"İçimdəki
məcnunluğu ətrafdakılar görməyiblər"
Mənsum İbrahimovun həyatda bir
Leylisi var
"Hər
dəfə obrazı həqiqətən yaşamağa
çalışıram. Füzulinin, Üzeyir bəyin
yaratdığı obrazda bir fəlsəfə var. Bu halı
yaşamaq lazımdır. Dediyim halı yaşamasan, tamaşa
alınmaz". Opera və Balet Teatrının solisti, xalq
artisti Mənsum İbrahimov onu da deyir ki, Məcnun olmaq
çox gözəldir, özü də məcnunluq həddində
olmalıdır. İfrata varsan, mənasını itirir.
- Səhnədə çox "məcnunluq"
edirsiniz. Həyatda necə, Məcnun olmusunuz?
-
Müəyyən qədər olmuşam və nəticəsi
də yaxşı olub. Mən kənddə - Ağdamda
yaşamışam. Ona görə də tam Məcnun ola bilməzdim.
Kənddə müəyyən çərçivə var.
Görüşmək mümkün olmayıb. Amma müəyyən
münasibət var idi. Hisslərimi içimdə
saxlayırdım. İçimdəki məcnunluğu ətrafdakılar
görməyiblər. Aldığım tərbiyə adət-ənənədən
kənara çıxmağa imkan verməyib. Adət-ənənəylə
ailə qurduq, indi 4 övladım var. Həmişə deyirəm
ki, səhnədə yeddi, həyatda bir Leylim var.
- Adətən aktyorlar tamaşa
oynayanda bir anlıq tərəf-müqabillərinə
vurulurlar. Yeddi Leyliniz var. Nə vaxtsa hansınasa
vurulmusunuz?
- Belə hal olmayıb. Çünki rol oynayanda hansısa aktrisaya baxmıram. Özümün yaratdığım, xəyalımdakı Leyliylə oynayıram. 20 ilə yaxındır bu obrazı oynayıram. İndi də mənim üçün Məcnun ən ideal obrazdır. İndiyə qədər Füzulinin xəyalında yaratdığı Leyli ilə oynayıram. Tərəf-müqabilinin sənət baxımından yaxşı oynaması önəmlidir. Amma vurulmaq - mümkün deyil.
- Məcnunun sevgisi sonradan ilahi
eşqə çevrilir. Siz də ilahi eşqlə sevirsiniz, yoxsa, sadəcə, sevirsiniz?
-
Ümumiyyətlə, elə-belə sevgi yoxdur. Sevmək ya var, ya da yoxdur.
Müxtəlif öyrəşmələr var - bu, ayrı məsələdir.
Amma sevmək bir məfhumdur. Adi sevgi ola bilməz. Sevgi elə
qeyri-adilikdir. Efir indi məhəbbəti o qədər
ucuzlaşdırıb ki, insanlar artıq bunu
qarışdırır. Sevgi sözlə deyilmir,
yaşanır. Allah bu hissi hər insana vermir. Bəziləri
deyir ki, məhəbbət boş şeydir. Deməli, belələrində
o hiss yoxdur. Allah sevgini sevdiyi insana verir. Bu insanlara sevginin əzabı
xoş olur və sona qədər sevir. Sevgi insanı
saflaşdırır, kamilləşdirir. Ona görə də
sevmək gözəldir. Bu gün Məcnun sevgisini səhnədə
tək mən deyil, artıq tələbələrim də
yaşayır.
- Onların ifasından
razısınız?
-
Bugünkü gənclik bizim zamanımızdakı kimi deyil.
XXI əsr - texnika, kompüter əsridir. Bugünkü tələbələr
daha müasirdir. Tələbəm çoxdur.
Çalışıram ki, onlar azərbaycançılıqdan
kənara çıxmasınlar. Öz millətini sevsinlər.
Birinci növbədə sənəti mükəmməl
öyrənsinlər. Zəhmətsevər olsunlar. Çox
sevinirəm ki, tələbələrim səhnəyə çıxanda
hansı məktəbi keçdikləri bilinir. Zaman
keçdikcə tələbə yetkinləşir və
öz yolunu tapır. Biz də ilk vaxtlar müəllimimizi
yamsılardıq. İndi mənim öz obrazım var və bu
obraz yalnız mənə aiddir. Mən tələbələrimə
deyirəm ki, siz özünüzü yaradın. Bu, tamaşaçıya
daha maraqlıdır. Özünüz kimi olun. Onların
əksərindən razıyam. Birinci növbədə Təyyar
Bayramovdan. Ona görə ki, öz üzərində
çalışan gəncdir. Bu gün Opera və Balet
Teatrının solistidir. Həm də sənət
yoldaşımdır və operada mənimlə birgə
çalışır. Bütün tələbələrimə
onu örnək göstərirəm və arzu edirəm ki, hər
biri onun kimi olsun.
- Musiqiçilər iddia edirlər
ki, tələbənin çıxış etdiyi müsabiqənin
münsiflər heyətində onun müəlliminin təmsil
olunması düzgün deyil. Bu fikri necə qiymətləndirirsiniz?
- Bu
mümkün deyil. Əvvəla, burada münsiflər heyəti
bir nəfərdən ibarət deyil. İkincisi, mən tələbəmin
hüququnu necə pozum? Necə deyim ki, sən burada oxuma.
Axı müəllim tələbənin əvəzinə
oxumur. Muğam müsabiqəsində 9 münsif var idi. Ən
cavanı mən idim. Müsabiqədə tələbəm
olduğuna görə müzakirələrdə iştirak etmədim.
Bu ifaçıları xalq da görür.
Bir məsələyə diqqət yetirək. Müsabiqə qurtarıb. Bu gün efirdə oxuyan, xalqın məhəbbətini qazanan həmin qaliblərdir. Hamının marağı o idi ki, daha yaxşı ifaçıları seçsinlər. Müsabiqəni ən tez tərk edən iştirakçılardan Arzu Əliyeva indi dövlət tədbirlərinin əksərində oxuyur. Asəf Zeynallı adına musiqi məktəbində mənimlə birgə çox gözəl səsləri olan uşaqlar oxuyurdu. İndi onların çoxu ortada yoxdur. Çünki hər bir adam bu işin əziyyətinə dözmür. Xalq musiqisi sahəsində istedadlı gənclər çoxdur. Gənclərə meydan açmaq lazımdır. Bir çox hallarda istedadlı gənclərə qısqanclıqla yanaşırlar.Mən onun əleyhinəyəm. Şərait yaratmaq, kömək etmək lazımdır. Bu gün oxumaq daha rahatdır. Bir müsabiqəylə 20 uşaq tanınır. Bizim vaxtımızda çox çətin idi. Bir dövlət televiziyası vardı və orada bir mahnı oxumaq üçün 50 senzuradan keçmək lazım gəlirdi. Bu gün uşaq da çıxıb nə istəyir oxuyur, istədiyini danışır. Amma buna da bir az nəzarət etmək lazımdır. Mən bütün qadağaların əleyhinəyəm. Amma nəzarət olunmalıdır. Çünki efirə yaşlılar da, uşaqlar da baxır.
- İndi opera üçün əsər
yazılmır. Bu nə ilə bağlıdır? Bəlkə
gəlir məsələsi opera üçün əsər
yazmağa mane olur?
- Opera
gündə yaranmır. Bu, çox çətin bir
janrdır. Diqqətlə baxsaq, görərik ki,
dünyanın hər yerində illərdir eyni əsərlər
yeni quruluşda oynanılır. Opera 10-15 ildən bir
yaranır. Bu gün yaranan əsərlər var. Vasif
Adıgözəlovun "Natəvan" operası, bir
neçə balet yazıldı. İndi bəlkə
mahnıya daha çox maraq var. Estrada hər halda, daha çox
gəlir gətirən sahədir.
- Toylara gedirsiniz?
- Nadir
hallarda. Yəni toy müğənnisi deyiləm. Sənətimlə
dolanıram. Qastrol səfərlərim olur, prezident təqaüdü
alıram. Bir məsələni qeyd edim ki, bu gün toylar həddən
artıq müasirləşib. Hamısı bir-birinə
oxşayır. Səs-küydən, bayağı musiqidən,
fonoqramdan şikayət edilir. Toyda da fonoqram olar? Son zamanlar
diskoteka dəb düşüb. Bu, Azərbaycan toyudur,
diskotekanın buna nə dəxli var? Gözəl rəqslərimiz,
musiqilərimiz var. Adət-ənənələri unutmayaq...
Z.Rüstəm
Ayna.- 2011.- 5 fevral.- S.20.