə məlumatlara əsasən, Azərbaycanda ABŞ-ın maraqları və başqa hədəflərə qarşı potensial hücumların baş verə biləcəyi barədə ABŞ vətəndaşlarını xəbərdar edib. MTN ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, ölkənin aidiyyəti orqanları, o cümlədən MTN tərəfindən əməliyyat şəraitinə nəzarət olunur. DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib ki, Azərbaycan dünyada terror baxımından ən təhlükəsiz ölkələrdən biridir.

31 yanvar. Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki bildirib ki, son iki il ərzində rəhbərlik etdiyi diplomatik missiya aktiv fəaliyyət göstərib. 2010-cu ildə səfirlik NATO-nun Azərbaycandakı siyasətini təqdim etmək istiqamətində 24 müxtəlif tədbir keçirib.

31 yanvar. MN mətbuat xidməti Azərbaycan SQ hərbi qulluqçularının iştirak edəcəyi beynəlxalq tədbirlərin siyahısını açıqlayıb:

02.02-15.11.2011. Azərbaycan - ABŞ İş Planına əsasən San-Antonioda (ABŞ) Partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üzrə dalğıc kursu.

07-11.02.2011. FTP-dən əlavə olaraq Tallində (Estoniya) NATO Təliminin sinxronlaşdırma konfransı.

07-11.02.2011. FTP-dən əlavə olaraq Kocaelidə (Türkiyə) Assimetrik Təhdidlərdən Simulator Dəstəkli Müdafiə və idarə edilən dəniz raketləri kursu.

07-10.02.2011. Azərbaycan - ABŞ İş Planına əsasən, Qarmişdə (Almaniya) Azərbaycan-ABŞ İşçi Qrupunun iclası.

07-18.02.2011. Qarmişdə (Almaniya) Dil testi seminarı.

08-10.02.2011. Azərbaycan - Litva ikitərəfli əməkdaşlıq planına əsasən, Bakıda hərbi-siyasi danışıqlar.

08-11.02.2011. Ştutqartda (Almaniya) "AVKOM 2011" Cavabdehlik İnformasiya Təminatı üzr konfrans.

09.02-21.03.2011. FTP-dən əlavə olaraq Qarmişdə (Almaniya) Terrorizm və Təhlükəsizlik Elmləri üzrə keçiriləcək proqram çərçivəsində təlimatçı qismində iştirak..

 

 

Ayna.- 2011.- 5 fevral.- S.9; 10; 15; 16.