Gəncədə
Nizami muzeyi, Qubada tarix muzeyi
uçub
Ölkədə 51 muzey binası - əsaslı təmirə möhtac
Ölkənin 41 şəhər
və rayon muzeyinin yeni müasir standartlara cavab verən bədii
tərtibata ehtiyacı var. Bu
barədə Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu il ərzində gördüyü işlər haqqında
hesabatında vurğulanır. AYNA nazirliyin
rəsmi saytına
istinadən hesabatda açıqlanan
bir sıra məqamları oxuculara
çatdırır.
Ağcabədi,
Daşkəsən, Göyçay, Hacıqabul, Göygöl,
İsmayıllı rayonunun Lahıc, Qazax, Qax, Lerik, Lənkəran,
Şəki tarix-diyarşünaslıq, Mingəçevir
şəhərinin tarix muzeyi və digər muzeylərin
ekspozisiyalarında təkmilləşdirmə işləri
aparılmayıb, eksponatlar bərpa edilməyib, müasir tələblərə
uyğun mövzu-ekspozisiya planları hazırlanmayıb.
Sənəddə
qeyd edilir ki, ölkənin 51 tarix-diyarşünaslıq
muzeyinin binalarında illərdən bəri əsaslı təmir
aparılmayıb. Bu səbəbdən muzeylərin fəaliyyəti
müasir tələblərə cavab vermir (Ağcabədi,
Daşkəsən, Qazax, Lerik, Mingəçevir, Neftçala,
Sabirabad, Salyan, Şəki).
Mingəçevir,
Şirvan tarix-diyarşünaslıq muzeyləri çoxmərtəbəli
yaşayış binalarının birinci mərtəbəsində
yerləşir, mühəndis kommunikasiya sistemlərinin
sıradan çıxması muzey sərvətlərinə təhlükə
yaradır.
Gəncə
və Lənkəran tarix-diyarşünaslıq muzeylərinin
yerləşdikləri binalar dövlət tərəfindən
qorunan tarixi-memarlıq abidələridir, amma onların bərpası
üçün konkret tədbirlər görülmür.
Quba
tarix muzeyinin binası qəza vəziyyətinə
düşdüyündən nazirliyin müvafiq əmrinə əsasən
bağlanıb. Gəncədə Nizami Gəncəvi xatirə
muzeyinin binası uçub, eksponatlar isə mədəniyyət
evində və məscid binasında yerləşdirilib", -
deyə hesabatda bildirilir.
X.SƏFƏROĞLU
Ayna.- 2011.- 5 fevral.- S.20.